AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 № 4 (46)

AZƏRBAYCAN XANƏNDƏLƏRİNİN SƏSLƏRİ ALMANİYADA

ELMİ TƏDQİQAT OBYEKTİNƏ ÇEVRİLDİ

endir

PDF

Azərbaycan Milli Konservatoriyasını təmsil edən nümayəndə heyəti 2019-cu ilin oktyabr ayında Al­m­a­ni­ya­nın Frayburq şəhərinə səfər etdi.  Səfərin məqsədi  Frayburq Tibb Universitetinin Radiologiya kafedrasında pro­fessor Yurgen Henningin rəhbərliyi altında fəaliyyət göstərən tibbi fizika klini­ka­­da təcrübələrdə iştirak etmək idi. İlk dəfə olaraq, muğam ifaçılarımızın səs aparatı, səs tel­lə­ri və ifaçılıq imkanları ən müasir avadanlıq vasitəsilə elmi tədqiqata cəlb edilirdi.

      Səfər AMK-nın doktorantı Aleksandriya Sultan fon Brüseldorfun “Xanəndə və aşıq­ların səs aparatının fizioloji və akustik xüsusiyyətləri” adlı elmi tədqiqat iş çər­çi­vəsində reallaşmışdı. Qeyd edək ki, Azərbaycan mənşəli amerikalı Aleksandriya Sul­tan fon Brüseldorf Azərbaycan muğamlarının qarmonda məşhur ifaçısı Kor Əhədin nəti­cəsidir. Son illər o, öz ulu babasının yaradıcılıq irsini təbliğ etmək sahəsində xeyli dəyərli və nəcib işlər görmüşdür. Eyni zamanda  peşəkar vokalçı kimi milli səs quruluşunu dərindən öyrənməyi də qarşısına bir məqsəd kimi qoyub.

     Nümayəndə heyətinin  tərkibinə bilavasitə layihənin təşəbbüskarı Aleksandriya Sul­tan fon Brüseldorfla bahəm AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hü­seynova, AMK-nın professoru, Azərbaycanın xalq artisti, məşhur xanəndə Mənsum İbra­himov və AMK-nın tələbəsi, muğam ifaçıları müsabiqəsinin laureatı Sədəf Buda­qo­va daxil idi.

2

       Tədqiqat üçün Frayburq klinikasının seçilməsi təsadüfi deyildi. Bu klinika uzun illər­dir ki, müxtəlif vokal səslərini müasir texnologiyalar vasitəsilə tədqiq edən azsaylı tibb müəssisələrindən biridir. Burada vokal ifaçılığının fizioloji və akustik göstəriciləri yeni üsullarla tədqiq edilir. Bu günəcən artıq 100-ə yaxın opera müğənnisi, repdən tut­muş estrada ifaçılarına qədər müxtəlif səpkili ifaçıların səs imkanları araşdırılsa da, xa­nən­dələrin səs aparatının tədqiqi ilk dəfə idi ki, həyata keçirdi.

      Tədqiqatın məhz bu isti­qa­mə­ti “Radiologiya və tibbi fizika” departamentinin keçirdiyi “dəyirmi masa”nın əsas mü­za­ki­rə mövzusu oldu. Müzakirədə radiologiya və tibbi fizika departamentinin elmi rəh­bə­ri, professor Yurgen Henninq, Tibbi Musiqi İnstitutunun direktoru Bernhard Rixter, maq­nit rezonansın tətbiqi Mərkəzinin rəhbəri doktor Maksim Zaytsev, doktor Marten Bü­hert və Azərbaycan nümayəndə heyətin üzv­ləri iştirak edirdi. Dəyirmi masada bu sa­hə­də müştərək əməkdaşlığın yaxşı per­spek­tivinin olacağı fikri də dəfələrlə vurğulandı. Söh­bət əsnasında Heydər Əliyev Fon­dunun nəfis tərtibatda nəşr etdirdiyi “Qarabağ xa­nən­dələri” və “Azərbaycan musi­qi­si: Muğam” adlı disklər toplusu bu tibb müəssisəsinə hədiyyə edildi.

    Bilavasitə tədqiqat prosesinin özü isə müəyyən çətinliklərlə üzləşirdi, çünki xa­nən­dələr öz vo­kal sənətinin imkanlarını tamamilə yad şəraitdə nümayiş etdirməli idi. İlk gündə təd­qi­qat maqnit-rezonans aparatının köməkliyi ilə aparıldı. Xanəndələrimiz mu­ğam dəst­ga­hını qapalı barokamerada, özü də uzanmış narahat bir vəziyyətdə,  tomo­qrafiya apparatının uğultusu fonunda ifa etməli idi. Bu cür səs-küydə muğamın to­­nal yüksəkliyini saxlamaq məqsədilə qulaqcıqlar vasitəsilə ifaçılara müəyyən tonlar ötü­­rülürdü. Bu şəraitdə xanəndələrimiz “Bayatı Şiraz” və “Mahur-hindi” muğamlarını ifa etdilər. Daha bir çətinlik onda idi ki, hər parça 2 dəqiqədən artıq olmamalı idi.

      Qeyd edək ki, Mənsum İbrahimov və onun yetirməsi Sədəf Budaqova tanış ol­ma­­yan bu mürəkkəb şəraitdə çətin sınaqdan üzü ağ çıxa bil­di­lər. Beləliklə, Azər­bay­can xanəndələrinin oxuma aparatı ilk dəfə olaraq müasir MRT cihazı vasitəsilə fik­sa­si­ya və tədqiq edildi.

     Ertəsi gün tədqiqat professor Bernhard Rixterin rəhbərliyi ilə Frayburq Kli­ni­ka­sı­nın Mu­si­qi­çilər üçün tibb institutunda davam etdi. Bernhard Rixter foniatriya üzrə məş­hur həkim oto­la­rin­qo­loq olmaqla yanaşı, həmçinin gözəl vokalçıdır. Tibb və musi­qinin məhz bu şəkildə vəh­dəti sayəsində professor B.Rixter vokalçılara səsinin sağ­lam­lığını qorumağa imkan verən, səs tel­lərini problemlərdən azad edə biləcək və bunun­la da daha gözəl nəticələr əldə etməyə şərait yaradan xüsusi tibb mərkəzini yarat­mağa müvəffəq olmuşdur.

       Klinikanın otaqlarında yerləşdirilmiş royallar vokalçılara səs tellərini  “qızış­dır­maq” üçün gözəl şərait  yaradırdı və bizim xanəndələrimiz də təbii ki, bilavsitə tibbi eksperimentlərə keçməzdən əvvəl bu imkandan yararlandılar. Bu zaman L.Hüseynova və A.Sultan fon Brüseldorf professor B.Rixterlə birgə göz­lə­ri­nə xüsusi optik qurğu sa­lıb ifa zamanı xanəndələrimizin səs tellərini 3D rejimdə mü­şa­hi­də etmək imkanı qa-zan­dılar. Tədqiqat zamanı Azərbaycan xanəndələrinin səs telləri və oxuma aparatının xü­susi durumu ayrıca qeyd olundu. Bu fakt isə gələcək yeni araş­dır­malar üçün yaxşı meydan açır.

4

      Qeyd etmək lazımdır ki, söhbət açdığımız elmi-tədqiqat sahəsi, yəni Azər­bay­can xanəndə səslərinin ifa za­ma­nı tədqiqi alman mütəxəssislərinin böyük marağına sə­bəb oldu. İki gün ərzində ən son dövrün texnologiyaları vasitəsilə  Azərbaycan xa­nəndə­lərinin səs aparatının bu tərzdə öyrənilməsindən alınan nəticələr təhlil və ümum­ləş­dir­mələrlə birgə Aleksandriya fon Brüsel­dor­fun dissertasiya işinə daxil ediləcək.  Şüb­hə­siz ki, bu araşdırma Azərbaycan xanəndələrinin ifaçılıq tex­nikasını öyrənməklə ya­na­şı, muğam ifaçılığının fizioloji və akustik xüs­u­siy­yət­lə­ri­nin tədqiqi istiqamətində çox dəyərli bir addımdır.

 

Lalə HÜSEYNOVA

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

 

Mövzuya uyğun