AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Sevda MƏMMƏDOVA

AMK-nın baş müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

 UOT 781,68                                                                                   

MÜASİR PİANOÇU SƏNƏTİNİN PROBLEMLƏRİNƏ DAİR

endir

 

 

PDF

 

 

Xülasə: Əsl pedaqoji fəaliyyət, ifaçılıqdan heç də az olmayaraq çox çətindir və bu ixtisas müvafiq bilik, bacarıq və professionallıqtələb edir. Pianoçu-pedaqoq özünü ancaq tələbələrində təsdiq edə bilər və onun zəhməti tələbələrinin hazırlıq səviyyələri ilə qiymətləndirilir. İfaçılıq sənəti, həyatın və dünyanın  dərk olunması və ona təsir etməyin  növlərindən biridir. Məqalədə dünyada klassik musiqi sənəti elitar sənət kimi nəzərdən keçirilir.

Açar sözlər: pedaqoji fəaliyyət, musiqi sənəti, ifaçılıq sənəti

Müasir dünyada klassik musiqi sənəti elitar sənət kimi nəzərdən keçirilir. Dünyada insanların məhdud dairədə çox kiçik, lakin elitar qrupu mövcuddur ki, onlara klassik musiqinin professional dinləyiciləri adlandırmaq olar. Bu o tamaşaçılardır ki, məsələn, R.Vaqnerin əsərlərini dinləməyə gedir və heç zaman estrada konsertlərində, demək olar ki, iştirak etmirlər. Lakin obyektiv səbəblərdən bu növ insanların sayı çox ola bilməz. Bir çox müasir musiqiçilər qeyd edirlər ki, zamanımızda klassik musiqiyə maraq zəifləmişdir. Bunun əskinə olaraq isə estrada auditoriyası çoxsaylıdır. Müasir gənclər fərqli musiqi dinləyirlər və bu hal bütün dünyada olan real vəziyyətdir. İnanmaq istərdik ki, Vivaldi, V.A.Motsart və L.V.Bethovenin musiqiləri ancaq mobil telefonlarda deyil, həmçinin televiziyavə radio dalğalarında daim səslənəcək. Musiqi  təhsili olan tələbələrin də klassik musiqi səslənən konsertlərdə fəal iştirakını müşahidə etmirik. Keçmişdə şəhərimizə qastrola gələn musiqiçilər konservatoriya tələbələrinin böyük marağına səbəb olurdular. Müasir dövrdə isə, vəziyyət əksinədir. Məsələn məşhur pianoçuların konsertində gənc pianoçulara nadir halda rast gəlirik. Ancaq problem bununla bitmir. Bəzən tələbələrin musiqidə mövcud cərəyanlar haqqında məlumatı olmur. Onlar impressionizmi, modernizmi, avanqardizmi klassikadan üslubca fərqləndirə bilmirlər. Bu kədərli haldır, çünki keçmiş nəslin nümayəndələri öz ixtisası sahəsində daha geniş və dərin biliklərə malik idilər.

Bakıya gələn məşhur pianoçuların qastrollarını, şəhərimizə “Günəşin düşməsi” halı kimi qiymətləndirə bilərik. Əgər adi dinləyici gördüyü və eşitdiklərinə sadəcə sevinirsə və nə ifa etmələrindən asılı olmayaraq gurultulu alqışlarla qarşılayırsa, professional musiqiçi elə kiçik çatışmamazlıqları eşidir ki, bu da onun  təəssüflənməsinə səbəb olur. Şəhərimizə qastrola gələn məşhur pianoçulardan Denis Matsuyevi qeyd edək. Şübhəsiz, pianoçu müasir ifaçılıq sənətində möcüzədir, onun ifaçılığı dinləyicini heyran edir. D.Matsuyev pianizminin diapazon genişliyindən  möhtəşəm, unudulmaz təəssürat qalmışdır. Özünəməxsus musiqiçi simasının mövcudluğu bu pianoçunun əsas cəhətidur. O, müəyyən sahədə diqqətini cəmləş-dirən musiqiçi siması deyil. D.Matsuyev fortepiano musiqinin hər bir  janr və formasında, üslubunda əsərləri ifa edir. Klassik, romantik, impessionist əsərləri yüksək səviyyədə təqdim edir. Eyni zamanda, parlaq  cazmendir.

Əsl ifaçını zaman qorxutmur. Məşhur pianoçu V.Qorovits 80 yaşında da parlaq ifasını nümayiş etdirirdi. Hətta ahıl yaşında pianoçu dahi bəstəkar S.Raxmaninovun çox mürəkkəb fortepiano əsəri olan “Polka”nı ifa edirdi. Məşhur pianoçunun L.V.Bethovenin IV fortepiano konsertinin və Frankın “Simfonik variasiyaları”nın ifasını unutmaq mümkün deyil. Bəzi pianoçular qastrol səfərində müəyyən qüsurla ifa edirlər. Hesab edirlər ki, qüsurları dahi olduqlarına görə bağışlamaq olar. Lakin unutmaq lazım deyil ki, dahi pianoçu S.Rixter heç zaman buna yol vermirdi. Əsl musiqiçiyə ifa etdiyi məkanın fərqi yoxdur. Dahi pianoçu Q.R.Qinzburqun ən parlaq konsetləri Uzaq Şərq filarmoniyasında keçirilmişdi. Üstündən onilliklər keçməsinə baxmayaraq yaşlı nəsil Q.R.Qinzburqun Uzaq Şərqdəki konsertlərini unutmurlar.

İfaçılıq sənəti həyatın və dünyanın dərk olunması və ona təsir etməyin növlərindən biridir. Yəni burada insanın mənəvi dəyərlərin olması nəzərdə tutulur. Eyni zamanda apardığımız müşahidələrdən  belə bir nəticəyə gəlmişik ki, əgər insan istedadlıdırsa, onu mənəvi cəhətdən tərbiyə edib öyrətmək mümkündür. “İstedad havasız bir boşluqda yaranmır. Onun yetişməsi və təzahürü üçün  münbit bir mənbə lazımdır. İstedad ancaq qavrayışın cəldliyi və ifadə oluması deyil, həm də müəyən mədəniyyətin mövcudluğudur. Eyni zamanda istedad, heç də insanın ömrü boyu  dəyişməz miqdarda və keyfiyyətdə verilmiş anlayış deyil. Onu zəhmət yolu və mədəniyyətin əldə olunması ilə artırmaq olar, lakin onu həm də, “boşaltmaq”, “xırda-lamaq”, “xərcləmək” də mümkündür. Bəli, hər bir istedadlı ifaçının öz iç dünyası, görüşləri mövcuddur. Lakin bu iç dünyasını onun eşitdikləri, həyatda gördükləri, onlardan özü və başqları üçün seçim etdikləri, onu cəlb edən və həyacanlandıranlar təşkil edir. Nə qədər ki, ifaçının  dünyagörüşü əhəmiyyətli, zəngin, genişdir, o qədər də ifaçı həyatdan dərin təəssüratlar alır və onun  ifasının dinləyicilərə olan təsiri güclənir”.

Musiqi insanın bütün qüvvə və imkanını tələb edir, başqa işlərə, sadəcə, zaman qalmır. Sözsüz, hər bir ifaçının alət arxasında işi fərdi xarakter daşıyır. Əgər bir ifaçıya məqsədinə çatmaq üçün bir saat kifayət edirsə, digərinə saatlar, aylar, illər, bəzən isə bütün həyatı bəs eləmir. Bəzi tələbələr uzun məşğələlərdən sonra əllərinin yorulmasından şikayətlənirlər. Qeyd etməliyik ki, belə hallarda heç də həmişə tələbənin günahı olmur. Sadəcə, kiçik yaşlarında, yəni ibtidai təhsil dövründə, onun əlləri düzgün qoyulmayıb. Gələcək pianoçunun professional fəaliyyətində bu an ən mühümlərindəndir, çünki — yolun başlanğıcıdır. Şübhəsiz, ibtidai məktəbdən çox şey asılıdır, yəni pianoçunun ifaçılıq bünövrəsi burada qoyulur. Əgər gənc pianoçu ibtidai dövrdə yüksək professional səviyyəli müəllimin əlinə düşmürsə, bu halda arzuolunmaz nəticələrə gətirib çıxarır.

Bu gün də bir çox Azərbaycan pianoçu müəllimlər rus fortepiano məktəbinə, onun ənənələrinə üstünlük verirlər. Qeyd etməliyik ki, rus fortepiano ifaçılıq ustalığı bütün dünya miqyasında yüksək qiymətini almışdır. Məşhur Amerika pianoçusu, Moskvada keçirilən P.Çaykovski adına I beynəlxalq müsabiqəsində ən yüksək yeri tutmuş Van Klibern konsert və müsabiqələrdə çıxışları zamanı həmişə qeyd edirdi ki, rus fortepiano ifaçılıq məktəbi dünyada ən mütərəqqidir. Məlumdur ki, Azərbaycan fortepiano məktəbi də onun ənənələri əsasında formalaşıb və inkişaf etmişdir. Bu gün qazanılmış zəngin ənənələri qoruyub gənclərə ötürmək vacibdir. Əfsuslar olsun ki, milli musiqi təhsilinin mənəvi potensialı azalır və qlobal problemin həlli çətinləşir. Zənnimizcə, müəllimlərin seçim sistemini dəyişmək tələb olunur. Yəni seçim son dərəcə kəskin və ciddi olmalıdır. Musiqi təhsilinin ən yüksək məqsədi ifaçılıq sənətində keçmiş nəsillərin müsbət, mənəvi təcrübəsinin gələcək nəsillərə veril-məsindən ibarətdir.

Əsl pedaqoji fəaliyyət, ifaçılıqdan heç də az olmayaraq, çox çətindir və bu ixtisas uyğun bilik, bacarıq və professionalizm tələb edir. Pianoçu-pedaqoq özünü ancaq tələbələrində təsdiq edə bilər və onun zəhməti tələbələrinin hazırlıq səviyyələri ilə qiymətləndirilir.

Belə bir nəticəyə gələ bilərik ki, professional müəllim olmaq yaxşı pianoçu olmaqdan daha üstün qabiliyyətdir. Hər bir pianoçu professional səviyyəli müəllim ola bilər və ya əksinə. Sözsüz, pedaqoji spesifika ifaçılıq fəaliyyətinə də öz izini qoyur. Əgər pedaqoq eyni zamanda, ifaçıdırsa təbii olaraq, onun pedaqoji fəaliyyəti, estrada səhnəsində olmaqdan fərqli keçir. Düzdür, ifaçı-pedaqoq ancaq pedaqoqdan fərqli olaraq bir sıra üstün cəhətlərə — canlı ifa, real nümunə üstünlüklərinə malikdir. Lakin müəyyən mənada pianoçu-pedaqoq daha bütöv fiquru təmsil edir. Onun həyatı, professional istiqamətlənməsi daha düzxətlidir və o, bütövlükdə tələbələrə  özünü istiqamətləndirir. Qeyd etməliyik ki, sadəcə bu iki qüdrətli  qabiliyyətin bir  şəxsdə uzlaşması çox çətindir. Tarixdə bu xüsusiyyətləri özlərində cəmləşdirən şəxsiyyətlər çox olmamışdır. Onlardan — G.G.Neyqauz, A.B.Qoldenveyzeri göstərə bilərik. Lakin dahi pianoçular S.Raxmaninov, V.Qorovits, V.Sofronitski, E.Qilels, S.Rixter heç zaman görkəmli pedaqoqlar olmamışlar. Buna baxmayaraq, ifaçılıq sənətində möhtəşəm yüksəkliklərə qalxa bilmişlər.

Azərbaycan fortepiano məktəbinin əsasını qoyanlar G.G.Şaroyev və  M.R.Brenner öz fəaliyyətlərini istedadlı ifaçılar kimi başlamışdılar. Sonralar isə istedadlı pianoçu-pedaqoqlar olaraq neçə nəsil ifaçılar yetişdirmişlər.

Əsl musiqi pedaqogikası, heç də ifaçılıqdan aşağı səviyyədə olan nəhəng sənət deyil. Ona yaradıcı başlanğıc xasdır. Çünki sənətə yiyələnmə prosesinin özü daim sona qədər dərk olunmamış qalır və sonsuzdur. Burada hər şey dəyişkən, dinamikdir. Dərslərin dinamikası əsl yaradıcı prosesdir və burada məcburiyyətə yer yoxdur. Özü- özlüyündə elə dərs mühiti yaranmalıdır ki, tələbə sadəcə dərsə hazırlıqsız gəlməyə özünə yol verməsin. Bu halda müvəffəqiyyətlər özünü gözlətməz.

Müəllim və tələbə münasibətlərində tədrisin müvəffəqiyyəti qarşılıqlı dərkolunmadan asılıdır. Fortepiano müəllimi qarşısında bir sıra tələblər durur. Ən əvvəl o, ifaçıya tələb olunan əsas biliklər  kompleksinə malik olmalıdır.

Fortepiano müəllimi aşağıdakı professional keyfiyyətlərə malik olmalıdır:

—   ifaçılıq prosesinin xüsusiyyətlərini başa düşməli və onu təhlil etməyi  bacarmalı;

— müxtəlif ifaları dinləməli, uğurlu və uğursuzluqları dərhal fərqləndirməyi bacarmalı və onların köklərini tapmalı.

Məlumdur ki, nə qədər insan varsa, o qədər də müxtəlif xasiyyət mövcuddur. Ona görə də hər tələbəyə fərdi yanaşma tədris prosesində ən birinci şərt sayılmalıdır. Çox az müddət ərzində müəllim tələbə üçün böyük bir şəxsiyyətə çevrilərək, onun üçün ideal musiqiçi və insan olmalıdır. Müəllimlə tələbə arasında olan bu “musiqili” əlaqə tələbənin fəaliyyətinin və təşəbbüskarlığını artırır, sadəcə ifa etmək arzusu deyil, həm də əsərin musiqi mənasının dərketməsini yaradır. Bu növ təşəbbüskarlıq, ifaçılığa olan canatma, pedaqoji işin müvəffəqiyyəti tələbəyə olan düzgün müna-sibətin əsas şərtlərindən biridir və müəllimlikdə ən böyük nailiyyət hesab oluna bilər.

Tələbə hiss etməlidir ki, müəllim onunla bərabər səviyyəli şəxs kimi söhbət edir, özü mülahizə yürüdür və onun mülahizələrini dinləyir. Bu halda, tələbə müəlli-mə etimad göstərir, ona inanır, özünün məsuliyyət hissini artırır, müəllimin etimadını doğrultmağa çalışır. Müəllim nüfuzu belə başlanır, tələbənin musiqi dərslərinə olan marağının rüşeymi də bu cür yaranır.

Hər bir tələbə dəyişməkdə və inkişafda olan şəxsiyyətdir. Peterburq fortepiano məktəbinin təşkilatçısı L.İ.Nikolayev demişdir: “Mən öz müəllimlərimdən çox şeylər öyrəndim; bizi əhatə edən həyatı müşahidə edərkən çox şeylər əldə etdim, lakin bunların hamısından artıq mənə tələbələrim verdilər”. Marqarita Lonq isə bu fikri bir qədər başqa formada ifadə edir: “Məgər mən tələbələrimə yeni bir şey öyrədirəm? Mən onlara onların mənə öyrətdiklərini qaytarıram”. Bu fikri T.Leşetitski, A.Şnabel, A.V.Qoldenveyzer kimi pianoçu — müəllimlər də təsdiq etmişlər.

G.Neyqauz yazırdı: “Mən çox zəif tələbə ilə məşğul olan zaman hiss edirdim ki, onlara yaxşı çalmağı öyrədə bilməyəcəyəm, ona görə də onlarda incə daxili keyfiyyətləri və mənəvi mədəniyyəti inkişaf etdirməyi qarşıma bir məqsəd qoymuşdum…”

Tələbənin təsəvvür, zəka və qabiliyyətlərini inkişaf etdirmək pedaqoji işin başlıca şərtlərindəndir. Müəllimin əsas vəzifəsi tələbənin istək və arzusunu formalaşdırmaq, qarşısına qoyduğu məqsədə çatmaq üçün ona kömək etməkdir. Dahi A.Şnabelin fikrini xatırlayaq: “Müəllim nə edə bilər? Yalnız qapını aça bilər, tələbə isə o qapıdan özü keçməlidir”. G.Neyqauz isə yazırdı: “Müəllimin başlıca vəzifə-lərindən biri tezliklə və əsaslı surətdə tələbəyə lazım olmamağı təşkil etmək, səhnədən vaxtında getməkdir. Fikir müstəqilliyini, iş metodlarını, özünü dərketməni, məqsəd uğrunda mübarizə aparmağı (bu sənətkarlığın və yetkinliyin astanası sayılır) aşılamaqdır. Şüurlu surətdə bunlara can atmaqda birinsan və şəxsiyyət kimi özümü göstərmək istəmirəm, tələbələrə ömürlük hərəkətverici qüvvələrdən biri kimi qalmaq istəyirəm”.

Hər bir fortepiano dərsi həm məqsəd, həm vəzifələri və həm də əldə olunan nəticələrə görə, təkrarsız olmalıdır. Pedaqoji prinsiplər isə, istedadlı və müxtəlif səviyyəli tələbələrin sayı qədərdir. Tələbənin mükəmməl texniki aparatı olduqda məşğələlər maraqlı keçir. Çünki applikatura haqqında düşünmək, “şikəst” əlləri düzəltmək lazım gəlmir. Əlbəttə, ən mühüm tələb isə tələbənin zəngin mənəvi aləminin və ruhunun olmasıdır. Bu səviyyəli tələbə ilə bir çox məqsədlərə çatmaq olar. Yəni səsçıxarma, interpretasiya və s. üzərində işləmək mümkündür. Zəif imkan-lı tələbə ilə isə müəyyən məhdud məqsədlərə çatmaq mümkündür. Yaradıcı insanla fəaliyyət əsil zövq bəxş edir. Belə dərslər çətinlik yaratmır. Burada yaradıcı yanğı, qarşılıqlı dərkolunmadan sevinc, əks olunmuş fikirlərin və hisslərin əks olunması hiss edilir.

Son olaraq qeyd etməliyik ki, pedaqoji fəaliyyətdə ən qiymətli cəhəti insan haqqında olan yaddaşdır. Yəni yaddaş daimidir, hər bir mütəxəssis onu yetişdirən müəllimlərini unutmamalı, onların verdikləri bilikləri öz tələbələrində tətbiq etməlidirlər.

 

ƏDƏBİYYAT:

  1. Г.Коган. Работы пианиста. M.: Музыка. 1963, 179 с.
  2. Г.Нейгауз — об  искусстве ф-ой игры. M.:Музыка 1962. 309 с.

 

Севда МАМЕДОВА

Cтарший преподаватель АНК

О ПРОБЛЕМАХ СОВРЕМЕННОЙ ПРОФЕССИИ ПИАНИСТА

Резюме: Настоящая педагогическая деятельность не менее сложнее исполнительской деятельности и требует профессиональных способностей. Преподаватель фортепиано может утвердить себя только перед своими студентами, а его труд оценивается в зависимости от уровня их подготовки. Классическое музыкальное искусство рассматривается во всем мире как элитарное искусство. Время не устраняет настоящее исполнительское искусство. Исполнительское искусство является одним из способов восприятия жизни и мира.

Ключевые слова: педагогическая деятельность, музыкальное искусство, исполнительское искусство

 

Sevda MAMMADOVA

Senior lecture of ANC

ABOUT PROBLEMS OF MODERN PROFESSION OF PIANIST

Summary: A true pedagogical activity is very difficult at least as performing, and this profession requires relevant knowledge, skills and professionalism. A pianist educator can confirm herself with students and her effort is gauged by students’ readiness levels.

The classical music is seen as elitist art in the world. Time cannot be a threat for real performing art. Performing art is one of the ways of understanding life and world as well as impacting to it.

Key words: pedagogical activity, music art, performing art

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, professor Ülkər Əliyeva;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Şəfiyeva

Mövzuya uyğun