AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

“Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılmasi” mövzusunda elmi-praktik seminar

 

Milli musiqi alətlərimizin tarixi qədim köklərə malikdir. Bu baxımdan miniatür sənət əsərləri, klassik şairlərimizin poeziyası zəngin informasiya mənbəyidir. Əsrlər boyu təkmilləşərək uzun inki­şaf yolu keçmiş ulu muğamlarımız, xalq mahnı və rəqslərimiz, aşıq sənətimiz milli musiqi alətləri­mizin vasitəsi ilə nəsillərdən-nəsillərə ötürülərək günümüzə kimi gəlib çatmışdır. Çoxmərhələli inkişaf yolunda musiqi janrlarında olduğu kimi, milli çalğı alətlərimizdə də mühüm dəyişikliklər baş vermişdir.

aletler

Azərbaycan Milli Kon­ser­vatoriyasında yaradılımış “Milli musiqi alətlərinin tək­milləşdi­ril­məsi” elmi-tədqiqat la­bora­to­ri­yasının rəhbəri Məm­mədəli Məm­mədov musi­qi alətlərinin elektron və akustik növlərinin yaradılması, təkmilləşdirilməsi və bərpası ilə məşğul olur. Onun laboratoriyaya rəhbər təyin olun­masından sonra geniş diapazonda elmi araşdırmalar aparılmışdır. M.Məmmədovun musiqini dərindən duya bilməsi, simli musiqi alətlərində ifa etmək və ixtiraçılıq qabiliyyəti, mühəndislik peşəsi sahəsində ixtisaslaşması milli musiqi alətlərimizdə təkmilləşmə işlərini yerinə yetirməsinə böyük kömək göstərmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, onun kolleksiyasında müəllifllik hüququnun ona məxsus olduğunu təsdiqləyən sənədlərə malik 17 adda musiqi aləti vardır. Alətlərin hər biri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. M.Məmmədovun təkmilləşdirdiyi alətlər sırasına “Çəng”, “Kamança”, “Tar”, “Davul”, “Santur”, “Qanun”, “Balaban”, “Zurna” daxildir. O, həm də yeni musiqi alətlərin müəllifidir. “Udmən”, “Azərbaycan santuru”, “Dördkünc balaban”, köklənə bilən “Meydan nağara”, “Təkmilləşmiş dördkünc təbil”, “Bas kamança”, “Kontr kamança”, “Bas tar”, “Elektro Akkord tar”, “Qoşaqol ud” (Sevgililər) və “İki kameralı kamança” yeni yaranan musiqi alətləri sırasına daxildir.

Mayın 19-da “Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda keçirilmiş elmi-praktik seminar adını qeyd etdiyimiz laboratoriyada araya-ərsəyə gəlmiş musiqi alətlərinə həsr olunmuşdu. Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə həyata keçirdiyi tədbir Musiqi Mədəniyyəti Muzeyində baş tutdu. Elmi-praktik seminardaM.Məmmədovun təkmilləşdirdiyi və yeni növlərini yaratdığı musiqi alətlərimiz muzeyin ekspozisiyasında sərgiləndi. Tədbirin nəzəri hissəsində musiqiçi-mütəxəssislərinyeni yaradılmış və təkmilləşdirilimiş musiq alətləri ilə bağlı qiymətli fikirləri səsləndi. Onların sırasında AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi, AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova, AMK-nın professoru, xalq artisti Ramiz Quliyev, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, BMA-nın elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı musiqi alətləri ilə bağlı öz fikirlərini, təklif və tövsiyyələrini bildirdilər. Tədbirdə çıxış edənlər arasında Mədəniyyətşünaslıq üzrə elmi metodik mərkəzin direktoru Asif Usubəliyev də var idi. O, çıxışının sonunda M.Məmmədovu təmsil etdiyi qurum adından təbrik edərək, fəxri fərmanla təltif etdi. Daha sonra tədbir AMK-nın dosenti Mübariz Əliyev, Munis Şərifov, Şirzad Fətəliyev, Şəhriyar İmanov, Mərkəz Əliyev, Sahib Ağazadə, Fəzilə Rəhimova kimi ifaçıların  təkmilləşdirilən və yeni yaradılan musiqi alətlərində ifası ilə davam olundu. Belə tədbirlərin musiqi alətlərimizin gələcəkdə düzgün inkişaf etdirilməsi istiqamətində səmərəli nəticələr verəcəyinə ümid edirik. Bu yolda “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri M.Məmmədova və laboratoriyanın bütün əməkdaşlarına uğurlar arzulayırıq.

Fazilə NƏBİYEVA

Elmi işçi

Mövzuya uyğun