Divani-musiqi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 3 (45)
AMK-nın dosenti
DİVANİ-MUSİQİ
«Hələ Do majorda belə, nə qədər açılmamış sir qaldı»
(Arnold Şönberqin son sözləri)
Görkəmli bəstəkarımız Cavanşir Quliyevin əsərlərindən ibarət bu toplunu mənə hədiyyə etdikləri zaman inanılmaz dərəcədə sevindim. Ancaq nəyə sevindim? Hələ də tam olaraq bilmirəm. Sadəcə məni duyğulandıran şeylər vardı bu nəşrdə. Onlar barədə bir az sonra. Cavanşir Quliyevin orijinal bəstəkarlıq ayrıntısını bilməyən yoxdur. Onun orijinallığı təkcə müasirliyində deyil. Heç kimə sirr deyil ki, müasirlik axtarışı çox zaman istedadsızların bəhrəsidir. Lakin qəhrəmanımız müasir musiqi dilindən sui-istifadə etmir. O, hər şeydən əvvəl çox güclü melodistdir. Simfonizmin də, sonata allegrosunun da, xoralın da canını, ruhunu, necə deyərlər, diri qalmasının əsasını təşkil edən başlıca amil melodiyadır. Özü də çox yox – məsələn böyük bir simfoniyanın əsasını təşkil edən iki və ya üç leytmotiv. Eynilə, istənilən xalqa məxsus olan sadə folk melodiyalar kimi. Bu mənada, gəlin əvvəldən şərtləşək ki, Cavanşir Quliyev kimi bəstəkarlar üçün musiqi dili vasitədir və ikinci planda rol alır.
Görkəmli bəstəkar iki cilddən ibarət bu göz oxşayan toplunun adını «Divan» qoymuşdur. Bu da özünəməxsus bir semantikadır. Eyni zamanda da reallıqdır. Semantikadır ona görə ki, klassik Şərq divan şairlərindəki kimi C.Quliyev də Haqqın divanında bir növ hesabat verir. Yəni, Tanrı divanına gələrək, «məni məhkəməyə çəkin. Bir ömür nə etmişəm, nələr yarada bilmişəm, tərəziyə qoyun, məni mənə göstərin» deyir. Əslində divan şairlərinin ömürlərinin ahıl yox, aqil və arif çağlarında divan bağlamaları da elə həmin bu batini missiyanın yerinə yetirilib yetirilməməsinin bir növ göstəricisi olmuşdur. Ancaq keçmiş zaman feilində danışsaq da, bu olay keçmişdə qalmayıb. Elə məsələnin real tərəfi də bundan ibarətdir. Ən mühüm reallıq isə budur ki, Cavanşir Quliyev məhz divan toplusunun kriteriyalarına mümkün qədər və özünəxas, daha doğrusu, musiqiyə xas olan bir şəkildə riayət etməklə, bu külliyyatı nəşr etdirmişdir.
Divan «Üvertüra» ilə başlayır. Əsərin adını ona görə dırnaq içində yazdıq ki, onun xüsusi bir adı yoxdur. Adətən, tək üvertüraların bəlli bir adı olur. Və biz belə anladıq ki, bəstəkar həmin bu əsəri bütöv bir divanın açılışı, dəramədi, qısa məzmunu, yəni üvertürası olaraq təqdim etmişdir. Zəngin və bir qədər də qəliz musiqi dili o saat anlaşılır. Yəni, Anadolu türkləri demişkən, «görsəl» olaraq, biz bunu partituraya nəzər saldığımız zaman hiss edirik. Texnika o qədər qabarıqdır ki, şəxsən mənim üçün kağız partitura eşidilməkdədir. Əvvəlcə orkestrin tərkibinə nəzər salırıq və mürəkkəb bir instrumental formanın içərisinə düşən zavallı Alisa kimi hiss edirik özümüzü. Demək olar ki, bütün əsərlərin əvvəlində Cavanşir müəllim bizi öncəliklərlə, şərti işarələrlə qarşılaylır. Qlisandolar, trelvari lal barmaqlar, çərçivəli improvizələr və sairə bir az yad gəlir ilk baxışda. Lakin,..
Xüsusilə diqqət yetirilməsi gərəkən başqa bir önəmli məqam isə, dəyərli bəstəkarın bu maraqlı və orijinal “Divan”ına yazılan ön sözdür. Tanınmış musiqişünas alimimiz professor Zümrüd xanım Axundova-Dadaşzadənin qələmindən çıxan bu geniş və əhatəli təhlil bizi ən azı “Divan”ın özü qədər təsir altında buraxdı. Hər iki cildə yazılan bu ön söz həddindən artıq elmi və təhlili tərəfləri ilə oxucuların nəzəri-diqqətinə catdırılmışdır. Bu gərgin zəhmətinə görə hörmətli Zümrüd xanıma da cavanşirsevərlər adından öz dərin təşəkkürümüzü bildiririk.
Bəli, bu aytıntıya absazdan başlamaq lazımdır. Çünki, bu ayrıntının adı Şərqdir, Türk dünyasıdır. Cavanşir Quliyev hər şeydən əvvəl qaçılmaz bir Şərq simfonistidir. O, həm də ifratın işıqlı tərəfinə və yaxud da işığın ifratına varmış bir türkçüdür. Mən onu şəxsən mərhum Vaqif İbrahimoğlunun Dünyanı sufiyanə tərzdə ələ salan, müdrik hoqqabazlığının məhsulu olan «YUĞ» Dövlət Teatrından tanıyırdım. Bu iki sənət divanəsinin bir araya gəlməsi nə təsadüfiydi, nə də təəccüblü.
«Üvertüra»nın ardınca isə, o məşhur, o məchul və bir qədər də məşum sonata gəlir. Bəli, saz və violin üçün iki hissəli sonata! Hələ Bakı Musiqi Akademiyasının tələbəsiykən sevmişdim və çalmaq istəyirdim bu əsəri. Ancaq dediyim kimi, məşhurluğundan əlavə, bu sonata mənim üçün o zaman həm məchul idi, həm də məşum – yəni bir qədər qorxulu. Sizi inandırıram, o qorxu bəlkə hələ də canımdan çıxmayıb. Mənim üçün müəmma təşkil edən əsas şey isə, sazın sazlığında qala-qala, bu qədər ümumbəşəri və qəliz bir dildə danışması idi. Etiraf etməliyəm ki, mən Cavanşir Quliyevi məhz həmin bu sonatadan sonra sevməyə başladım. Nə gizlədim, mahnı janrını bir o qədər də sevmirəm. Bəlkə də akademik musiqi yaradıcılığı sahəsində çəkilən zəhmətə və intellektə heyfim gəlir?! Ancaq mən C.Quliyev kimi monumentallığa gücü yetən bir təsvirçini sadəcə bir mahnı bəstəkarı olaraq tanımaq istəməzdim.
Divanı bir az da vərəqləyirəm. Qarşıma kvartet çıxır. Yenə də ənənəvi qeyri-ənənəvilik. Bəli, Cavanşir Quliyev üçün qeyri-ənənəvilik bir növ ənənəvi şəkil alıb. Daha sonra piano üçün «Yeddi Pyes». «Simlərin arasına yumşaq lastik yerləşdirərək, royalın səslənməsini yumşaltmaq, udun səsinə bənzətmək». Niyə Cavanşir müəllim? Bu qədər fokusa nə gərək var? Bunu elə ud özü çalsa, olmazmı? Özüm özümə cavab verirəm: olmaz! Çünki, ud alətində bu imkanlar və bu musiqi teknikası mövcud deyil. Heç buna gərək də yoxdur. Beynəlmiləl və bütün bəşərin, bütün tarixin sınağından keçmiş intrumental vasitələrlə danışmaq lazımdır ki, bəstəkarın da, onu dinləyənlərin də material və ruhani azadlığı təmin edilsin. Bu interlüdiyalar muğamların səsqatarında yazılmışdır. Rast, Bayatı-Şiraz, Segah, Şüştər, Çahargah, Hümayun, Şur. Bitdi. Yeddi məqam əsasında yazılmış piano əsərləri və interlüdiyalar bu dairə əsasında tamamlndı. Sadəcə bir məqama diqqətinizi çəkmək istərdim. Kiçik sekundalar istisna olmaqla, mən bu piano əsərlərində bir dənə də olsun akkorda rast gələ bilmədim. Bunun da niyəsini, düşünmək üçün dəyərli oxucularımıza buraxmaq istəyirəm.
Birinci cildin ən böyük əsəri isə təbii ki, Üçüncü simfoniyadır. Yaxşı ki, Divanın üz qabığına kompakt disk yerləşdirilib. Əziz cavanşirsevərlər, lütfən, bu diskləri dinləyin. Ancaq sadəcə dinləməyin. Onları dinlərkən, barmağınızın ucunu isladıb, partituranı çevirərək dinləyin. Yəni gözlə qulaq asın onlara. Çünki, hər bir istedad sahibi olan bəstəkar öz əsərini qulaqla görür! Divanın birinci cildindəki son əsər qarışıq xor üçün yazılmış a capelladır.
Ala gözlüm, səndən ayrı düşəli,
Ah çəkməkdən bağrım qana dönübdü,
Qədd əyilib, gül irəngim saralıb,
Xəzan dəymiş gülüstana dönübdür.
Bu da Aşıq Ələsgər! Sağ olun Cavanşir müəllim! Şərəfli bir ömür yaşadınız! Bundan belə ölməyə də dəyər, yaşamağa da! Divanın ikinci cildini dinləyirəm. Siz də məndən dinləyin. İlk olaraq qarşıma nəfəsli kvartet çıxır. Fleyta, oboy, klarnet və faqot üçün yazılmış son dərəcə maraqlı bir əsər. Qeyd etmədən keçmək istəmirəm ki, Cavanşir Quliyevi özəl yapan amillərdən biri və bəlkə də birincisi onun yaradıcılığındakı janr müxtəlifliyidir. Bir də onun ancaq özünə məxsus olan bir vokalvari leqatosu vardır ki, bu həyəcanlı, uzun və qəribə səsi biz onun bütün əsərlərində eşidirik. Nə bilim, bəlkə də məndəki bu subyektivliyin səbəbi ilkin təəssüratın sillinməzliyidir? Ancaq, bildiyim bir şey dəqiqdir ki, Cavanşir Quliyev öz səsini tapan az sayda bəstəkarlarımızdan biridir.
Divanda iki simfoniya yer alıb. Onlardan biri də yaylı orkestr üçün yazılmış «Dastan» adlı simfoniyadır. Yenə də bu əsərlər haqqında deyə biləcəyim ən yaxşı söz onları mütləq şəkildə dinləmənizdir. Çünki mən yox, müəllifin özü də bu əsərlər haqqında nəsə deməyə qalxsa, yenə də bunlar sözdür və hər şeyi ifadə etmir. Söz, yəni ərəb dilindəki «qalə» (danışmaq, demək) feilindən yaranmış «qal» kəlməsi musiqiyə yaddır. Musiqi qal deyil, haldır. Qitələrin, materiklərin, qütblərin əngəlləyə bilmədiyi ruhani sərxoşluq – hal! Zatən söz hər şeyi ifadə etsəydi, musiqiyə gərək qalmazdı. İnsan oğlu sözün yetməzliyindən doğan ehtiyac ucbatından yaradıb musiqini. Qəribə-qəribə olaylar baş verir bu Divanda. Gah ifaçı tamaşa salonunun mərkəzinə keçir, gah solist foyeyə çıxaraq, salonun qapısını açıq qoyur, gah da əsərin bir parçası, tamaşa salonunun qapısı açıq vəziyyətdə ikən, foyedə ifa edilir. Bəli, bütün bunlar C.Quliyev novatorluğunun alışılmamış, notları kimi qlisando sevən özəllikləridir.
Divandakı son möhtəşəm əsər Hollandiyanın «Atlas» ansamblı tərəfindən sifariş edilən «Bayatı» adlı monumental simfonik əsərdir. Tam tərkibli böyük orkestr üçün yazılan bu əsərə nə poema, bir hissəli simfoniya, nə də başqa ad vermək mümkündür. Bu əsər elə məhz bayatıdır. Məsələ burasındadır ki, Cavanşir Quliyev əsərlərinə təsadüfi adlar seçmir. Bəlkə də onun bəzi əsərlərinin adları özündən əvvəl yaranır. Çünki bu bəstəkarın nadir qabiliyyitlərindən biri də ədəbi və digər janrları sözsüz, fırçasız və başqa vasitələrsiz birbaşa musiqinin diliylə ifadə edə bilməsidir. Yəni bu iri həcmli simfonik əsərin adı «Bayatı»dırsa, deməli o elə bayatıdır! Belə,.. bu qədər. Mənim qalım, musiqinin halını ifadə edə bilməz. Ancaq yenə də uğurlu da olsa, uğursuz da olsa, bir cəhd etdik. Son olaraq, saxta ənənəviliyi bir kənara qoyaraq, Cavanşir Quliyevdən yeni əsərlər gözləmirəm. Onun bu günə qədər yaratdıqlarının gerçəkləşməsini, Dünyaya çatdırılmasını, qərəz, bu əsərlərin premyerasının baş tutmasını arzu edirəm. Ümid edirəm ki, bu arzumuz ürəyimizdə qalmayacaq!