Qadın adları daşıyan xalq mahnılarında obrazın bədii səciyyəsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
AMK-nın dissertantı
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: zamina90@hotmail.com
UOT 78.031.4
QADIN ADLARI DAŞIYAN XALQ MAHNILARINDA OBRAZIN BƏDİİ SƏCİYYƏSİ
Xülasə: Azərbaycan xalq musiqi yaradıcılığının ən qədim və geniş yayılmış janrı olan xalq mahnıları əsrlər boyu xalqımızın zəngin mənəvi aləmini, onun cəmiyyətə, həyata, təbiətə, ənənələrə baxışlarını və ailə-məişət münasibətlərini əks etdirmişdir. Məqalədə xalq mahnı yaradıcılığında konkret qadın adları daşıyan nümunələrin təhlili öz əksini tapmışdır.
Açar sözlər: qadın obrazı, folklor, lirik xalq mahnıları
Azərbaycan xalq musiqisi yaradıcılığında ən geniş yayılmış ideya və mövzulardan biri də xalqımızın əsrlər boyu qadına münasibətlərini sistemli şəkildə əhatə edən mövzulardır. Xalq musiqisinin elə bir janrını tapmaq çətindir ki, orada qadına münasibətin, qadınla bağlı mövzuların bədii təcəssümü olmasın. Bu baxımdan, Azərbaycan xalq musiqi yaradıcılığında qadın mövzusu aşağıdakı janrlarda özünü göstərir:
- Xalq mahnılarında qadın obrazları;
- Xalq rəqslərində qadın obrazları;
- Təsniflərdə qadın obrazları;
- Aşıq havalarında qadın obrazları;
- Aşıq dastanlarında qadın obrazları.
Bu obrazları dərindən tədqiq və təhlil etdikdə belə qənaətə gəlmək olur ki, Azərbaycan xalq musiqisinin janrlarında qadın obrazlarının zəngin “bədii qalereyası” yaradılmışdır. Azərbaycan xalqı öz milli xarakterini, humanist keyfiyyətlərini, ailə ənənələrinə məxsus etik-davranış normalarını, valideyin-övlad münasibətləri, yaddaşında daşıdığı mənəvi “kodeksi” daha çox qadına, anaya, sevgiliyə, gözələ, dosta, qəhrəmana, zəhmətkeşə olan münasibətində ətraflı büruzə vermişdir. Xalqımız qadına belə yüksək mənəvi münasibətini qədim tarixi çağlardan başayaraq ən səmimi, ən bariz və doğru-dürüst şəkildə xalq musiqisində, folklorda, eləcə də epos və dastanlarda zəngin bədii vasitələrlə ifadə etmişdir.
Azərbaycan xalq yaradıcılığında anaya uca, müqəddəs mənəvi münasibət “ana südü” anlayışında da öz ifadəsini tapmışdır. Ana südünü analıq, qadınlıq, şərəf, ləyaqət, namus kimi anlayışlara bərabər tutan xalqımız bu mənəviyyatını özünün yaradıcılığında, xüsusilə atalar sözündə, əfsanələrdə, nağıllarda, qəhrəmanlıq və məhəbbət dastanlarında da əks etdirmişdir. Hətta kişilərin vətənə, xalqa xəyanəti, döyüş meydanını qoyub qaçmaları, qorxaqlıq və namərdlik kimi mənfi keyfiyyətləri ana südünə xəyanət kimi qiymətləndirilmişdir. Təsadüfi deyil ki, insanlara yaxşı əməllərinə, igidliyinə, mərdliyinə, xeyirxahlığına görə “ananın südü sənə halal olsun” deyə yüksək qiymət verirmişlər.
Azərbaycan xalqı özünə müqəddəs bildiyi vətən, torpaq və təbiət kimi müqəddəs varlıqların böyüklüyünü və ucalığını folklor yaradıcılığında, nəğmələrində “ana” kəlməsi vasitəsilə bildiribdir: “ana vətən”, “ana torpaq”, “ana təbiət”. Hətta çalğı alətlərimizdən biri olan sazın da müqəddəsliyini ifadə etmək məqsədilə ona “ana saz” da demişlər. Bu ifadələr bir tərəfdən xalqımızın mənəviyyatına, psixologiyasına, əxlaqına və ənənələrinə qadına nə qədər müqəddəs, nə qədər uca münasibətin əbədi olaraq qərarlaşdığını sübut edir, digər tərəfdən isə xalqımızın vətən, torpaq və təbiət kimi anlayışların ucalığını, toxunulmazlığını və müqəddəsliyini də məhz “ana” kəlməsi ilə dərk etdiyini göstərir. Təsadüfi deyil ki, Azərbaycan xalqının mənəvi mədəniyyətinin formalaşmasında mühüm rol oynayan İslam dininin müqəddəs tarixi şəxsiyyəti Məhəmməd Peyğəmbərin “cənnət anaların ayağı altındadır” hikməti də əsrlər boyu xalqımızın dillər əzbəri olmuş, onun qadına yüksək mənəvi münasibətləri ilə səsləşmişdir.
Azərbaycan xalq musiqi yaradıcılığının ən qədim və geniş yayılmış janrı olan xalq mahnıları əsrlər boyu xalqımızın zəngin mənəvi aləmini, onun cəmiyyətə, həyata, təbiətə, ənənələrə baxışlarını və ailə-məişət münasibətlərini əks etdirmişdir. Xalq mahnılarının tədqiqatçısı, musiqişünas-alim R.İsmayılzadə bu barədə yazır: “Azərbaycan xalq musiqisinin böyük bir hissəsi xalq mahnılarından ibarətdir…Xalq mahnılarında xalqın yüksək mənəviyyatı – ümid və arzuları, əhvali-ruhiyyəsi tərənnüm olunur. Bədii-estetik gücünə və tez qavranılmasına görə xalq mahnıları ən geniş yayılmış bir janrdır” [4, s. 52]. Xalqın qadın obrazına lirik, gözəllik, ictimai, sosial, ənənə zəminində münasibətlər kompleksinin çox geniş və əhatəli bədii tərənnümünə xalq mahnılarında rast gəlirik.
Məlumdur ki, xalq melodiyalarının, xüsusilə də lirik xalq mahnılarının ana xəttini lirik-romantik duyğularla zəngin olan sevgi-məhəbbət mövzusu təşkil edir. Musiqinin bütün janrlarında olduğu kimi, xalq mahnılarında da sevgi hissələri, sevgili yar obrazı həmişə gözəllik anlayışı və təsəvvürlərilə, yarın gözəlliyinin vəsfi ilə birlikdə tərənnüm olunur. Bu janrda qadına sevgi və məhəbbət hissləri, onun gözəlliyi janrın əsas, aparıcı mövzu xəttidir. Bundan başqa, lirik-məhəbbət mahnılarında özünü göstərən qız-oğlan, aşiq-yar arasındakı sevgi münasibətlərində də qadın (qız, yar, sevgili) mahnının əsas obrazı kimi təqdim edilir.
Lirik xalq mahnılarında vüsal, ayrılıq, həsrət, hicran, zəmanədən, ədalətsizlikdən şikayət kimi mövzuların da əsas obyekti məhz qadındır, yəni sevgili, yardır. Xalq mahnılarının bir qolunu təşkil edən lirik mahnılarda sevgi, vüsal mövzuları ilə, yarın gözəlliyinin vəsfi, sadəqəti ilə yanaşı, zəmanədən və ayrılıqdan şikayət, qadının hüquqsuzluğundan irəli gələn ayrılıq, yarın vəfasızlığı kimi qəmli-kədərli motivlər də özünə yer tapmışdır. Yeri gəlmişkən, lirik xalq mahnılarının tədiqatçısı N.Rzayevanın mahnılardakı emosional yaşantıların genişliyi barədə bir fikrinə istinad edək: “Digər türk xalqları kimi, Azərbaycan xalqının da lirik-emosional təbiətinin güclü olması onun lirik-aşiqanə mövzuda olan xalq mahnılarına güclü meyl göstərməsinin əsas səbəblərdəndir. Gözəlliyə vurğunluq, əhdə sədaqət, həsrətə-ayrılığa dözümsüzlük, vəfasızlığa, üzüdönüklüyə nifrət, nakam sevgiyə təəssüf hissi xalqımızın lirik-romantik hissiyatının əsasında durur” [5, s. 35].
Xalq mahnılarında qadına münasibət melopoetik ifadə vasitələri baxımından da zəngindir. Belə ki, mahnının iki komponentdən – söz ilə musiqisinin vəhdətindən yarandığı məlumdur. Sözün, poetik mətnin verdiyi məna isə həmişə musiqinin emosinal məzmunu ilə, melodiya, intonasiya və ritmin ifadə etdiyi hisslərlə bağlı olur və bu iki ifadə vasitəsi (söz və musiqi) mahnıda bir-birini tamamlayır. Nəticədə, mahnının lirik və emosinal ovqatı daha təsirli olur. Beləliklə, mahnıda əsas ifadə vasitələri melodiya, intonasiya, məqam, metr və ritmdir. İkinci tərəfdən, mahnıda digər əsas ifadə vasitəsi musiqidən ayrı olmayan və onunla bədii forma və məzmun cəhətdən bağlılıq təşkil edən poetik mətndir, yəni sözdür. Xalq mahnılarının poetik mətnində qadına münasibətin müxtəlif məna çalarları (sevgili yar, sevgilinin gözəlliyi, vüsal arzusu, ayrılıq, həsrət və nakam sevginin kədəri, sadiqlik və vəfasızlıq və s.) müxtəlif vasitələrlə – təşbeh, metafora, müqayisə, mübaliğə, epitet, simvol, bədii təyin kimi bədii-təsvir vasitələrilə canlandırılır. Bu təsvir vasitələrində qadına münasibət, yarın gözəlliyi və zərifliyi əsasən təbiətin gözəlliyi ilə (gül, çiçək, lalə, günəş, ay, ulduz, yaz, alma, nar, ceyran, maral, durna, tovuz, turac və s.) rəmzi olaraqmüqayisə edilir, təbiətin belə incəlik, zəriflik və gözəllik ünsürlərindən qadına münasibətdə təşbeh, bədii təyin, epitet, simvol, metafora, mübaliğə kimi istifadə olunur. Maraqlıdır ki, bəzi xalq mahnılarında (məsələn, “Yaxan düymələ”, “Yarın bağında” və s.) qadına-yara münasibətdə hətta xalqımızın geyim mədəniyyəti, qadına etik-əxlaqi münasibət, etnoqrafik cizgilər öz əksini tapır.
Xalq mahnı yaradıcılığında qadın obrazları üzərində apardığımız müşahidələr göstərir ki, bu zəngin yaradıcılıqda konkret qadın adları daşıyan nümunələr vardır. Belə mahnılar bir qayda olaraq, sevgi-məhəbbət mövzusu daşıyırlar, buna görə məhəbbət mahnılarına aid edilirlər. Aşiqin dilindən oxunan bu mahnılarda onun öz yarının adını çəkməsi, qadın obrazı haqqında daha konkret və aydın çizgilərlə təsəvvür yaradır. Digər tərəfdən, bu cür məhəbbət mahnılarında qadın sevgili yar, sevilən gözəl kimi vəsf olunur, onun gözəlliyi vurğulanır, həm də aşiqin bu gözəlliyin və sevginin qarşısında əsir olması, çarəsiz qalması deyilir.
Xalq mahnı yaradıcılığında sevgi-məhəbbət mövzusunu daşıyan və xüsusi olaraq qadın adı ilə adlandırılan mahnılar tədqiqatımızın predmeti və obyekti baxımından maraq doğrurur.
Xalq mahnılardakı qadın adları, şübhəsiz, sevgilinin, yarın adıdır. Bəzən şən, nikbin və bəzən də qəmli, lirik əhvali-ruhiyyədə oxunan bu mahnıların əsas obrazı elə ilk andan mahnının adı vasitəsilə müəyyən olunur və qavranılır. Mülahizə edə bilərik ki, mahnının yarandığı məkanda bu adı daşıyan bir qız yaşamış və mahnı da bu qıza olan aşiq sevgisindən yaranmışdır. Qadın adı daşıyan belə məhəbbət mahnıları, daha çox aşiqin dilindən sevgilisinə oxunur. Belə mahnılarda yarın gözəlliyi, aşiqin onun gözəlliyinə heyran qalması nikbin tərzdə və bir qədər səmimi yumorla təqdim edilir. Fikrimizin əyani olması üçün xalq mahnı nümunələrinin üzərində dayanaq.
“Telli” xalq mahnısında, adından göründüyü kimi, konkret bir obraz vəsf olunur. Bu mahnı Telli adlı sevgili yar haqqındadır [6, s. 25].Mi mayəli şur məqamında qurulan bu mahnı 2 kupletdən ibarətdir. Birinci kupletin sözləri qədim xalq bayatısından götürülüb. Aşiq sevdiyi Telli adlı qıza həyatın, zəmanənin gəldi-gedərliyini, vəfasızlığını xatırladır. Görünür, bu, təsadüfi deyil. Çünki mahnıda bu vasitə ilə aşiqin yardan yaralı olmasına, Tellinin isə biganəliyinə işarə vurulur. İndi isə mahnının tam mətninə nəzər yetirək:
Çayda balıq yan gedər, Telli
Açma, yaram qan gedər, Telli,
Yüz min təbib neyləsin, Telli,
Əcəl gələr, can gedər, Telli.
İkinci bənddə bayatının qafiyə quruluşu pozulub. Əgər I bənd bayatı formasına müvafiq olaraq, a+a+b+a quruşundadırsa, II bənd a+a+b+c quruluşundadır. Yəni burada I və II misralar həmqafiyə, III və IV misrarlar sərbəstdirlər. Lakin buna baxmayaraq, hər iki bənddə şeir 7 heca ilə oxunur:
Bağa girdim, gül dərdim, Telli
Gülü yara göndərdim, Telli
Aləm sənsiz dolansa, Telli
Mən sənsiz dolanmaram, Telli.
Not nümunəsindən göründüyü kimi, mahnının bəndlərində hər misraya əlavə olunan “Telli” müraciəti, mahnıda melodik refren rolunu oynayır. Bununla, həm də misraların 7 hecalı quruluşuna 2 heca da əlavə edilir. “Telli” refreni hər fraza və cümlə sonluğunda eyni melodik ibarə ilə oxunur. Ən əsası isə, bu refren mahnının məqam kadansı rolunu oynayır.
Nümunə 1.
Mahnının əsas melodik quruluşu eyni frazanın 4 dəfə təkrar olunmasıdır: a+a+a+a. Dörd frazanın təkrarı bir bəndi əmələ gətirir. Lakin mahnının sözlərinə diqqət etsək, iki poetik misranın bir melodik cümləni yaratması qənaətinə gələ bilərik. Bu halda mahnının forması təkrar quruluşlu 2 cümlədən ibarət sadə perioddan ibarət olur: A(a+a) +A (a+a) + kadensiya. Bu formada hər cümlə 6 xanəlidir.
Bu quruluşda 3 xanəli fraza 2+1 quruluşuna malikdir. Bu isə cümlənin iki frazadan, yəni 6 xanədən (3+3) təşkil olduğunu göstərir. Hər fraza bir xanədən ibarət “Telli” müraciəti ilə, yəni refren ilə bitir. 3 xanədən (2+1) ibarət fraza (a) bənddə 4 dəfə eynilə təkrar olunur. Bu isə mahnının formasına təkrar quruluşlu iki cümlədən ibarət sadə period kimi baxmağa imkan verir:
Birinci cümlə (A): a 3 xanə (2 x.+1 x. ) Çayda balıq yan gedər, Telli
a 3 xanə (2 x.+1 x. ) Açma yaram qan gedər, Tellli
İkinci cümlə (A): a (2 x.+1 x.) Yüz min təbib neyləsin, Telli,
a (2 x.+1 x.) Əcəl gələr, can gedər, Telli.
Mahnının sonundakı 2 xanəyə kadensiya kimi baxıla bilər.
“Şeyda xanım” mahnısı üzərində dayanaq [6, s. 68]. Mahnı nəqəratlı kuplet formasındadır. İki bənddən ibarətdir. Sözləri xalq bayatısıdır, 7 hecalı, dörd misralıdır. Adından da göründüyü kimi, mahnı aşiqin dilindən Şeyda xanıma oxunur. Aşiq yarın küsməsindən narahatlığını ifadə edir:
Su gəlməz bağa neylim,
Dəyməz yarpağa neylim
Yarım məndən küsübdür,
Gəlməz otağa neylim.
Bayatıya əlavə olunan 3 misralı mətn nəqərat rolunu oynayır:
Amandır, Şeyda xanım,
Yavaş get, mehribanım,
Sənə qurban bu canım.
İkinci bənd də aşiqanə bayatıdır. Burada mahnının məzmunu davam edir və aşiqin yar əlindən dərdli olduğu bilinir:
Su gəlir lilləndirir,
Bağçanı gülləndirir,
Dərdlini dindiməyin,
Dərd özü dilləndirir.
Nümunə 2.
Mahnı mi mayəli segah məqamındadır. Əsas diapazon x.4 (e1-a1) həcmindədir. Lakin lya səsinin ornamentlə (trellə) oxunması, bu trelə görə melodik diapazonun si bemol (b) səsi üzərində (a-b) yarım ton artmasına səbəb olur. Bununla mahnının diapazonu əsk5 intervalını yaradır.
Mahnı mülayim (Moderato) tempdədir, melodik hərəkət pilləvaridir. Yalnız tersiya gedişi müşahidə olunur: f1-a1 və e1-g1. Rəvan, pilləvari melodik hərəkətin fonunda bu gedişlər da rəvan hərəkət kimi duyulur və segah intonasiyalarının qurulmasına təsir edir.
Azərbaycan xalqı arasında geniş yayılmış və ən çox dinlənilən mahnılardan biri də “Sona xanım” mahnısıdır [6, s. 73]. Bu xalq mahnısı aşiqin öz yarına – Sona adlı gözələ oxuduğu səmimi bir sevgi nəğməsidir. Sona xanım mahnının əsas və yeganə obrazıdır. Mahnı aşiqin dilindən oxunduğu üçün onu da obraz kimi səciyyələndirə bilərik.
Nümunə 3.
Nümunədən göründüyü kimi, nikbin və səmimi yumor səciyyəli mahnı lya rast məqamındadır. Rastın nikbin səciyyəli intonasiyaları üzərində qurulan bu mahnı x4 sıçrayışı ilə başlayır: mi2-lya2. Mayənin zilinə – Əraq pilləsinə doğru sıçrayış mahnıya oynaq və şən əhvali-ruhiyyə verir. Mahnının melodiyasına aşağıya doğru, mayənin oktavasına enişli hərəkət səciyyəvidir. Bununla mahnı oktava diapazonuna malik olur: a2-a1
Mahnının sözlərində yarını görmək istəyən aşiq onun eyvana çıxmasını istəyir, bu istək musiqiyə bir qədər də yumor aşılayır. Şeir 8 hecalı, 4 misradan ibarətdir:
Sona xanım, çıx eyvana
Bir bax bu gözəl oğlana
Doğrusun söylə mərdana,
Hüsnü-cəmalı yaxşıdır.
İkinci kupletdə aşiq özünü sevdiyi qıza bəyəndirmək üçün yenə də tərif edir və bu, mahnının şən, yumor məzmununuaşılayır.
Qadın obrazının bədii ifadəsi olan xalq mahnıları arasında müəyyən əfsanə və rəvayətlə bağlı olanları da vardır. Belə mahnılardan biri – “Apardı sellər Saranı” mahnısı Xançoban ilə Saranın faciəli sevgisi haqqında rəvayətləbağlı yaranmışdır [6, s. 15]. Rəvayətə görə, Xançobanın sevdiyi Saraya varlı bir xan vurulur, lakin qızın onu sevmədiyinə baxmayaraq, zorla almaq istəyir. Bu ədalətsizliyin və zorun qarşısında aciz qalan Sara öz pak və səmimi sevgisinə sadiq qalaraq, özünü Arpa çayına atır və həmişəlik sulara qərq olur. Göründüyü kimi, bu mahnı qadınla bağlı ictimai məzmun daşıyır. Burada iki gəncin qarşılıqlı məhəbbəti dövrün ictimai haqsızlığı ilə üz-üzə gəlir. Qadının hüquqsuzluğu müasirləri kimi Saranı da çıxılmaz vəziyyətə salar. Məhəbbətinə sadiqliyi nümayiş etdirməklə özünü çaya atıb intihar edən Saranın bu hərəkəti, həm də dövrün qadın hüquqsuzluğuna qarşı bir etiraz təsiri bağışlayır. Göründüyü kimi, qadın obrazları ilə bağlı məhəbbət mahnılarında ictimai motivlər də vardır.
Mahnı özünün məzmununa görə qəm-kədər əhvali-ruhiyyəsi daşıyır. Bu əhvali-ruhiyyəni, ilk növbədə, mahnının segah məqamında aramla oxunması yaradır. Saranın faciəsini əks etdirən mətnin sözləri də bu əhvali-ruhiyyəni əks etdirir.
Örnəklərdən də göründüyü kimi, qız-qadın adı daşıyan mahnıların əksəriyyəti nikbin bədii səciyyəli olaraq, sevgi hisslərini, yarın vəsfini, gözəl görünən əlamətlərini vəsf edir, bəziləri də əksinə, qəmli, kədərli əhvali-ruhiyyə daşıyaraq, ayrılıq, həsrət, nakam sevgi, üzüdönük yardan şikayət kimi mövzulara həsr olunur. Təhlil etdiyimiz nümunələrdən başqa, qız-qadın adları daşıyan sevgi-məhəbbət mahnılarına “Nar, nar, Nargilə”, “Ay Sona”, “Leylacan” [6], “Dilbər”, “Bilay-bilay”, “Aman Mələk”, “Ha Leyli, Leyli”, “Aman Mələk, hay”, “Ulduz, ay aman, ay aman” [7] və b. xalq mahnılarını misal göstərə bilərik. Lakin sevgili yarın, onun gözəlliyinin vəsfi yalnız xüsusi olaraq qız adı daşıyan mahnılarda deyil, lirik məhəbbət mahnılarının böyük əksəriyyətində tərənnüm olunur. Belə mahnıların mövzu və məzmununda həm yarın obrazı, sevgilinin portreti, həm də ona olan yüksək mənəvi münasibətlər, sevgi hissləri canlanır.
ƏDƏBİYYAT:
- 1. Azərbaycan dastanları (Toplayan və nəşrə hazırlayan A.Nəbiyev). B.: Azərnəşr, 1977, 179 s.
- Azərbaycan qadınları musiqidə. (Layihənin müəllifi, tərtibçi və redaktor Alla Bayromava). B.: Oka-ofset, 2004.
- Əliyev R.Ə. Xalq müdrikliyi.B.: Azərnəşr, 1986, 228 s.
- İsmayılzadə R.Y. Azərbaycan xalq mahnıları. / Azərbaycan xalq musiqisi. Oçerklər. B.: Elm, 1981, s. 52-85.
- Rzayeva N.E. Lirik xalq mahnılarının poetikası. B.: Yazıçı, 2008, 132 s.
NOTOQRAFİYA
- Azərbaycan xalq mahnıları. Not yazısı S.Rüstəmovun, F.Əmirovun və T.Quliyevindir. Tərt. ed. SSRİ xalq artisti Bülbül Məmmədov. İki cilddə, I c. B.: İşıq, 1981, 151 s.
- Azərbaycan xalq mahnıları. Not yazısı S.Rüstəmovun, F.Əmirovun və T.Quliyevindir. Tərt. ed. SSRİ xalq artisti Bülbül Məmmədov. İki cilddə, II c. B.: İşıq, 1982, 136 s.
- İsazadə Ə. İ; Məmmədov N. H. Azərbaycan xalq mahnıları və oyun havaları. B.: Elm, 1984, 76 s.
Диссертант АНК
ХУДОЖЕСТВЕННОЕ ВОПЛОЩЕНИЕ ЖЕНСКИХ ОБРАЗОВ В АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ ПЕСНЯХ
Резюме: Народные песни являются древним и широко распространенным жанром азербайджанского народного музыкального творчества и отражают на протяжении веков богатый духовный мир народа: его общественное мировоззрение, взляды на жизнь, природу и традиции, а также семейно-бытовые отношения. В статье проводится анализ образцов народного музыкального творчества, содержащих в себе женские образы.
Ключевые слова: женcкий образ, фольклор, народные лирические песни
Candidate for a degree of ANC
ART EXPRESSION OF THE IMAGES BEARING WOMAN’S NAMES IN THE FOLK MUSIC
Summary: In many centuries folk music in being the ancient and wide spread jnre in Azerbaijan folk music creativity reflected rich moral environment of our nation, their outlooks to the community, to the life, to the nature and family, daily life and households relations. In this article analysis of samples bearing woman’s names in folk music have found their expressions.
Key words: woman’s character, folk music, lyrical folk music
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Quliyev;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent T.Qəniyev