Ənənə və novatorluq kontekstində Aqşin Əlizadənin yaradıcılığına bir nəzər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
Şanə MƏMMƏDOVA
BMA-nın doktorantı
AMK-nın müəllimi
Ünvan: Bakı şəh, Ş.Bədəlbəyli küçəsi, 98
Email: pikkolo.velizade@mail.ru
UOT:78.071.1
ƏNƏNƏ VƏ NOVATORLUQ KONTEKSTİNDƏ AQŞİN ƏLİZADƏNİN YARADICILIĞINA BİR NƏZƏR
Xülasə: Təqdim olunan məqalədə ənənəvi məzmun və obrazlar aləminin təsvirində, bədii ifadə vasitələrinin istifadəsində orijinallıq nümayiş etdirərək, öz dəsti xəttini tapmış və əsərləri ilə milli musiqi irsinə böyük töfhələr bəxş etmiş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi neofolklorçu bəstəkar Aqşin Əlizadənin yaradıcılığına müraciət olunaraq ənənə və novatorluq kontekstində araşdırılmışdır.
Açar sözlər: Aqşin Əlizadə, ənənə, novatorluq, müasir Azərbaycan musiqisi
Bəşər tarixi yarandığı dövrdən bu günə qədər müxtəlif dəyişikliklərə uğramışdır. Bu dəyişim özünü ictimai-iqtisadi formalarda, bir dövlətin süqutu, digərinin yaranmasında, yeni həyat tərzi, adət-ənənə, zövqlərin bir-birini əvəz etməsində göstərmişdir. Bu məsələ incəsənət sahələrindən də təsirsiz ötməmişdir. Amma istənilən yaradıcılıq sahəsi mövcud dövrün sosial-ictimai qanunlarına tabe olsa da ənənə faktoru istisna hal kimi həmişə mövcuddur.
Ənənə (latın sözü olub, “ötürmək” deməkdir) mədəniyyət və incəsənətin əldə etdiyi nailiyyət və təcrübənin yeni nəslə ötürülməsidir. Ənənə bütün dövrlərdə, incəsənətin müxtəlif sahələrində dövranın gedişinə sinə gərən, uzun zaman yolu qət etmiş, yaşayıb, yaşayan və yaşayacaq, əsrlər boyu əhəmiyyətini itirməyən yaddaşdır. Bu yaddaş seçmələrdən ibarətdir və mədəniyyət müasirliyə aktual olanları hər zaman qoruyub saxlayir, yaddaşa həkk edir. Hər yeni dövrün mədəniyyəti keçmişi toxunulmaz şəkildə “xatırlamır”. Əksinə, müasirliyə uyğunlaşdırılmış, uzlaşdırılmış şəkildə dəyişim baş verir. Ənənə və novatorluq mədəniyyətdə bədii-estetik dəyərlərin varisliyini və müasir yaradıcılıq mədəniyyətinin yeni nailiyyətlərlə zənginləşdirməyi xarakterizə edir.
Bu gün dünya miqyasında baş verən qloballaşma ənənə və novatorluqla bağlı problemləri gündəmə gətirmişdir. Təxminən bir əsrə bərabər tarixi olan Azərbaycan peşəkar bəstəkarlıq yaradıcılığının əsasını və özəlliyini təmin edən amillərdən biri onun ənənələr qovşağında formalaşıb inkişaf etməsidir. Ənənənin folklorla ötürülməsi məsələsini ön plana çəkərək bu məsəlinin Azərbaycan bəstəkarlıq məktəbi nümayəndələrinin yaradıcılığında önəmli cəhət olduğunu xüsusilə vurğulamaq istərdik.
Azərbaycan bəstəkarlarının yaradıcılığını ənənə və novatorluq kontekstində araşdırarkən bu dövrdə yaranmış nümunələrin üslub rəngarəngliyinin, obraz, mövzu, janr və formaların yeniləşməsinin şahidi oluruq. Klassik Azərbaycan musiqinin banisi Üzeyir Hacıbəyli milli və ümumbəşəri musiqi ənənələrinin sintezini reallaşdırmaqla Azərbaycan musiqisi mədəniyyətində böyük başlanğıcın əsasını qoymuş oldu. Bu başlanğıc əsrlərdən bəri uzun bir yol qət etmiş, dildən-dilə ötürülərək dövrümüzə gəlib çıxmış, xalq yaradıcılığı, milli folklorumuz, digər tərəfdən Avropa musiqi məcrasında təşəkkül taparaq inkişaf etmiş və klassik ənənələr sintezi vasitəsilə həyata keçirilmişdir. Nəticə etibarilə irəli sürülən təşəbbüs sayəsində milli və bəşəri ənənələr qovuşağında formalaşmış yeni Azərbaycan bəstəkarlıq məktəbinin əsası qoyuldu. Üzeyir bəyin yaradıcılığında milli və Avropa musiqi ənənələrinin qovuşması yetişən Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri üçün nümunə olmuş və bu məktəbin inkişaf istiqaməti, perspektivlərini müəyyənləşdirmişdir. Əsrlər boyu uzun təkamül yolu keçmiş Avropanın artıq XX əsrdə yeni musiqi cərəyanlarına qədəm qoyduğu bir zamanda, milli bəstəkarlıq məktəbi bu yolu çox qısa zaman kəsiyində qət edərək yüksək səviyyədə mənimsəmiş, dünya musiqi mədəniyyətində layiqli yerini tutmuşdur.
Üzeyir bəy yaradıcılığını özünə nümunə kimi götürən Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri dahi bəstəkarın davamçısı kimi yaradıcılıqları boyu ənənəyə dayanaraq özlərinə xas novator kimi çıxış etməyə çalışmışlar. Bu məsələ hər bəstəkarın yaradıcılığında müxtəlif şəkildə öz təzahürünü tapmışdır. Dahi Qarayevdən sonra “neo” önsözü Azərbaycan musiqisinə daxil olaraq müxtəlif janrların qarşısına əlavə olunur. Belə bir şəraitdə “ənənə” və “novatorluq” adlı iki estetik anlayışın Azərbaycan bəstəklarının yaradıcılığında araşdırılması məqsədyönlüdür. Ənənəvi məzmun və obrazlar aləminin təsvirində, bədii ifadə vasitələrinin istifadəsində orijinallıq nümayiş etdirərək öz dəst-xəttini tapmış və əsərləri ilə milli musiqi irsinə böyük töfhələr bəxş etmiş neofolklorçu bəstəkar Aqşin Əlizadənin yaradıcılığına ənənə və novatorluq kontekstində müraciət etmək istərdik.
Aqşin Əlizadə XX əsrin II yarısında Azərbaycan musiqisini təmsil edən görkəmli bəstəkarlar sırasındadır. Bəstəkarın yaradıcılığının təsadüf etdiyi dövr Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələdir. Bu yeniləşmə prosesi özünü ədəbiyyat və incəsənətin bütün sahələrində, o cümlədən musiqidə də büruzə vermişdir. Yeni yaradıcılıq axtarışları özünü janr və forma, obraz, dil-üslub təmayüllərində, müxtəlif təzahür formalarında təqdim etsə də, ümumi kökdən, bir mənbədən qaynaqlanırdı. Bu mənbə qədim ənənələrə əsaslanan xalq yaradıcılığıdır.
İstedadlı bəstəkar Aqşin Əlizadə simfonik və kamera orkestrləri, fortepiano və xor üçün bir sıra maraqlı əsərlərin, kinofilmlərə və tamaşalara yazılmış musiqinin müəllifi kimi müasir Azərbaycan musiqisində özünəməxsus iz qoymuşdur. Bədii müstəqillik, incə zövq, ifadə vasitələrinin seçimində ciddilik, müasir yazı texnikası üsulları ilə klassik meyllərin üzvi əlaqəsinə səy göstərmək, milli dəyərlərdən dolğun surətdə istifadə — bütün bunlar onun yaradıcılığının mühüm cəhətləridir. A.Əlizadənin əsas əsərlərindən olan “Babək”, “Qafqaza səyahət” baletləri, “Azərilər” kantatası, “Ana torpaq” odası və başqa əsərlərində bu xüsusiyyətləri görmək olar.
1969-cu ildə meydana gələn a capella “Bayatılar” xor məcmuəsi sözün həqiqi mənasında bəstəkarın böyük yaradıcılıq nailiyyəti idi. A.Əlizadənin bu əsərdə xor stilistikasını mahiranə şəkildə təqdim etməsi, əsl novator kimi linear polifonik xor layları yaratmağa nail olması diqqəti cəlb edir. “Bayatılar” eyni zamanda xalq həyatının müxtəlif çalarlarının – lirik, məişət, peyzaj, janr xüsusiyyətlərinin rəngarəng palitrasıdır.
A.Əlizadənin 1976-cı ildə “Azərilər” kantatası (sözləri F.Qocanındır) Dövlət mükafatına layiq görülür. Kantatanın müvəffəqiyyəti bəstəkarı dəfələrlə vokal — simfonik və xor musiqisinə müraciət etməyə ruhlandırır. Xalq yaradıcılığının rəmzi surətlərinin dastançı kimi çıxış etdiyi kantatada ümumləşdirilmiş xalq obrazı verilmişdir. Bəstəkar 1977-ci ildə Nəbi Xəzrinin sözlərinə “Şadlıq” xorunu, xalq mahnı və muğamlarının əsasında “Qədim nənni” əsərini, “Kənd süitası”nı yazır. Maraqlıdır ki, ötən əsrin 60-cı illərində həm kinematoqrafiya sahəsində, həm ədəbiyyatda, həm də təbii ki, musiqidə kənd həyatına maraq tendensiyası müşahidə olunur. Kənd həyatının saflığı, təbiətin gözəlliyi, bakirəliyi, münasibətlərin səmimiliyi incəsənət ustalarının maraq mərkəzinə çevrilir. Burada sözsüz ki, neoromantizmin təsiri duyulur. A.Əlizadə “Kənd süitası”nda bütün bu xüsusiyyətləri orkestrin müxtəlif rəng boyaları ilə təbii şəkildə təsvir edə bilmişdir. Bütün qeyd olunan əsərlər içərisində bəstəkarın məhz müşayiətsiz xor üçün “Bayatılar” əsərinin ənənə və novatorluq kontekstində həlli diqqəti cəlb edir. Əsər Azərbaycan musiqi tarixində müşayiətsiz xor üçün ilk silsilədir. Xor sənətində yeni janrın təmsilçisi olmaqla yanaşı, “Bayatılar” müasir bəstəkar yaradıcılığında ənənə və novatorluğa, xalq bədii təfəkkürünün, musiqi sərvətlərinin imkanlarına yeni mövqelərdən baxışı, əldə etdiyi təravətli, yeni bədii-estetik nəticəsi ilə mərhələ açmışdır.
Bayatı – xalq yaradıcılığının ən köklü, qədim janrlarından biridir. Müasir musiqiyə yiyələndikdən sonra milli üslubun “maddi baza”ya yeni səpkidə müraciət etdiyi bir dövrdə belə bir əsərin ərsəyə gəlməsi təsadüfi deyildi. A.Əlizadə bayatını təkcə şeir forması kimi deyil, özündə musiqi ahəngini, əlaqədar olduğu musiqi janrının da əlamətlərini, ənənəvi təcəssüm formalarını gəzdirən çoxmənalı forma kimi götürərək, onların müəllif təxəyyülündəki musiqisini “eşitmək”, el bayatılarını müasir kökdə və üslubda səsləndirmək istiqamətində uğurlu addım atmışdır. Klassikcəsinə aydın, mütənasib biçim, ölçü hissi, üslub zövqü, dərindən, kökündən duyulan xəlqilik və bu komponentlərin yeni kəsişmə müstəvisinə yol göstərən unikal intuisiya A.Əlizadə əsərinin uğurunu təmin etmişdir.
Xalq musiqi yaradıcılığının forma əmələ gətirən prinsiplərində, janr təsnifatında da poetik əsas kimi bayatıların mətni tutarlı və əhəmiyyətlidir. Çünki bayatı Azərbaycan bədii-ədəbi təfəkkürünün qədim və cilalanmış məhsuludur. Bayatıda xalq öz sevincini, dərdini, bəla və faciəsini, arzu və diləyini, məzəli yumorunu səsləndirib. Nəğmələr, oxşamalar, laylalar, ağılar bayatı üstündə oxunur.
“Bayatılar” kimi folklor ruhlu əsərinin yaranmasının məhz 60-cı illərə təsadüf etməsi də qanunauyğun idi. Müasir musiqi dilinin əlifbasına yiyələnib yeni şəkildə xəlqilik ruhu yaratmaqla bəstəkar bu bədii məqsədi yüksək səviyyədə həll etdi. Bayatının vəzni çox oynaqdır, sadə, yığcam forması ilə milli musiqimizdə poetik əsas kimi böyük yer tutur. On xordan ibarət “Bayatılar” silsiləsində bəstəkar əsasən məhəbbət hissinin ən müxtəlif emosional çalarlarını əks etdirən bayatılardan istifadə edir (“Dilə gəldi”, “Köynəyi yaşıl oğlan”, “Ağ çuxa, qara çuxa”, “Dağlarda”, “Bir don aldım”).
Qeyd edək ki, “Bayatılar”dan sonra xor miniatür janrına, müşayiətsiz xor nümunələrinin yaradılmasına bəstəkar yaradıcılığında maraq daha da artır və məhz a capella janrında bədii cəhətdən əhəmiyyətli əsərlər yaradır. Azərbaycan bəstəkarının üslub axtarışları folklor ənənələrinin müasir tərzdə ifadə olunmasına, yeni səs-fonik effekt axtarışlarına, polifonik texnika və müasir harmoniya vasitələrinin istifadəsinə sövq edirdi.
Aqşin Əlizadə xor miniatürlərinin inkişafına əhəmiyyətli töhfə vermişdir. O, qarışıq a capella xoru üçün “Bayatılar” silsiləsi ilə yanaşı, a capella üçün xalq sözləri əsasında yazılmış “Qədim lay-lay”, uşaq xoru və fortepiano üçün “Yumoreska”, qarışıq uşaq xoru və simfonik orkestr üçün “Ana torpaq” odası (B.Vahabzadənin sözlərinə), xor və simfonik orkestr üçün “Şənlik odası” (Nəbi Xəzrinin sözlərinə), xor və fortepiano üçün “Atatürk marşı”nın (Şener Demirin sözlərinə) müəllifidir. Bu əsərlərin intonasiya simasında bir çox cəhətlər Azərbaycan xalq mahnılarının, aşıq və muğam intonasiya xüsusiyyətlərinin, xalq instrumental ifaçılığının özünəməxsus ənənələri ilə müəyyənləşir. Qeyd olunanlara XX əsr Qərbi Avropa musiqisinin təsirini, eləcə də poeziya və natiqlik sənətinin zəngin fəaliyyət sahəsini əlavə edə bilərik.
1984-cü ildə A.Əlizadə a capella xoru üçün “Qədim lay-lay” (sözləri xalqındır) miniatürünü yaradır. Bəstəkar bu əsərdə xalq musiqisinin qədim laylarına, ilk növbədə, uşaq mahnılarına müraciət edərək, onları yenidən yaşadır. Burada biz bir daha ənənə və novatorluğun qarşılıqlı əlaqəsinin şahidi oluruq. Bəstəkar “Qədim laylay” xor miniatüründə iki janrın – “beşik mahnısı” və “oxşama”nın bəzi səciyyəvi xüsusiyyətlərini birləşdirir. A.Əlizadə a capellanın formasını lirik-mahnıvari və rəqsvari-skertsolu xarakterə malik iki təzadlı mövzunun qarşılaşdırılması əsasında qurur. “Qədim lay-lay” üçün ifadə tərzinin aydınlığı və həlimliyi, işıqlı diatonika, lətif ahəngdarlıq, solğun dinamik boyalar səciyyəvidir. Xalq mahnı kökləri özünü intonasiya səlisliyində, melodik yüksəliş və enişlərin tarazlığında, avazların variantlığında asanlıqla bəlli edir.
A.Əlizadə a capella ilə yanaşı, vokal-instrumental tərkib üçün nəzərdə tutulmuş xor əsərlərinin də müəllifidir. Şadlıq və sevinc obrazları, doğma torpağın və xalqın mədh olunması “Şənlik” (1977, sözləri N.Xəzrinindir) və “Ana torpaq” (1993, sözləri B.Vahabzadənindir) adlı iki təntənəli odada ifadəsini tapmışdır.
Parlaq, nur saçan coşqunluq, qızğın ritm öz ifadəsini A.Əlizadənin xor üçün yazdığı digər bir əsərdə – uşaq xoru və fortepiano üçün “Yumoreska”da əksini tapır. “Yumoreska” fortepiano və zərb alətlərinin ritmik ostinatosu üzərində qurulan müşayiətə əsaslanaraq, üçsəsli uşaq xoru üçün nəzərdə tutulmuşdur. “Yumoreska”da bəstəkar “şikar (ov) musiqisi” üçün səciyyəvi olan üsullardan: şeypur intonasiyalarına yaxın olan 6/8 ölçüdə iti hərəkətdən, “boş” kvarta-kvinta və paralel üçsəslilərdən istifadə edir.
XX və XXI əsr Azərbaycan musiqi mədəniyyətində yeni musiqi mədəniyyəti quruculuğunda böyük təsir oyadan proseslərinə göz gəzdirmək onun ən mühüm nailiyyətlərini izləməklə müəyyən olunur. Bununla əlaqədar olaraq bir daha Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli fəaliyyətinin əhəmiyyətini qeyd etmək zəruridir. Ü.Hacıbəyli sayəsində müasir musiqidə baş verən böyük əməllərin əhəmiyyəti və miqyasını, bəstəkarlarımızın geniş düşünmək bacarığı və musiqi sənətinin gələcək inkişafını nəzərdə tutan bədii niyyətləri – bütün bunlar milli bəstəkarlıq sənətini nəinki səciyyələndirir, eyni zamanda onun layiqli nümayəndələrindən olan Aqşin Əlizadə yaradıcılığını nəzərə çarpacaq dərəcədə fərqləndirir.
ƏDƏBİYYAT:
- Əlizadə A. Publisistik irs. Məqalələr. Müsahibələr (Tərtibçi-redaktor L.Hüseynova). : Avrasiya Press, 2012, 524 s.
- Əliyeva F.Ş. XX əsrin II yarısında Azərbaycan musiqinin inkişaf yolları. B: Elm, 2012, 208 s.
- Həsənova Ş.H. XX əsr Azərbaycan musiqisi: ənənə və müasirlik. B.: Apastrof, 2011, 306 s.
Shana MAMMADOVA
PhD Student of BMA named U.Hacibeyli,
Senior Lecturer of ANC
OVERVIEW OF WORKS OF AQSHIN ALIZADEH IN THE TRADITIONAL AND INNOVATION CONTEXT
Summary: In this article it has been analyzed, the original expressions been used in individual images by the Azerbaijani neofolklore composer – Aqshin Alizadeh, who left a valuable contribution in national music heritage, in the traditional and innovation context.
Key words: Aqshin Alizadeh, tradition, innovation, modern Azerbaijani music
Шана МАМЕДОВА
докторант БМА
преподаватель АНК
ОБЗОР РАБОТ АКШИНА АЛИЗАДЕ В ТРАДИЦИОННОМ И НОВАТОРСКОМ КОНТЕКСТЕ
Резюме: Предлагаемая вниманию статья обращена рассмотрению творчества выдающегося представителя азербайджанской композиторской школы — Акшина Ализаде. В контексте проблемы «Традиции и новаторство» освещаются особенности творческого стиля азербайджанского Художника, образно-содержательная сторона и арсенал средств музыкальной выразительности определенных произведений азербайджанского художника.
Ключевые слова: Акшин Ализаде, традиции, новаторство, современная азербайджанская музыка
Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professsor Akif Quliyev