AMEA-da “Füzuli dünyası” mövzusunda lektoriya keçirildi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2017
AMEA-da “Füzuli dünyası” mövzusunda lektoriya keçirildi
Yanvarın 24-də AMEA-nın Alimlər Evinin və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsi çərçivəsində “Füzuli dünyası” mövzusunda lektoriya keçirildi.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində gerçəkləşən lekto-riyada elm və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bu dəfəki lektoriyanın dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr olunduğunu söylədi, bu cür tədbirlərin ictimaiyyət üçün vacibliyini vurğuladı.
Sonra Azərbaycan Milli Konser-vatoriyasının elmi işlər üzrə prorek-toru, dosent Lalə Hüseynova dahi şair və mütəfəkkir Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşı-yan lektoriyanın əhəmiyyətini qeyd etdi. O, şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışdı, ədibin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğunu vurğuladı.
Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Məhəmməd Füzulinin həyat və yaradıcılığı barədə məru-zəsini təqdim etdi. M.Füzulinin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verən akademik bildirdi ki, onun yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir.
“Füzuli əsərləri dövrünün obyektiv poetik səlnaməsidir” – deyən alim bildirdi ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir. Şairlikdə mahirliyi qədər elmdə də yüksək peşəkar olan Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurmağı bacarmışdır.
Şairin yaradıcılığında musiqi alətlərinin tərənnümünə rast gəlindiyini söyləyən məruzəçi onun rübab, ud, təbil haqqında fikirlərini diqqətə çatdırdı. T.Kərimli söz ustadının bəzən əsl musiqişünas kimi oxucunu heyran etdiyini, onun musiqi alətlərindən bəhs edən “Yeddi cam” irihəcmli poemasının bu baxımdan əhəmiyyətli olduğunu vurğuladı.
Tədbirdə çıxış edən füzulişünas alim, Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, Xalq artisti, professor Mənsum İbrahimov Füzulinin həyat və yaradıcılığının az məlum olan tərəflərindən, onun qəzəl və qəsidələrində yer almış mənəvi baxışlarından söz açdılar.
Lektoriyada Xalq artisti Şövkət Ələkbərovanın ifasında Füzuli kantatası səsləndirildi, Milli Konservatoriyanın tələbələri şairin qəzəlləri və sözlərinə yazılmış mahnılar ifa etdilər.
Tədbirin video görüntüsünü bu ünvanda izləmək mümkündür: http://science.gov.az/video/open/news_4921