Tar ifaçılıq sənəti haqqinda yeni monoqrafiya
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
AMK-nın dosenti
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
AMK-nın baş müəllimi
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 786/789
TAR İFAÇILIQ SƏNƏTİ HAQQINDA YENİ MONOQRAFİYA
Xülasə: Məqalədə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alətləri” kafedrasının dosenti Afət Novruzovun “Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu” adlı monoqrafiyası haqqında bəhs olunur. Mövzular ilə tanış olduqda tar üçün xronoloji yolla not ifaçılığının ilk dövründən bu günə qədər yazılmış və köçürülmüş əsərlərdən nümunələrin müfəssəl şəkildə araşdırdığı müşahidə edilir. Müəllif tar ilə fortepiano üçün yazılmış və işlənmiş əsərlərin elmi-nəzəri təhlilinin nəticələrini qeyd edir.
Açar sözlər: Afət Novruzov, tarda islahatlar, bəstəkar əsərlərinin rolu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alətləri” kafedrasının dosenti Afət Novruzovun “Tar ifacılıq sənətinin inkafında bəstəkar əsərlərinin rolu” (13) adlı monoqrafiyası tarda not ifacılığı tarixi və nəzəriyyəsinə dair dəyərli elmi-tədqiqat vəsaitidir. 2014-cü ildə işıq üzü görmüş bu monoqrafiya istedadlı musiqiçi, tar ifaçılıq sənətinin araşdırıcısı A.Novruzovun uzun müddət elmi axtarşlarının nəticəsi olaraq meydana gəlmişdir.
Monoqrafiyanın mövzuları ilə tanış olduqda biz tar üçün xronoloji yolla not ifaçılığının ilk dövründən bu günə qədər yazılmış və köçürülmüş əsərlərdən nümunələrin müfəssəl şəkildə araşdırdığını müşahidə edirik. Elmi-tədqiqat sahəsində geniş və səmərəli fəaliyyət göstərən A.Novruzov 40 ildən artıq bir dövr ərzində musiqi elminin bir sıra sahələri üzrə müxtəlif mövzulara dair elmi məqalələrin, metodik və dərs vəsaitlərinin müəllifi kimi tanınır.
Qeyd edək ki, yüksək elmi səviyyədə başa çatdırılmış bu vəsait ifaçılıq praktikası və tarixi kurslarında, həmçinin tar alətinə dair müəyyən aktual elmi tədqiqat məsələlərinin öyrənilməsində istifadə oluna bilər.
Monoqrafiyaya daxil edilmiş tədqiqatlarda tar alətinin ifaçılıq məziyyətləri, bəstəkar yaradıcılığı ilə bağlı inkişaf mərhələləri geniş şəkildə araşdırılır, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin musiqi mövzularının əhəmiyyətli rolu və musiqi nümunələrinin ifadə vaistələri təhlil edilir.
Monoqrafiya iki fəsildən ibarətdir: Birinci fəsildə şifahi ənənəli instrumental muğam ifaçılıq sənətinin təkamülünün Sadıqcan Əsədoğlu ilə bağlılığı (tarın müşaiyətçi alətdən solo ifaçılıq alətinə yönəlməsi), tarın simləri, köklənmə variantları (in H, in A, in C, in B) mizrab ştrixləri və onların bir çox nümunələri haqqında bilgilər yer alır.
Burada dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü və hərtərəfli fəaliyyətinin nəticəsi olaraq not ifaçılığının çalğı alətlərimizə tətbiqində yaranan problemlər, milli musiqi alətlərimizdə tədris məsələləri ilk olaraq tar ixtisas sinfinin Azərbaycan Dövlət Konservatoriyasında, sonralar isə Türk musiqi texnikumunda xalq çalğı alətlərinin Avropa alətləri səviyyəsində tədrisi ilə bağlı geniş məlumat verilir.
Bu bölümdə müəllif tar alətinin tədrisi ilə bağlı Üzeyir Hacıbəylinin 1925-ci ildə tərtib etdiyi proqramın tarixi əhəmiyyətini, milli musiqi nümunələri ilə yanaşı xarici ölkə bəstəkar əsərlərinin burada yer almasını, tar ifaçılığı sənətinin inkişafı və formalaşmasında rolunu bilavaistə dahi bəstəkara istinadən gətirdiyi sitatlarda geniş şərh edir. Xalq çalğı alətlərində not ifaçılığının mümkünlüyünü sübut edən bu vasitələrin və tədrisdə qazanılmış nailiyyətlərin nəticəsi olaraq 1925-ci ildə “Arşın mal alan” musiqili komediyasının tələbələrin qüvvəsi ilə tamaşaya qoyulması tarixi fakt kimi dəyərləndirilir.
Monoqrafiyada xarici ölkə bəstəkar əsərlərinin ifası, müxtəlif səpkili yeni ifaçılıq üslublarının formalaşması, əsərlərin fortepianonun müşayiəti ilə səsləndirilməsi, bununla da Şərq və Qərb musiqi alətləri arasında vəhdətə nail olmaq ənənəsinin vacibliyinin əhəmiyyəti diqqətə çatdırılır. Maraqlı faktlardan biri kimi müəllif Ü.Hacıbəylinin müraciət etdiyi Ş.Qunonun “Faust” operasından “Vals” rəqsinin tar ilə fortepianoda səslənməsi haqqında fikirlərini belə açıqlayır:“Tarda mezzo – soprano açarından istifadə edildiyinə görə əksər hallarda skripka açarında olan not mətnini tarın diapazonuna uyğunlaşdırmaq məqsədilə təkcə açar dəyişikliyi edilir (Açar dəyişmə transpozisiya). Məhz həmin təcrübədən Ş.Qunonun “Vals” əsərində istifadə edilərək açar dəyişikliyi nəticəsində re major tonallığından sol major tonallığına köçürülmüşdür” (13, s. 17). Sonrakı sətirlərdə: “Əsərin melodik quruluşunda tar ifaçılıq prinsiplərinə yaxınlıq əlaməti duyulmaqla yanaşı, burada geniş ifaçılıq vərdişlərini inkişaf etdirən amillər də mövcuddur. Burada “Vals”ın axıcılığı, intonasiya tərkibi tar ifaçılığında olduqca təbii səslənir. Monoqrafiyanın hər bir fəslində araşdırılan mövzular elmi tədqiqat nümunəsi kimi diqqəti cəlb edir”.
Əvvəldə qeyd edildiyi kimi, 1-ci fəsildə Ü.Hacıbəylinin tara dair islahatları, musiqi təhsili üzrə fəaliyyəti, dərsliklərin yazılması, xalq çalğı alətləri üçün köçürmələrin təhlili və ifaçılıq məziyyətlərindən bəhs olunur. Qeyd edək ki, tar ifaçılıq sənətində ciddi araşdırmalar aparmaq bu sənətin elmi nəzəri və təcrübi xüsusiyyətlərini üzə çıxarmaq iqtidarında olan mütəxəssis alətin bədii və texniki imkanlarını dərindən bilməli, müəyyən elmi potensiala və təcrübəyə malik olmalıdır. A.Novruzov bu sahənin imkanlarını dərindən bilən alim kimi bu gün üçün aktual olan bir işin öhdəsindən bacarıqla gəlməklə, tar ifacılığı nəzəriyyəsinin təhlilində öz sözünü deyir. Yeri gəlmişkən qeyd edək ki, A.Novruzov görkəmli tarzən Respublikanın əməkdar artisti Əhsən Dadaşovun yaradıcılıq irsini araşdıran mütəxəsislərdən biri kimi də tanınır (14, 15, 16).
Müəllif 1-ci fəsildə 1940-50-ci illərdə xalq çalğı alətlərində not ifaçılığının intensiv inkişafı, Səid Rüstəmov və Adil Gəray Məmmədbəylinin bu sahədə fəaliyyəti, rus və Qərb bəstəkarlarının əsərlərindən işləmələrin və köçürmələrin, həmçinin tar ixtisası üzrə tərtib olunmuş tədris proqramının müstəsna əhəmiyyətini hər tərəfli şərh edir.
Bu baxımdan tar, kamança üçün dərs vəsaitləri siyahısında S.Rüstəmovun “Tar məktəbi” (17), C.Həsənovanın (1915-1985) “Kamança məktəbi” dərsliyi (18), Adil Gəray Məmmədbəylinin “Muğam etüdlər”i (3), S.Rüstəmovun “Melodik etüdlər” (11) kimi əsərlər təqdim edilir, onların məqsədi və mahiyyəti açıqlanır. Burada xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələrin tədrisi ilə yanaşı, həm də xalq çalğı alətləri not ifaçılığı vərdişlərinin yüksək səviyyədə formalaşmasındakı əhəmiyyəti də qeyd edilir.
Bu bölmədə əsərlərin çalğı alətinin diapazonu və tessiturasına uyğunluğunun, ştrix və applikaturanın tətbiqində orijinallığın müəyyən dərəcədə saxlanılmasının, alətin bədii və texniki imkanlarının üzə çıxmasının, əsərin ifaçılıq xüsusiyyəti və musiqinin səciyyəvi cəhətlərinin geniş təhlilinin şahidi oluruq.
Əsərlərdə qarşıya çıxan problemlərin ifaçılıq nəzəriyyəsi baxımından təhlili və müəyyən metodik vasitələrin şərhi də maraqlıdır. Müəllifin fikrinə görə xarici ölkə bəstəkar əsərlərinin tarda ifası tarzənin musiqi dünyagörüşünün və yeni ifaçılıq vərdişlərinin özündə ehtivasına gətirib çıxarır.
Monoqrafiyanın ikinci fəsli daha geniş şəkildə verilmiş dəyərli elmi tədqiqatdır. II fəsil bütövlükdə iki mühüm əhəmiyyət daşıyan mövzuya həsr edilib: 1. Azərbaycan bəstəkarlarının kiçik və iri həcmli kamera instrumental əsərləri; 2. Azərbaycan bəstəkarlarının tar ilə orkestr üçün “Konsert”lərinin ifaçılıq xüsusiyyətlərinin araşdırılması.
II fəsildə XX əsr musiqi sənətində yeni bir dövrün başlandığını, peşəkar bəstəkarlıq məktəbi-nin və instrumental not ifaçılığı sənətinin inkişafının elmi-metodik əsaslar üzərində qurulmasının yaradıcısı olan Ü.Hacıbəylinin misilsiz rolu geniş şərh olunur.
Müəllif solo tar üçün orijinal əsərlərin bəstəkarlarımız tərəfindən yazılmasının 50-ci illərə təsadüf etdiyini, tarın aparıcı alət kimi orkestr əsərlərinin partiturasında yer almasını və bu əsərlərin sonradan tar üçün yazılmış ilk orijinal nümunə kimi yarandığını qeyd edir. (Ü.Hacıbəyli I və II fantaziyaları, M.Moqamayev “Radio marşı”, S.Rüstəmov “Şadlıq rəqsi” və s.) Monoqrafiyada S.Rüstəmovun “Tar məktəbi” dərsliyi metodik baxımdan araşdırılır və Üz.Hacıbəylinin bu dərslik haqqında fikirləri diqqətə çatdırır. Tar ifaçılığı tarixində ikinci orijinal əsər olan Adil Gəray Məmmədbəylinin “Muğam etüdləri” (1943-cü ildə yazılmışdır) və 50-ci illərdə nəşr edilmiş S.Rüstəmovun “Melodik etüdlər” məcmuəsinin mahiyyəti açıqlanır, ifaçılıq prinsipləri baxımından təhlil edilir və bu etüdlərin bəstəkar əsərlərinin təfsirindəki rolu işıqlandırılır. 50-70-ci illərdə Azərbaycan bəstəkarları tərəfindən yazılmış orijinal əsərlərin tar üçün köçürmələrin forması və ifaçılıq nəzəriyyəsi baxımından təhlili maraq doğurur.
Müəllif tar ilə fortepiano üçün yazılmış və işlənmiş əsərlərin elmi-nəzəri təhlilinin nəticəsi olaraq qeyd edir: “Azərbaycan bəstəkarlarının yaratdığı kiçik həcmli əsərlərdə tarın bədii və texniki imkanları məhdud çərçivədə üzə çıxarılırsa, tar üçün yazılan iri həcmli əsərlərdə məhz alətin peşəkarlıq baxımından yeni xüsusiyyətləri və özünəməxsus ifaçılıq məziyyətləri yüksək inkişafda təzahürünü tapır” (13, s.72). Burada söhbət A.Zeynallının “Muğamsayağı”, C.Cahangirovun “Rondo”, S.Ələsgərovun “Daimi hərəkət”, “Tarantella” və tar ifacılığında istifadə olunan vokal əsərlərindən gedir.
Monoqrafiyada görkəmli bəstəkar Süleyman Ələsgərovun tar ilə fortepiano üçün “Sonatina”sının forması, kompozisiya quruluşu, ifaçılıq prinsipləri, bəstəkar Sevda İbrahimovanın tar ilə kamera orkestri üçün “Xatirə” poemasının yumorlu və romantik səciyyəli musiqi mövzularının həmçinin tarda muğama xas olan çalğı üslublarının geniş şərhi verilir.
Sonra xronoloji ardıcıllığın davamı olaraq müəllif istedadlı bəstəkar Vasif Allahverdiyevin maraqlı tədqiqat obyektinə çevrilmiş “Qarabağ balladası” əsərini geniş və əhəmiyyətli dərəcədə təhlil edir (13, s. 90-92). Yeri gəlmişkən deyək ki, “Qarabağ balladası” solo tar üçün bəstələnmiş müşayiətsiz ilk orijinal əsərdir. A.Novruzov əsərdə Vasif Allahverdiyevin özünəməxsus yaradıcılıq üslubunu, musiqi mətninə müasir not yazı üsullarının tətbiqini, tarın ton və zəng simlərindən bərabərhüquqlu ifadə vaistəsi kimi yararlandığını elmi araşdırmalar şəklində səciyyələndirir.
Monoqrafiyanın II fəslinin ikinci yarımfəsli bütövlükdə Azərbaycan bəstəkarlarının tar ilə orkestr üçün “Konsert”lərinin araşdırılmasından ibarətdir. Bu bölmədə də Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ü.Hacıbəylinin estetik konsepsiyası, ideya və yaradıcılıq ənənələrinin müasir dövrün tələbinə uyğun professional şəkildə davam etdirilməsi göstərilir.
Bu baxımdan bəstəkar H.Xanməmmədovun “Tar ilə orkestr üçün 1 saylı Konserti”, S.Rüstəmovun, S.Ələsgərovun “Xalq çalğı alətləri orkestri üçün 1 saylı Konsert”i, T.Bakıxanov R.Mirişli, N.Məmmədovun “Tar ilə orkestr üçün Konsert”ləri istər forma, kompozisiya, məqam, istərsə də ifaçılıq məziyyətləri və nəzəriyyəsi baxımından ardıcıllıqla təhlil edilir. Məhz bu arqumentlərə əsaslanan müəllif müxtəlif musiqişünasların araşdırdıqları nəticələrə söykənərək bu “Konsert”lər haqqında fikirlərini elmi konsepsiya şəklində səciyyələndirməyə nail olub.
Düşünürük ki, istedadlı musiqişünas alim Afət Novruzovun uzun müddət ərzində apardığı məqsədyönlü işin nəticəsində ərsəyə gəlmiş bu monoqrafiya mükəmməl tədqiqat nümunəsi olaraq xalq çalğı alətlərinin ifaçılıq nəzəriyyəsi və tədrisinə dair lazımlı vəsait kimi gələcək elmi araşdırmaların tədqiqində əhəmiyyətli rol oynayacaqdır.
ƏDƏBİYYAT:
- Hacıbəyov Ü.Ə. Əsərləri. II cild B.: Elm, 1965.
- Abbasova E. Səid Rüstəmov. B.: Azərnəşr. 1973. 48s.
- Adil Gəray. Tar üçün muğam etüdləri. : Azərnəşr. 1943. 31s.
- Əbdülqasımov V.Ə. Azərbaycanda tarın tədrisi tarixindən (1920-1935-ci illər) B.: 1984. 22s.
- Ələsgərov S. Tar ilə xalq çalğı alətləri orkestri üçün 1 saylı Konsert (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1976. 56s.
- İbrahimova S. Tar ilə kamera orkestri üçün xatirə poema (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1986. 24s.
- Quliyev O. Səid Rüstəmovun Tar ilə xalq çalğı alətləri orkestri üçün Konserti. Metodik tövsiyə. B.: APİ. 1987. s. 3-7
- Mirişli R. Tar ilə simfonik orkestr üçün Konsert (tar ilə fortepiano üçün köçürmə) B.: İşıq. 1989. 61s.
- Novruzov A.M. Süleyman Ələsgərov Tar ilə fortepiano üçün Sonatina. Metodik tövsiyə. B.: 1994. 18s.
- Novruzov A.M. Hacı Xanməmmədov Tar ilə simfonik orkestr üçün 1 saylı Konserti. Metodik tövsiyə. B.: 1995. 29s.
- Rüstəmov S.Ə. Tar üçün melodik etüdlər. B.: Azərnəşr. 1950. 45s.
- NovruzovA.M. VasifAllahverdiyevinsolotar üçün “Qarabağ balladası” əsəri. B.: “Musiqi dünyası” jurnalı. 2007. s. 82-86
- Novruzov A.M. “Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu”. Dərs vəsaiti. B.: MBM. 2014. 199 s.
- Novruzov A.M. Əhsən Dadaşovun ifasında Rast muğamının özünəməxsus məziyyətlərinin təhlili // “Konservatoriya” jurnalı, 2012, № 1 s. 37-46
- Novruzov A.M. Ə.Dadaşov bir sənətkar kimi // AMK, Elmi praktiki konfrans materialları, B.: 2005, s. 40-46
- Novruzov A.M. İfaçılarımızın portreti // “Musiqi dünyası” jurnalı, 2004 № 3-4, s. 150-154
- Rüstəmov S.Ə. Tar məktəbi dərsliyi,B.: Azərnəşr,1935, 119 s.
- Həsənova C.İ. Kamança məktəbi B.: Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1940, 128 s.
Доцент АНК
Педагог АНК
НОВАЯ МОНОГРАФИЯ ОБ ИСКУССТВЕ ИСПОЛНИТЕЛЬСТВА НА ТАРЕ
Резюме
В представленной статье раскрываются основные положения новой монографии кандидата искусствоведения, доцента кафедры «Народные музыкальные инструменты» Азербайджанской Национальной Консерватории — Афета Новрузова «Роль произведений композиторов в развитии исполнительского искусства на таре».
Ключевые слова: Афет Новрузов, реформы на таре, роль произведений композиторов
Associate Professor of the ANC
Lecture of ANC
NEW MONOGRAPH ABOUT THE ART OF PLAYING ON TAR
Summary
The article deals with the new monograph of talented musician, Ph.D., associate professor of «Folk musical instruments» of the Azerbaijan National Conservatory — Afet Novruzov «The role of the works of composers in the development of the art of playing on Tar».
Key words: Afet Novruzov, reform in tar, the role of the works of composers
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə;
fəlsəfə doktoru, AMK-nın professoru Məmmədağa Kərimov