AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Könül ŞİRİNOVA

AMK-nın doktorantı

Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: shirinova kenul@mail.ru

 UOT 78,031,4         

TÜRKİYƏNİN İĞDIR  BÖLGƏSİNDƏ AZƏRBAYCAN FOLKLOR MUSİQİSİNİN ARAŞDIRILMASININ AKTUALLIĞI MƏSƏLƏSİ

 endir

 

PDF

 

 

Xülasə: Təqdim olunan məqalə Türkiyənin Iğdır bölgəsində yaşayan azərbaycanlıların əsrlər boyu qoruyub saxladığı folklor ənənələrinin araşdırılmasının bu gün üçün vacibliyindən, aktuallığından bəhs edir. Müəllif əsas diqqəti bölgənin Azərbaycan tarixində yeri və rolunu tədqiq etməyə, mənəvi mədəniyyətin formalaşmasında Azərbaycan milli musiqi ənənələrinin təsiri məsələlərinin araşdırılmasınının zəruriliyinə yönəldir.

Açar sözlər: folklor, İğdır, musiqi, Səfəvi tarixi

Azərbaycanlıların kompakt şəkildə yaşadıqları bölgələrdən biri də Türkiyə Cümhuriyyətinin Iğdır və Qars vilayətidir. 1920-ci ildə Kazım Karabekir Paşanın komandanlığı altında Türk ordusu tərəfindən azad olunan Iğdır XX əsrin əvvəl-lərində Rusların “Erməni vilayəti” adlandırdıqları əraziyə daxil idi. 1920-ci ilin noyabr ayında Osmanlı və Ermənistan arasında bağlanan müqaviləyə görə Araz sər-həd olmaqla Iğdır və ətrafı Osmanlıya, İrəvan və ətrafı isə Ermənistan sərhədlərinə daxil olur. Lakin tarixi mənbələri araşdırsaq görərik ki, uzun müddət Iğdır və onun ətrafı İrəvan xanlığının ərazisini əhatə edən Çuxursəd vilayətinin tərkibində olub. Bəzi məlumatlara görə, bu vilayətin adı e.ə. VII əsrdə ərazidə məskunlaşmış kimmer-iskit-sak tayfalarının adı ilə bağlıdır. Türk mənşəli etnonim olan Çuxursəd sözü dilimizə “Saka yurdu (saka çuxuru)” kimi tərcümə olunur [6, s. 19].

Bəzi mənbələrdə bu ərazinin qədim Urartu dövlətina aid olduğu göstərilir. Tarixçilər arasında vilayətin adının Azərbaycan tayfalarından biri olan Sədli tayfasının adıyla bağlı olduğunu sübut edən mənbələr var. Sədlilər qaraqoyunlu tayfa birliyinə daxil olmuş, uzun müdət tarixi Azərbaycan torpaqlarında məskunlaşmışlar. Bunu Əmir Teymurun yürüşü zamanı Çuxursəd hakimi kimi Əmir Sədin adının tarixi qaynaqlarda çəkilməsi də təsdiq edir. Beləliklə, Əmir Sədin hakimiyyəti altında birləşən Azərbaycan Türk tayfaları Sədli, XIV əsrdən Arazyanı Sürməli vadisindəki ərazi Çuxursəd adlandırıldı, Erməni mənbələrində bura “Sahata pos” – Səhədin çuxuru, yaxud “Yerkrinsahat” – Səhədin ölkəsi adlandırılır [4, s. 38].

Çuxursəd toponimi rəsmi sənədlərdə ilk dəfə 1428-ci ildə xatırlanır, Arpaçayın Arazla qovuşduğu yerdən Naxçıvan və Arazın sağ sahilində yerləşməklə Ağrıdağa qədər əraziləri əhatə edən Sürməli Sədli tayfasının qədim yurdu kimi göstərilir. XV əsrdə Arazboyu torpaqları əhatə edən və Ağrıdağla Alagöz dağları arasındakı vadidə Sədli oymağına daxil idi. Bunu Teymuri Şahruxun Azərbaycan yürüşləri ilə bağlı mənbələrdə də Naxçıvan və Sürməli bölgəsinin Sədli oymağının qədim yurdu olduğu təsdiqlənir. Lakin Səfəvilər dövründə Çuxursəd bəylərbəyi və ona tabe olan mahal və ulkalardan bəhs edən “Təskirəd – Əl müluq” mənbəsində Iğdır və Sürməli adına rast gəlmirik. Belə güman etmək olar ki, mənbədə adı çəkilən Bəyazid qalası və Şadili eli ulkası dedikdə Iğdır və onun ətrafı əraziləri nəzərdə tutulur. Bu mənbəyə görə Çuxursəd termini türk sədli oymağının adı ilə bağlıdır. Sədli oymağı bu adı Ağqo-yunlu boy bəyindən almışdır. XV əsrdə Naxçıvan və Sürməli bu oymağın yurdu olub. Arpaçayın Arazla birləşdiyi yerindən başlayaraq iki çay arasındakı Çuxur adı qeyd edilən oymağın qışlağı olduğuna görə buraya Sədli çuxuru deyilirmiş. Sonralar çuxur Səd kimi adlanmışdır [7, s. 42].

 Digər bir fərziyyəyə görə bu vadi böyük çuxura bənzədiyi üçün orada yaşayan azərbaycanlılar XVIII və XIX əsrlərdə də vadini Səhət çuxuru adlandırmışlar.

Qaraqoyunlu tayfaları ərazinin tarixində xüsusi rol oynamışdır. Iğdır bölgəsində bu gün də Qaraqoyunluların adı ilə bağlı bir sıra yer adlarının olması bu fikri təsdiqləyir. Eyni zamanda bu ərazi Ağqoyunlu və Səfəvi tayfa birliyinin əsasına daxil olmuş, dövlətin inzibati siyasi həyatında xüsusi rol oynamışdır. Bunu təsdiq edən bir sıra faktlar da var. Tarixçi V.Minorski İsgəndər bəy Münsinin “Tarix-i aləm aray-i Abbasi” adlı əsərinə istinad edərək yazır ki, Qars Çuxursədlə Ərzurum arasında yerləşir və bu vilayət digər tərəfdən Agıska ilə həmsərhəddir [6, s. 19].

Yuxarıda əldə etdiyimiz tarixi faktlara əsaslanıb belə bir nəticə çıxara bilərik ki, qədim türk-azərbaycan torpağı olan bu ərazi Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tarixində xüsusi əhəmiyyətli rol oynayıb. Lakin bu dövlətlərin həyata keçirdiyi siyasətdə ən böyük təhlükəli tədbirlərdən biri ermənilərlə bağlı olan siyasət idi. Diqqət yetirsək görərik ki, bu xalq uzun illər boyu tərkibində yaşadığı türk dövlətlərinin hər birindən öz gələcək mənfur planlarını həyata keçirmək üçün istifadə etməyi bacarmış, zamanla özlərini ən sadiq təbəələr kimi göstərərək xeyli güzəştlərə nail olublar. Misal üçün, Qaraqoyunluların hakimiyyəti dövründə erməni Qriqoriyan katolikoslarının Üçmüədzin monastırına köçürülməsi ilə erməni missionerlərinə öz dinlərini yaymağa əlverişli şərait yaradılmış, erməni katolikosları himayə olunub, fəaliyyətlərinə xeyli sərbəstlik verilmişdir. Bunun nəticəsi olaraq Ağqoyunluların hakimiyyəti zamanında isə onların mövqeyi daha da gücləndi.

Ermənilərin xeyrinə işləyən digər fakt: Səfəvi-Osmanlı müharibələri zamanı yerli əhalinin həlak olaraq azalması, yaxud öz doğma yerlərini tərk etməsi ilə Ağrıdağ və onun yaxınlığına çəkilməsindən istifadə edən ermənilər o ərazilərə axışaraq yerləşir, özlərini Səfəvi şahlarının dostu, sadiq təəbəsi kimi qələmə verməyi bacarırdılar. Nəticədə, Birinci Şah Abbas zamanında ermənilər xarici ticarət əlaqə-lərini həyata keçirməkdə geniş imtiyazlar alaraq öz iqtisadi vəziyyətini xeyli yaxşı-laşdıraraq qüdrətə malik olmağa başladılar.

Azərbaycan tarixinə aid qaynaqları araşdırdıqda Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyi həmişə qızılbaş, ustaclı tayfasının əmirləri tərəfindən idarə olunmuşdu. Lakin 1580-1604-cü illərdə osmanlılar tərəfindən işğaldan sonra təriqət fərqliliyinə görə şiə əhalinin xeyli hissəsi torpaqlarını tərk edir. Osmanlı sultanı III Əhməd fərman verərək Üçmiədzin kilsəsi onun ətraf kəndlərində yaşayan ermənilərə toxun-mamış, onlara təsərrüfat həyatıyla məşğul olmağa və öz milli kimliklərini saxlamağa icazə vermişdir.

Əhalinin etnik tərkibiylə bağlı tarixi mənbələrdə qeyd olunur ki, XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı müharibələrinin Azərbaycan üçün ən acı nəticələrindən biri Azərbaycan türklərinin öz torpaqlarını tərk etməsi, ermənilərin demoqrafik vəziyyətinin yaxşılaşması idi. Lakin buna baxmayaraq İrəvan xanlığının ərazisində əhalinin 80 faizdən çoxunu müsəlman, türk əhali təşkil etməsi faktı danıl-mazdır. Fransız əsilli səyyah və etnoqraf İvan Şopenin məlumatına görə xanlığın ərazisində öz saylarına görə bir-birindən fərqlənən Azərbaycan-türk tayfaları yaşa-yırdı: 5000-ə yaxın Qarapapaq, 3000-ə yaxın Ayrumlu, hər biri 1000 nəfərdən çox olan Böyükçobanqara, Sədli, Seyidli-axsaqlı, Qaçarların Şahdili və Sədərəkli oymaqları, Cəlali və başqaları [6, s. 77].

İ.Şopen qeyd edir ki, xanlığın ruslar tərəfindən işğalı ərəfəsində burada 49875 nəfər müsəlman, 234 nəfər kürd, 20073 nəfər erməni yaşayırdı. Lakin bu faktı nəzərə almaq lazımdir ki, İ.Şopen müsəlmanların yaşadığı 521 kənddən 153 kəndin əhalisini qeydə almamışdı. Bu kəndlərin əhalisi ya hərbi əməliyyat zamanı həlak olmuş, ya da işğaldan sonra xanlığı tərk etmişdir.

İ.Şopenin bizə verdiyi məlumata görə İrəvan xanlığının mahalları arasında Sürməli mahalı da qeyd olunur ki, bu indiki Iğdır ərazisidir. Mənbənin verdiyi məlumata görə, Sürməli mahalı İrəvan xanlığının cənub qurtaracağında, Araz çayının sağ sahili boyunca uzanırdı. Bu mahal şimal və şimal-şərqdən Araz çayı, cənubdan onu Bəyazid paşalığından ayıran Ağrıdağ silsiləsinin bütün şimal yamacları da daxil idi. Mahalın kəndləri Araz çayından çəkilən arxlar vasitəsilə suvarılırdı. Bütün mahal 78 kənddən ibarət idi. Onlardan 28-i müharibələr nəticəsində dağıdılmışdır [7, s. 89].

“İrəvan əyalətinin müfəssəl dəftəri” adlı mənbədə 1578-90-cı illərdə Səfəvi- Osmanlı müharibəsindən sonra Osmanlı Türkiyəsinə qatılan on nahiyədən xəbər verilir,  əyalətin 1728-ci ilə aid olunan inzibati quruluşu da təsvir olunur. Mənbədə Sürməli, Iğdır, Aralıq ərazilərinin adı çəkilir.

Erməni katolikosu A.Kritatsi Nadir şahın dövrünə aid olan yazılı mənbələrdə İrəvan əyalətinin 9 mahala bölündüyünü göstərir. Onların arasında İğdırın adına rast gəlsək də, inzibati ərazi islahatı nəticəsində Sürməli və Aralığın adı yoxdur.

Əhalinin etnik tərkibi haqqında onu qeyd edə bilərik ki, XVIII əsrin əvvəllərində İrəvan əhalisinin itkilərə məruz qalması, mahmudi kürdlərin vaxtaşırı hücumlarına son qoymaq və yerli hakimin mövqeyini möhkəmləndirmək məqsədi ilə Səfəvi şahı I Soltan Hüseyn 300-ə yaxın Bayat ailəsini Makuya köçürdü.

Yuxarıda nəzərə çatdırdığımız tarixi faktlara əsaslanıb belə nəticəyə gələ bilərik ki, tədqiqat obyekti kimi seçdiyimiz Iğdır bölgəsi tarixən Azərbaycan tayfa-larının məskunlaşdığı ərazi olmuşdur. İndiki Qərbi Azərbaycan, Naxçıvan və Güney Azərbaycanla sıx mədəni, iqtisadi, siyasi əlaqələr çərçivəsində inkişaf etmişdir. Buna görə də Azərbaycan mədəniyyətinin bir parçası olan bu torpaqların folklor musiqisini öyrənmək bu gün çox aktual bir məsələdir.

Danılmaz faktdır ki, Azərbaycan folkloru çoxəsrlik tarixə malikdir. Özündə şifahi xalq ədəbiyyatının bütün növlərini birləşdirən folklorumuzun bir qolu olan xalq musiqisi əsrlər boyu ikişaf edib, zəngin mədəni irs yaratsa da təəsüf ki, bu günə qədər tədqiq edilməmişdir. Bunun nəticəsində Çuxursəd və Sürməli vilayətinə aid olan musiqi nömrələri bədxah qonşularımız tərəfindən mənimsənilmiş, dünyada erməni musiqisi kimi tanınmışdır. Digər musiqi nümunələri isə uzun müddət Türkiyə televiziya və radiolarında anonim adı ilə səslənmişdir. Buna görə də XXI əsrin əvvəllərində bölgəyə aid olan folklor musiqisini toplayıb, nota salıb, araşdırmaq istəyimiz geçikmiş addım da sayıla bilər.

Qarşıya qoyduğumuz məqsədə nail olmaq üçün ilk növbədə bölgənin tarixi, coğrafi şəraitini araşdırıb, əsrlər boyu musəlman dünyasının böyük türk dövlətləri olan Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyalarının tərkibindəki yerini müəyyən etməliyik. Məsələyə belə kompleks yanaşmaq nəticəsində etnik müxtə-lifliyə malik olan bu ərazinin mədəniyyətinin inkişafına sosial, siyasi, iqtisadi amillərin təsirini ayırd etmiş oluruq. Əhalinin etnik müxtəlifliyinin əsas hissəsini təşkil edən türklər özləri də Osmanlı türkləri, Azərbaycan türkləri, Qarapapaq türkləri, ayrumlar olaraq bölünür. Eyni zamanda ərazidə kürdlər və başqa xalqlar da məskunlaşır. Buna görə də folklor musiqisi toplanıb araşdırılarkən nümunələri digər xalqların mədəniyyət nümunələri ilə qarşılıqlı müqayisə etmək lazımdır. Uzun müddət bir ərazidə yaşayan etnik toplumların bir-birinin mədəniyyətinə nüfuz etməsi təbii haldır. Eyni halda oğuz türklərinin müxtəlif qollarından olan Azərbaycan, Os-manlı və Qarapapaq türklərinin mədəniyyətində, folklorunda oxşar cizgilər mövcuddur. Lakin unutmaq lazım deyil ki, hər etnik toplum özünəməxsus spesifik xüsusiyyətlərini öz mədəniyyətində əks etdirmişdır.

 

ƏDƏBİYYAT:

  1. Baharlı M. Azərbaycan tarixi: Baharlılar. B.: Adiloğlu, 2010, 50 s.
  2. Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. B.: ADPU, 2006, 258 s.
  3. Əhmədov S. Azərbaycan dövlətinin qoşunları (Ağqoyunlu qoşunları). B.: Nafta-press, 2002, 52 s.
  4. Əliyev F. Həsənov U. İrəvan xanlığı. B.: Şərq-Qərb, 2007, 144 s.
  5. İrəvan əyalətinin icmal dəftəri. B.: Caşıoğlu, 2009, 688 s.
  6. İrəvan xanlığı. B.: Azərbaycan, 2010, 616 s.
  7. Qarayev E.T. İrəvan xanlığı (1747-1828). B.: Avropa , 2010, 342 s.

 

  

Кенуль Ширинова

Докторант АМК 

ПРОБЛЕМА АКТУАЛЬНОСТИ ИЗУЧЕНИЯ АЗЕРБАЙДЖАНСКОЙ ФОЛКЛОРНОЙ МУЗЫКИ В ИГДЫРСКОМ РЕГИОНЕ ТУРЦИИ

Резюме: В представленной статье говориться об актуальности изучения традиций фольклора азербайджанцев, проживающих в турецком регионе Игдыр. Основное внимание автор уделяет  на формирование национальных традиций, влиянию духовной культуры Азербайджана на вышеназванный регион.

Ключевые слова:фольклор, Игдыр, музыка, история, Сафави

 

Konul Shirinova

PhD candidate of ANC

PROBLEM ACTUALLY OF STUDY OF AZERBAIJAN FOLKLORE MUSIC IN IGDIR REGION OF TURKEY

Summary: Turkish  Igdir region to keep importance for the study of folklore traditions for centuries, tells the story of urgency today as the azerbaijanis living in the present article. The authors focus on place and role in the formation of the Azerbaijani national musical traditions need to study the influence of issues directed to explore spiritual culture, history of Azerbaijan in the region.

Key words: folklore, Igdır, music, history Safavi

 

Rəyçilər:

fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə;

sənətşünaslıq üzrə fəlsəfə doltoru, professor Akif Quliyev 

Mövzuya uyğun