Azərbaycan musiqişünasları Moskvada Qippius-2019 dinləmələrində
AZƏRBAYCAN MİLLİ KONSERBVATORİYASI
«KONSERVATORİYA» 2019 №2 (44)
AMK-nın elmi işlər üzrə prorektoru,
professor
Ünvan: Yasamal r, Ə.Ələkbərov küç. 7
E mail: lala-abi@mail.ru
AZƏRBAYCAN MUSİQİŞÜNASLARI MOSKVADA QİPPİUS-2019 DİNLƏMƏLƏRİNDƏ
Bu ilin 21-23 mart tarixli günlərində mənə, tanınmış musiqişünas həmkarım, əməkdar incəsənət xadimi Sənubər xanım Bağırova ilə birgə Moskvada Qnesinlər adına Rusiya Musiqi Akademiyasında növbəti dəfə keçirilən Beynəlxalq elmi konfrans – “Qippius dinləmələri”ndə iştirak etmək nəsib oldu. Bu gözəl elmi məclis məşhur etnomusiqişünas alim E.V.Qippiusun adını daşıyan və Akademiyada uzun illər səmərəli fəaliyyət göstərən Musiqi-etnoqrafik mərkəz ilə Etnomusiqişünaslıq kafedrasının birgə səyi ilə düzənlənmişdi. Tədbirin özü isə elə bilavasitə həmin mərkəzin yaranmasının 60 illiyinə həsr edilmişdi.
Bu ilki dinləmələrin mözusu “Müasir etnomusiqişünaslıqda musiqi folkloru janrlarının tədqiqi” adlanırdı. Mövzunun əhatəli xarakteri iclaslarda qoyulan problemlərin geniş rakursunu da şərtləndirmişdi. İlk iclasın mövzusu “Etnomusiqişünaslıqda janr nəzəriyyəsinin təşəkkülü məsələləri” adlanırdı və burada tanınmış Rusiya musiqişünasları – İqor Matsiyevski (Sankt- Peterburq), Marqarita Yenqovatova (Moskva), Tatyana Rudiçenko( Rostov), Guzel Yunusova (Kazan), Tamilla Cənizadə (Moskva) və digərləri diqqətçəkən məruzələrlə çıxış etdilər.
Növbəti iclas “Avraziya xalqlarının etnomusiqişünaslıq ənənələrində janr sistemlərinin spesifikası” adı altında baş tutdu və burada maraq doğuran mövzular arasında bizim diqqətimiz xüsusilə Sibirdə yaşayan türkdilli xalqların musiqisi ilə bağlı olan məruzələrə yönəldi. Elə bizim öz çıxışlarımız da bu iclasda oldu. Sənubər xanım Bağırovanın “Muğamın üç əsri: janr və sosium” adlı məruzəsi, adından da göründüyü kimi, bu qədim janrın təkamül proseslərinə, onun tarixin gedişatı ilə uğradığı təbəddülatlara həsr edilmişdi. Qeyd etmək lazımdır ki, Sənubər xanım artıq ikinci dəfədir belə bir mötəbər elmi məclisin qonağı idi. Onun iki il əvvəlki çıxışı müəllifi olduğu və Azərbaycan muğamının yaşam tərzinə həsr olunmuş çox maraqlı sənədli filmin nümayişi ilə konfrans iştirakçılarının və təşkilatçıların yaddaşında qalmışdı. Mənim məruzəm “Türkdilli xalqların musiqisində uzun-kırık janr-üslub əksliyinin təzahürünə dair” adlanırdı və təbii ki, müxtəlif türkdilli xalqların musiqisi ilə bağlı olduğu üçün auditoriyanın canlı marağı ilə qarşılaşdı və biz, mübahisə doğuran bəzi məsələlərə də münasibət bildirməli olduq. İclasın sonunda iştirakçılar onu da vurğuladılar ki, burada bir növ türk dünyasının musiqisi ilə bağlı mini-konfarans baş tutdu. Belə ki, iştirakşıların arasında həm də İSTM-in “Türkdilli xalqların musiqisi” bölməsinin üzvləri də var idi və onlar bu bölmənin növbəti iclasının Bakıda, Azərbaycan Milli Konservatoriyasında keçirmək arzularını da dilə gətirdilər.
Üç gün davam edən konfransın digər iki günündə Rusiyanın ən müxtəlif bölgələrindən, habelə ABŞ, Ukrayna, Latviya, Estoniya, İtaliyadan təşrif buyurmuş alimlərin aşağıdakı mövzular üzrə məruzələri dinlənildi: “Reqional və lokal musiqi-folklor ənənələrində janr sistemləri”, “Təqvim silsiləsində musiqi folkloru janları”, “Həyat silsiləsinin mərasim musiqisi janr nəzəriyyələri kontekstində”, “Musiqi folklorunun qeyri-mərasim janlarının spesifikası”, “İnstrumental və musiqili-xoreoqrafik folklorun janrları”, “Musiqi folklorunun ənənəvi və müasir formalarının tədqiqi”.
Qippius dinləmələrinin bir dəyərli və önəmli tərəfi də hər iclas gününün sonunda yeni nəşrlərin təqdimatı idi. Konfransın son möhtəşəm akkordu isə Akademiyanın Folklor ansamblının və Rusiya xalqlarının milli musiqi alətləri kafedrası tələbələrinin iştirakı ilə teatr tamaşası kimi qoyulmuş son dərəcə maraqlı və düşünülmüş konsert proqramı oldu ki, bu da bizlərdə böyük və silinməz bir təəssürat yaratdı. Beləliklə, Qippius dinləmələri əsl elmi mühit, qoyulan məsələlərə ciddi elmi yanaşma və canlı müzakirələr şəraitində keçdi.