Fikrət Əmirovun musiqi irsi məktəblərarası elmi-yaraıdıcılıq müstəvisində
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” 2023 № 4 (61)
FİKRƏT ƏMİROVUN MUSİQİ İRSİ
MƏKTƏBLƏRARASI ELMİ-YARADICILIQ MÜSTƏVİSİNDƏ
Gəncə şəhəri orada dünyaya göz açan, havasını udub suyunu içən, sinəsində Azərbaycan tarı ilə muğam aləminə qərq olan dahi bəstəkar Fikrət Əmirovun vətənidir. O, təbiətən istedadlı doğulub, Üzeyir bəy kimi müəllimin rəhbərliyi ilə formalaşıb və bütün yaradıcılığı boyu öz dərin köklərindən əsla ayrılmayıb. Odur ki, böyük bəstəkarın musiqisi xalqın qəlbinə tez yol tapır, yadda qalır, sevilir, hər yerdə səslənir və bir nəsildən digərinə yüksək mənəvi dəyəri olan sərvət kimi ötürülür.
F.Əmirovun yaradıcılıq mirası təkcə ifa olunmur, həm də elmi aspektdən təhlil edilir. Tanınmış bəstəkarın musiqi irsinin müxtəlif cəhətləri ayrı-ayrı mövzuların tədqiqat obyektinə çevrilib. Bu gün F.Əmirov yaradıcılığına elmi aspektdən maraq məktəblilər tərəfindən da aparılır. Bəstəkarın adını daşıyan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagird və müəllimlərin elmi-ifaçılıq konfransı bu qəbildəndir. Artıq səkkiz ildir ki, həmin konfransa kiçik musiqiçilər cəlb olunur. Bu ilin 20 noyabr tarixində elmi-yaradıcılıq konfransı Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olundu. Konfrans bəstəkarın vətənində yerləşən həmin təhsil müəssisəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmişdi. Elmi və musiqili yığıncaq tədbirinin əvvəlində II Qarabağ müharibəsində həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildikdən sonra Gəncə şəhər F.Əmirov adına 1 nömrəli məktəbin direktoru Aida Əmrahova qonaqları salamladı. O, giriş sözü ilə çıxış edərək rəhbərlik etdiyi sənət ocağının 100 illik tarixi inkişaf yollarına nəzər yetirdi. Aida xanım iştirakçılara uğurlar dilədikdən sonra söz F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin direktoru əməkdar müəllim, professor Adilə Yusifovaya verildi. Adilə xanım rəhbərlik etdiyi İncəsənət Məktəbində dahi bəstəkarın şərəfinə yaradılmış muzey-guşəsi haqqında ətraflı məlumatı video slayd fonunda konfransa toplaşanların diqqətinə çatdırdı. Məktəbin nəzəriyyə şöbəsinin müəllimi, tədbirin moderatoru, musiqişünas Aytən Manafova hər il təşkil edilən elmi-ifaçılıq konfransının formatı, mahiyyəti barədə məlumatı diqqətə çatdırdı, sonra isə çıxışçıların məruzələri dinlənildi. Tədbirdə Bakı və Gəncə şəhər məktəblərinin şagirdləri F.Əmirovun bütün aləmə səs salmış əsərlərindən ibarət musiqi nümunələrini təqdim etdilər. Məktəbin fortepiano, simli alətlər, nəfəs və xalq çalğı alətləri şöbələrində təhsil alan şagirdlərin ifaları maraqla qəbul olundu. Konfransın sonunda A.Yusifova həmkarı Aida xanıma və onun rəhbəri olduğu məktəbin kollektivinə öz minnətdarlığını bildirdi. Adilə xanım gələcəkdə də qarşılıqlı elmi-yaradıcılıq əlaqələrinin davam etdiriləcəyini söylədi. Bu səpkidə tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı. O, F.Əmirovun yeni işıq üzü görmüş əsərlərinin notlarını, məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin “Xəmsə” mövzusunda çəkdiyi rəsm əsərlərini, həmçinin unudulmaz bəstəkarın adını daşıyan məktəbin 60 illik yubileyi münasibəti ilə çap olunmuş kitabı və yaxın tarixdə nəşr edilmiş “Türk xalqlarının ortaq mədəniyyəti” mövzusunda olan və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyinə həsr edilən “Şuşa 2023 türk dünyasının mədəniyyət paytaxtıdır” adlı rəsm kataloqunu Gəncədəki musiqi ocağının kitabxanasına hədiyyə etdi. Daha sonra konfrans çərçivəsində keçirilən fortepiano şöbəsinin müəllimi Elmira Abbasovanın ustad dərsi Gəncə məktəblərinin direktorları və müəllimləri tərəfindən böyük maraqla izlənildi.
Konfransda Gəncə şəhərinin musiqi və incəsənət məktəblərinin direktorları, müəllimləri və başqa incəsənət nümayəndələri dinləyici kimi iştirak edirdilər. Onlar tədbirin çox yüksək səviyyədə keçirildiyini Adilə xanımın ünvanına göndərdikləri məktublarında qeyd ediblər. Xalq artisti, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri Rafael Bayramov, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkkül Hüseynli, Gəncə şəhəri Zərif Qayıbov adına 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Mədinə Babayeva, Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Qahirə Məmmədova, 3 nömrəli Bülbül adına uşaq musiqi məktəbinin direktoru Svetlana Hüseynova, Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin direktoru Aynur Şixiyevanın təbrik məktubları məzmun baxımından məmnunluq hissi doğurur. Konfransın əhəmiyyəti, musiqi təhsili üçün perspektivləri, qarşılıqlı elmi-yaradıcılıq əməkdaşlığı hər bir müəssisə rəhbəri tərəfindən dilə gətirilmiş və gələcəkdə yeni layihələrdə birgə çalışmaq istəyi vurğulanmışdır. Dinləyicilərin konfrans haqqında düşüncələrini və təbriklərini dəyərli oxucuların nəzərinə çatdırmaq çox xoş təsir bağışlayır. Onlarla aşağıdakı sətirlərdə tanış ola bilərsiniz: “Bakı şəhər F.Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbinin və Gəncə şəhəri 1 nömrəli uşaq musiqi məktəbinin birgə keçirdiyi bu konfransı mən çox təqdirəlayiq hesab edirəm. Burada F.Əmirovun yaradıcılıq irsinin çox maraqlı və yeni aspektlərinə toxunuldu. Bu həm şagirdlər, həm də konfransda iştirak edən gənc müəllimlər üçün maraqlı amillərdən biri oldu. Şagirdlərin sərbəst ifası və yaradıcı yanaşması fərqli idi. Bu xoş haldır. Kollektivinizlə bir daha görüşmək arzusu ilə Rafael Bayramov”.
Təvəkkül Hüseynlinin fikirləri: “Keçirilən konfrans kollektivimiz üçün çox məhsuldar oldu. Bunun üçün sizə öz minnətdarlığımızı bildiririk. Konfrans çox gözəl təşkil olunmuşdu. Tədris prosesinə aid olan bütün nümunələr izah edilirdi. Çox dəyərli və mənalı tədbir oldu. Hər iki məktəbin kollektivinə bol sevinc və uğurlar arzulayıram”.
Mədinə Babayevanın söylədikləri: “Yüksək səviyyədə təşkil edilmiş bu konfransda ən gözəl amil düşünürəm ki, F.Əmirovun əsərlərinin şagirdlər tərəfindən təhlil edilməsi idi. Bu konfransın özünəməxsusluğu odur ki, orada müəllimlərin potensiallarının aşkar edilməsi, şagirdlərin musiqi aləminə marağının formalaşdırılması, məktəblərarası yaradıcılıq mübadilələrinin aparılması üçün zəngin mühit var. Arzu edirəm ki, yüksək səviyyədə keçirilən bu konfrans Bakı və Gəncə məktəbləri arasında yaradıcılıq əlaqələrinin yaranmasına təkan versin və qarşıdakı illərdə bu səpkidə təşkil edilmiş konfranslar, ustad dərsləri mütəmadi şəkildə dinləyicilərə təqdim olunsun. Bakı və Gəncə məktəbləri qarşılıqlı yaradıcılıq fəaliyyəti göstərsinlər. Məncə belə qurulmuş tədbirlər daha çox istedadlı gənclərin üzə çıxarılmasına səbəb olacaq”.
Qahirə Məmmədova isə belə demişdir: “Konfransın təşkili şagirdlər arasında böyük ruh yüksəkliyinə səbəb oldu. Tədbirin keçirilməsi onlara F.Əmirov musiqisinin ölməzliyi hissini yaşatdı. Nə qədər ki, Azərbaycan xalqı var dahi bəstəkarımız da daim bu xalqın qəlbində yaşayacaqdır. Çox gözəl səviyyədə keçirilən bu konfransın təşkilində əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, belə konfranslar tez-tez keçirilsin”.
Svetlana Hüseynova konfrans haqqında təəssüratlarını belə ifadə edib: “Biz sanki böyük bəstəkarımızın atası Məşədi Cəmil Əmirovun yaratdığı Gəncə şəhər 1 saylı musiqi məktəbində onların ruhunu hiss edirdik. Şagirdlərin ifa etdikləri əsərləri təhlil etmələri də maraqlı idi”.
Aynur Şixiyevanın fikirləri: “Keçirilən elmi-ifaçılıq konfransında bəstəkarın əsərlərindən ibarət ifa və təhlillərin məhz şagirdlər tərəfindən nümayiş olunması, onların bu sahədə fəallığının artırılmasına təkan verdi. Dahi bəstəkarın adını daşıyan həmin təhsil ocağında musiqi və incəsənət məktəbinin qarşılıqlı əməkdaşlığı nəticəsində baş tutan bu konfrans F.Əmirovun musiqi irsinin təbliğinə mühüm töhfədir”.
Müxtəlif musiqiçilərin təbrik məktublarının məzmunu ilə tanışlıq belə nəticəyə gəlməyə imkan verir ki, Bakı və Gəncə məktəblərinin birgə keçirdiyi bu tədbir-konfrans gələcəkdə də yeni-yeni müxtəlif layihələrin başlanğıcına təkan verə bilər və şəhərlər arasında qarşılıqlı yaradıcılıq körpüsünə çevrilər. Fikrimcə, F.Əmirov musiqisinin yeni və zəngin çalarlarının üzə çıxarılmasında da əhəmiyyət daşıyar.
Konfransda F.Əmirovun “Min bir gecə”, “Nəsimi” dastanı xoreoqrafik poeması kimi iri həcmli səhnə əsərlərindən nömrələr ilə yanaşı, “Ballada”, fortepiano üçün “12 miniatür” silsiləsindən pyes və digər əsərlər elmi rəhbərlərin dəstəyi ilə şagirdlər tərəfindən tədqiqata cəlb edilib. Dinləyicilərin bildirdiyinə görə şagirdlərin müxtəlif mövzularda çıxışları həm monoloq, həm də aparıcı ilə dialoq formasında qurulmuşdu. Bütün bunların nəticəsi onların F.Əmirov musiqisi haqqında fərdi düşüncələrinin formalaşmasına təkan vermişdir. Odur ki, onlardan bəzilərinin konfrans haqqında təəssüratlarını dəyərli oxucuların nəzərinə çatdırmaq istəyirəm. Məktəbin XI sinif şagirdi Quliyev Sabir (ixtisas müəllimi Kəmalə Novruzbəyova, elmi rəhbər Fazilə Nəbiyeva) belə deyir: “Bu konfransda ilk dəfə olaraq iştirak etdim və “Min bir gecə” baletindən “Orgiya” pyesini qarmonda səsləndirdim. İfa etdiyim musiqi nömrəsini onun digər versiyaları ilə müqayisəsinə başladım və onlar arasındakı fərqi özüm üçün müəyyənləşdirdim. Konfransda çıxışım həmin pyesin başqa versiyalarını dinləməklə yanaşı F.Əmirovun yaradıcılığı barədə yeni biliklərin də əldə olunması ilə nəticələndi”.
Məktəbin IX sinif şagirdi Əlizadə Sevil (ixtisas müəllimi Könül Xəlilova, konsertmeyster Aida Əliyeva, elmi rəhbər Validə Nəsirova) də konfransda ilk dəfə olaraq çıxış edib. Onun söylədiklərindən: “Çox həyəcan keçirirdim. Bu konfransda çıxışım mənə hər bir çətin işin arxasında hamını sevindirən gözəl nəticənin olduğunu anlamağıma kömək etdi. Həmin tədbir mənim üçün çox əhəmiyyətli oldu və nəticədə böyük təcrübə qazandım. Konfransda iştirakım özümə inam hissini gücləndirdi. Gəncə Filarmoniyasını isə çox bəyəndim. Gələcəkdə orada konsertdə çıxış etməyi arzulayıram”.
Şagirdlərin fikirlərindən belə məlum olur ki, konfransda əldə etdikləri təcrübə onların təhsil və yaradıcılıq həyatında yeni uğurlu başlanğıclara yol açmışdır. Adı çəkilən elmi-ifaçılıq konfransında Bakı ilə yanaşı Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin və şagirdlərinin də ifaları dinlənilib. Onlar F.Əmirovun müxtəlif janrda yazdığı musiqi incilərini səsləndiriblər. Proqrama daxil olunan əsərlər arasında müəllim Turan Şahbazinin rəhbərlik etdiyi məktəbin violin ifaçılar qrupunun çıxışı, VI sinif şagirdi Quluzadə Toğrulun (ixtisas müəllimi Rafael Bayramov), VII sinifdə təhsil alan Vəliyev Arslan (ixtisas müəllimi Aida Əmrahova) və başqa istedadlı şagirdlərin ifası maraqla qarşılanıb. Müəllim Ülviyyə Bağırovanın ifa edilən əsərlər barədə məruzəsi də diqqət kəsb edib. Sonda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun adından onun müavini Nurəddin Babazadə tərəfindən hər iki məktəbin direktorlarına və kollektivinə konfransı yüksək səviyyədə təşkil etdiklərinə görə təşəkkürnamələr təqdim olunub.
Konfransın təşkilində səylə çalışan hər iki məktəbin direktorlarını və müəllimlərini mən də ürəkdən təbrik edir və yeni uğurlar arzulayıram. Tədbirin keçirilməsində maddi və mənəvi dəstəyinə görə F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin Həmkarlar Komitəsinin sədri Günel xanım Qarayevaya minnətdarlığımı bildirirəm. Səmimi münasibətə və göstərdikləri yüksək qonaqpərvərliyə görə Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoruna, tədris hissə müdiri Elmira xanıma və bütün kollektivə Adilə xanım və müəllim heyəti, eləcə də konfrans iştirakçıları adından təşəkkür edirəm.
Əminəm ki, başlanğıcı F.Əmirovun musiqi irsinin elmi tədqiqi ilə qoyulan bu yaradıcılıq əlaqəsi hələ neçə-neçə yaddaqalan tədbirlərlə davam etdiriləcəkdir. Ümidvaram böyük bəstəkarın yaradıcılığı gələcəkdə də şəhərlər və məktəblərarası elmi-mədəni tellərin sıx əlaqəsinə imkan yaradacaq və uğurlu layihələrin həyata keçirilməsinə təkan verəcəkdir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru