AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

AMK-nın tələbə xorunun daha bir uğuru

 

Azərbaycanda xor musiqi ənənələrinin yaranması və sonrakı inkişafı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. 1926-cı ildə o, Аzərbаycаn Dövlət Kоservаtоriyаsındа (indiki Bakı Musiqi Akademiyası) ilk çоxsəsli Аzərbаycаn xоrunu yаrаdır. Lakin bu kоllektivin ömrü az olur. Yаlnız 10 ildən sоnrа 1936-cı ildə Ü.Hacıbəyli yenidən öz arzusunu həyata keçirmək üçün Аzər­bаycаn Dövlət Filarmoniyasında vоkаl musiqi sahəsində bаcаrıqlı, lаkin xüsusi musiqi təhsili оlmаyаn gənclərdən ibаrət ilk Аzərbаycаn Dövlət Xоr kоllektivini yаrаdır. Beləliklə də Azər­bay­canda xor kollektivlərinin ölkənin musiqi həyatında yaxından iştirakı prosesi işə düşdü. XX əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərindən bu sahədə əsas nailiyyətlər əldə edilməyə başlandı.

xor

Artıq bir neçə illərdir ki, respublikanın universitetlərində tələbə xor kollektivləri fəa­liy­yət göstərməkdədir. Bu kollektivlər sırasına Bakı Dövlət Univertitetinin, Azərbaycan Texniki Univer­sitetinin, Qafqaz Universiteti­nin, Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti­nin və s. xor kollektivlərini aid edə bilərik. Belə kollektivlərdən biri də Təranə Yusifova­nın rəhbərlik etdiyi Azərbaycan Milli Konser­vatoriyasının Tələbə Xorudur.

Bu xor kollektivinin yaranma tarixinə nəzər salaq. Milli Konservatoriya yaranan vaxtdan, yəni 2002-ci ildən həftədə bir dəfə olmaqla “Solo oxuma” (Xanəndə) ixtisasında təhsil alan tələbələrə “Xor” fənni tədris edilir. 2006-cı ildən isə bu xora “Musiqişünaslıq”, “Dirijorluq” və “Bəstəkarlıq” ixtisaslarında təhsil alan tələbələr də cəlb olundu və xor kollektivinin yaradılması üçün ilk addım atıldı. 2006-2014-cu illərdə AMK-nın tədris korpusu müvəqqəti olaraq İncəsənət Gimnaziyasının yataqxanasının I mərtəbəsində yerləşirdi. Təbiidir ki, orada olan şəraitsizlik xor kollektivinin sürətlə və mükəmməl inkişaf etməsinə mane olurdu. Buna görə də Tələbə Xor kollektivinin tam təşkili 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının yeni binası istifadəyə verildikdən sonra baş tutdu. Konservatoriyanın rektoru, professor S.Kəriminin təşəbbüsü ilə dərslərin hər gün keçirilməsi və “Xalq çalğı alətləri” ixtisasından başqa digər bütün ixtisasların dərsə cəlb edilməsi nəticəsində kollektivin təşəkkül prosesi surətləndirildi. Məhz elə bu vaxtdan AMK-nın Tələbə Xor kollektivi konsertlərdə məhsuldar çıxışlar etməyə və gözəl nəticələr nümayiş etdirməyə başladı.

İlk dəfə bu kollektiv tam gücüylə səhnəyə 2014-cü ilin noyabr ayında Azərbaycan Milli Konservatoriyasının açılışına həsr olunmuş konserdə Ü.Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xorunun ifası ilə çıxdı. Az bir zamanda xor kollektivinin uğurlarının artması ilə onlar Azərbaycan Dövlət Filarmoniyasının orkestri və xoru ilə birgə dəfələrlə C.Cahangirov “Məni candan usandırdı” kantatasını, “Azad” operasından “Çahargah” xorunu, V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasını, B.Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş konsertdə E.Sabitoğlunun “Azərbaycan” mahnısını ifa ediblər.

Professor S.Kərimi tələbə xorunun inkişafı üçün daim dəstək göstərmiş, Norveçdən olan dünyanın məşhur xormeysterlərindən biri – Prots Hildreni Azərbacan Milli Konservatoriyasına dəvət etmişdir. 14 dekabr 2015-ci il tarixində Prots Hildre tələbələrlə ustad dərsləri keçirmiş, onlarla bilik və təcrübəsini paylaşmışdır. Konsertin II hissəsində tələbə xor kollektivi xormeysterin tövsiyyələri ilə öz ifalarını təqdim etmişdilər. Konsert Ü.Hacıbəylinin “Leyli və Məcnun” opera­sından “Şəbi Hicran” xoru ilə açılmış və müxtəlif musiqi nömrələrindən sonra “Qarabağ şikəstəsi” ilə tamamlanmışdı.

Tələbə xorunun növbəti hesabat konserti 27 may 2016-cı il tarixində baş tutdu. Dinləyicilər sı­rasında olan konservatoriyanın rektoru, müəllim-professor heyəti, tələbələr xor kollektivini səmimi alqışlarla qarşıladılar. Konsertin rəhbəri xormeyster Təranə Yusifova, konsertmeyster Solmaz Həyatovanın əməyi nəticəsində maraqlı xor musiqi gecəsi keçirildi. Proqrama xor a cappella, xor və fortepiano müşayiəti üçün maraqlı əsərlər daxil edilmişdi. Ü.Hacıbəylinin “Ey, Vətən”, xalq mahnısı “Dağıstan” (işləyəni N.Əliverdibəyov), A.Borodinin “Knyaz İqor” operasın­dan qızların xoru, R.Mustafayevin “Gülüm yoxdur”, Bert Kafnenin “Strenger in the night” (xor üçün işləyəni T.Yusifova), xalq mahnısı “Süsən sünbül” (fortepiano üçün işləyəni N.Əliverdibəyov, xor üçün işləyəni T.Yusifova) əsərləri yalnız xorun ifasında səsləndi. Xalq mahnısı “Gözəlim sənsən” (işləyəni F.Əmirov, solo ifa edirlər: IV beynəlxalq muğam müsabiqəsinin qalibi Orxan Hüseynli və televiziya muğam laureatı Zeynəb Nəcəfova), “Spiritual Kum ba yah” (solo ifalar: Elcan Həsənov, tarda ifa edir Respublika müsabiqə və festival laureatı II kurs tələbəsi Şakir Süleymanov, konsertmeyster Beynəlxalq müsabiqə laureatı Vurğun Vəkilov), C.Cahangirovin “Zərif  gülüşlüm” (aranjeman S.Kərimi, xor üçün işləyəni T.Yusifova,  ifa edirlər: III kurs tələbəsi Emin Zeynallı və I kurs tələbəsi Nigar Cəlilova), O.Kaziminin “Salamat qal ana” əsəri həm də solistlərin  iştirakı ilə dinləyicilərə təqdim edildi. Tələbə xoru hər dəfə yeni əsərlər seçib öz ifalarını təkmilləşdirməklə dinləyicilərin zövqünü oxşamağa çalışır.

Tələbə xorunun hesabatı kimi nəzərdə tutulmuş bu konsertin proqramı həm də 28 may Respublika Gününə həsr edilmişdi. Bu səbəbdən konsert vətənpərvərlik hisslərini, azad Vətən mövzusunu təcəssüm etdirən “Ey, Vətən” əsəri ilə açıldı və“Salamat qal, ana” əsəri ilə tamamlandı. Konsert zamanı diqqəti cəlb edən nömrələrdən biri məhz birinci nömrə — a cappella şəklində oxunan Ü.Hacıbəylinin “Ey, Vətən” əsəri oldu. Bildiyimiz kimi, bu sayaq əsərlərin oxunması zamanı xor ifaçıları bir sıra çətinliklərlə üzləşir. Onlardan ən əsası isə ifa intonasiyasının təmizliyi və səslərarası ahəngin yaradılmasıdır. Xorun ifasının təmizliyi, təravətliyi, səslərin bir-biri ilə ahəng yaradaraq uzlaşması diqqət mərkəzində idi. Bu nömrələr xalq mahnısı “Gözəlim sənsən”, R.Mustafayevin “Gülüm yoxdur” və  Siyavuş Kəriminin aranjeman etdiyi C.Cahangirovin “Zərif gülüşlüm” əsərləridir. Xor kollektivinin incəsənət hadisəsi kimi layiqincə dəyərləndirilməsi üçün intonasiya və səs təmizliyi əldə etməyə  iradə və istək əzmi gərəkdir.

Konsert zamanı diqqəti çəkən, çox şən və hətta dinləyiciləri hərəkətə gətirən bir nömrə afro-amerikalıların XX əsrin 30-cu illərində məşhur olan “Spiritual kum ba ya” dini mahnısı oldu. Bu nömrəni biz əminliklə konsertin kulminasiya nöqtəsi adlandıra bilərik. Solist ElcanHəsənovun, tarda Şakir Süleymanovun və konsertmeystr Vurğun Vəkilovun iştirakı ilə doğrudan da çox maraqlı bir nömrə ərsəyə gəldi. Xor kollektivimiz öz repertuarına bu qəbildən olan mahnıları daha çox daxil etməklə, milli musiqi alətlərimizlə maraqlı eksperimentlər aparmaq üçün zəmin yaradırlar. Nəzərə almaq lazımdır ki, milli musiqimiz, alətlərimizlə digər xalqların musiqisi və alətləri ilə bir sıra uğurlu sintezlər edilmiş və müəlliflərinə layiqli şöhrət gətimişdir.

Diqqəti cəlb edən daha bir nömrə O.Kaziminin “Salamat qal, ana” əsəri oldu ki, tenor və bas səsləri üçün nəzərdə tutulmuş əsərin solist partiyasıi I kurs tələbələri Urfana Cəfərova və Talıb İsgəndərliyə tapşırılmışdı. Marş xarakterində yazılmış bu mahnı Vətəni qorumağa gedən övladın milli vətənpərvərlik hisslərinin təcəssümüdür. Solistlərin güclü səsi mahnının xarakterini dinləyi­ciyə daha dəqiq çatdıra bildiyi halda xorun səslənməsi bu nömrədə zəif görünürdü. Bunun da səbəbini oğlanların xordakı sayının azlığında görürük. Ümid edirik ki, gələcəkdə oğlanların xora marağının oyanması ilə ifaçıların sayının artmasının şahidi olacağıq. Bu nömrədə qeyd etdiyimiz bə­zi çatışmazlıqlara baxmayaraq, xor dinləyicilərin çox xoşuna gəldi və bütün ifa alqışlarla müşayiət edildi.

Konsertin sonunda rektor S.Kərimi çıxış edərək xor barədə öz istək və arzularını belə ifadə etdi: “Yaxşı yaradıcılıq potensialınız var və onu daha da inkişaf etdirmək lazımdır”. Siyavuş müəllimin bu sözlərinə qoşularaq xorumuza bəstəkar əsərlərini, xalq mahnılarını səlist, peşəkar­casına ifa etməyi və daha böyük uğurlara imza atmağı arzu edirik.

 

Zəminə ABDULLAYEVA

AMK-nın “Musiqinin tarixi və nəzəriyyəsi”

kafedrasının baş laborantı

Mövzuya uyğun