AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2016

İlahilər və türkülər konservatoriya tələbələrinin ifasında

 

Aprelin 21-də Azərbaycan Milli Konservatoriyasında Konservatoriyan müəllimi Fəxrəddin Salimin sufi musiqisi təqdimat konserti keçirildi. Bu dəfə yaradıcılıq saatında sufi musiqisi Fəxrəddin Salimin səyi və çalışmaları sayəsində həyata qaytarılaraq tələbələrin ifasında səslən­dirildi. Gecədə konservatoriya tələbələri ilahilər və türkülər çalıb oxudu. Sufi musiqisi, təsəvvüf ədəbiyyatı, xudmani zal, pilləkənlərdə oturmuş dinləyicilər, ləzzətdən yırğalanan tamaşaçı… 200 il buralardan iraq düşmüş musiqi sanki ürkək-ürkək geri qayıdırdı. Belə musiqiyə səsgücləndirici qoşmaq günahdı. Burda pianissimo hakimdi. Dinləyici əl çalmağa, səs-küy salıb yaranan auranı silkələməyə ürək eləmirdi. Qulaqlarsa inanmaq istəmirdi, yəni musiqi belə ola bilərmiş?.. Özü də tərcüməyə qəti ehtiyacı olmayan, bütün Şərq dünyasının anladığı bir musiqi. Bu zalda kimsəni “Nə vaxtsa biz belə musiqi dinlərdik” deyib inandırmağa ehtiyac da olmadı. Hazırda bizim musiqi “veneqretini” norma qəbul edən xalq olaraq yaralı qəlbin iniltisini, ilahi eşq nurunu, sevgisini Vətənə şəhid vermiş qadının iztirablarını, işığı, ümidi, kədəri bu qədər dəqiq ötürə bilən musiqiyə ehtiyacımız var. Titrəyişi çox aşağı desiballa ölçüləsi musiqilər demək ürəyə daha tez yol tapırmış.

ilahiler

Gecədə ilahilərdən “Bəhəmdüllah, derim, Allah…” (söz: Şəms Təbrizi, Seyud Nizam, Yusif Həmədani, mus: anonim), “Sordum sarı çiçəyə” (söz: Yunus Əmrə, mus: anonim), “Yəmən ellərindən Veysəl Qərani” (söz: Yunus Əmrə, mus: anonim), “Çağırayım Mövlam səni” (söz: Yunus Əmrə, mus: Fəxrəddin Salim), “Bana seni gerek, seni” (söz: Yunus Əmrə, mus: Fəxrəddin Salim), “Demədimmi…” (söz: Pir Sultan Abdal, mus: anonim), türkülərdən “Ali dost” (sözləri və musiqisi Fəxrəddin Salim, solist Anar Şuşalı), “Efendim, efendim …” (xalq türküsü, söz: Pir Sultan Abdal), “Haydar-Haydar” (xalq türküsü, söz: Qul Nəsimi, solist Güllü Muradova), “Mevlam bir çox dert vermiş” (xalq türküsü), “Seher yıldızı” (xalq türküsü, söz: Qaracaoğlan, solistlər: Aynurə Ələkbərli, Fəxrəddin Salim), “Şu dağlarda kar olsaydım” (söz: Yusif Hayaloğlu, mus: Ahmet Kaya), “Halil İbrahim” (söz: anonim, mus: Musa Eroğlu, solist Ceyhun Babayev), “Nasimi – tu­yuğlar” (söz: İmadəddin Nəsimi, mus: Fəxrəddin Salim), “Anlatmam dərdimi” (sözləri və musiqisi Aşıq Veysəl, solist Fəxrəddin Salim), “Aldırma günül, aldırma” (sözləri və musiqisi Sahahaddin Ali) səsləndirildi.

Konsertdən feyziyab olan dinləyicilər tamam yeni intonasiya toplusu ilə bərabər özüylə sözəgəlməz təəssürat apardı. Fərqli duruma köklənmiş konsert iştirakçıları bu tip musiqini daha çox dinləmək ehtiyacında olduqlarını duyaraq konsertlərin davamlı olmasını arzuladılar.

Gülnarə MANAFOVA

Elmi işçi

Mövzuya uyğun