XX əsrin II yarısında qadın xanəndələrin yaradıcılığı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
AMK-nın müəllimi
XX əsrin II yarısında qadın xanəndələrin yaradıcılığı
(G.Həsənova, R.Muradova, S.Qədimova)
Açar sözlər: muğam, xanəndə, ifaçılıq, muğam-operası, G.Həsənova, R.Muradova, S.Qədimova
XX əsrin II yarısı, müharibədən sonrakı illərdə dünyada, o cümlədən də Azərbaycanda bir sıra ictimai siyasi proseslərlə yadda qaldı. Müharibədən sonra iqtisadiyyatın dirçəldilməsi uğrunda gərgin fəaliyyət başladı. Belə bir zamanda sovet mədəniyyət işçilərinin boynuna düşən yük zəhmətkeşləri ruhlandırmaq idi. Xatırladaq ki, Azərbaycan milli musiqisi sovetlərin yarandığı ilk dövrlərdə heç də yüksək münasibət görməmişdi. Bir zaman tarı, eləcə də muğamatı keçmişin qalığı, burjua malı hesab edərək silməyə səy göstərmişdilər. Xüsusən muğam üstündə oxunan klassik qəzəllər sovet məmurlarının ürəyincə deyildi. Onlar bu sözləri qəbul etmir, bəzi şairlər “daloy, tar”, “rədd ol, muğam” desələr də gərgin mübarizənin nəticəsində Azərbaycan milli musiqisi öz unikallığını qoruyub saxlaya bildi.
Müharibə zamanı və müharibədən sonrakı dövrlərdə milli musiqi ifaçılarımız bütün günü ağır şərtlər daxilində ölkənin hər yerinə səfərlər edir, konsertlər verirdilər. İlk dövrlərdə şəraitsizlikdə bu, çox dözülməz idi. Lakin onlar hökumətin təşkil etdiyi bütün tədbirlərə məhsul bayramlarında iştirak etməyə məcbur idilər. Maraqlı bir faktı da qeyd etməliyik – Cənubi Azərbaycan inqilabı zamanı musiqiçilərimiz Təbrizdə və bir sıra böyük şəhərlərdə çıxışlar edib.
XX əsrin II yarısında muğam ifaçılığımızda qadın xanəndələrimizin yaradıcılığı da yüksək inkişaf etmişdi. Onların arasında fərqlənən sənətkarlarımızdan biri Gülxar Həsənova idi. Əslində onun yaradıcılığının ilkin dövrü XX əsrin I yarısına təsadüf edir. Lakin 50-ci illərdən sonra o özünün yaradıcılıq zirvəsinə çatmışdı. G.Həsənova dedikdə gözümüz önündə ilk növbədə onun oynadığı Ərəbzəngi obrazı canlanır. Gülxar xanımın Ərəbzəngisi şücaətli, igid, mərd, qorxmaz bir cəngavərdir. Ərəbzəngi Gülxar Həsənova Şah İsmayılla qarşılaşdığı səhnədə onun aktyorluq və xanəndəlik istedadı özünü daha qabarıq göstərir. Onun Şah İsmayılla döyüşməsi və bu çarpışmanı müşayiət edən şaqraq səsi çox yüksək notlarda gəzişərək tamaşaçı qəlbində silinməz iz buraxmışdır. Gülxar xanım təkcə oxumağını, ifasını deyil, hətta hərəkətlərini də musiqi ilə bağlamağı bacarır. Onun yerişi, duruşu bəstəkarın musiqi dili ilə demək istədiklərini yaxşı tamamlayır. Gülxar xanım bəzən tarı gözləmədən, orkestrlə oxumağa başlayır. Səs həmlələri kəskin, təntənə, qalibiyyət ruhunda olur, Şah İsmayılla döyüş səhnəsi nə qədər təbiidirsə, güləşdə məğlub olarkən yalvarışları da o qədər təsirli və inandırıcıdır. Xanəndə səhnədə çevikdir, yaşının istənilən vaxtında, o, illərdən bəri oynadığı Ərəbzəngi rolunda da bu xüsusiyyyətləri qoruyub saxlamış, uzun illər yorulmadan gənc xanəndələrə sənətin sirlərini öyrətmişdir.
G.Həsənova özü etiraf edirdi: “Ərəbzəngi rolunu boynuma götürməklə, deyəsən özümü işə salmışdım; Ərəbzəngi rolunda çıxış etmək üçün cəldlik, çeviklik, qılınc oynatmaq, ox atmaq və sair cəhətlərə yiyələnmək lazım idi. Məlumdur ki, bəstəkar Ərəbzəngini zəvvar, çapqınçı və Şah İsmayıl surətləri ilə qarşılaşdırır. Hadisələrin gedişindən və onunla tərəf-müqabil obrazların əlaqəsindən asılı olaraq, Ərəbzəngi müxtəlif xarakterli musiqi ilə oxumalı olur. Burada qəhrəmanlıq və məhəbbət leytmotivləri major (“Rast” muğamının “Əraq” şöbəsi) və lirik xarakterli musiqi ilə (“Qarabağ şikəstəsi” və “Kəsmə şikəstə”) növbələşir. Bütün bunlar isə Ərəbzəngi rolunu çoxcəhətli planda oynamağı tələb edir. Digər tərəfdən, Ərəbzənginin səs partiyası hətta muğam improvizasiyalarında yalnız tarın deyil, həmçinin orkestrin müşayiəti ilə oxunur. Buna görə də güclü səs diapazonu tələb edən bu obraza xeyli əmək sərf eləməli oldum. İlk sınaq müvəffəqiyyətli oldu. İlk çıxışımdan indiyə kimi beş dəfə yeni quruluşda hazırlamış “Şah İsmayıl” operasının beş yüzdən artıq tamaşasında iştirak etmişəm. Tamaşaçılar yazdıqları məktublarında mənə “Hörmətli Ərəbzəngi xanım” – deyə, müraciət edirdilər” [2, s. 34].
XX əsrin II yarısı qadın xanəndələrimizin yaradıcılığının zirvə nöqtəsi idi, desək, heç də yanılmarıq. Bir-birindən fərqlənən ifaçılar öz üslublarına, oxu tərzlərinə görə bir-birindən fərqlənirdi. Onların arasında özünəməxsus yanıqlı səsi ilə, şirin Güney Azərbaycan ləhcəsi ilə seçilən isə Rübabə Muradova idi. O, təkcə xanəndə deyildi, ikiyə bölünmüş Azərbaycanımızın bir həsrət, nisgil simvoluydu. Onda böyük bir nisgil var idi. Rübabə Muradova xalqımızın çox sevdiyi sənətkarlardan idi. Rübabə xanımı dinləyənlər qəlblərində yarıya bölünmüş vətənimizin qübarını hiss edirdilər, bu ağrı, bu nisgil, həm onun özünü, həm də dinləyicilərinin qəlbinə dağ çəkirdi. A.Rzayev “Xatirələrdə yaşayan sənətkar” adlı kitabında yazır: “Elə şəxsiyyətlər var ki, onların tərcümeyi-halı bir kəndin, bir bölgənin çərçivəsinə sığmır. Məsafələr aşaraq hüdudsuz olur, səsi-sorağı ağlagəlməz ucalıqlardan eşidilir, insanları mənəvi tellərlə bir-birinə bağlayır. Yanıqlı, yapışıqlı səsi olan müğənni Rübabə Muradovanın oxumaları neçə-neçə talelərin sirdaşına, həmdəminə çevrilmişdi. O, Azərbaycan ruhunun tərcümanı idi. Neçə yerə bölünmüş, böldürülmüş otaylı-butaylı Azərbaycanımızın ağrısı-acısı Rübabə xanımın səsinə hopmuşdu. Bu səsi eşidəndə həmişə köhnə yaralarımız təzələnirdi, ürəyimiz qövr edirdi. Elə indi də onun lentlərə köçmüş yiyəsiz səsi bizim kimliyimizdən danışır” [5, s. 4].
R.Muradovanın opera səhnəsində yaratdığı qadın obrazları hələ də dillər əzbəridir. Vokal istedadına, səhnə ustalığına və məlahətli səsinə görə teatrda görkəmli yer tutmuş və tamaşaçıların məhəbbətini qazanmışdı. Leyli rolunu səhnəmizin neçə gözəl aktrisası, istedadlı müğənnisi oynayıb, lakin onun özünəməxsus şəkildə canlandırdığı bu surət musiqi tariximizdə ən uğurlulardan hesab edilir. Uzun illər Məcnun rolunu oynamış bənzərsiz sənətkarımız Qulu Əsgərov tərəf-müqabili olmuş çoxsaylı Leyli ifaçıları arasında Rübabə xanımın adını xüsusi vurğulayırdı: “Onun opera teatrında yaratdığı Leyli rolunu unutmaq mümkün deyil. Bu rolu o qədər ürəkdən, emosional oynayırdı ki, tamaşadan sonra gözünün yaşı qurumurdu. Yəqin çoxları bilmir ki, o, 2 dəfə infarkt keçirmişdi. Mən Rübabənin ürəyinin kardioqramını görmüşəm, onun ürəyi çat-çat idi. Yalnız son dərəcə həssas incə, güclü sevə bilən, nəyinsə həsrətini çəkən oxuduğu mahnını özünün taleyinə çevirən bir sənətkarın qəlbi belə zədələnə bilər” [1, s. 26].
“Leyli və Məcnun” Rübabə xanım üçün çox əziz idi və həmin operayla bağlı bu epizodu da tez-tez xatırlayırdı. Hüseynağa Hacıbababəyov təqaüdə gedəsiymiş. Teatrın müdiriyyətindən xahiş edir ki, ona Rübabə xanımla birgə son dəfə “Leyli-Məcnun”da oynamağa icazə versinlər. Axı, H.Hacıbababəyov özü də 20-ci illərdə operamızda qadın aktyorların, müğənnilərin olmadığı vaxtlarda ən yaxşı Leylilərdən sayılmışdı. İndi isə son dəfə, səhnədəki – opera səhnəsindəki axırıncı çıxışında ən yaxşı qadın Leyliyə (dəqiqlik xatirinə “Leyli” sözündən əvvəl “qadın” sözünü işlətmək nə qədər qəribə, paradoksal görünsə də hər halda bu deyim tərzi teatr tariximizdəki bir dövrün ifadəsidir) tərəf-müqabil (oyundaş) olmaq istəyirdi.
Gözəl səsi olan, musiqi folklorunu və xalq musiqisini yaxşı bilən müğənni Leyli və Əsli obrazlarından başqa, Ərəbzəngi (“Şah İsmayıl”), Sənəm (“Gəlin qayası”) kimi parlaq, yaddaqalan obrazlar yaratmış, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında 1969-cu ildə Şahsənəmi oynamışdır.
Təkcə öz uğurlarından məmnun qalmır, musiqi sahəsində baş verən bütün ürəkaçan hadisələrə sevinir, başqa sənətkarların nailiyyətinə həssas münasibət bəsləyirdi. Respublikanın xalq artisti Canəli Ələkbərov xatırlayır ki, məşqlərdə, səhnədə dəfələrlə eşitməsinə baxmayaraq, Məcnunun divanəliyi qəbul etdiyi məqam – “Ya rəbb, bəlayi eşqilə qıl aşina məni” – deyə, fəryad qoparanda, Rübabə xanım pərdə arxasında göz yaşını saxlaya bilməzmiş, ürəyinin böyüklüyü, təmizliyi göstəricisinə çevrilərmiş fəzarət dolu baxışlarındakı kövrəklik…
Onun yaratdığı obrazların arasında seçilən Sənəm obrazı idi. Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova bu barədə danışır: “Mən “Gəlin qayası”nda muğama çox uymamışdım, nisbətən az yer vermişdim. Ancaq Rübabə inad eləyirdi ki, mən muğamatçıyam, burda mütləq muğam oxuyacağam. Tez-tez İskəndər Coşqunu kənara çəkirdi, müxtəlif səhnələrə bağlı fikrini deyirdi və xahiş eləyirdi ki, müvafiq şeir parçaları yazsın. Operada belə bir yer var. Sənəm xanın əlindən xəncəri alıb özünü vurur. Həmin parça Rübabənin təkidi ilə yazıldı. Dedim: “Ay Rübabə, qorxuram “Leyli və Məcnun”dakı ölüm pərdəsinə oxşaya”. Dedi: “Oxşamaz, bunu “Sarıtorpaq şikəstəsi” üstə oxuyacağam”.
Həmin tamaşada Rübabə yarımrejissor olmuşdu. İskəndər Coşquna “Gülbaharla Camalın toy səhnəsi” üçün də şeir yazırdı. Məni də işlətdi. Bu yer üçün musiqi yazdırdı. Ancaq həmin parçanı avazla oxumurdu, elə sözlə deyirdi. Nə qədər gözəl, nə qədər təbii çıxırdı! Bunun hesabına final çox əla alınırdı” [4, s. 96].
Rübabə Muradovayla yanaşı eyni dövrdə Sara Qədimova, Şövkət Ələkbərova, Tükəzban İsmayılova və başqaları da muğam ifaçılığımızı, milli musiqimizi yaşadanlar sırasındadırlar. Adını çəkdiyimiz sənəkarlar təkcə muğam ifaçısı, xanəndə kimi deyil, bəstəkar mahnılarının ifaçısı kimi də şöhrət qazanmışdılar. Xüsusən Şövkət Ələkbərova milli vokal ənənələrimizi yaşadaraq yeni nəslə ötürmüş, özündən sonra onlarla gənc xanəndələr yetişdirmişdi. Bu gün milli musiqimizdə Şövkət Ələkbərova məktəbinin olması danılmaz faktdır.
Sara Qədimova Qarabağ xanəndəlik məktəbinin layiqli davamçısı olub. Onun fəaliyyətinin mühüm bir dövrü Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə bağlıdır. O, özü bu barədə deyib: “Gənc vaxtlarım idi. Səhnədə necə deyərlər, ayaqlarım yavaş-yavaş möhkəmlənirdi. Muğamlarımızın ifasında az-çox tanınmağa başlamışdım. Elə o vaxtlar Üzeyir bəy məni operaya dəvət etdi. Mənim yanımda müəllimim Hüseynqulu Sarabskiyə dedi: “Qızımı, Leyli rolunu hazırla”. Ancaq o vaxtlar mən bu təklifin məsuliyyətini hiss edərək razı olmadım, axı tez idi. Leylini oynamaq üçün sənətkarlıq səviyyəsi lazım idi. Ancaq boynuma alım ki Leyli və Əsli obrazlarını yaratmağın həmişə arzusunda olmuşdum. Sonra illər ötdü, vaxt gəlib çatdı. Sənətdə əldə etdiyim təcrübə özü buna imkan verdi. Mərhum Mehdi Məmmədovun rejissorluğu ilə “Leyli və Məcnun” operasının məşqinə başladıq. İlk tərəf-müqabilim, yəni Məcnun rolunda müəllimim böyük sənətkar Əlövsət Sadıqov idi. Təsəvvürünüzə gətirin, şagird böyük müəllimi ilə çiyin-çiyinə obraz yaradır. Çox məsuliyyətli iş idi” [3, s. 45].
Sara Qədimova öz müəllimi H.Sarabskinin səsinin şirinliyini, oxuma manerasını öz səsində, ifalarında yaşadırdı. Bu, sadəcə kor-koranə təqlid deyildi, bu, ustaddan öyrəndiklərini yaşatmaq idi. Beləliklə, onun Leylisi başqa Leylilərdən davranışına, duruşuna, duyğularına, xüsusi səs diapazonuna, məlahətliliyinə, aydınlığına və oxunuş üslubuna görə seçilirdi. Sara Qədimova Leylinin məhəbbətini izhar edəndə çox incə, zərif sevgisindən dönməyən Leyliyə çevrilirdi, artıq Leyli obrazının səhnə təcəssümündə onunla qovuşur, birləşirdi, təbii iztirab hissləri keçirərək, oyunun çox yerində kövrəlib ağlayırdı.
O özü isə deyirdi: “Mənim səsim “si” kökü üstündədir, yəni zildir. Leyli rolunda “lya” kökündə oxumaq lazım gəlirdi. Odur ki, əvvəllər çox çətinlik çəkirdim. Ancaq məşqlər davam etdikcə buna öyrəşdim. Yəni səsim “lya” kökünə alışdı. Beləliklə, Leyli rolunu da, muğam melodiyalarını oxumağıma müvəffəq oldum. Onu da qeyd etməliyəm ki, “Şur” və “Mahur-hindi” muğamlarını mənim düzgün ifa etməyimdə sevimli tarzən, mərhum Bəhram Mənsurov və Hacıbaba Hüseynovun əməyi böyükdür. Qazandığım uğurlarda onların da payı var” [3, s. 47].
Sara Qədimovanın yaradıcılığında xüsusi yeri tutan muğamlardan biri də “Şur” muğamıdır. O, aktyor bacarığı, səs diapazonunun köməkliyi ilə qadın xanəndələr üçün çətin sayılan bu muğamın öhdəsindən gəlirdi. Yavər Kələntərlinin ifasında “Şur” muğamının lent yazısı olsa da, xanəndə H.Hüseynov bildirir ki, o təmiz “Şur” deyil. Yavər xanımın oxuduğu “Səmayi-şəms”dir. Sara xanım isə “Şur”u kişi xanəndələrimiz oxuyan pərdədən oxuyur. Hacıbaba Hüseynov Sara xanımla bağlı başqa bir epizod da danışır ki, burda da xanım xanəndənin səs imkanı önə çəkilir. “Əlağa Vahidin vəfatından sonra hər ilin fevral ayında Mərdəkan qəsəbəsində qeyri-rəsmi olaraq şairi yad edib həvəskarların Vahid gecəsini keçirirdik. Bu məclisə musiqiçilər, xanəndələr və ziyalılar toplaşırdılar. Toplanışların birində Saradan xahiş edib, onu o gecəyə apardıq. Məclisin çox hissəsində kişi xanəndələr oxudu. Axırda Sara xanım “Qatar” muğamını başladı, ancaq onun bu “Qatar”ı 40 ildə oxuduğu “Qatar”ların heç birinə bənzəmirdi. “Qatar” məclisdə oxuyanların hamısını heyran etdi. Mən soruşdum: Sara belə təb sənə hardan gəldi? O, cavabında dedi: Qocalsa da şir demə, pirdir, məğami-cəngidə şir elə şirdir” [3, s. 68].
XX əsrin II yarısında yuxarıda adını çəkdiymiz qadın xanəndələrimiz öz gözəl səsləri və orijinal ifa tərzləri ilə muğam sənətimizi zənginləşdirmiş, gələcək nəslə qorunub saxlanılmasında əllərindən gələni etmişlər. Onların ağır zəhməti, gərgin əməyi nəticəsində yeni nəsil qadın xanəndələri yetişmişdir. Sevindirici haldır ki, ənənə bu günə qədər davam etdirilir.
ƏDƏBİYYAT:
- Əjdər Ol. Şirvana binə gəlləm.: Şirvannəşr, 1999, 214 s.
- Ləman F. Gülü xar olan Gülxar. B.: 2000, 248 s.
- Həsənqızı F. (Şabanova). El ruhunda. B.: İşıq, 1992, 72 s.
- Hüseynov B. Min ikinci gecə. B.: İşıq, 1988, 408 s.
- Rzayev A. Xatirələrdə yaşayan sənətkar. B.: 2008, 22 s.
Преподаватель АНК
ТВОРЧЕСТВО ЖЕНЩИН-ХАНЕНДЕ ВТОРОЙ
ПОЛОВИНЫ ХХ ВЕКА
Резюме
В статье, представленной Ахсаном Ахмедовым, дается анализ творчества трех женщин-ханенде, Г.Гасановой, Р.Мурадовой, С.Гадимовой, которые оставили своеобразный след в исполнении мугама в Азербайджане. Автор дает анализ творчеств женщин-ханенде не только как исполнительниц мугама, одновременно в статье идет речь об их деятельности на оперной сцене.
Ключевые слова: мугам, ханенде (исполнитель мугамов), исполнение, опера-мугам, Г. Гасанова, Р. Мурадова, С. Гадимова
Lecture of ANC
CREATIVITY OF FEMALE-KHANENDE OF SECOND HALF OF XX CENTURY
Summary
The creativity of three famous women singers creativity – Azerbaijani mugham performers at the second half of XX century – G.Hasanova, R.Muradova, S.Gadimova is analyzed in the article issued by Ahsan Ahmadov. The author study the singers not only mugham singer, at the same time, talks bout their activities on the opera stage.
Key words: mugham, singers, singing, mugham-opera, G.Hasanova, R.Muradova, S.Gadimova
Rəyçilər:
professor Arif Babayev;
professor Akif Quliyev.