Azərbaycan muğam sənətinin tarixi təkamül prosesinə bir nəzər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
AMK-nın laborantı
Azərbaycan muğam sənətinin tarixi təkamül prosesinə bir nəzər
Açar sözlər: Azərbaycan professional musiqisi, şifahi ənənəli, muğam
Azərbaycan xalqının mədəniyyəti, incəsənəti və bədii yaradıcılıq irsi çoxəsrlik tarixə malikdir. Xalqımızın musiqi sənəti əsrlər ötdükcə təkmilləşmiş, özünəməxsus tarixi inkişaf yolu keçərək müasir dövrümüzdəki səviyyəsinə gəlib çatmışdır. Qeyd edək ki, xalq musiqimizin müxtəlif növləri, həmçinin şifahi ənənəyə əsaslanan professional musiqi yaradıcılığı da təkmilləşərək bugünkü günümüzdə öz layiqli yerlərini tutmuşlar.
Həm xalq musiqi növləri, həm də şifahi ənənəyə əsaslanan professional musiqi janrları bir-biri ilə qarşılıqlı proses zəminində inkişaf etmiş və daima sıx əlaqədə olmuşlar. Şifahi professional musiqi xanəndə və sazəndələr tərəfindən yaradılaraq yazısız şəkildə mövcud olmuşdur. Əsrlərdən keçərək təkmilləşmiş muğam sənətimiz şifahi şəkildə nəsildən-nəslə ötürülərək şifahi ənənəli professional musiqi janrı kimi formalaşmış və bu şəkildə adlandırılmışdır.
Onu da deməliyik ki, şifahi-professional musiqi janrlarının yaranması üçün məhz folklor musiqisi əsas mənbə olmuşdur [1]. Təbiidir ki, folklor nümunələri əsasında şifahi professional musiqinin janr nümunələri təkmilləşmiş, öz kamil inkişaf səviyyəsinə çatmışdır.
Folklor musiqi nümunələri ilə professional musiqinin janr nümunələrini müqayisə etdikdə belə professional musiqinin janr nümunələrinin mürəkkəb quruluşu, müxtəlif sənətkarların bu nümunələrə daxil etdikləri ifa üsulları və digər xüsusiyyətlər onları daha dolğun sənət nümunəsinə çevirmişdir.
Orta və Yaxın Şərq musiqi elmi Əbu Nəsr Fərabinin adı ilə bağlıdır. Onun musiqi haqqında müxtəlif fikir və mülahizələri müxtəlif elmi əsərlərində əks olunmuşdur. Ə.N.Fərabinin musiqi elminin inkişafına xidmət edən “Kitabül-Musiqi əl-Kəbir” (“Musiqi haqqında böyük kitab”), “Kitabül fi-ehsaül-İqa” (“Ritmlərin təsnifatı kitabı”), “Kitabül-Musiqi” (“Musiqi haqqında söz”) əsərinin adlarını çəkmək olar [2].
İlk dəfə olaraq adları qeyd olunan elmi əsərlərdə Ə.N.Fərabi muğam məsələlərinə toxunmuşdur. Məhz muğamın nəzəri əsaslarla öyrənilməsi üçün bu kitablar elmi mənbəyə çevrilmişdir.
Ə.N.Fərabinin davamçısı hesab olunan İbn-Sina müxtəlif elm sahələrində öz qiymətli əsərləri ilə nəzər-diqqəti cəlb edir. Belə ki, o, astronomiya, riyaziyyat, fizika və digər elm sahələrində qiymətli kitabları ilə yanaşı, musiqi sahəsində də musiqi-nəzəri araşdırmaları da vardır.
Artıq XIII-XV əsrlərdə musiqi nəzəriyyəsinin təkmilləşmə dövrü Səfiəddin Urməvi və Əbdülqadir Marağalının adı ilə bağlı olur. Onlar Orta və Yaxın Şərq xalqların musiqi nəzəriyyəsinin tədqiq olunması və öyrənilməsində əvəzsiz xidmətlər göstərmişlər. S.Urməvi Ə.N.Fərabi və İbn-Sinanın elmi əsərlərini dərindən mənimsəyərək musiqi nəzəri sistemini daha da təkmilləşdirməyə nail olmuşdur.
Ə.Bədəlbəyli belə qeyd etmişdir: “Urməvi zəngin yaradıcılığı ilə Azərbaycan musiqişünaslığına qiymətli yeniliklər gətirmiş, yalnız Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış, özündən sonra gələn musiqiçilər üçün əsl təlim və tərbiyə məktəbi olmuşdur” [3].
Orta və Yaxın Şərq xalqlarının musiqi sənətinin inkişafında və zənginləşməsində musiqi nəzəriyyəçisi Xocə Əbdülqadir İbn əl-Hafiz Qeybi Marağalının adını da qeyd etmək lazımdır. Dahi mütəfəkkir öz əsərlərində Azərbaycan, həmçinin Şərq ölkə xalqlarının musiqi mədəniyyətinin təkmilləşməsində böyük xidmətlər göstərmişdir. Ə.Marağalı 24 şöbə sistemini təfsilatı ilə şərh etmiş, “muğam”, ona rəğmən “pərdə” terminini işlədən 12 əsas lad nəzərdə tutulurdu. Ə.Marağalı özü bu haqda yazırdı: “Türklər “Üşşaq”, “Nəva”, “Busəlik” muğamlarında bəstələməyi üstün tuturlar” [4].
Adları qeyd olunan musiqişünas alimlər ilə yanaşı, XIV əsrdə yaşamış Əş-Şirazi, Əl-Amuli, XV əsrdə yaşamış Əbdürrəhman Cami, XVI-XVII əsrlərdə Orta Asiya alimlərindən Nəcməddin Kəvkabinin, Dərviş Əlinin və azərbaycanlı Mirzəbəyin traktat və əsərlərində muğamlar haqqında maraqlı bilgilərə rast gəlinir.
Artıq XIX əsrin II yarısından başlayaraq şifahi-professional musiqinin əsas janrı olan muğamın öyrənilməsində yeni dövr açılır. Bu sahədə şair, xəttat, ictimai xadim M.M.Nəvvabın adını xüsusi ilə qeyd etmək lazımdır. O, Şuşada yaşayıb-yaratmış və burada “Məclisi-xamuşan” adlı musiqi-şeir məclisinə rəhbərlik edirdi.
M.M.Nəvvabın “Vüzuhül-Ərqam” traktatında təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq ölkələrinin keçən yüzillikdə musiqi və muğam ifaçılığı kimi vacib məsələlərinə toxunulur [5].
M.M.Nəvvab qeyd olunan əsərində muğamların şöbələri, guşələri haqda söz açmış, həmçinin xüsusi dəstgahlar cədvəli yaratmışdır. O, 6 dəstgahın şöbə və guşələrin adlarını da qeyd edir.
Onu da qeyd edək ki, muğam termini və muğam sənəti birdən-birə yaranmamışdır. Muğam sözünün yaranması ilə bağlı daha bir mənbəyə nəzər salaq. Midiya dövrü musiqi mədəniyyətində b.e.ə. X-IX əsrlərdə 6 tayfanı özündə birləşdirən Midiya şahlığı dövründə muğ (mağ) tayfaları böyük nüfuza malik idilər. Onlar Azərbaycan türklərinin qədim tayfalarından olub Urmiya gölü ətrafında Muğanda yaşamışlar. Ərəb coğrafiyaşünası İstəxəri (X) yazır ki, İranın şimalında Muğanda muğların yaşadığı çoxlu kəndlər var [6].
Şərq xalqlarının hər birinin özünəməxsus folkloru mövcuddur. Folklor musiqisi kollektiv musiqidir. Xalq kutlələri arasında yaranır, şifahi şəkildə ağızdan-ağıza keçərək, ötürülərək xalq arasında yaşayır və sevilir.
Muğam da şifahi ənənələrə söykənən bir sənətdir. Muğam sənəti də folklor musiqidən qidalanaraq, şifahi professional musiqi nümunələrində öz yüksək kamillik zirvəsinə ucala bilmişdir. Sadə quruluşlu folklor nümunələrinin yaradıcıları olan xalq kutlələrindən fərqli olaraq, şifahi professional musiqinin yaradıcıları xüsusi bəstəkarlıq istedadı olan xanəndə və musiqiçilər tərəfindən öz ifa üsullarını bu sənətə tətbiq etmişlər.
Muğam sənətinin ümumşərq sənəti olması baxımından bütün Şərq xalqlarının özünəməxsus muğamları mövcuddur. Hər bir xalqda muğam termini müxtəlif adlar şəklindədir. Belə ki, ərəb və Türkiyə makam, Azərbaycanda muğam, İranda dəstgah, Hindistanda raqa, Türkmənistanda mukam, Qazaxıstanda küy, Qırğızıstanda kü və s. adlarla mövcuddur.
İranda həm muğam, həm də dəstgah termini eyni məna kəsb edir. Ərəblərdə isə makamların ifası zamanı onları zərb alətləri müşayiət edir və bu ritmlər böyük əhəmiyyət daşıyır. Hindistanda isə raqa hamının rəğbətinin qazanmışdır. İfa zamanı ifaçılar özünəməxsus nəfəs və ifaçılıq üsulları nümayiş etdirirlər.
Ümumiyyətlə, muğam poeziya ilə sıx bağlı olan sənətdir. Musiqi ilə söz bir-biri ilə sintez təşkil edərək vəhdətlik yaradır. Dahi bəstəkar Ü.Hacıbəyli də muğamın ifası zamanı qəzəllərin düzgün seçilməsinə, qəzəllərin ifası zamanı düzgün tələffüzə xüsusi diqqət yetirirdi.
Azərbaycan muğamları tarixi inkişaf nəticəsində baş verən müxtəlif hadisələrin təsirindən püxtələşərək, öz ahəngdarlığı, rəngarəngliyi, fərqli ifaçılıq xüsusiyyətləri ilə bugünkü müasir formasını almışdır. Muğamlar onları ifa edən xanəndə və sənətkarların yaradıcılığında ifaçılıq məharətləri ilə zənginləşərək nəsildən-nəslə ötürülmüşdür.
İstifadə edilmiş ədəbiyyat:
- Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
- Матякубов О.Р. Фараби об основах музыки Востока. Ташкент:. FAH, 1986, 88 s.
- Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
- Агаева С.Х. Абдулгадир Марагаи. Б.: 1983, 98 с.
- Сафарова З.Ю. Мир Мохсин Навваб. Б.: 1983.
- Şükürov A.M. Mağlar kimdir? // Qədim dövr və orta əsrlərdə Azərbaycanın bədii mədəniyyətinin yaranması və inkişafının sosial aspekti. B.: Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyi, 1990.
Наблюдение по развитию истории Азербайджанского мугама
Резюме
В представленной статье раскрывается роль мугама, как основного жанра азербайджанского профессиональной музыки устной традиции. Также дается обзор исторического развития мугама, расскрываются исследования известных музыкантов, проведенные в данной области музыки.
Ключевые слова: Азербайджанская профессиональная музыка, устная традиция, мугам
Observation to the proqress of history of Azerbaijan’s mugam
Summary
In this article says about mugham, which is the main genre of oral tradition of Azerbaijani professional music. There is also an overview of the historical development of mugham, commenting on the research of well-known musicians conducted in this area of music.
Key words: Azerbaijan professional music, oral tradition, mugham
Rəyçilər:
professor M.Quliyev;
dosent M.Mansurov.