Aqşin Əlizadənin “Violin ilə orkestr üçün konserti”ndə milliliyin təzahür prinsipləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
AMK-nın müəllimi
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: vafa_musician@mail.ru
UOT 78.071.1
AQŞİN ƏLİZADƏNİN «VİOLİN İLƏ ORKESTR ÜÇÜN KONSERTİ»NDƏ MİLLİLİYİN TƏZAHÜR PRİNSİPLƏRİ
Xülasə: Məqalə Aqşin Əlizadənin son simfonik əsərlərindən olan Violin konsertinə həsr olunub. Bəstəkarın üslubu kontekstində milliliyin təzahür prinsipləri nəzərdən keçirilir.
Açar sözlər: muğam təfəkkürü, simfonizm, Aqşin Əlizadə,Violin ilə orkestr üçün konsert
Aqşin Əlizadənin simfonik yaradıcılığı xüsusi maraq doğuran sahələrdən biridir. Bəstəkarın yaradıcılıq kredosunu təyin edən sözləri yada salaq: “Azərbaycan simfoniyası tapmaq bəstəkarın ən önəmli işidir. Mən bunun üzərində çalışmışam və deyirlər ki, tapmışam”. Bu özünü musiqi dilində, folklora yanaşma tərzində, orkestr yazı üslubunda, harmonik dildə və s. göstərir. Aşıq musiqisindən (“Pastoral”, “Aşıqsayağı”, 5 saylı simfoniya), eyni zamanda xalq musiqisindən (folklorun qədim qatlarına müraciət), muğamdan istifadə prinsipləri A.Əlizadənin yaradıcılığında maraqlı təfsir formalarını tapır. Bəstəkar lakonikliyə, birhissəliliyə (I, III, V simfoniyalar), monotematizm inkişaf prinsiplərinə bir çox halda üz tutur. A.Əlizadənin yaradıcılığında lad-məqam təfəkkürünün maraqlı həlli yollarına rast gəlirik – “Çahargah”, “Mahur-Hindi”, “Şur” muğamlarının sintez şəklində istifadəsi (4 saylı simfoniyada bəstəkar “Segah” və “Şur”muğamlarının sintezinə müraciət edir), muğam intonasiyasının üzərində gəzişmə prinsipi, sitat şəklində istifadəsi (5 saylı simfoniyada “Dübeyti” aşıq havası, “Kəsmə şikəstə” nəzərə çarpır) və s. kimi üsulları misal gətirmək olar.
Bəstəkarın 1990-cı ildə yaranmış Violin ilə orkestr üçün konserti qeyd olunan xüsusiyyətlərə parlaq nümunə kimi araşdırmamızın mövzusudur. Bu illərdə bəstəkar orkestr (violonçel ilə orkestr üçün poema), xor (“Yumoreska”, “Atatürk marşı”, “Universitet marşı”) üçün əsərlərlə yanaşı, vokal-simfonik (“Ana torpaq” odası) və kamera-instrumental (əsasən, fortepiano, orqan üçün) musiqiyə də muraciət etmişdir. Violinilə orkestr üçün konsert bəstəkarın yaradıcılığında, belə desək, yeni mərhələ təşkil edir. Qeyd etmək lazımdır ki, bu əsərdə bəstəkarın individual simfonik təxəyyülü kamil zirvəyə çataraq simfonik təfəkkür və instrumental ifaçılıq prinsipi paralel şəkildə özünü büruzə verir. Bu əsərin təhlili zamanı həmin iki istiqaməti əhatə etmək lazımdır. Bu kompozisiyanı dinləyərkən elə bir fikir yarana bilər ki, bəstəkar “Violin konserti” janrın çərçivəsindən kənara çıxır. Burada violinin partiyası orkestrin toxumasına, sanki hörülərək orkestrdən olan bir səs kimi çıxış edir. Bu əsərin səciyyəvi cəhətlərindən biri də çox maraqlı dialoqdur — violinin partiyası çox da virtuozluğu ilə seçilmir, amma onun orkestr ilə olan həmahəngliyi, tarazlığı geniş şəkildə özünü göstərir.
Əsərin lad-məqam inkişafı xüsusi maraq doğuran sahələrdəndir. Muğamın dərin bilicisi olan A.Əlizadə burada lad-məqam dəyişkənliyindən (modulyasiyalardan), politonallıqdan, muğamların sintezindən istifadə etmişdir. “Şur” muğamına aid olan “Bayatı-kürd” ([1] ,[4] ), ( “Bayatı-Əcəm” şöbəsini) [5], [13, 14] istifadə edir. Əsər, əsasən, şur ladına əsaslansa da, [15] rəqəmində bəstəkar segah və şur ladının xromatik pərdələrini göstərir və [16] “Segah”a keçir. Bəstəkar şur və segah məqamlarının sintezini qabarıq şəkildə [10] sonraki inkişafda da qeyd edir, əsərin son bölməsində isə rast ilə şur məqamlarını sintez edir [27]. Əsər rast məqamında bitir. Qeyd etmək lazımdır ki, bəstəkar bu kompozisiyada keçidlərdən yararlanaraq “Rast”, “Şur” , “Segah” kimi muğamların qohumluq əlaqələrini qeyd edir. Bu əsərin bir özəlliyi də ondadır ki, bəstəkar burada aşıq musiqisində istifadə olunan keçidlərdən [22-23…], ölçü dəyişkənliyindən, ritmik formulalardan ( və s.), “Çoban-bayatısı”nın intonasiyalarından istifadə etmişdir. Konsertin bu kimi cəhətləri bəstəkarın milli üslubunu qeyd edən prinsiplərdəndir.
Əsər birhissəlidir. Bildiyimiz kimi, romantizm dövründə konsert janrında hissələrin klassik nisbətindən uzaqlaşma müşahidə olunur. Romantiklər birhissəli konsertin iki tipini yaratmışdılar: kiçik formalı olan konsertştyuk (sonralar o, konsertino adı altında tanınırdı) və quruluş baxımından simfonik poemaya yaxın olan sonata-simfonik silsilənin cizgilərini özündə büruzə verən – böyük formalı konsert. Klassik konsertdə hissələr arasında intonasiya və tematizm əlaqələri, bir qayda olaraq, müşahidə olunmurdu. Romantik konsertdə isə monotematizm, leytmotiv əlaqələr, “axınlı” inkişaf prinsipi böyük əhəmiyyət almışdır. Romantik poemavari birhissəli konsertin parlaq nümunələrini F.Listin yaradıcılığında müşahidə edə bilərik. L.V.Bethovendən sonra konsertin iki tipi müəyyənləşdi – “virtuoz” və “simfonikləşmiş”. Konsertin hər iki tipi dramaturji funksiyalarının əsas komponentlərinə görə fərqlənir: virtuoz konsert üçün solistin tam hegemonluğu və müşayiət edən orkestrin tabe olması səciyyəvidir; simfonikləşmiş konsert üçün isə solist və orkestrin partiyalarının nisbi bərabərliyinə gətirən (tematik materialın inkişafı solist və orkestr tərəfindən birgə həyata keçirilir) orkestrin dramaturji baxımdan fəallığı səciyyəvidir. Simfonikləşmiş konsertdə virtuozluq dramaturji inkişafın vasitəsinə çevrildi.
A.Əlizadənin Violin ilə orkestr üçün konserti simfonikləşmiş konsertin prinsiplərini özündə büruzə versə də obraz-tematik ziddiyyətliyinə əsaslanan dramaturji inkişaf, kəskin dinamizm burada müşahidə olunmur. Melonxolik, qüssəli obraz bəzən daxili təzadlarla özünü büruzə verir. İnkişafda variantlılıq, variasiyavarilik və “axınlı” muğam təfəkkürünə əsaslanan prinsiplər nəzərə çarpır. Lad transformasiyaları, lad yönəlmələri və modulyasiyalar, poliladlıq bəstəkar tərəfindən öz tətbiqini tapır.
Zirvəyə, kulminasiyaya doğru gedən inkişaf burada yenidən ilkin obraza (mövzuya) qayıdışı ilə əvəzlənir. Orkestrin partiyasında keçən motivlər (elemetlər) sonradan violinin, violinin partiyasında olan motivlər isə sonradan orkestrin partiyasında variantlı bir şəkildə inkişaf etdirilir. Əsər, əsasən, bir mövzu (və onun variantlı inkişafı) üzərində qurulub o, da əksər halda, solo violinin ifasında 4 dəfə keçir (3 və 4 keçirilmələr belə desək, “variantın variantıdır”). Bu kimi inkişaf metodları musiqi minimalizminin prinsiplərindən danışmağa imkan verir. Faktura əsasən, şəffaflığı ilə seçilir, tutti, demək olar ki, rast gəlinmir. Simlilərdə, ağac nəfəs alətlərində orqan punktlarının və qıraq registrlərin istifadəsi səslənməyə xususi “soyuqluq” gətirir ([5], [8]). Qeyd etmək lazımdır ki, bəstəkar başqa əsərlərində də (məsələn, violonçel ilə orkestr üçün poemasında) bəmsəsli simli alətlərin ifasında orqan punklarından geniş şəkildə yararlanmışdır.
Kompozisiyanın quruluşu böyük maraq doğurur. Əsər sərbəst formadadır. Alleqro bölməsində zirvəyə döğru gedən inkişaf ilkin obaza, mövzuya qayıdışı ilə xarakterizə edilir. İ.Bramsın, F.B.Mendelsonun, P.İ.Çaykovskinin və başqalarının violin konsertlərində Alleqro hissəsi üçün səciyyəvi olan virtuoz hissələr burada yoxdur, bəstəkar klassik formadan kanara çıxır. II bölmədə özünü büruzə verən Alleqro isə əsas fikrin təzə həlli kimi özünü büruzə verir. Əsərin musiqi inkişafı variantlılığın hesabına, orkestrləşmənin hesabına daha çox psixoloji cəhətdən baş verir.
Yuxarıda qeyd etdiyimiz kimi, əsər birhissəlidir və bir neçə bölmədən ibarətdir:
Moderato, rubato Moderato, rubato
( A tempo , Piu mosso 4/4) ( Alleqro ,12/4);
fis, h Moderato, rubato (tamamlanma) C,D,a,fis h (H )
Konsert elə ilk xanələrdən iri həcmli simfonik əsər kimi başlayır. Ona görə də bu əsəri “Violin və orkestr üçün simfoniya” adlandırmaq olar.
Solo violinin ifa xüsusiyyəti faktura cəhətdən çox sadə olsa da, müasir texnika ilə zənginləşmişdir. Xüsusi səs effektləri əldə etmək məqsədi ilə, ifaya çalar, rəng qatmaq üçün burada sul ponticello, sul tasto ifa üsullarından istifadə olunur.
Solistin mövzusu (“Şur”a aid olan “Bayatı-kürd” muğamı üstə) inkişaf etdikcə ikinci violinlərdə tonika (oktava məsafəsində) və kvintaya əsaslanan orqan punktları harmonik fon kimi özünü büruzə verir. [3] rəqəmdən səslənməyə qoşulan (unison) viola və kontrabaslar ifadəyə gözəl bir ahənglik gətirir. Sonradan simlilərdə özünü büruzə verən (sul ponticello üsulundan yararlanaraq) üçqat divizi (“d”, “f”, “fis”, “a” səsləri üzərində) və klarnetlə vibrofonun sıçrayışlı unison gedişatları səslənmədəmüəyyən effekt yaradır və səs fəzanı, sanki əhatələməyə çalışır.
[4] rəqəmindən 3 xanə əvvəl və sonra səs toxumasına qoşulan taxta nəfəs alətləri polifonik xətt yaradır. Burada ilkin mövzu solo violinin ifasında ikinci dəfə artıq bir oktava yuxarı və variantlı bir şəkildə keçirilir.
Mövzunun ikinci cümləsindən (“iniltili” sekunda səssırası ilə kvarta sıçrayışına əsaslanan) motivlər ([6], [7], [10] rəqəmdən 5 xanə sonra, [12]) variant şəkildə işlənilir, inkişaf etdirilir və daxili dinamizm, təzad tapır.
[16] (Pio mosso) simlilərin unison ifasında “h” səsi (segah məqamında) oktava məsafəsində təkrarlanır və f səslənərək (öncə solo violinin melodik xəttində özünü büruzə verərək ([12]-dən 4 xanə sonra) kəskin ifadə alır.
“Moderato rubato” bölməsi (D-d) əsərin əvvəlini xatırlatsa da, tonallıq və faktura baxımından dəyişikliklərə uğrayır. [18] rəqəmdən solo violinin ifasında mövzunun “variantının variantı” (segah məqamında) səslənir (7+9).
O, xromatik səslərlə zənginləşərək daha espressiv, qəzəbli xarakter alır.
Bütün hərəkət orkestrin ifasında səslənən kulminasiyaya – “Alleqro”ya yönəlib [21].
Alleqro (10 xanə) əsas fikrin təzə həlli kimi qəbul olunur (şur məqamında). Triollar, “axsaq” ritm, səslərin təkrarlanmaları (zərb alətlərinin – timpani, tamburo, kampanellinin istifadəsi) ifadəyə kəskinlik gətirir. Səslənmə tədricən zəifləyir (poco a poco diminuendo) və solo violinin növbəti ([22]) ifasına keçid edir, öncəki fikir burada öz inkişafını tapır. [23] rəqəmindən 5 xanə sonra “Çoban-bayatı”nın intonasiyaları səslənir. 18 xanə çərçivəsində [24] rəqəmindən başlayaraq (orkesrtin harmonik fonunda) solist “Şur” üzərində eyni motivi təkrarlayaraq do segah pərdəsinə keçidi ifadə edir. Tamamlanmaya olan keçid ([26] rəqəmindən altı xanə öncə) ilkin mayəyə qayıdışı ilə (H(h)) və girişin ilk xanələrini xatırladan (artıq səkkizliklərlə olan variant şəklində) səslənmədə özünü büruzə verir. Sonraki inkişaf (“h”, “cis”; “h”, “cis”, “dis” səslərini ifadələyərək) motivin varianti kimi qəbul olunur ([24,25]) və təkrar-təkrar keçir. Bəstəkar “Rast” və “Şur” məqamlarını ([27] və [29] rəqəmindən 5 xanə sonra) sintez edir. Səslənmə tədricən diminuendoya enərək (ppp) orkestrin ifasinda, əsasən, h-moll üçsəsliyinə əsaslanan orqan punktlarını təşkil edir. Solo ifada isə “dis” üzərində olan orqan punktları çaları bir qədər işıqlandırır (burada h-H istifadə olunur) və əsəri si rastda yekunlaşdırır.
A.Əlizadənin yaradıcılığında milli üslubun təzahür prinsipləri nəinki lad-məqam təfəkküründə, obraz, tembr həllində, milli alətlərin yamsılanmasında və bilavasitə onların orkestrə salınmasında və eləcə də folklordan, ifa üsullarından, ornamentikadan yararlanma metodlarında da özünü büruzə verir.
ƏDƏBİYYAT:
- Əliyeva F.Ş. Aqşın Əlizadə // “Musiqi dünyası”. B.: 2003, №1-2, 121 s. ?
2.Долинская Е. Развивая традиции героического балета // Журнал «Советская музыка». М.: январь, 1981,
- Тагизаде А.З. Акшин Ализаде Баку: Ишыг, 1986, 136 с.
Доктор философии по искусствоведению,
доцент АНК
ПРИНЦИПЫ ПРОЯВЛЕНИЯ НАЦИОНАЛЬНОГО СТИЛЯ В СКРИПИЧНОМ
КОНЦЕРТЕ АКШИНА АЛИЗАДЕ
Резюме
Статья посвящена одному из последних симфонических произведений А.Ализаде — Скрипичному концерту. В произведении рассматриваются принципы проявления национального стиля композитора. С этой точки зрения проводится анализ данной композиции.
Ключевые слова:мугамное мышление,симфонизм,Акшин Ализаде,Концерт для скрипки с оркестром
Doctor of Sciences on Art, assistant professor
Lecture of ANC
THE PRINCIPLES OF MANIFESTATION OF THE NATIONAL STYLE IN THE VIOLIN
CONCERTOBY AGSHIN ALIZADEH
Summary
The article is devoted to one of the last symphonic works of A. Alizadeh — Violin Concerto.In the context of the composer’s style in the product are considered the principles of manifestation of national style.From this standpoint contains an analysis of the composition.
Key words: mugham thinking, symphony, Agshin Alizade, Concerto for Violin and Orchestra
Rəyçilər:
əməkdar incəsənət xadimi, professor Z.Qafarova;
əməkdar incəsənət xadimi, professor M.Umudov.