AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1(35), 2017

Fərid FƏTULLAYEV

AMK-nın elmi işçisi

Email: yusifmustafayev444@gmail.com

UOT 78.071.1


CƏLAL  ABBASOVUN “HARADASAN, ULIS?” ƏSƏRİNDƏ KOLLAJIN ROLU VƏ ƏHƏMİYYƏTİ

endir

PDF

Xülasə: Cəlal Abbasovun “Where are you, Ulysses?” kompozisiyasına həsr olunmuş məqalədə əsərin dramaturgiyasında kollajın əhəmiyyəti təhlil edilir. Həmçinin əsərin orijinal forma və bədii-emosional təsir gücü barədə məlumat məqalədə öz əksini tapır.

Açar sözləri: Cəlal Abbasov, bəstəkar, Uliss, simfonik musiqi, kollaj

Milli köklərə bağlılıq və daim yeni axtarışlar bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cəlal Abbasovun yaradıcılıq xasiyyətnaməsidir. 35illik yaradıcılıq fəaliyyəti olan bəstəkarın əsərləri Azərbaycanın müasir musiqi mədəniyyətində özünəməxsus rol oynayır və ölkəmizi dünya miqyasında – ABŞ, Almaniya, Avstriya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya, İndoneziyada, Özbəkistanda, Rusiyada, Ukraynada, Gürcüstanda uğurla təmsil edir.Cəlal Abbasovun əsərlərini məşhur kollektivlər — “Le Quator Gaudi”  (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Ensemble Reconsil Wien” (Avstriya), “Студия Новой Музыки” və “Ансамбл Марка Пекарского” (Rusiya), Ukrayna Milli simfonik orkestri, eyni zamanda Azərbaycan Dövlət kollektivləri və solistləri ifa edir.

Qara Qarayev məktəbinin layiqli nümayəndəsi olan C.Abbasovun yaradıcılığı çoxşaxəlidir. Bəstəkar bir çox janrlarda işləmiş, orijinal əsərlər yaratmışdır. Onun yaradıcılığı istər ideya və məzmun, istərsə də dramaturji xətt, forma baxımından zəngindir. Sadalanan keyfiyyətləri özündə birləşdirən orijinal əsərlərdən biri də bəstəkarın simfonik orksetr üçün yazdığı “Where are you, Ulysses?” (“Haradasan, Ulis?”) əsəridir. Bu əsər adından məlum olduğu kimi, proqramlı əsərdir. “Ulis” yunan ədəbiyyatında bir qəhrəmanın adıdır, daha çox bu obraz “Odissey” kimi tanınır. Hər iki ad bir çox ədəbi əsərlərdə, mənbələrdə qeyd olunur. Ümumiyyətlə, bu obraza dünya üzrə bir çox yazıçılar, elm adamları müraciət etmiş və  maraqlı əsərlər yazmışlar. “Odissey” obrazı əslində bütün insan talelərini özündə cəmləşdirir.Hər bir insan həyatda müəyyən müsbət və yaxud mənfi hadisələrlə rastlaşır. Gərək bəşər övladı olan insan bu çətinliklər qarşısında aciz qalmasın, daim mübarizə aparsın. Məhz bu həyat prinsipi, ümumiləşdirilmiş həyat tərzi elə Odissey obrazını xarakterizə edir. Çünki qəhrəman daim sınaqlarla rastlaşır, baş verən hadisələrdən layiqincə çıxmağa çalışır.Elə bu səbəbdən də bir çox yaradıcı insanları Odissey obrazı özünə cəlb edir. Əlbəttə ki, qəhrəman Odissey haqda danışdıqda ilk növbədə Homerin əsəri yada düşür. Homerin “İliada” və “Odisseya” əsərləri bir-birinin davamı olaraq Odisseyin həyatını, onun qarşılaşdığı macəraları, həyat sınaqlarını əks etdirir.Məlumdur ki, Homerin bu əsəri tarixdə çox məşhur olan “Troya” müharibəsi haqqındadır və bunun fonunda Odisseyin həyatı göstərilir.Belə bir qlobal mövzunun bəstəkar C.Abbasovun da diqqətini cəlb etməsi təsadüfi deyil. Axı o, Q.Qarayev məktəbinin davamçısıdır, təbii ki, fəlsəfilik, qloballıq bu məktəbin əsas konsepsiyalarından biridir.

Simfonik orkestr üçün yazılmış bu əsər bir çox cəhətlərinə görə orijinaldır. İlk növbədə qlobal mövzuya müraciət olunması, əsərin müasir yazı texnikasına malik olması, dramaturgiyadakı vahid süjet xəttinin mövcudluğu, həmçinin məzmuna uyğun olaraq məntiqi formanın vəhdəti, eyni zamanda fərqli orkestrləşdirmə üslubunun olmasını qeyd etməliyik.

Ümumiyyətlə, “Haradasan, Ulis?” əsəri özündə bir sıra müasir cizgiləri cəmləşdirir. İstər forma və məzmun, istərsə də dramaturgiya baxımından bu əsər klassik çərçivədən kənardır. Təbii ki, ənənəvi formadan imtina, musiqiyə fərqli baxış bucağı, eyni zamanda müasir yazı texnikası bu əsərə öz təsirini göstərmişdir. Səslənmə zamanı dinləyicidə elə təsəvvür yaranır ki, bu kompozisiya müəyyən çərçivədə olan improvizasiyadır. Əsərdə aleatorika və sonor texnikalarından istifadə belə təsəvvürlərin yaranmasına gətirib çıxarır. Lakin səslənmə zamanı sərbəstliyi yaradan bütün nüanslar bəstəkar tərəfindən dəqiq notasiya edilmişdir. Əsərdə diqqəti cəlb edən maraqlı məqamlardan ən başlıcası kollajın tətbiqidir. İstifadə olunan kollaj nümunəsi ingilis bəstəkarı Henri Pörselin fortepiano prelüdündən bir parçadır. Bu musiqi qəmgin hissləri ifadə edir, məzmun baxımından İrlandiya şahzadəsinin vidalaşma mərasimini əks etdirir. Həqiqətən də zərif  təsir  bağışlayan musiqi kədər hissləri ilə zəngindir.

Nümunə №1

numune-1

numun1-ardi

Əsərin musiqi materialı atonaldır, amma kollaj isə sırf tonal musiqi nümunəsidir. Bu musiqi materiallarının kəskin fərqinə baxmayaraq C.Abbasov çox ustalıqla iki müxtəlif musiqi materiallarını bir-birinə qovuşdurmağa nail olmuşdur. Bu nüansı o qədər incəliklə yerinə yetirmişdir ki, əsəri dinləyərkən elə hisslər yaranır ki, bu fərqli materiallar sanki bir-birinin davamıdır. Partiturada gördüyümüz iki fərqli materialın ilk qovuşma nöqtəsidir. Kollajdan əvvəl səslənən musiqi materialı sanki axtarışları əks etdirir.Bu mənada musiqi çox düşündürücü funksiya daşıyaraq fikir qarışıqlığı yaradır. Məntiqi baxımdan da belə bir musiqi materialı dramaturgiyada təzadlı materialı tələb edir,eyni zamanda bu axtarışların müəyyən bir sonluqla bitməsinə zəmin yaradır. Gördüyümüz kimi, ilkin axtarışların və düşüncələrin cavabı kimi, həmçinin musiqi materialı barədə təzad olaraq kollaj musiqisi daxil olur. Digər tərəfdən burada qrup ifasından solo alətə keçidin də baş verdiyinin şahidi oluruq. Dinamikanın düzgün qurulması və akustika qanunlarına xüsusilə diqqət yetirilməsi məsələsi də kollaj materialının ümumi kompozisiyaya daxil olmasını yüksək səviyyədə təmin edir. Daha da dəqiq desək, sanki kollajı hazırlayan musiqi materialı bir növ dominanta funksiyasında çıxış edərək tonikaya, yəni kollajın daxil olmasına gətirib çıxarır.

Ümumi olaraq əsərə kollaj 3 dəfə daxil olur. Qeyd etdiyimiz kimi, ilk dəfə olaraq kollaj orijinal variantda olduğu kimi fortepianonun ifasında təqdim olunur. Bu zərif musiqi çox maraqlı bir anda qırılır. Bədii emosional təsir baxımından da kollaj musiqisi effektiv bir nöqtədə kəsilir. Dinləyərkən elə təəssürat yaranır ki, kollajın gətirdiyi qəmgin əhvali-ruhiyyə bir anda qırılaraq mübariz olmağa çağırır, gələcək xoş hadisələrə ümid yaradır.Ona görə də kollaj musiqisinin qırıldığı anda aşağı registrdən başlayaraq tədricən yuxarı istiqamətdə genişlənən və getdikcə orkestrin tutti ifasında böyük bir gücə çevrilən material daxil olur.Bu,ümidlərdən doğan, yeni istiqamətlərə yönəldilmiş axtarışların nəticəsi qismində çıxış edir.

Kollaj ikinci dəfə kulminasiyadan əvvəl səslənir. Eyni zamanda kulmi-nasiyaya doğru hərəkətdə bilavasitə iştirak edərək güclü təsir bağışlayır. Əsərin dramaturgiyasında məna kəsb edən və fortepiano ifasında səslənən kollaj bu mərhələdə əvvəlkindən fərqli olaraq mis nəfəs alətlərinin ifasında yeni bir xarakterdə səslənir. Bəstəkarın mis nəfəs alətləri üçün orkestrləşdirdiyi kollaj musiqisi daha çox marş əhvali-ruhiyyəsi yaradır və öz əhəmiyyətini artıraraq kulminasiya zonasında ümumi musiqi axınının güclənməsinə səbəb olur.

Nümunə №2

numune-2

numune-2-ardi

Partituradan gördüyümüz kimi, əsərin kulminasiya zonasında növbəti dəfə səslənən kollaj musiqisi bilavasitə dəyişikliyə məruz qalır. C.Abbasov əsərin kulminasiya nöqtəsində ümumi materialı inkişaf etdirməklə yanaşı kollaj materialını da bu prinsipə tabe edərək uğurlu nəticə əldə etmişdir.

Nümunə № 3numune3

Bu zaman mis nəfəs alətlərinin ifasında səslənən kollaj get-gedə kəskinləşərək aşağı istiqamətdə hərəkət edir. Emosional təsir cəhətdən sanki nəhəng bir qaya parçası zirvədən uçuruma yuvarlanır. Kollaj nəhayət sonuncu dəfə elə əsərin axırında səslənərək kompozisiyanı tamamlayır.Çelestanın ifasında zərif və incə səslənən kollaj sanki əsərin son nöqtəsində musiqinin buxarlanaraq qeyb olması təəssüratını yaradır.

Ümumiyyətlə, kollaj bu əsərin çox önəmli nöqtələrində səslənir. Hər dəfə səslənərək onun ümumi süjet xəttində çox vacib mövqedə çıxış edir. İlk səslənmədə fortepianonun ifasında təqdim olunaraq həm dinamika, həm də təzadlıq baxımından fərqlilik yaradır. Növbəti dəfə isə nisbətən dəyişikliklərə məruz qalaraq kuliminasiyada katalizator funksiyasında çıxış edir və ümumi musiqi axınının kulminasiyaya doğru hərəkətinə bilavasitə xidmət göstərir. Sonda çelestanın ifasında səslənən musiqi öz sakitliyi, zərifliyi ilə sanki böyük bir mübarizədən sonra qalib gələn qəhrəman Ulisin bütün gücünü bu mübarizələrə sərf etdiyini, enerjisinin bitib tükəndiyini xarakterizə edir. Çelestanın tembri ilə sanki davam edən ümumi musiqi axını sükuta qovuşur.

ƏDƏBIYYAT:

  1. Abdullazadə G.A.Musiqi, insan, cəmiyyət. B.: Çinar-çap, 1991, 278 s.
  2. Bayramova L.E. Dreams come true / “World of Azerbaijan” jurnalı, 2010, s. 70-77
  3. Dadaşzadə Z.A. Simfoniyanın fəzası. 70-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər /tədqiqat/. B.: Elm, 1999, 240 s.
  4. Mahmudova G.R. Особенности ладо-интонационной остинатности в творчестве Р.Гасановой и Д. Аббасова. // ADMİU, Elmi əsərlər, №11, B.: 2011, 24-30.

 

Фарид ФАТУЛЛАЕВ

Научный сотрудник АНК

РОЛЬ И ЗНАЧЕНИЕ КОЛЛАЖA В ПРОИЗВЕДЕНИИ ДЖАЛАЛА АББАСОВА «ГДЕ ЖЕ ТЫ, УЛИСС?»

Резюме: В представленной статье, посвященной симфоническому полотну Джалала Аббасова «Где же ты, Улисс, тщательно анализируется значение коллажа в драматургии данной композиции. Также представлена информация об оригинальной и поэтическо-эмоциональной форме композиции.

Ключевые слова: ДжалалАббасов, композитор, Улисс, симфоническая музыка, коллаж

Farid FATULLAYEV

Master of ANC

THE NECESSITY AND ROLEOF COLLAGE IN JALAL ABBASOV’S MUSICAL WORK “WHERE ARE YOU, ULYSSES?”

Summary: In this article analyses the musicalworkof  Jalal Abbasov  “Where are you ULYSSES?” and reveals the necessity of collage in the musical drama. Also the information about original form and emotional-fiction of the composition has been described in the current article.

Key words: Jalal Abbasov, composer, Ulis, symphonic music, collage

Rəyçilər: sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova;

sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Əfsanə Babayeva

Mövzuya uyğun