Şərq məqamlari və Şərq ritmləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 4 (46)
ŞƏRQ MƏQAMLARI VƏ ŞƏRQ RİTMLƏRİ
2019-cu ildə Azərbaycan Milli Konservatoriyası çox özəl bir gün yaşadı. Bəli, məhz bir gün… Həmin gün Cənubi Azərbaycanın başkəndi və bütün dünya azərbaycanlılarının qəlbi olan Təbriz şəhərindən iki nəfər professional musiqiçi gəlmişdi. Açığı onlar mənim 50 illik yubiley tədbirimlə əlaqədar olaraq Bakıya təşrif buyurmuşdular. Çünki biz – Hüseyn Ətapur və İsa Şükri ilə illərin, yəni ta 25 il öncəsi, mənim Təbrizdə musiqi müəllimliyi etdiyim illərin dostuyuq.
Mənim yubiley konsertim pis keçmədi. Səslənən bütün əsərlər mənim bəstələrim idi. Təkcə Hüseynlə İsanın çıxışından özgə. Əlbəttə, müxtəlif musiqi nömrələrində onlar müşayiətçi kimi də çıxış etdilər. Ancaq onların solo ifası bir başqa aləm idi! Düzünü desəm, çox adamın üzümə söylədikləri etirafa əsasən, bu konsertdə ən yaddaqalan, ən heyrətverici çıxışlar məhz təbrizli musiqiçilərə aid imiş. Hər kəs kimi mən də buna çox sevindim. Çünki o taylı – bu taylı böyük Vətənimizin mədəni birliyi, sivil dəyərlərə söykənən vəhdəti hər şeydən önəmli və hər şeydən daha realdır.
Mən bilirdim ki, Konservatoriya onları belə buraxmayacaq. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, çox hörmətli Lalə xanım Hüseynova mənə bildirdi ki, onlar getmədən öncə hansısa bir görüş, ya da tədbir keçirilməsini istəyir. Biz söhbət əsnasında belə qərara gəldik ki, onlar üçün Konservatoriyada bir ustad dərsi qoyaq. Belə də oldu. AMK-nın ən böyük sinif otaqlarının birində bu tədbir baş tutdu.
Hüseyn Ətapurun tarı Azərbaycan tarı idi. Lakin onun ahəngi ümumşərq ahəngiydi. Heç kimə sirr deyil ki, bu məsələ mənim də illərdir ki, yaralı yerimdir. Həm mikrotonal sistem, həm də məqam məsələləri baxımından bu problem nə qədər dolaşıq, ziddiyyətli və qəliz olsa da Hüseyn Ətapur ona verilən məhdud vaxt və imkan çərçivəsində bu məsələlərə işıq tutmağı bacardı. Unudulmuş və ya proqramlardan çıxarılmış bir çox muğam və hətta məqamlar, o cümlədən “Nəva”, “Əfşar”, Əbu-Əta”, “Bayatı-Türk” kimi Şərq məqam sisteminin əsasını təşkil edən sütünlar bu ustad dərsində geniş şəkildə müzakirə olundu. Əsas müzakirə predmeti isə, həmin muğam və məqamların nə üçün Azərbaycandan uzaq düşməsi və onları hansı yolla qaytarmaq idi. Dediyim kimi, illərdir ki, bu sahədə külüng çalan bir çox “fərhad”ın tişəsi qırılmış, əski beyinli, sovet stereotipindən çıxa bilməyən qocamanlar və onları yamsılayanların fitfası nəticəsində bir çox tədqiqatçı şübhə zərbələri altında qalmışdır. Lakin mən şəxsən həmin gün bir daha əmin oldum ki, Şərq məqam incəsənətinin bir parçası olan Azərbaycan muğamları bir gün mütləq öz əslinə və gerçək mahiyyətinə qovuşacaqdır.
Ustad dərsinin ikinci hissəsi Şərq ritmləri barəsində idi. İranın məşhur dəf çalanlarından olan İsa (başqa bir adıyla Milad) Şükri bu məsələyə xeyli dərəcədə aydınlıq gətirməyə müvəffəq oldu. Biz neçə illərdir öz tədqiqatlarımızda israrla iddia edirik ki, Azərbaycan milli musiqi incəsənətində ritmika məsələləri bu qədər sadə və məhdud və primitiv ola bilməz. Qarışıq və mürəkkəb ritmlər mütləq şəkildə bizim də musiqimizdə olmuşdur. Hətta biz aşıq musiqisinin daxilində elə havalara rast gəlirik ki, müasir ritm çalanlarımız onları dəqiq şəkildə müşayiət edə bilməz. İsanın sehrli dəfi bizə həmin gecə çox şeyi anlatdı.
Bir gün öncəki konsertdə olduğu kimi, iki dəyərli soydaşımızın bu çıxışları da əsil çıxış oldu – cəhalətdən, ətalətdən çıxış!
filologiya üzrə fəlsəfə doktoru
AMK-nın dosenti