AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

KONSERVATORİYA № 1, 2018

Nərgiz ƏLİYEVA

BMA-nın doktorantı

Ünvan: Bakı şəh, Ş.Bədəlbəyli küçəsi, 98

Email: fleytistka1991@mail.ru

UOT:78.02

ELNARƏ DADAŞOVANIN SƏDAƏSƏRİNDƏ MİLLİ ÜSLUBUN  TƏZAHÜR  PRİNSİPLƏRİ

 endir

PDF

 

 

 

Xülasə: Təqdim olunan məqalədə Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi Elnarə Dadaşovanın iki fleyta və fortepiano üçün “Səda” əsəri təhlil olunur.

Açar sözləri: Elnarə Dadaşova, iki fleyta, duet, fortepiano, muğam

 

Müasir Azərbaycan bəstəkar nəslinin layiqli nümayəndələrindən biri Elnarə Dadaşova musiqinin bir çox janrlarına müraciət etmiş, maraqlı əsərlərlə musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. E.Dadaşovanın əsərlərinə bəstəkarın fərdi yaradıcılıq üslubunun parlaq cizgiləri, özünəməxsus yazı texnikası, emosional zəngin obrazlar aləmi xasdır.

Simfonik orkestrin müxtəlif alətləri üçün əsərlər müəllifi olan sənətkarın sözü gedən bu iki fleyta və fortepiano üçün “Səda” pyesi də (digər bəstələr kimi) xalq musiqi yaradıcılığından bəhrələnən musiqi məzmununa malikdir. Qeyd edək ki, E.Dadaşovanın təhlilə cəlb etdiyimiz “Səda” əsərini məşhur italyan triosu “Doppler” ifa etmuş və əsər xarici musiqiçilərin repertuarında layiqli yer almışdır [1, s.109].

Reçitativ tipli muğam intonasiyalarının zənginliyi əsərin ilk xanələrindən hiss olunur. Bu cəhət hər iki fleytanın partiyasında müşahidə edilir. Nəticədə, iki alət arasında sanki fəlsəfi-psixoloji, bəzi anlarda bir qədər lirik “söhbət” yaranır. Əsər boyu iki alətin sanki fikir mübadiləsi aparmasının şahidi oluruq. Bu xarakter, ilk növbədə, musiqinin muğama xas reçitativliyindən irəli gəlir.

Üç hissəli “Səda” triosu dəqiq sərhədlərlə işarələnmişdir. Kənar hissələr orta bölməyə nisbətən daha genişdir. Orta hissə bir sıra əlamətlərlə seçilir. Temp, ritm, xarakter və ölçünün dəyişməsi əsərdə yeni obraz boyasının qatılması ilə nəticələnir. Bu bölməni muğam dəstgahının iki şöbəsi arasında səslənən rəngə də bənzətmək olar. Lakin bu əhvali-ruhiyyə uzun sürmür, yalnız 11 xanə davam edir. Bəstəkar hər cümlənin sonunda repriza işarəsi qoymaqla bu müddəti bir qədər artırmış olur. Tempo I qeydindən sonra yenidən birinci hissənin əvvəlində verilən girişin motivləri eşidilir. Lakin bəstəkar burada girişi təkrarlamır: verilən motiv əslində birinci hissənin əsasını təşkil edir. Onu müxtəlif yüksəkliklərdəsəsləndirəndən sonra bir sıra fərqlərlə mövzu keçirilir.

Giriş bütünlüklə reçitativ deklamasiyalı musiqi məzmununa malikdir. Sırf muğam intonasiyalarını səsləndirən fleytaların partiyasından fərqli olaraq fortepiano tamamilə başqa fakturaya və xarakterə malik musiqi sərgiləyir. Onun partiyasında yer alan arpeciolu passajlar girişə bir qədər lirik xarakter verir, onun sərt və düşüncəli intonasiyalarını qismən yumşaltmış olur. Girişin mövzusu VII xanənin əvvəlində ff dinamik işarəsi ilə tamamlanır. Onun ardınca səslənən incə melodiya birinci hissənin başlanmasına işarədir. Fortepiano partiyasında dolce – yəni nəvazişlə ifa olunma qeydi var. 8 xanəlik ilk periodda birinci hissənin musiqi məzmunu özifadəsini tapmışdır. E-durun daxilində yaranan müəyyən alterasiyalar isə musiqinin məqam-intonasiya əsası ilə bağlıdır. “Si” səsinin dayaq ton kimi özünü göstərməsi əsərin digər bölmələrində də müşahidə olunur. Onun mövqeyi iki fleyta partiyası arasında tez-tez dəyişir. Birinci cümlənin kadansında bu səs birinci flyetanın partiyasında aparıcı mövqe daşıdığı halda, ikinci cümlədə ikinci fleytanın partiyasında periodu tamamlayır. Fortepiano fakturasında isə girişdə verilən arpeciolu faktura saxlanılır, eyni zamanda fleytaların partiyasında rast gələn alterasiyalar burada da “dəstəklənir”. Bu səslər həm də fortepiano partiyasının harmonik tərkibini şərtləndirir. Girişdə verilən T7 burada (re bekar sayəsində) D7 kimi eşidilir. İlk baxışdan hər iki fleytanın müstəqil melodiyaya malik partiyasının olması nəzərə çarpsa da, əslində onların mövzusu eyni motivlərə əsaslanır. Nəticədə, hər iki partiya vəhdət təşkil edərək bir obrazın təsvirinə xidmət etmiş olur.

Nümunə 1

seda1

Növbəti period üç cümləni ehtiva edir. Birinci cümlədə re bekar səsinin vurğulanması aşkar nəzərə çarpır. Onun üzərində bəstəkar xüsusi olaraq vurğu işarəsi də qoymuşdur. İlk xanələrdə fleytaların partiyası unison təşkil edərək səslənməni təbii surətdə dolğunlaşdırır. Lakin cümlənin sonunda yenə də “si” səsinin kadans mövqeyi ön plana çıxır. İkinci cümlənin əsasını birinci perioddan birinci cümlənin motivləri təşkil edir. Hətta ikinci və üçüncü cümlələr onun digər versiyaları kimi təhlil oluna bilər. Sonuncu cümlədə bəstəkar tonik mərkəz kimi verdiyi mi səsi üzərində kadans yaratmaqla E-duru yenidən fortepiano partiyasında səsləndirir.

Nümunə 2

seda2

Orta hissə iki cümlədən ibarət perioddur. Lakin bəstəkar cümlələri repriza vasitəsilə təkrarlayaraq onun həcmini bir qədər genişləndirmiş olur. Bundan əlavə ikinci cümlədə təkrar zamanı kadansların dəyişməsi müşahidə olunur ki, bu da bölməyə müəyyən dinamiklik gətirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, orta hissənin xarakteri kənar hissələrə nisbətən daha şəndir. Onun musiqisi xalq rəqslərini, rəngləri xatırladır. Fleytaların partiyası bir-birindən fərqlənsə də, ritmik uyğunluq əvvəlki hissədə olduğu kimi, vahid musiqi obrazı yaratmağa xidmət edir. Maraqlıdır ki, bu hissədə bəstəkar fortepianonun partiyasında eyni ritmik quruluşu gözləyir və onun fakturası fleytaların partiyasına uyğunlaşdırılır.

Orta hissədə məqam boyası dəyişir, tonik mərkəz “lya diyez” mayəli segaha  tabe olur. Məqamın dəyişməsi nəticəsində yeni, lya diyez boyası yaranır. Bu dəyişiklik fərqli harmonik tərkiblərin yaranması ilə də səciyyələnir. Fortepiano partiyasının alt layında verilən akkordlu faktura ikinci fleytanın partiysına unison olan üst layın melodiyasını müşayiət edir.

 

Nümunə 3

seda3

Orta hissənin tamamlanması Tempo I ilə qeyd olunmuşdur. Burada üçüncü hissə başlanır və o, həm fakturanın, həm də metrin, ritmin dəyişməsi ilə xarakterizə olunur. Yenidən fleytalar unison şəkildə girişin ilk motivini yuxarı registrdə ifa edərək reprizanın başlanmasına zəmin yaradır və bu, 6 xanə davam edir. Onun ardınca birinci hissənin lirik melodiyası eşidilir. Müəyyən fərqlər nəzərə çarpsa da, bəstəkar musiqi məzmununu qoruyub saxlayır.

İfaçılıq məsələlərinə gəlincə, demək olar ki, burada hər iki fleyta solo mövqeyindədir. Fleytaların partiysı daha çox bir-birini tamamlayan, eləcə də oktava, prima unisonu ifa etməklə təzad effektini tamamilə aradan qaldırır. Partiyaların ifaçılıq baxımdan hər hansı bir çətinliyi, mürəkkəbliyi müşahidə olunmur. Səsaltı polifoniya üsulundan müəllif geniş istifadə edir. Qeyd edək ki, fleytaların partiyası orta registrdə yazılıb, bu da ifaçı üçün alətin son dərəcə əlverişli səslənməsini və texniki imkanlarını açıqlamaq üçün rahat registr hesab olunur.

 

ƏDƏBİYYAT:

  1. Dadaşzadə Z.A. Elnarə Dadaşova. B.: Şərq-Qərb, 2015, 26 s.
  2. Dadaşova E.R. Polifoniya üzrə qısa mühazirələr kursu. B.: APU, 1991, 112 s.
  3. Üzeyir dünyası. Ü.Hacıbəyli ensiklopediyası. Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu. B.: Şərq-Qərb, 2008, 240 s.
  4. Абдуллаев А.Д. Очерк истории исполнительства на духовых инструментах европейского типа. Б.:Адилоглы, 2003, 204 с.
  5. Мазель Л.А. Строение музыкальных произведений. М.: Музыка, 1986, 528 с.
  6. Искендеров А.М. Стилевые и исполнительские особенности произведений для флейты. Б.:Адилоглы, 2002, 194 с.

 


 

Наргиз АЛИЕВА

Докторант в БМА

 

ПРИНЦИПЫ НАЦИОНАЛЬНОГО ЗВУЧАНИЯ В ПРОИЗВЕДЕНИИ Э.ДАДАШЕВОЙСЭДА

 

Резюме: Статья посвящена талантливому представителю Азербайджанской композиторской школы – Э.Дадашевой. В статье анализируется произведение для двух флейт и фортепиано Сэда.

Ключевые слова: Эльнара Дадашева, две флейты, дуэт, фортепиано, мугам

 

Nargiz ALIYEVA

Doktoral candidate of the BMA

 

PRINCIPLES OF NATIONAL SOUNDING IN THE WORKS OF E.DADASHEVA «SEDA»

 

Summary: The article is dedicated to the talented representative of the Azerbaijani composer school E.Dadasheva. The works for two flutes and piano «Seda» are analyzed.

Key words: Elnara Dadasheva, two flutes, duo, piano, mugham

 

Rəyçilər:

fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazdə;

professor Müzəffər Ağamalızadə

Mövzuya uyğun