R.Mirişlinin yaradıcılığında simfoniya janrı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
BMA-nın dissertantı
R.Mirişlinin yaradıcılığında simfoniya janrı
Açar sözlər: intonasiya sistemi, klassik xüsusiyyətlər, xalq mahnı ənənələri, musiqi ifadə vasitələri
R.Mirişlinin irihəcmli orkestr əsərləri sırasına kamera orkestri üçün “Simfoniya”, simfonik orkestr üçün “Şəhidlər” simfoniyası, 3 simfonik poema, 4 simfonik süita, tar ilə simfonik orkestr üçün konsert, həmçinin xalq çalğı alətləri orkestri üçün yazdığı 12 süita, 2 konsert və s. əsərlər aiddir.
R.Mirişli 1970-80-cı illərdə simfonik musiqi axtarışlarını davam etdirərək, 1974-cü ildə simli alətlər orkestri üçün Simfoniyasını, 1984-cü ildə tar ilə simfonik orkestr üçün Konsertini yazır. Bu əsərlər müəllifin uğurlu, maraqlı və orijinal musiqi əsərləri olmaqla, Azərbaycan musiqi irsində layiqli yerini tutmuş və ifaçılıq repertuarına daxil olmuşdur.
R.Mirişlinin irihəcmli orkestr əsərlərindən simli alətlər orkestri üçün “Simfoniya”sına nəzər salaq. Bu əsərin təhlilini R.Mirişlinin simli alətlər orkestri üçün Simfoniyasının 2009-cu ildə nəşr olunmuş partiturası əsasında aparmışıq [1].
R.Mirişlinin simli alətlər orkestri (və ya kamera orkestri) üçün simfoniyasının ilk ifası Azərbaycan bəstəkarlarının V qurultayı proqramı çərçivəsində olmuşdur. Bu əsər tanınmış dirijor Nazim Rzayevin idarəsilə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin təfsirində uğurla səslənmişdir.
Musiqişünas Güllü İsmayılova “Bəstəkar Ramiz Mirişli” monoqrafiyasında simfoniya haqqında belə yazır: “Kamera orkestri üçün yazılmış bu simfoniya məzmununa görə müasir dövrün ziddiyyətli, dramatik hadisələrinə, gənclərin mənəvi həyatına həsr olunub. İntellektual cəhətdən zəngin, dünyagörüşü baxımından mürəkkəb xarakterli müasir gənclik mövzusu bu üç hissəli Simfoniyanın mündəricəsini təşkil edir” [2, s. 12].
Simfoniyanın musiqisindəki bədii obrazlılıq, ifadə vasitələri sahəsindəki yeniliklər diqqəti cəlb edir. Bəstəkar simfoniyada milli musiqinin dərin köklərindən bəhrələnərək, üslub baxımından Azərbaycan xalq musiqisinin prinsiplərinə və müasir bəstəkar təfəkkürünə əsaslanan özünəməxsus, fərqləndirici xüsusiyyətlərə malik əsər yaratmağa nail olmuşdur.
Simli alətlər orkestri üçün simfoniya üç hissədən ibarətdir. 1-ci hissə — Andante – Allegro – işlənmə bölməsi olmayan sonata formasındadır. 2-ci hissə — Lento – sadə üçhissəli formadadır. 3-cü hissə — Vivo – rondo formasına əsaslanır. Bu hissələrin quruluşu klassik formalara əsaslanır. Bununla belə, kompozisiya daxilində, mövzuların quruluşunda muğamın inkişaf xüsusiyyətlərinə xas olan cəhətlər özünü göstərir. Mövzuların bir özəkdən yetişməsi, melodik, ritmik, struktur, faktura, orkestr yazısı və s. cəhətlərdən variantlı-variasiyalı dəyişilmələrə uğraması, bunun nəticəsində əmələ gələn mərhələlərlə dalğavari inkişaf qeyd olunmalıdır. Mövzuların strukturunda da xromatik səssırasına əsaslanan muğamvari, improvizasiyalı gəzişmələr üstünlük təşkil edir ki, bu da bəstəkarın musiqi üslubunda müasir yazı üsullarının muğam təfəkkürü ilə uzlaşdırılmasından irəli gəlir.
Simfoniyanın 1-ci hissəsi sonata formasında yazılıb, burada işlənmə bölməsi yoxdur. Ekspozisiyada giriş, əsas və köməkçi mövzuların geniş inkişafa məruz qalması onların simfonik işlənilməsini önə çəkir. Buna görə də bəstəkar işlənmə bölməsindən istifadə etməyərək, dinamik repriza yaradır. Reprizada mövzuların temp göstəricilərinin dəyişdirilməsi maraqlı cəhətlərdəndir. Həmçinin, Andante tempinə əsaslanan bölmənin 1-ci hissəni çərçivəyə alması, forma quruluşuna özünəməxsus cəhətlər aşılayır. Bu, bir növ, muğamın təmkinlə mayədə başlanıb, geniş inkişaf mərhələlərindən sonra yenidən həmin ruhda tamamlanmasını xatırladır və simfoniyada muğamdan gələn cəhətlər kimi diqqətəlayiqdir.
Simfoniyanın 1-ci hissəsi ağır tərzli girişlə – Andante ilə başlayır. Bu mövzu əsərin dramaturji inkişaf xəttinə təkan verir. Mövzunun quruluşu tezis şəkillidir. Melodiyada şüştər məqamının intonasiya xüsusiyyətləri özünü büruzə verir. Qeyd edək ki, eyni səsdən başlanan sekunda-tersiya gedişlərinə əsaslanmış bu tezis simfoniyanın digər mövzularının quruluşunda da rast gəlinir və bu da mövzunun simfoniyanın quruluşundakı əhəmiyyətini artırır.
Muğamvari giriş mövzunun quruluşunda orkestrləşmənin də rolunu qeyd etməliyik. Belə ki, mövzunun səsləndirilməsində növbə ilə bas alətlərin – violonçel və kontrabasların, daha sonra yüksək səsli alətlərin – I violinlərin, həmçinin, II violinlərin iştirak etməsi onun quruluşunda kölgə-işıq, əks-səda effekti yaradır. Bununla yanaşı, bir partiyadan digərinə keçid zamanı zəncirvari şəkildə bağlılıq əmələ gətirən səslər mövzunun arasıkəsilməz inkişaf təəssüratını əmələ gətirir.
Ekspozisiya bir-birinə təzadlı olan iki mövzunun qarşılaşdırılması üzərində qurulub. Bunlardan birincisi – əsas mövzu coşğun və dramatik xarakterlidirsə, ikincisi – köməkçi mövzu lirik-oynaq, aşıq havaları ruhundadır. Hər iki mövzu inkişaf prosesində qarşı-qarşıya qoyularaq, müxtəlif rəngə boyanır, təzələnir, yeni xüsusiyyət alır. Məharətlə orkestrləşdirilmiş bu mövzular variasiyalı inkişafa əsaslanaraq, polifonik ünsürlərlə, muğam və aşıq musiqisindən gələn intonasiya xüsusiyyətləri ilə zənginləşir ki, bütün bunlar əsərin dramaturji xəttində vəhdət təşkil edir.
Əsas mövzu – Allegro, giriş mövzunun elementləri üzərində qurulur. Giriş mövzuda qeyd etdiyimiz tezis – eyni səsdən sekunda-tersiya gediş-ləri və onun yüksək registrdə yeni səviyyədə təkrarlanaraq, melodik cümləni yekunlaşdıran fraza əsas mövzuda da mühüm rol oynayır. Mövzu başlanğıcda homofon-harmonik ifadə tərzinə malikdir, inkişaf prosesində polifonik imitasiyalı səslər də qoşularaq, fakturanı mürəkkəbləşdirir.
Əsas mövzunun quruluşunda variantlı təkrarlanma və variasiya olunma inkişaf prinsipi mühüm əhəmiyyətə malikdir. Belə ki, mövzunun melodiyası müxtəlif səslərdən, müxtəlif səviyyələrdə variantlı şəkildə təkrarlanır, müşayiətdə də variantlı dəyişikliklər özünü göstərir. Əsas mövzunun sonunda şaquli xətdə ostinat şəklində saxlanılan kvarta-kvinta (kvarta+sekunda) səs birləşmələri aşıq sazının çalğısını xatırlatmaqla, həmçinin, köməkçi mövzunun səslənməsini hazırlayır.
Köməkçi mövzu – Allegretto aşıq havaları ruhunda, lirik-oynaq xarak-terlidir. Mövzunun quruluşu aşıq havalarını xatırladır: dayaq pillənin – “fa-diyez” səsinin aksentlərlə təkrarlanması, onun aparıcı tonlarla əhatə olunması, ətrafındakı gəzişmələrin diapazonunun tədriclə genişlənməsi bu qəbildən olan xüsusiyyətlərdir. Melodiya “re” şur məqamına əsaslanır. Köməkçi mövzunun inkişaf etdirilməsində də variasiyalı prinsip əsas götürülür. Burada melodik-ritmik dəyişilmələr, orkestr yazısının mürəkkəbləşməsi, yeni səviyyədə səslənmə mövzunun variasiyalı işləməsinə yol açır. Ekspozisiyanın sonuna doğru köməkçi mövzunun inkişafı kulminasiya mərhələsinə çatdırılır və mövzunun yüksək registrdə bütün orkestrdə səslənməsindən sonra ekspozisiya tamamlanır.
Artıq qeyd etdiyimiz kimi, simfoniyanın 1-ci hissəsində ekspozisiya inkişaflı olduğuna görə, işlənmə bölməsi buraxılaraq, dinamik repriza verilir. Reprizada mövzuların ardıcıllığı və ifadə tərzi dəyişilir. Bu cəhət temp göstəricilərində də özünü göstərir: giriş mövzu – Allegro, köməkçi mövzu – Allegretto, sonda əsas mövzu – Andante yeni variantda öz əksini tapır.
Repriza bölməsi – Allegro (rəqəm 11) təzadlı şəkildə, aşağı registrdə unison səslənmə ilə başlanır. Mövzunun melodik quruluşu sekundalı gedişlərdən ibarətdir. Bu gedişlərin yüksələn xətti mövzunun ifasını hazırlayır. Reprizada giriş mövzu melodik və ritmik baxımdan yeni quruluş xüsusiyyətləri kəsb edir. Ekspozisiyadan fərqli olaraq, reprizada giriş mövzu geniş inkişafa məruz qalır, melodik və ritmik cəhətdən zənginləşir.
Simfoniyanın 2-ci hissəsi – Lento, silsilənin lirik mərkəzidir. Qeyd etmək lazımdır ki, R.Mirişlinin parlaq melodiyalar yaratmaq qabiliyyəti bu əsərdə qabarıq surətdə özünü büruzə verir. 2-ci hissənin əsas mövzusu insanın qəlbinə dərindən nüfuz edən zərif melodiyası ilə diqqəti cəlb edir. Lirik əhvali-ruhiyyə musiqi materialının inkişafı böyu və dinamik kulminasiyada da saxlanılır.
2-ci hissənin quruluşu sadə üçhissəli forma kimi şərh oluna bilər: birinci – bölmə melodiyanın yüksələn xətt üzrə hərəkətlə zirvəyə doğru inkişafını, ikinci bölmə – yuxarı registrdə melodiyanın işlənilməsini, üçüncü bölmə –kulminasiya, mövzunun bir oktava yuxarıda səsləndirilməsini əks etdirir. Onu da qeyd etmək lazımdır ki, 2-ci hissə bir mövzuya əsaslanır, melodiyanın müxtəlif registlərdə, ayrı-ayrı istinad pillələrindən səsləndirilməsi onun variantlarını meydana gətirir və formanın bölmələrinin əsasını təşkil edir.
Əsas mövzunun muğam improvizasiyasını xatırladan geniş nəfəsli melodiya sadə, parlaq harmoniyaların müşayiətilə ahəstə surətdə səslənir. Sanki bəstəkarın qəlbində yaşatdığı yüksək məhəbbət xatirələrini canlandırır. Melodiya bayatı-şiraz məqamına əsaslanaraq bu məqamın dayaq pillələrinə istinad etməklə qurulur. Melodiyanın quruluşunda diqqəti cəlb edən cəhətlərdən biri onun fasiləsiz inkişaflı olmasıdır. Belə ki, yüksələn melodiyada kadensiya anı hər dəfə yeni dayaq pilləsinə istinad edən melodik cümlənin başlanğıcı ilə üst-üstə düşür, bu da melodiyanın arasıkəsilməz hərəkətini təmin edir.
Simfoniyanın 3-cü hissəsi – final, xalq şənliyini təsvir edən musiqi lövhəsi kimi qavranılır. Musiqi obrazlarının igidliyi, məğrurluğu, coşqunluğu, poetik lirika və xalq səhnələri ilə qovuşaraq, gözümüz önündə rəngarəng bir tablonu canlandırır. 3-cü hissə simfoniyanın dramaturji yekunu kimi qəbul olunur. 3-cü hissənin quruluşu rondo formasındadır. Lakin bəstəkar burada da klassik formanın xüsusiyyətlərindən istifadə edərək, onu xalq musiqisinin və muğamın inkişaf prinsiplərilə uzlaşdırmışdır. 3-cü hissə boyu refrenin musiqi materialı üç dəfə müxtəlif variantlarda təkrarlanır. Birinci epizoddan sonra ilkin varianta yaxın şəkildə, daha sonra ikiləşmiş hərəkət xəttilə, epizodun melodik xəttilə uzlaşdırılaraq, sonda isə kodanın əsasını təşkil edir.
Beləliklə, R.Mirişlinin simli alətlər orkestri üçün simfoniyası klassik və müasir musiqi xüsusiyyətlərinin milli ənənələrlə qovuşmasında yaranmış maraqlı əsərlərdən biri kimi musiqi irsinə daxil olmuşdur.
ƏDƏBİYYAT:
- MirişliA. Simfoniya (notlar): simli alətlər orkestri üçün partitura. B.: E.L. MMC, 2009, 64 s.
- İsmayılova G.H. Bəstəkar Ramiz Mirişli. B.:
Диссертант БМА
ЖАНР СИМФОНИИ В ТВОРЧЕСТВЕ РАМИЗА МИРИШЛИ
Резюме
Глубокое постижение интонационного строя фольклорных источников, и прежде всего, народно-песенной традиции, ашыгского творчества, искусства мугама с глубоко индивидуальным подходом к ним становится ведущим фактором почвенности музыки симфонии Р.Миришли, характерной для всего творчества. Именно в народно-национальном искусстве композитор сумел уловить выражение нравственной чистоты и воспел ее в своей музыке. Такой сплав индивидуальных, национальных и классических черт, включая отдельные выразительные средства музыки ХХ века в целом, становится ведущим способом музыкального высказывания, характерным для творчества Р.Миришли.
Ключевые слова: интонационный строй, классические черты, народно-песенные традиции, выразительные средства музыки
Dissertator of BMA
THE INTERPRETATION OF THE SYMPHONIC GENRE IN CREATIVITY OF RAMIZ MIRISHLI
Summary
A deep comprehension of intonation system of folk sources, primarily of folk song tradition, ashig creativity, art of mugam with deeply personal approach to them becomes the leading factor of symphony music of R.Mirishli’s is characteristic for all of his creativity. In the national folk art the composer was able to catch the expression of moral purity and sang in his music. Such an alloy of individual, national and classical features, including individual means of expression of music of the XX century as a whole, is the leading way of musical expression, characteristic for creativity of R.Mirishli.
Key words: intonation system, classical features, folk song tradition,expressive means of music.
Rəyçilər:
professor Gülnaz Abdullazadə;
dosent Həbibə Məmmədova.