İlk qadın vokalçı – Şövkət Məmmədova
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
Rüfət PİRİYEV
BMA-nın magistrı
Email: rufetvokal@mail.ru; piriyev.94@mail.ru
UOT: 786/789
İLK QADIN VOKALÇI – ŞÖVKƏT MƏMMƏDOVA
(Məqalə ölməz sənətkarın 120 illik xatirəsinə həsr edilmişdir)
Xülasə: Məqalə ölməz sənətkarımız Şövkət Məmmədovanın 120 illik yubiley ilinə həsr olunub. Burada dövrünün ən çətin zamanlarında sərhədləri aşaraq gördüyü işlərdən, Azərbaycanın və xalqın mədəni irsinin yüksəlməsi üçün atdığı misilsiz addımlardan söhbət açılır. Bu dahi sənətkar Azərbaycan incəsənətinə, hələ o dövrlərdə təzəcə formalaşan Azərbaycan ifaçılıq məktəbinə vokal məktəbi miras qoymuş və bu gün sərbəst şəkildə səhnəyə çıxan gənc qadın sənətçilərə yol açmışdır.
Açar sözlər: Şövkət Məmmədova, opera, vokal məktəbi, qadın sənətçilər
Bir zamanlar SSRİ adlanan bir dövlətin tərkibində olan Azərbaycan üçün başqa sahələr kimi mədəniyyəti də inkişaf etdirmək, onu millətə, xalqa çatdırmaq, həmçinin dünya səviyyəsində nəzərə çarpacaq bir vəziyyətə gətirmək kiçik respublika üçün olduqca çətin idi. Lakin bizim geniş biliyə və savada yiyələnmiş, təbiətən böyük istedada malik incəsənət xadimlərimiz bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmişlər. Belə insanlardan biri də kasıb bir pinəçi ailəsində doğulmuş, lakin öz səsi, musiqi istedadı ilə şöhrət qazanmış gözəl opera müğənnisi Şövkət Həsən qızı Məmmədovadır.
Şövkət Məmmədovanın yaşadığı dövrlərdə səhnəyə çıxan qadın sənətçi yox idi. Hələ Azərbaycanda yenicə yaradılmış opera səhnəsində bütün opera tamaşalarında qadın partiyalarını kişilər ifa edirdi [1, s. 34]. Çünki qadınların səhnəyə çıxışı o zamanın köhnə fikirli insanları tərəfindən çox pis qarşılanırdı. Belə bir şəraitdə gənc və gözəl bir qızın səhnəyə çıxıb çıxış etməsi onun həyatını təhlükədə qoyurdu. Lakin buna baxmayaraq, Şövkət Məmmədova Azərbaycanda qadınların qapalı geyimlə gəzdikləri bir zamanda opera səhnəsində hər bir tamaşanın tələbinə uyğun avropasayağı geyimi ilə səhnəyə çıxdı. Beləliklə, tariximizin unudulmaz sənət səhifələrinə öz adını qızıl hərflərlə yazmış dahi opera ifaçısı Şövkət Məmmədova Azərbaycanın ilk qadın klassik vokal (opera) ifaçısı və eyni zamanda dövrünün çətin şərtlərinə sinə gərərək öz sənəti və xalqımızın incəsənəti uğrunda ölümlə üz-üzə dayanaraq səhnəyə addım atmış ilk qadın müğənni oldu.
Şövkət Məmmədova klassik Qərb vokal məktəbini öyrənmək və arzularını gerçəkləşdirmək üçün ilk dəfə İtaliyaya getmişdi. Ancaq təhsil almaq üçün onun maddi imkanı yox idi. Bu işdə ona görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev kömək etmişdir. Beləliklə, 1911-ci ildə Şövkət Məmmədova opera musiqisinin beşiyi olan İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. 1912-ci ildə isə təhsilini qurtarana yaxın nədənsə səbəbi bilinmədən ona gələn yardım kəsilir. O, bu səbəbdən geri qayıtmalı olur. Maraqlı bir məqam isə odur ki, Hacı Zeynalabdin Tağıyev Şövkətə göndərdiyi köməyi kəssə də ara-sıra müxtəlif hədiyyələr və gül buketləri yollayır. Hər zaman onun yanında olduğunu bildirir. Hətta, Şövkət ilk dəfə səhnəyə çıxanda tamaşaçılar arasında öz yerini alır və onu dəstəkləyir.
Bundan sonra isə hər zaman Azərbaycan musiqi sənətinin keşiyində duran görkəmli bəstəkar, ölməz sənətkar Üzeyir bəy Hacıbəyli gənc qızın təhsilini davam etdirməsi üçün onun yanına gəlir və kömək təklif edir. Onu ilk dəfə olaraq Şərq qadınının səhnəyə çıxması üçün ürəkləndirir. Üzeyir bəy və həkim A.Axundovun təşkilatçılığı ilə 1912-ci il aprelin 13-də Tağıyev teatrında “Ər və arvad” operettası səhnəyə qoyulur. Tamaşadan gələn gəlirin Şövkət Məmmədovanın təhsilini davam etdirməsi üçün verilməsi planlaşdırılmışdı. Bunun üçün isə gənc ifaçı səhnədə bir neçə musiqi nömrəsi ifa etməli idi. Tamaşadan sonra o, ilk qadın müğənni kimi səhnəyə çıxır və Rossininin yazdığı “Seviliya bərbəri” operasından Rozinanın “Una voce poco fa” ariyasını böyük ustalıqla ifa edir. Gözləri bu yeniliyi götürməyən bəzi insanlar gənc müğənnini və ona köməklik etdiyi üçün bəstəkar Üzeyir Hacıbəylini öldürmək istəyirlər. Şövkətin ifası bitən kimi onlar dərhal arxa qapıdan faytonla qaçırlar. Şövkət xanım səhnədə ifa edərkən dostları öldürüləcəkləri barədə xəbərdar olmuş və müğənniyə səhnədən enməsi barədə xəbərdarlıq etmişdilər. Ancaq musiqiyə böyük sevgisi olan ifaçı heç nəyə məhəl qoymayaraq ariyanı başa vurur. Şövkət xanım hələ ariyanı oxumağı bitirənə qədər qoçuların onu öldürmək üçün xeyli fürsətləri vardı. Çünki zalım bir insan üçün bir atəş açmaq o qədər də çətin deyil. Görünür, Şövkət Məmmədovanın gələcəkdə qəlbləri fəth edəcək səsi elə həmin vaxtda bu qoçuların qəlbinə az da olsa yol tapa bilmişdi. Bütün bu nüanslara isə biz dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin həyatına həsr olunmuş, Xalq yazıçısı Anarın ssenari müəllifi və rejissoru olduğu “Üzeyir ömrü” (1981) iki hissəli filmində rast gələ bilərik.
Bu gənc qızın opera musiqisinə, ümumiyyətlə, sənətə olan sevgisi haradan qaynaqlanırdı? Şövkət Məmmədovanın ailəsi kasıb olsa da, musiqiçi idilər. Anası Xurşid xanım, dayısı, xalası və qardaşı müxtəlif xalq musiqi alətlərində ifa edə bilirdilər. Məhz bu, hələ uşaq yaşlarından Şövkətin musiqi içərisində böyüməsi demək idi. Musiqi ilə daha sıx əlaqəsi isə onun (1859-cu ildə təşkil edilən) Romanovlar (İmperiya) Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinfində Tamara İosifona Stepanovnanın sinfində dərs alması ilə başlamışdır. Opera musiqisi ilə əlaqəsi isə hələ on yaşında olarkən kiçik qızın opera teatrına gəlməsi və italyan müğənnisi Aida Qonzalın C.Verdinin “Riqloletta” operasındakı ifasını dinlədikdən sonra yaranıb.
Şövkət xanım 1915-ci ildə təhsilini davam etdirmək məqsədi ilə Kiyev konservatoriyasına daxil olur. 1915-1921-ci illər ərzində burada təhsil alır. Məhz bu illər onun həyatının dönüş nöqtələrindən biri oldu. O, burada opera solistləri Flora Paşkseniya Dzejinskaya, Vorents Motvid, gələcəyin yazıçısı, tələbə Yusif Vəzir Çəmənzəminli ilə tanış olur və konservatoriyanın görkəmli vokal müəllimlərindən biri olan A.Şperlinqin sinifində öz biliklərini daha da artırır. Reynqold Qliyerlə olan tanışlığı isə onun həyatında xüsusi yer tutur. Şövkət Məmmədova Qliyerlə birlikdə təşkil etdiyi konsertlərdə özü də ifa edirdi. Avropa və rus musiqisi ilə yanaşı, öz repertuarında Azərbaycan xalq musiqisinə böyük yer verən Şövkət xanım tamaşaçıları milli musiqi sənətimizin gözəlliyi ilə tanış edir, öz gözəl ifa bacarığı ilə onları valeh edirdi. Ş.Məmmədova həmçinin, dünya folklor musiqilərinə də maraq göstərirdi. 1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri gürcü dərnəyində hazırlanan David Eristavinin “Vətən” operası, Şalva Dadianinin “Şeni çiri me” (“Qadan alım”) komediyası və bir sıra digər məzhəkələrdə çıxış edib. Hər bir çıxışı anşlaqla qarşılanıb.
Bu gözəl sənətkar öz yüksək möqeyi, qıvraqlığı və gözəl, işıqlı tembri ilə seçilən lirik-koloratur soprano səsin sahibi idi. Bu cür səs sahibləri keçidləri və nüansları digər səs növlərinə sahib ifaçılardan daha rahat ifa etməsi, səs yüksəkliyi və daha geniş diapazonu ilə seçilirlər. Bu səs növü ən zil qadın səsi hesab edilir və bu müğənnilər bir müğənninin ifa edə biləcəyi ən yüksək səsləri ifa etmək qabiliyyətindədirlər. Lirik-koloratur soprano üçün olduqca geniş repertuar mövcuddur. Şövkət Məmmədovanın ifasında səsləndirilmiş Rozina (“Sevilya bərbəri”, C.Rossini), Lakme (“Lakme”, L.Delib), Cilda (“Riqoletto”, C.Verdi), Olimpiya (“Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua (“Hugenotlar”, C.Meyerber), Qar qız (“Qar qız”, N.Rimski-Korsakov), Antonida (“İvan Susanin”, M.Qlinka), eləcə də Şahsənəm (“Şahsənəm”, R.Qliyer), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, M.Maqomayev), Gülçöhrə (“Arşın mal alan”, Ü.Hacıbəyli) rolları çətinllik dərəcəsi yüksək olan əsərlərin siyahısına daxildir.
Avropa musiqisinin Azərbaycana yenicə ayaq açdığı bir vaxtda bu cür partiyaların ifası böyük məharət tələb edirdi. Xüsusilə onun Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində ilk çıxışı zamanı ifa etdiyi C.Verdinin “Traviata” operasından Violettanın partiyası böyük alqış toplamış və qəlbləri fəth etmişdi. 1948-ci ilə qədər o, bu görkəmli teatrın səhnəsində müxtəlif əsərlərdən ən yaddaqalan obrazları məharətlə yaratmışdır. Ancaq “Traviata” operasından Violettanın partiyasını sənətkar özünün “Qu nəğməsi” adlandırırdı.
Şövkət Məmmədova gözəl müğənni olmaqla yanaşı, həm də fəal musiqi xadimi idi. Kiyevdə təhsil alan Ş.Məmmədova 1921-ci ildə Bakıya qayıtdı və bundan bir il sonra Bakıda ilk teatr məktəbini yaratdı. Bu məktəb Azərbaycanda yüksək təhsil almaq üçün özül oldu. Bir çox teatr xadimləri bu məktəbdə yetişdi. Həmçinin, 1923-cü ildə o, Azərbaycanda ilk not nəşriyyatının bünövrəsini qoydu. Təşkil etdiyi həmin nəşriyyata özü rəhbərlik etdi [4, s. 15].
Həmin illərdə də onun təşəbüsü ilə böyük rus bəstəkarı Reynqold Qliyer Azərbaycana dəvət olundu. Ş.Məmmədova R.Qliyeri hələ onun rəhbərlik etdiyi Kiyev konservatoriyasında (1915-1921-ci illər) təhsil alarkən Azərbaycan xalq musiqisi ilə tanış etmişdi. Beləliklə, Azərbaycan milli musiqisinin dərinliklərini öyrənən R.Qliyer həm bu musiqinin incəliklərindən, həm də Şövkət Məmmədova səsinin gözəlliyindən ilhama gələrək “Şahsənəm” operasını yazmışdır. Bəstəkar həmin operanı məhz Ş.Məmmədovaya ithaf etmişdir [3, s.1].
Bəstəkar öz sənət yolu böyunca müxtəlif dövlətlərin opera teatrlarında və konsert salonlarında məharətlə ifa etmiş, eyni zamanda xalq musiqimizi də dünyaya tanıdan istedadlardan biri olmuşdur. Yaradıcılıq və səhnə fəaliyyəti boyunca o öz dostları ilə birgə çıxış etmiş və Azərbaycan musiqisini inkişafı üçün onlarla birgə çiyin-çiyinə çalışmışdır.
Onun sənət dostlarının, hər zaman yanında olmuş Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, görkəmli bəstəkar və dirijor Niyazi, ilk Azərbaycan qadın aktrisalardan olan Mərziyyə Məmmədova, Fikrət Əmirov, Qəmər Almaszadə, Qara Qarayev və başqa görkəmli incəsənət xadimlərinin adlarını çəkmək olar. 1938-ci ilin aprelində Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü onların birgə fəaliyyətinə ən böyük nümunələrdən biridir. Dekadada nümayiş olunan Üzeyir bəy Hacıbəylinin “Koroğlu”, Müslüm bəy Maqomayevin “Nərgiz” və Reynqold Qliyerin “Şahsənəm” operaları və Üzeyir bəyin “Arşın mal alan” operettası yüksək musiqi keyfiyyəti və əks etdirdiyi mənəvi dəyərlərlə böyük rəğbət hissi oyadır. Hələ bununla yanaşı, görkəmli müğənni Şövkət xanım Şahsənəmin və Nərgizin partiyalarını misilsiz füsunkarlıqla ifa edərək dekada da öz sənət möhrünü vurur.
Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə, 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova SSRİ Xalq artisti fəxri adı ilə təltif edilir. Ümumiyyətlə, Şövkət Məmmədova göstərdiyi fəaliyyətlərinə görə, iki dəfə “Lenin” ordeni, iki dəfə “Qırmızı əmək bayrağı” ordeni və “Şərəf nişanı” ordenləri ilə mükafatlandırılmışdır. O, həmçinin SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Ş.Məmmədova 1945-1981-ci illər ərzində Üzeyir bəy Hacıbəylinin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət Konservatoriyasında (İndiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətə başlayır. 1949-cu ildə professor adını alır. 1946-1947-ci illər ərzində “Vokal” kafedrasının müdiri, 1947-1950-ci illər ərzində isə dekanı kimi fəaliyyət göstərib.
Şövkət Məmmədovanın dəst-xətti sözün əsl mənasında böyük məktəb idi. Bu məktəb opera sənətində gənc qadınların gələcək işıqlı yolunu müəyyənləşdirmiş, onların səhnəyə çıxması, rahat və sərbəst addım atmaları üçün “yaşıl işıq” olmuşdur. Şövkət Məmmədova məktəbi neçə-neçə istedadı üzə çıxarmış, onlar da Azərbaycan incəsənətinə və opera sənətinə böyük töhfələrinə vermişlər. Sona Aslanova, Səltənət Quliyeva, Rəhilə Cabbarova, Həqiqət Rzayeva, Gülxar Həsənova, Firəngiz Əhmədova ilə başlanan bu yol Fidan və Xuraman Qasımova bacıları, Svetlana Mirzəyeva, Gülnaz İsmayılova, Fidan Hacıyeva və b. görkəmli opera müğənniləri ilə davam etmişdir. Hazırda neçə-neçə gənc qadın opera müğənniləri bu məktəbin təməlindən bəhrələnməkdədir. Onlar Azərbaycan opera sənətini nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da böyük ustalıqla nümayiş etdirirlər. Buna misal olaraq dünyada tanınmış Rusiyanın ən böyük opera teatrı olan “Bolşoy teatr”da solist işləyən Dinarə Əliyevanı göstərmək olar.
Şövkət Məmmədova opera sənətinin həqiqətən “qorxmaz qəhrəmanı” olmuşdur. Özündən sonra çoxlu sayda qadınların səhnəyə çıxmasına, onların Azərbaycan mədəniyyətinə və incəsənətinə uğurlar gətirməsinə səbəb olan bu ölməz sənətkarın xalqımıza və millətimizə verdiyi töfhələri misilsizdir. Bu “qorxmaz qəhrəman” qadının adı Azərbaycan musiqi dünyasında və xalqımızın qəlbində əbədi yaşayacaqdır.
ƏDƏBİYYAT:
- Akhundov F. Shovkat Mammadova, Audacious Challenge. The First Azerbaijani Woman on Stage. Azerbaijan International. Winter 1997 (retrieved 26 August 2006) pg. 34-37. URL: https://azer.com/aiweb/categories/magazine/54_folder/54_articles/54_mammadova.html
- az saytı. Şövkət Məmmədova, 28 may 2011, 13:02 URL: http://kayzen.az/blog/musiqi%C3%A7il%C9%99r/5637/%C5%9F%C3%B6vk%C9%99t-m%C9%99mm%C9%99dova.html
- Vəzirova G. R.M.Qliyer və Azərbaycan musiqi mədəniyyəti. // “Musiqi dünyası” jurnalı, 2000, № 2(3), s. 59-61. URL: http://www.musigi-dunya.az/Magazine3/articles/10/10.html
- Fərəcov S.F. Milli vokal sənətimizin pioneri. Azərbaycanın ilk professional qadın müğənnisi, pedaqoq, SSRİ Xalq artisti Şövkət Məmmədovanın bənzərsiz yaradıcılığı ifaçılıq sənətimizin parlaq səhifələrindən birini təşkil edir. // “Mədəniyyət” qəz., B.: 2015, 24 aprel, 15.
Магистр искусствоведения
ПЕРВАЯ ЖЕНЩИНА – ВОКАЛИСТ ШОВКЕТ МАМЕДОВА
(Статья посвящена 120-тилетнему юбилею бессмертного профессионала — Шовкет Мамедовой)
Резюме: В статье говорится о том, как в самые тяжелые годы своего времени, пересекая границы дозволенного, Шовкет Мамедова первая из женщин мусульманского Востока вышла на сцену и этим внесла неоценимый вклад в развитие музыкального искусства Азербайджана. Большой профессионал Шовкет Мамедова, оставила свой неизгладимый след в развитии и формированиии исполнительского искусства, оставив нам в наследие свою вокальную школу, открыв дорогу для женщин – вокалисток на оперную сцену.
Ключевые слова: Шовкет Мамедова, опера, вокальная школа, женщины-мастера искусства
Master of art studies
FIRST FEMALE VOCALIST OF AZERBAIJAN – SHOVKAT MAMMADOVA
(The article is devoted to the 120th jubilee of our immortal artist)
Summary: The article devoted to the 120th jubilee of our immortal artist Shovkat Mammadova. Here are talking about she has taken unprecendented steps to overcome the boundaries of her era in the most difficult times, came to stage as a singer and did her best for the cultural heritage of Azerbaijan and muslim East. Indeed, this genius artist finally has opened the way to the Azerbaijani art and to the performing school that was formed recently inherited a great school of “Shovkat Mammadova” and today it has freely entered the opera stage for young female artists.
Key words: Shovkat Mammadova, opera, vocal school of Shovkat Mammadova, female artists
Rəyçilər:
professor L.B.Məmmədova;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, N.S.Hüseynova