Sərdar Fərəcov — bəstəkar və içtimai xadim kimi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
Ü.Hacıbəyli adına BMA-nın doktorantı
“Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
Email: fortepiano@list.ru
UOT 78.071.1
SƏRDAR FƏRƏCOV — BƏSTƏKAR VƏ İÇTİMAİ XADİM KİMİ
Xülasə: Məqalədə XXI əsr müasir Azərbaycan musiqi mədəniyyəti çərçivəsində Sərdar Fərəcov yaradıcılığı araşdırılır. Burada Sərdar Fərəcovun bəstəkarlıq yaradıcılığı ilə bərabər ictimai fəaliyyətindənətraflı bəhs olunur.
Açar sözlər: Sərdar Fərəcov, bəstəkar, ictimai xadim, muzey
XX əsr Azərbaycan musiqisi tarixində qızıl hərflərlə yazılmış bir əsrdir. Məhz bu əsrdə Azərbaycan professional bəstəkarlıq məktəbi yaranmış, inkişaf etmiş, təkmilləşmiş və dünya musiqisi səhnələrinə qədər ucalmışdır. Zamanın sınağından keçmişAzərbaycan musiqi mədəniyyəti Üzeyir Hacıbəylidən başlanmış Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və onlarla görkəmli bəstəkar-larımızın müstəsna əməyi, mübarizəsi nəticəsində bu yüksəkliyə nail olmuşdur. Ən önəmlisi, bu şəxsiyyətlər öz davamçılarını, Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirən, onların başladığı bu yolu layiqincə dəyərləndirən davamçılarını XXI əsrə ötürə bilmişlər.
Görkəmli müəllimlərinin ənənələrini öz yaradıcılığında uğurlu şəkildə əks etdirərək dəyərli musiqi nümunələri yaradanlardan biri də bəstəkar Sərdar Fərəcovdur.
Sərdar Fərəcov yaradıcılığı janr baxımından çoxşaxəlidir desək, yanılmarıq. Hələ gənclik illərindən bir çox janrlara müraciət edən Sərdar Fərəcov istər kiçik həcmli əsərləri ilə, istərsə də, iri həcmli əsərləri ilə müvəffəqiyyət qazanmışdır. Daima öz üzərində çalışan, nailiyyətlərinə arxalanmayan bəstəkarın uğurlarının səbəbi hər zaman irəliyə baxmasında, ən xırda detallara belə həssaslıqla yanaş-masındadır.
Bəstəkarın yaradıcılıq yoluna nəzər saldıqda görürük ki, tale ilk gündən Sərdar Fərəcovun üzünə gülmüşdür. Belə ki, hələ Asəf Zeynallı adına musiqi texnikumunda tar sinfində oxuyarkən o, Bəhram Mansurovdan, Akif Novruzovdan dərslər almış, həmçinin görkəmli şəxsiyyətlər Mitəd Əhmədovdan, Hacı Xan Məmmədov kimi insanlardan da təhsil alaraq bəhrələnmişdir. Bütün bunlar istedadlı gənci daha da qüvvətləndirmiş və o, öz yaradıcılıq yolunu seçmişdir. İstedadlı gənc o zaman texnikumun direktoru olan görkəmli bəstəkar Vasif Adıgözəlovun diqqətindən yayınmır və o, Sərdar Fərəcovu tar sinfi ilə bərabər bəstəkarlıqla da fakültativ dərslər almaq üçün Azərbaycanın dəyərli bəstəkarı olan Əziz Əzizovun bəstəkarlıq sinfinə yönləndirir. Bununla da sanki gənc bəstəkarın musiqi yaradıcılığının bünövrəsi qoyulur.
Asəf Zeynallı adına musiqi texnikumunda oxuduğu illərdə bəstəkar özünün bir çox maraqlı və rəngarəng əsərlərini bəstələyir. Bunların arasında fortepiano üçün “Prelüdiya” (1974-1975), fortepiano üçün “Variasiya”(1974-1975), skripka və fortepiano üçün “Skertso” (1975), skripka və fortepiano üçün “Elegiya” (1975), fortepiano üçün Sonatina (1975), Simli kvartet (1976), xalq çalğı orkestri üçün partitura “İki rəqs” (1976), 2 tar, 2 kamança və fortepiano üçün Kvintet (1977) və b. əsərlərin adını çəkə bilərik.
Təhsilini 1977-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirən Sərdar Fərəcov, ixtisas fənnindən görkəmli bəstəkarlarımızdan biri — öz əsərləri, pedaqoji təcrübəsi ilə özünü təsdiq etmiş, Qara Qarayevin tələbəsi olmuş Xəyyam Mirzəzadədən dərslər alaraq bəstəkarlıq məktəbinin sirlərinə daha da yaxın bələd olmuşdur.
Bundan əlavə, Sərdar Fərəcov onlarla görkəmli şəxsiyyətlərdən, bəstəkarlardan dərslər alaraq, onların hər birinin yaradıcı münasibətlərindən bəhrələnərək özünün də yaradıcılıq “cığırını” aça bilmişdir. Bəstəkar müraciət etdiyi hər bir janra böyük həssaslıq və məsuliyyətlə yanaşmışdır. Hələ tələbəlik illərində bəstəkar bir çox əsərlər ərsəyə gətirmişdir. Bu illərdə fortepiano üçün “Prelüdiya” (1977), skripka və fortepiano üçün “Skertso”(1978), fleyta və fortepiano üçün “Noktürn” (1978), fortepiano üçün “Variasiya” (1978), fleyta və fortepiano üçün Sonata (1979), klarnet, skripka və fortepiano üçün “Trio” (1979-1980), simli kvartet (1980-1981), böyük simfonik orkestr üçün I simfoniya (1981-1982) yazılmışdır.
Bəstəkarın yaradıcılığı çoxşaxəlidir. Onun kamera-instrumental yaradıcılığına daxil olan əsərlərindən sonatinalar, variasiyalar, 2 royal üçün “Konsert süitası” (1986), klarnet, skripka və fortepiano üçün “Trio”, simli kvartet üçün 3 pyes (1991), orqan üçün “Qəsidə”(1991), skripka və fortepiano aləti üçün pyeslər məcmuəsi, skripka və fortepiano üçün “Skertso”, “Sentimental vals”, “Uzun gecə”(2000), kamança və fortepiano aləti üçün pyeslər məcmuəsi (2005), tar və fortepiano aləti üçün 8 pyesdən ibarət məcmuə (2007-2008), fortepiano üçün “Albom” (2007), fleyta və fortepiano üçün “Sonata”, fleyta və fortepiano üçün “Noktürn”, 2 royal üçün pyeslər, 2 royal üçün işləmələr (Q.Qarayevin 7 gözəl baletindən “Yürüş”, T.Quliyevin 2 mahnısı) və s. əsərlərinin adını çəkə bilərik. Həmçinin bəstəkar vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin — Vaqif Cəbrayılzadənin sözlərinə yazılmış 4 hissəli “Vokal silsilə”nin (1984), xor üçün a kapella “Diptix” konsertinin (1985), M.Füzulinin sözlərinə bəstələnən səs üçün poemanın (messo soprano), BSO üçün “Cəfadan qeyri” qəzəl-poemasının (1994), H.Cavidin sözlərinə yazılmış səs (xanəndə) və BSO üçün “Qaçqın” balladasının (1995), H.Əliyevə həsr olunmuş və T.Tais oğlunun sözlərinə bəstələnmiş səs (bariton), xor və BSO üçün “Böyük Vətəndaş haqqında” odanın (1996), Milli teatrın 125 illik yubileyi ilə əlaqədar olaraq S.Şahbəylinin sözlərinə yazılmış xor və estrada simfonik orkestri üçün “Teatr himni”nin(1998), “Dədə Qorqud” oratoriyasının (1999), Vaqif Səmədoğlunun 60 illik yubileyinə həsr olunmuş klarnet və a kapella xoru üçün “Triptix” əsərinin (2000), səs (soprano), fleyta, skripka, orqan və xor üçün yazılmış “Psalm-150” əsərinin (2002), “Dədə Qorqud” dastanının motivləri əsasında səs (bariton) və BSO üçün “Beyrək” balladasının (2003), “Dədə Qorqud” dastanının motivləri əsasında səs (soprano) və BSO üçün “Banuçiçək” balladasının (2004), səs (soprano), skripka, violonçel və fortepiano üçün yazılmış “Sur passing Love” əsərinin (2004), səs və fortepiano üçün “12 uşaq mahnıları”nın (2004), N.Nəcəfoğlunun sözlərinə yazılmış “5 mahnı”nın və bir çox romansların, mahnıların müəllifidir.
Bəstəkarın simfonik yaradıcılığı da geniş və miqyaslıdır. Belə ki, o, 5 hissədən ibarət “Milli Novruz bayramından səhnələr” adlı simli süitanın (1985), BSO üçün “Şah Xətai” simfoniyasının (1988), KSO üçün yazılmış “Yumoresko”, “Oxunmamış laylay” əsərlərinin (1995), Şəhidlərin xatirəsinə həsr olunmuş BSO üçün “Matəm harayları” simfonik freskasınun (2000), BSO üçün “Koroğlu əfsanəsi” simfonik freskasınun (2012), Türksoylu xalqların 20 illik yubileyinə həsr olunmuş “Türk bayramı” adlı simfonik üverturanın (2013) müəllifidir.
Onun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bəzi əsərlərinin işləmələri və yenidən bərpa etdiyi əsərləri tutur. Sərdar Fərəcovun həyatında yer alan Üzeyir Hacıbəyli memorial Ev Muzeyindəki fəaliyyət illəri, onun yaradıcılığının pöhrələnib inkişaf edərək, sənətin zirvələrinə qədər ucalmasına gətirən bir yoldur. Belə ki, 1984-cu ildən Üzeyir bəy ocağında işə başladığı ilk gündən bugünədək Üzeyir bəy irsinə çox böyük dəyər verən bəstəkar bu dahi insana sözün əsl mənasında sadiq olmuşdur. Təkcə bəstəkar kimi deyil, bir musiqişünas və tənqidçi olaraq da Üzeyir bəyə, onun şəxsiyyətinə və fəaliyyətinə bəzən əsassız “düzəlişlər” etmək istəyənləri də Sərdar Fərəcov dəfələrlə öz məqalələrində “susdurmuş” və əsl musiqi mənbəyinin haradan gəldiyini elmi fakt-larla sübut etmişdir. Üzeyirşünaslıqla yaxından tanış olan bəstəkar Ü.Hacıbəy-linin bir neçə yarımçıq və naməlum əsərlərini tədqiq etmiş, yenidən işləmiş, bununla bağlı bir sıra dəyərli elmi araşdırmalarını ortaya qoymuşdur.
Həmçinin S.Fərəcov müstəqil Azərbaycanın himni olan “Azərbaycan marşı”nın, eləcə də Ü. Hacıbəylinin son illər nəşr olunmuş “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Komediyalar və yumoristik miniatürlər”, “Vətən, Millət, Ordu” kitablarının tərtibçısı və redaktorudur.
2009-cu ildə Ü.Hacıbəylinin “Şeyx Sənan” operasının 100 illiyi münasibəti ilə Sərdar Fərəcov naməlum arxiv materialları əsasında əsərin 3 musiqi nömrəsini bərpa edərək çap etdirmişdir.
Foneteka müdiri vəzifəsində çalışdığı illərdə bəstəkar, arxiv materialları üzərində iş zamanı Üzeyir bəyin səslənməyən, not yazıları aydın olmayan klavir və əl yazmalarını tapmış, redaktə və yenidən bərpa edərək Üzeyir bəy tərəfindən vaxtilə yazılmış çox maraqlı musiqi nömrələrinin yenidən səslənməsinə nail olmuşdur. Bunların arasında “Bahar nəğməsi”, “İki rəqs”, simli kvartet üçün miniatürlərin adını çəkə bilərik.
Bunlarla yanaşı “Firuzə” operasından “Firuzənin ariyası”, “Şah Abbas və Xurşidbanu” operasından “Xurşidbanunun ariyası”nı səs, skripka, violençel, klarnet və fortepiano üçün işləmişdir. (“Xurşidbanunun ariyası”nın premyerası 28 sentyabr 2012-ci ildə IV Üzeyir Festivalında dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Azər-baycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilmişdir). “Kolxoz çölləri” pyesi, “Qara göz” mahnısının nota salınması, “Bahar nəğməsi” əsərinin səs və sim-fonik orkestr üçün işlənməsi, “Leyli və Məcnun” operasından səs və simfonik orkestr üçün “İbn Səlamla Leylinin” duetini işlənməsi, “Qu nəğməsi” adlı radio-pyesinin də redaktəsi və yenidən işıq üzü görməsi məhz bəstəkar Sərdar Fərəcovun əməyi sayəsində olmuşdur. 2010-cu ildə S.Fərəcov “Qu nəğməsi” radio-pyesinin mate-rialları əsasında “Əbədi iftixarımız” adlı filmini ərsəyə gətirmişdir. Sərdar Fərəcov ilk dəfə olaraq 100 ildən sonra dahi bəstəkarımızın “Ər və arvad” musiqili kome-diyasını redaktə edərək, mükəmməl şəkildə klavir və partitura variantını işləmiş və çap etdirmişdir.
Sərdar Fərəcov hər zaman Azərbaycan musiqi yaradıcılığının inkişafında misilsiz xidmətlər göstərir. Belə ki, onun əsərləri təkcə Vətənimizin səhnələrində deyil, eləcə də, xarici ölkələrin festival proqramlarında, konsert səhnələrində dəfə-lərlə səslənərək, Azərbaycan musiqisinin təbliğində öz izlərini qoyur. Bəstəkar xarici ölkələrdə təkcə əsərləri ilə çıxış etmir, eləcə də oradaki bəzi sənətkarlarla yaradıcı təmasda olaraq bərabər iş sazişləri də bağlayır. Buna misal olaraq bəstəkarın amerikalı bəstəkar və dirijor Con Haynesin sifarişi ilə yazdığı əsərləri göstərə bilərik. Bəstəkarın yazdığı “Psalm-150”, “A jokes music for John Haines”, “Sur passing Love”, “Eternall Call” əsərləri Amerikanın və digər ölkələrin səhnələrində səslənmiş və böyük müvəffəqiyyət qazanmışdır.
S.Fərəcov 4 operettanın: «Müsyö Jordan və dərviş» (1998), “Səhnədə məhəbbət” (2000), “Birgünlük siğə” (2004), “Şəhərdə manyak var” (2008), “Şəngü-lüm, Məngülüm” uşaq rok-operasının (2001), “Bankir adaxlı” musiqili komedi-yasının (2000), “Tədbirə qarşı tədbir” müziklinin (2004) müəllifidir. Bunlardan əlavə bəstəkar 40-dan çox kino və tamaşalara musiqi bəstələmişdir: “Sənsiz yaşaya bilmərəm” (1996), “Sevirəm səni, Türkiyə!” (1997), “Molyer” (1998), “Varlı qadın” (2004), “Vida marşı” (2004), “Kərbəlada doğan günəş” (2005), “Ölüləri qəbiristanlıqda basdırın!” (2005), “Yaddaş ağrısı” (2005), “Kim dedi ki, Simurq quşu var imiş?!” (2005), “Məhv olmuş gündəliklər” (2006), “Məhəbbət yaşayır” (2006), “Əbləhlərin toyu” (2006), “İmperator” (2007), “Təzə gəlin” (2007), “Bir az da gəlirmisiniz?” (2008), “Lənkəran xanının vəziri» (2008), “Manqurt” (2008), “Əcəl atı” (2011), “Yaşlı xanımın gəlişi” (2012), “Mizantrop” (2012), “Mürafiə vəkilləri” (2012), “Can bizimkilər” (2012) və b. əsərlərin adını çəkə bilərik.
Həmçinin, bəstəkarın bir neçə teatrla — Azərbaycan Dövlət Dram Teatrı , Azərbaycan Dövlət Akademik Milli Teatrı, Dövlət Musiqili Komediya Teatrı, Tiflis Azərbaycan Teatrı, Şəki Dövlət Teatrı, Lənkəran Dövlət Teatrı, İrəvan Azərbaycan Teatrı ilə yaradıcılıq əlaqələri olmuşdur. Onun musiqisi bu teatr səhnələrində uğurla səslənmiş və böyük müvəffəqiyyət qazanmışdır.
Sərdar Fərəcov bəstəkarlıqla yanaşı, ədəbi yaradıcılıqla da yaxından məşğul olur. Bəstəkar 10 kitabın tərtibçisi və redaktorudur. Bu kitabların hər biri Üzeyir bəy yaradıcılığı ilə bağlıdır. Həmçinin Sərdar Fərəcov Üzeyir bəyə həsr etdiyi “Üzeyir işığında” adlı kitabın müəllifidir (3). Bəstəkarın digər kitabı “Üzeyir Hacıbəyli müasirlərinin xatirələrində” (4) adlanır (Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuşdur). Bunlardan əlavə o, 1000-dən artıq şeirin, bir neçə hekayənin, səhnə əsərlərinin, bir çox əsərlərin libretto müəllifidir.
Sonda onu qeyd edə bilərik ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Ü.Hacıbəylinin Ev Muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov təkcə bəstəkar kimi deyil, ictimai xadim kimi də Azərbaycan musiqi mədəniyyətinə öz töhvəsini vermişdir.
ƏDƏBİYYAT:
- Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. : Elm, 1969, 248 s.
- Məmmədova L. Sərdar Fərəcov. B.: Şərq-Qərb, 2015, 32 s.
- Fərəcov S. Üzeyir işığında. B.: Xatun plyus, 2010, 172 s.
- Fərəcov S. Üzeyir Hacıbəyli müasirlərinin xatirələrində. : Şərq-Qərb, 2014, 288 s.
- Мамедова Л. Страницы творческой биографии Сардара Фараджева. Б.: Мутарджим, 2014, 88 с.
- Тюлин Ю. Вопросы теории музыки. М.: Музыка,1970, 43 с.
Преподаватель БМА
Докторант БМА
САРДАР ФАРАДЖОВ – КОМПОЗИТОР И ОБЩЕСТВЕННЫЙ ДЕЯТЕЛЬ
Резюме: В данной статье рассказывается о творчестве Сардара Фараджова в рамках современной Азербайджанской музыкальной культуры XXI века. Наряду с композиторским творчеством освещается и широкая общественная деятельность Сардара Фараджова.
Ключевые слова: Сардар Фараджов, композитор, oбщественный деятель, музей
Lecture of BMA
PhD Student of BMA
SARDAR FARAJOV — COMPOSER AND PUBLIC FIGURE
Summary: In this article there’s looked at the issue of Azerbaijan music culture history in 20th and 21th century period. There’s analysed especially creative works of Sardar Faracov in Azerbaijan music culture history around 21th century. This article is about Sardar Farajov’s works as a composer, as well as his public works.
In this article there’s mentioned about Sardar Farajov as a composer, as a public figure and explained his works rising effects in an Azerbaijan music culture.
Key words: composer, Sardar Farajov, public figure, museum
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor G.Mahmudova
sənətşünaslıq üzrə elmlər doktoru, professor Ş.Həsənova