AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” 2020 № 3 (48)

ROBERT ŞUMANIN GƏNC MUSİQİÇİLƏRƏ TÖVSİYƏLƏRİ

 

  1. Eşitmə qabiliyyətinin inkişafına çox əhəmiyyət verin. Kiçik yaşlarda səsləri və tonallıqları təyin etməyə cəhd edin. Bir kilsə zənginin, pəncərə şüşəsinin, quş civiltisinin çıxartdığı səsləri tanımağa çalışın.
  2. Qammalar və başqa barmaq məşğələləri üzərində davamlı çalışın. Ancaq yaşlandıqca, gündə bir neçə saat vaxtını texniki məşqlərə sərf edərək, güclü ifaçı olacağını zənn edənlər çoxdur. Bu vəziyyət əlifbanı hər gün bir az da sürətli oxumaq üçün çalışmağa bənzəyir. Zamanınızı daha yaxşı istifadə edin.
  3. Ölçüyə dəqiq riayət edin. Çox virtuozlar vardır ki, onların ifası sərxoş bir adamın yerişinə bənzəyir. Onlardan biri olmayın.
  4. Harmoniya qanunlarını erkən öyrənin.
  5. Musiqi nəzəriyyəsi, əsas bas, kontrapunkt kimi şeylərdən çəkinməyin. Onlarla dost olun, əvəzində dostluq görəcəksiniz.
  6. Yarımçıq məşq etməyin. Hər zaman istəklə çalışın və əsərləri heç bir zaman yarıda qoymayın.
  7. Tempi aşağı salmaqla tələsmək ikisi də eyni şeydir.
  8. Asan əsərləri yaxşı və gözəl bir şəkildə çalmağa çalışın. Bu, çətin bir əsəri pis çalmaqdan yaxşıdır.
  9. Hər zaman yaxşı köklənmiş alətdən istifadə edin.
  10. Bir əsəri yalnız barmaqlarla öyrənmək yetərli deyil. Onu çalğısız, mahnı şəklində də oxuya bilməlisiniz. Xəyal gücünüzü işə salın, belə ki, bir əsərin ancaq melodiyasını deyil, harmoniyasını və akkordlarını da əzbər bilməlisiniz.
  11. Səsiniz az olsa da, əsəri, çalğınızın köməyi olmadan, ilk baxışda oxumağa alışın, beləliklə qulağınızın həssaslığı daima artacaqdır.
  12. Yaxşı səsiniz varsa, onu inkişaf etdirmək fürsətini əldən qaçırmayın. Bunu, təbiətin sizə bəxş etdiyi böyük hədiyyə olaraq dəyərləndirin. Xüsusilə Baxın fuqalarına diqqət edin. Onun 48 prelüdiya və fuqası gündəlik qazancınız olsun. Sadəcə bu sayədə belə yaxşı və əsaslı musiqiçi olmaq olar.
  13. Çalarkən sizi dinləyənlərlə maraqlanmayın.
  14. Yanınızda hər zaman bir ustadın sizi dinlədiyi kimi çalın.
  15. Qarşısınıza ilk dəfə çalacağınız bir əsər çıxarsa, əvvəlcə onu oxuyun.
  16. Gündəlik məşqlərdən sonra yorğunluq hiss etdiyinizdə, israr etməyin. İstəksiz və həvəssiz çalışmaqdansa, dincəlmək yaxşıdır.
  17. Yaşınız irəlilədikcə, əsərləri «dəbdədir» deyə çalmayın. Vaxt dəyərlidir. Gözəl əsərlərin hamısını öyrənmək gərəksəydi, yüz ömür yaşamanız lazım olardı.
  18. Sadəcə şirniyyat yeməklə uşaqlar güclü insan olaraq yetişməz. Bədən kimi, zəkanın da qidası sadə və qüvvətləndirici olmalıdır. Böyük bəstəkarlar özlərindən sonra gələnləri düşünmüşlər. Onlara müraciət edin.
  19. Pis əsərlər yazmamalısınız. Onları rədd etməlisiniz.
  20. Pis əsərləri nə çalın, nə məcbur qalmadıqca dinləyin.
  21. İfa zamanı «pafoslu çalğıya» meyl etməyin. Əsərdə bəstəkarın düşündüyü şeyləri ifadə etməyə çalışın. Başqa bir şey axtarılmamalıdır, bu karikatura olur.
  22. Tanınmış bəstəkarların əsərlərində dəyişiklik etmək, bəzi səsləri ixtisar etmək və ya aralara yeni çalğı üslubuna uyğun bəzək-düzək yerləşdirmək ayıb sayılmalıdır. Belə şeylər sənətə qarşı ən böyük həqarətlərdir.
  23. Çalışacağınız əsərlərin seçilməsi məsələsində daha təcrübəli musiqiçilərlə məsləhətləşsəniz, zaman qazanmış olarsınız.
  24. Böyük bəstəkarların önəmli əsərlərini get-gedə tanımalısınız.
  25. Özlərini böyük virtuoz kimi göstərənlərin qazandıqları alqış sizi yanlış yola sürükləməsin. Xalqın tərifindən çox, sənətkarın təqdirinə önəm verin.
  26. Dəb halına gəlmiş bütün şeylər o dəbin dəyişməsiylə yox olub gedər. Siz isə, qocalana qədər onlardan istifadə etsəniz, dar fikirli olarsınız və heç kim sizə əhəmiyyət verməz.
  27. Onun-bunun önündə çalmaq sizə fayda deyil, zərər verər. Qarşısında ifa edəcəyiniz insanları seçin, lakin sizi utandıracağını hiss etdiyiniz bir əsəri çalmayın.
  28. Duet, trio və s. kimi ansambl fürsətlərini əldən qaçırmayın. Bu, çalğınızı axıcı və hərəkətli bir hala gətirər. Vokalistləri də tez-tez müşayiət edin.
  29. Hamı I violində çalmaq istəsəydi, heç bir orkestr yarana bilməzdi. Hər musiqiçi öz yerini tapmalıdır.
  30. Çaldığınız aləti sevin, ancaq «bir dənədir», «ən yüksəkdir» deyə qürrələnməyin. O alət kimi başqa alətlərin də olduğunu və hamısının onun qədər gözəl olduğunu unutmayın. Onu da unutmayın ki, səs sənətçiləri vardır və ən yüksək musiqi xor və orkestrlə ifadə edilir.
  31. Yaşa dolduqca virtuozluqdan çox, partituralarla maraqlanın.
  32. Dostlarınız arasında sizdən daha çox bilənləri axtarıb tapın.
  33. Musiqi çalışmalarınızdan yorulduğunuz zaman, istirahət etmək üçün şeir oxuyun. Tez-tez açıq havada gəzin.
  34. Muğənnilərdən çox şey öyrənə bilərsiniz, ancaq hər söylədiklərinə inanmayın.
  35. Dünya böyükdür. Sizdən əvvəlkilərin düşünüb tapa bilmədiklərini siz də hələ kəşf edə bilməmisiniz. Əgər kəşf etmişsinizsə, bunu başqalarıyla bölüşəcəyiniz bir Tanrı hədiyyəsi olaraq düşünün.
  36. Musiqi tarixini öyrənmək – müxtəlif dövrlərin şah əsərlərini dinləmək şərtiylə – sizi təkəbbür və lovğalıqdan tez bir şəkildə uzaqlaşdırar.
  37. Orqan alətini çalmaq fürsətini əldən buraxmayın. Bir bəstəkarın pis tərəflərini və texniki qüsurlarını üzə çıxaran yeganə alət orqandır.
  38. Xorlarda mahnılar oxuyun – xüsusilə orta səslərdə. Bu musiqi mədəniyyətinizi inkişaf etdirəcəkdir.
  39. Musiqiçi olmaq nə deməkdir? Əsəri, gözləriniz notda, çətinliklə tamamlaya bilirsinizsə, səhifəni çevirən səhvən bir vərəq yerinə iki vərəq çevirdiyi zaman əsəri davam etdirə bilməyib, yolda qalırsınızsa, musiqiçi sayılmazsınız. Bunun ək­sinə, yeni bir əsər çalarkən, irəlidə nə gələcəyini az-çox təxmin edə bilir­si­niz­sə, bildiyiniz bir əsər zehninizə yerləşmişdirsə, yəni bir sözlə, musiqini yal­nız barmaqlarınızda deyil, başınızda və qəlbinizdə hiss edirsinizsə, o zaman «musiqiçi» sifətini qazana bilirsiniz.
  40. Önəmli və yaxşı bir musiqiçi olmağın sirri nədir? Əziz tələbə, ən önəmli şey yax­şı bir qulağa və sürətli qavrama qabiliyyətinə sahib olmaqdır. İstedad inki­şaf edə bilər və yüksələ bilər. Bu üstünlüklər isə, günlərlə bir məkana qapanıb, me­xaniki çalışmalara bağlanmaqla deyil, geniş musiqi əlaqələri, o cümlədən tez-tez xor və orkestr dinləməklə əmələ gəlir.
  41. İnsan səsinin sərhəddini və imkanlarını, eyni zamanda dörd növünü erkən yaş­lar­dan və doğru olaraq öyrənin. Xorda bunları yaxşıca mü­şa­hidə edin. Səsin han­sı yerlərdə qüvvətli, hansı yerlərdə xəfif və yumşaq çıxdığını diqqətlə izlə­yin.
  42. Xalq mahnılarına yaxşı qulaq asın, bunlar ən gözəl melodiyaların qaynağıdır və hər millətin xarakterini özündə daşıyır.
  43. Əski açarlarla dərhal not oxumağı öyrənin. Əks təqdirdə keçmiş zamanların bir çox xəzinələrini kəşf edə bilməyəcəksiniz.
  44. Erkən yaşlardan fərqli musiqi alətlərinin səs çalarlarını və xarakterlərini incə­ləyin, hər birinin özəl səsini qulağınızda duymağa çalışın.
  45. Yaxşı operaları seyr edin.
  46. Əski şeylərə hörmətlə yanaşın, fəqət yeniliklər üçün də səmimi olun. Tanı­ma­dığınız insanlar haqqında araşdırmadan hökm verməyin.
  47. Bir əsər haqqında qərarınızı elə ilk dinləmədə verməyin, ilk dəfədən xoşunuza gələn hər şey mütləq şəkildə yaxşı olmaya bilər. Ustaların əsərləri inc­ə­lən­mə­li­dir. Bir çox həqiqəti ancaq yaşlandığınız zaman anlaya biləcəksiniz.
  48. Bəstələr haqqında hökm verdiyiniz zaman, gerçək sənətsevərlər üçün ya­zı­lan­lar­la, kütləni əyləndirmək üçün yazılan əsərləri ayırd etməlisiniz. Birincilərin tərə­fini tutun, digərlərinə qarşı isə aqressiv olmayın.
  49. «Melodiya» diletantların «hərb mahnısı»dır. Ancaq doğrusunu söyləmək la­zım­dır ki, melodiyasız da musiqi olmaz. Fəqət, melodiyanı hansı mənada an­la­dıq­la­rına diqqət edin. Bir çox «melodiya» yalnız asan anlaşıla bilən və xoş bir rit­mi olandır. Başqa çeşid melodiyalar da vardır. Bax, Motsart və Bethoveni din­lə­diyimiz zaman bu cür melodiyalar min bir fərqli rənglərlə qarşımıza çıxır. İtal­yan opera melodiyalarından isə, az müddət sonra bezəcəksiniz.
  50. Əgər pianoda kiçik melodiyalar çala bilirsinizsə, bu az da olsa bir bacarıq sayılır, bu melodiyalar içdən və pianonun köməyi olmadan gəlirsə, daha çox sevinin. Çünki, bu sizin musiqi duyğunuzu canlandıracaqdır. Barmaqlar beynin istədiyini etməlidir. Başqa cür ola bilməz.
  51. Bəstələməyə başladığınız zaman, hər şeyi başınızla edin. Bir əsəri mükəmməl bir şəkildə meydana çıxarmadan alətdə çalmayın. Musiqi ruhunuzdan qop­muş­dursa, əgər onu tamamilə hiss edirsinizsə, bu başqalarına da təsir edəcəkdir.
  52. Doğuluşdan geniş bir xəyal gücünüz varsa, tək qaldığınız vaxtlarda pianonun başına keçib, içinizdə yanan atəşi harmoniyalarla ifadə etməyə çalışın və his­lə­ri­niz nə qədər gizli olarsa, harmoniya dünyası da sizə o qədər əsrarəngiz gö­rü­nə­cəkdir. Belə saatlar gəncliyin ən xoşbəxt anlarıdır. Lakin sizi yanlış yollara sövq edəcək, gücünüzü və zamanınızı xəyallar içində itirəcək duyğulara qapıl­maq­dan çəkinin. Bir əsərin hazırlanması və təmiz ifadə qüdrəti yalnız bəlli və açıq bir yazı şəklində əldə edilir. Belə olan halda xəyalpərəst olmaqdansa, qələ­minizi işə salın.
  53. Orkestri idarə etmək sənətiylə məşğul ol. Yaxşı dirijorları tez-tez seyr et. Hətta orkestri zehnində dirijorla birlikdə idarə et. Bu sənə doğru yolu göstərəcəkdir.
  54. Sənət növlərini və elmləri öyrəndiyin kimi həyatı da öyrən.
  55. Əxlaq normaları sənət qanunları ilə eynidir.
  56. Çalışqanlıq və əzm sayəsində daima yüksələcəksən.
  57. Qəpik-quruş dəyərində olan bir kilo dəmirlə minlərlə saat əqrəbi düzəldilir. Beləliklə, bu dəmirin qiyməti yüz min dəfə artır. Tanrının sənə bəxş etdiyi o bir kilonu diqqətlə və böyük yararla istifadə et.
  58. İstək olmasa, sənətdə doğru yerə çatmaq olmaz.
  59. Sənət yalnız varlıların işi deyil. Hər zaman daha böyük bir artist olmağa çalış, başqa istəklərin öz-özlüyündə yerinə yetəcəkdir.
  60. Bir əsərin ruhunu ancaq onun formasını anladıqdan sonra qavrayacaqsınız.
  61. Dahini bəlkə də ancaq dahi olan anlar.
  62. «Yetişmiş bir musiqiçi ən qarışıq bir orkestr əsərinin notunu ilk dinlədiyində belə, onu göz önünə gətirə bilməlidir» demişlər. Bu, insan ağlına gələ biləcək ən yüksək dərəcədir.
  63. Öyrənməyin sonu yoxdur.
  64. Heç kim bildiyindən artığını edə bilməz. Heç kim etdiyindən artığını bilə bilməz.
  65. Ədəbiyyatın önəmli əsərlərini, yeni dərc edilənləri bilməyənlər mədəniyyətsiz sayılırlar. Musiqidə də bu irəliləyiş olmalıdır.
  66. Zəmanənin ən yaxşı sənətkarlarını görməyənləri itib-batmış hesab etmək olar.
  67. Xalq «xoşuma gəldi» və ya «xoşuma gəlmədi» deyir. Sanki, xalqın xoşuna gəl­mək­dən daha yüksək bir şey yoxdur?!
  68. Çoxlu musiqi əsəri oxuyun. Bu, xüsusilə də iç duyumunuzu inkişaf etdirə­cək­dir. Bir əsəri tamamilə içinizdə duymadan çalışmayın.

 

Tərcümə etdi:

Fəxrəddin Baxşəliyev

endir

PDF

 

 

Mövzuya uyğun