AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2015

 

 

Aynurə Abuşova-İsmayılova

Azərbaycan Milli Konservatoriyasının dissertantı

 

 “Çahargah” muğamının ifaçılıq variantları səs yazılarında və not nəşrlərində

 

Açar sözlər: Azərbaycan, muğam, not yazıları, ifaçılıq variantları, musiqi dili

 

Azərbaycanın musiqi irsində “Çahargah” muğamı çox sevilən və ifa olu­nan muğamlardan biridir. “Çahargah” muğamı həm dəstgah şəklində xa­nəndə və instrumental ansambl tərəfindən, həm də instrumental şəkildə so­listlər tərəfindən ifa olunur. O cümlədən, müstəqil olaraq, “Çahargah”a aid “Mənsuriyyə” zərbli muğamı, “Çahargah” təsnifləri və rəngləri (mu­ğa­mın bütün şöbələrinə uyğun olaraq) ifaçılıq təcrübəsində geniş ya­yıl­mış­dır.

Əlbəttə ki, muğam ifaçılığı fərdi yaradıcılıq prosesidir və hər bir ifa­çı­nın repertuarında eyni nümunələrin bir neçə variantı meydana gəlir. Hə­min variantlar ifaçıların qrammofon vallarında, lent yazılarında, audio-vi­deo disklərdə həkk olunmuş səs yazılarında qorunub saxlanılır. Demək olar ki, XX əsrin əvvəllərindən bu günə kimi Azərbaycan muğamlarının səs­yazıları meydana gəlmişdir və bunun sayəsində çox zəngin musiqi irsi ya­ranmışdır.

Müxtəlif illərə aid olan, ayrı-ayrı ifaçılar tərəfindən yaradılmış və səs­ya­zılarında qorunub saxlanmış muğam variantlarının müqayisəli öyrənil­mə­si olduqca mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə araşdırmalar həm eyni bir ifaçıdan müxtəlif vaxtlarda yazılmış variantların öyrənil­mə­si­ni, həm də fərqli ifaçıların təfsirlərinin müqayisəsini nəzərdə tutur.

“Çahargah” muğamının XX əsrə aid səsyazılarına bir neçə mənbədə rast gəlirik. Bunlar Azərbaycan Dövlət Səsyazıları Arxivində, Azərbay­can Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fondlarında saxlanlan qram­mo­fon valları, Azərbaycan Televiziyası və Radiosunun “Qızıl fondu”nda sax­lanılan lent yazıları, yerli və xarici studiyalarda yazılmış CD-DVD disk­lərdir. Hal-hazırda İnternet şəbəkəsində muğamların canlı ifadan ya­zıl­mış sonsuz sayda səsyazıları mövcuddur.

Bütün bu səsyazıları irsindən seçmə nümunələri özündə cəmləşdirən bir neçə layihələri də qeyd etməliyik ki, bunlar Heydər Əliyev Fondu tə­rə­findən həyata keçirilmiş “Qarabağ xanəndələri”, “Muğam ensiklo­pe­di­ya­sı”, “Azərbaycan muğamı” layihələridir.

Əlbəttə ki, bütün bunlar olduqca böyük həcmli materialdır və onların araş­dırılması, səsyazılarının sadəcə sadalanması və xarakterizə olunması bir məqalənin çərçivəsinə sığmaya bilər. Bu səbəbdən biz bu məqalədə araş­dırmamızın çərçivəsini müəyyən hüdudlar daxilində təqdim etmək üçün yalnız bir mənbəyə – “Muğam ensiklopediyası” nəşrinə istinad edi­rik.

XX əsrdə meydana gəlmiş səsyazılarının əksəriyyəti Heydər Əliyev Fon­du tərəfindən yaradılmış “Muğam ensiklopediyası”nda öz əksini tap­mış­dır, bu da muğamın inkişafı və dünyada təbliği baxımından böyük əhə­miyyətə malikdir. “Muğam ensiklopediyası”na daxil edilmiş beş CD albom – 1. Qarabağ xanəndələri; 2. Muğam dəstgahları; 3. Gənc xanən­də­lər; 4. Ustad xanəndələr – I (kişi xanəndələr); 5. Ustad xanəndələr – II (qa­­dın xanəndələr) muğam sənətinin XX əsr boyu tarixi inkişaf yolunu iz­­lə­mə­yə imkan verir.

“Muğam ensiklopediyası”nın ayrı-ayrı bölmələrində “Çahargah” mu­ğa­mının və onun ayrı-ayrı şöbələrinin, bu muğama əsaslanan “Mən­su­riy­yə” zərbli muğamının, təsnif və rənglərin bir neçə ifaçılıq variantları öz ək­sini tapmışdır.

Qarabağ xanəndələrinin 1903-1912-ci illərə aid səsyazılarında Cabbar Qar­yağdıoğlunun ifasında “Manəndi-Müxalif” muğam şöbəsi və təsnifi, “Mən­suriyyə” zərbli muğamı; Məşədi Məhəmməd Fərzəliyevin ifasında “Hi­sar” muğam şöbəsi və təsnifi verilmişdir. Bundan əlavə, Şəkili Ələs­gə­rin qrammofon vallarında “Çahargah”, “Bəstə-Nigar” təsniflərinə, “Mən­suriyyə” zərbli muğamına, Seyid Mirbabayevin ifasında “Müxalif” mu­ğam şöbəsinin və təsnifinin oxunmasına rast gəlirik.

Bu səsyazılarının səslənmə müddəti çox kiçikdir, 2-3 dəqiqə arasında davam edir, bu da təbii ki, muğamın dəstgah şəklində oxunmasına imkan ver­məyərək, yalnız bir şöbəni və ona aid təsnifi əhatə edir.

1950-ci və sonrakı illərə aid səsyazılarında muğamın xronometraj ba­xımından daha iri həcmli səsyazılarını izləyə bilərik. Bunları ardıcıllıqla qeyd edək. “Çahargah” muğamının ən mahir ifaçılarından hesab olunan xa­nəndə Seyid Şuşinskinin ifasından 1964-cü ilə aid səsyazısı dəyərlidir. Qeyd etməliyik ki, xanəndənin ifasında “Çahargah” muğamı Bəhram Man­surovun – tarda, Tələt Bakıxanovun — kamançada müşayiəti ilə 16.54 dəqiqə səslənir ki, bu da artıq səsyazısında muğamın əsas tərkib his­sə­lə­ri­ni nümayiş etdirir.

Əbülfət Əliyevin ifasında “Çahargah” muğamının 1958-ci ilə aid səs­ya­zısı 18.13 dəqiqədən ibarətdir, bu ifa Hacı Məmmədovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Ə.Əli­yevin ifa­sında “Çahargah” muğamının daha bir səsyazısı 1962-ci ildə meydana gəl­mişdir (müşayiətçilər: Sərvər İbrahimov – tar, Elman Bədə­lov – ka­man­ça, 15.07 dəqiqə həcmində). Səsyazılarının xronometrajı müxtəlif olsa da, burada muğamın əsas ənənəvi şöbələrinin oxunduğunu, ifada müx­təlif təsniflərdən istifadə olunduğunu qeyd etməliyik.

İslam Rzayevin də repertuarında “Çahargah” muğamı mühüm yer tu­tur. Göstərilən nəşrdə xanəndənin ifasında “Çahargah” muğam dəstga­hı­nın 1965-ci ilə aid səsyazısı öz əksini tapmışdır (30.10 dəqiqəlik, müşa­yi­ət­çilər: Əhməd Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı, Hə­bib Bayramov – tar, Habil Əliyev — kamança). Onu da qeyd etməliyik ki, İslam Rzayevin ifasında “Çahargah” muğamının daha bir neçə diq­qə­tə­layiq variantları vardır ki, onlar da özünəməxsus xüsusiy­yətlərə malik­dir və müqayisəli təhlillər üçün çox maraqlı tədqiqat obyekti ola bilər.

Digər xanəndələrin səsyazıları sırasında, Süleyman Abdullayev “Ça­har­gah” muğamını 1965-ci ildə Əhsən Dadaşovun rəhbərliyi altında xalq çal­ğı alətləri ansamblının müşayiətilə oxumuşdur (23.43 dəq.). Hacıbaba Hü­seynovun maraqlı ifası 1959-cu ilə aiddir (19.22 dəq.). Qədir Rüstə­mo­vun 1971-ci ilə aid səsyazısı (musiqişünas Baba Salahovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı) 33.05 dəqiqə davam edir.

“Çahargah” muğam dəstgahının diqqətəlayiq səsyazılarından Zeynəb Xan­larovanın (1960, 18.38 dəq.), İldırım Həsənovun (1959, 16.15 dəq.), Ey­nulla Cəbrayılovun (1963, 19.56 dəq.), Nəriman Əliyevin (1969, 15.50 dəq.), Sabir Mirzəyevin (1967, 20.44 dəq.), Sabir Novruzovun (1971, 25.11 dəq.), Razi Şükürovun (1971, 23.19), Baba Mahmudoğlunun (1988, 30.55 dəq.), Canəli Əkbərovun (1999, 20.31 dəq.), Vəli Məm­mə­do­vun (2002, 19.04 dəq.) ifasının müxtəlif təfsirlərini qeyd etmək olar.

Qeyd edilən ifaların arasında xalq artisti Baba Mahmudoğlunun ifa et­di­yi “Çahargah” dəstgahı özünəməxsusluğu ilə seçilir. Onu rəhbərlik et­di­yi “Dastan” folklor ansamblı, tarda Məhərrəm Nəcəfzadə, kamançada isə Abbasqulu Nəcəfzadə müşayiət etmişlər. Bəllidir ki, ölkəmizdə bir sı­ra folklor ansamblları (“irs” – rəhbəri Sidqi Mustafayev, “Dügah” rəh­bəri Ələk­bər Əsgərov, “Qədim musiqi alətləri” – rəhbəri Məcnun Kərim  və s.) fəaliyyət göstərmişlər. Lakin bu ansamblların ifasında “Dastan” istis­na olunmaqla heç biri “Çahargah” dəstgahını lentə almamışlar. İstər Baba Mah­mudoğlunun ifa tərzi, istərsə də ansamblın ifa etdiyi “Də­ra­məd”, rəng və təsniflər digər ifalardan seçilir. Burada istifadə edi­lən qə­dim çalğı alət­ləri (Qoşqar rübabı, tənbur, çəng, ney, sinc, dümbək və s.) “Ça­har­gah” dəstgahının səslənməsində yeni nəfəs, yeni yeni abu-hava gə­tir­miş­dir. Arzulayırıq ki, fəaliyyətdə olan folklor ansamblları bu ənənə­ni da­vam etdirsinlər, digər dəstgahları da lentə alsınlar.

Zahid Quliyevin ifasından yazılmış “Çahargah” muğamı (1989) da ma­­raq­lıdır və Möhlət Müslümovun – tarda, Fəxrəddin Dadaşovun – ka­man­çada müşayiətilə ifa olunur (32.44). 2007-ci ildə yazıya alınmış Qo­çaq Əsgərovun ifasında “Çahargah” dəstgahının ifa müddəti 36.29 də­qi­qə­dir. Bu səsyazıları araşdırdığımız nümunələr sırasında xronomet­rajına gö­rə ən geniş həcmlidir. Burada klassik muğam ifaçılığı ənənələ­rinə əsas­­lanan xanəndənin rəngarəng ifaçılıq təfsirləri diqqəti cəlb edir.

Bütün bu səsyazılarının illər üzrə və səslənmə müddətinə görə nəzər­dən keçirilməsi nəticəsində belə qənaətə gəlmək olar ki,  həmin səs­ya­zı­la­rı müxtəlif illərdə həyata keçirilmişdir və demək olar ki, yüz illik bir döv­rü əhatə edir. Əgər ilk səsyazıları 1903-1912-ci illərin qrammofon val­­­larından götürülmüşdürsə, axırıncı səsyazıları artıq son illərə aiddir. Səs­­yazılarının xronometrajı da müxtəlifdir: üç dəqiqədən iyirmi – otuz beş dəqiqəyə kimi dəyişir ki, bu da səsyazısı texnikasının inkişaf yolunu və imkanlarını əks etdirir və  muğam sənəti üçün çox əhəmiyyətlidir.

“Çahargah” muğamının ayrı-ayrı xanəndələr tərəfindən ifa olunmuş həm muğam üçlüyünün (xanəndə, tar və kamança), həm də xalq çalğı alətləri ansambllarının (Ə.Bakıxanovun, B.Salahovun, Ə.Dadaşovun və B.Mahmudoğlunun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosu­nun nəzdində fəaliyyət göstərən geniş tərkibli ansamblların) müşayiəti ilə səsyazıları toplanmışdır.

Eyni zamanda, nəzərdən keçirdiyimiz səsyazıları sırasında, Seyid Şu­şin­ski­­nin ifasında “Mənsuriyyə” zərbli muğamı (1964, 04.44 dəqiqə), Yaqub Məm­mədovun ifasında “Mənsuriyyə” zərbli muğamı (1966, 03.50 dəqiqə) da mükəmməl ifalardandır. “Mənsuriyyə” zərbli muğamı Mürşüd Məm­mə­do­vun (1959, 02.59 dəq.), Qədir Rüstəmovun (1991, 06.06 dəq.), Təyyar Bay­­ramovun ifasında (2007, 06.12 dəq.) da verilmişdir.

Həmin illərdə “Çahargah” təsniflərinin də oxunma müddətinin artdı­ğı­nı müşahidə edirik. Məsələn, Bülbülün ifasında “Çahargah” və “Mü­­­­xalif” təsniflərini (1956-1958-ci illərin səsyazıları, Əliağa Quliyevin rəhbərliyi altında xalq çalğı alətləri ansamblının müşayiətilə) qeyd edə bilərik. Əbülfət Əliyev tərəfindən “Müxalif” şöbəsi və təsnif 06.32 də­qi­qə oxunmuşdur. İslam Rzayevin ifasında “Bəstə-Nigar” təsnifi 07.36 də­­qi­qəlik səsyazısında öz əksini tapmışdır. Teymur Mustafayevin oxu­du­ğu “Ça­­hargah təsnifi” (1968, 07.28 dəq.), Mürşüd Abbasovun  “Çahargah təs­nifi” (1969, 07.21 dəq.), Nisə Qasımovanın (1971, 08.38 dəq.) və baş­qa xanəndələrin oxuduğu “Çahargah təsnifləri” rəngarəng mu­siqi məz­mu­­nu ilə seçilir. Göstərilən səsyazılarında müxtəlif nəsillərə mənsub xa­nən­dələrin ifaçılıq təfsirlərini izləmək imkanı əldə etmiş oluruq.

Əlbəttə ki, bütün bu səsyazıları “Çahargah” muğamının tədqiqi üçün  çox maraqlı və zəngin materialdır. Lakin nəzəri tədqiqatlar üçün mütləq ola­­raq not yazılarının vacib şərt olduğunu da nəzərə almalıyıq. Bu ba­xım­dan həmin səsyazılarının notlaşdırılması ilə muğamın ifaçılıq variant­la­rı­nı əks etdirən çox sayda not yazıları əldə etmiş olarıq.

Azərbaycan musiqi ədəbiyyatında muğamların nota alınması müəyyən dövrlərdə həyata keçirilmişdir. “Çahargah” muğamının dörd not yazısının nəşrini qeyd etməliyik. On­lar­dan ikisi bəstəkar və musiqişünas Nəriman Məmmədov tərəfindən not­laş­dırılmışdır.

N.Məmmədov 1962-ci ildə Əhməd Bakıxanovun ifasından “Çahar­gah” muğamını instrumental şəkildə nota yazmışdır. Burada bəstəkar mu­ğam şöbələrini instrumental improvizasiya kimi, müşayiətdə dayaq pil­lə­lər saxlanılmaqla əks etdirmişdir. Həmçinin, şöbələr arasında bir sıra rəng və təsnif nümunələri də yer almışdır ki, bu da daha çox muğamın vo­kal-instrumental dəstgah şəklində ifası üçün səciyyəvidir.

1970-ci ildə Moskvada çap olunmuş “Çahargah” muğam dəstgahı N.Məm­­mədov tərəfindən vokal-instrumental şəkildə notlaşdırılmışdır. Bu not yazısı xanəndə Yaqub Məmmədovun və tarzən Həbib Bayramovun rəhbərliyi ilə instrumental ansamblın ifasından notlaşdırılmışdır. Burada muğam şöbələri səs və fortepianonun müşayiətinə uyğunlaşdırılmışdır. Bəstəkar tərəfindən təsnif və rənglər müvafiq olaraq, fortepiano üçün, həmçinin, səs və müşayiət üçün tərtib olunmuşdur.

Bu not yazılarında belə bir cəhəti qeyd etmək lazımdır ki, onlar xalq çal­ğı alətlərinin səslənməsindən və eləcə də xanəndənin oxumasından no­ta salınaraq, fortepianoda ifa olunmaq üçün işlənilmişdir. Yəni qeyri-mün­təzəm temperasiyalı 17 pərdəli səs sırasına malik tarın aralıq pər­də­lə­ri fortepianodakı bərabər yarımtonların – xromatizmlərin vasitəsilə qeyd olun­­muşdur.

Adı çəkilən not yazılarında “Çahargah” muğamı üçün ümumi ənə­nə­vi şöbələrlə (“Bərdaşt”, “Mayə”, “Bəstə-Nigar”, “Hisar”, “Müxa­lif” və s. kimi) yanaşı, ifaçılıq ənənəsindən gələn şöbə və guşələri də özündə cəmləşdirir.

“Çahargah” muğamının üçüncü not yazısı kamança ifaçısı və pedaqoq Arif Əsədullayevə məxsusdur (Bakı, 2009). Bu not yazısı tarzən Elxan Mü­zəffərovun ifaçılıq təfsirini təcəssüm etdirir, lakin burada kamança alə­­­tinin ifaçılıq xüsusiyyətləri ilə bağlı əlavələr də öz əksini tapmışdır. Not yazısında “Çahargah” muğamı aşağıdakı şöbə və guşələrdən iba­rət­dir: “Bərdaşt”, “Mayə” – “Balikəbutər”, “Cövhəri”, “Mayəyə əlavə” (ka­man­ça variantı), “Pəri-pərəstük”, “Bəstə-Nigar” – “Manəndi-müxalif”, “Mu­­yə”, “Mayəyə ayaq” (kadensiya), “Hisar” – “Müalif”, “Qərrə”, “Mü­xa­lif” – “Övc müxalif”, “Naleyi-zənbur”, “Kadensiya”, “Mənsuriyyə” – “Üz­zal”, Koda (“Məğlub”).

 “Çahargah” muğamının dördüncü not yazısı tarzən və pedaqoq Ək­rəm Məmmədlinin tərəfindən həyata keçirilmişdir (Bakı, 2010). Həmin va­­riant görkəmli tarzən-pedaqoq Kamil Əhmədovun ifaçılıq ənənəsinə uy­­ğundur. Bu not yazısında “Çahargah” muğamı aşağıdakı şöbələrdən iba­­rətdir: “Bərdaşt”, “Mayə-Çahargah”, “Bəstə-Nigar”, “Hisar”, “Mü­a­lif”, “Qərrə”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal”, “Çahargaha ayaq” (“Məğ­­lub ayağı”).

Muğamın instrumental şəkildə ifasını əks etdirən A.Əsədullayevin və Ə.Məmmədlinin not yazıları yalnız muğam şöbələrindən ibarətdir və bu­ra­­da rəng və təsnif nümunələri öz əksini tapmamışdır. Bu iki not yazısını fərq­ləndirən cəhətlər də vardır: muğamın not yazısında mayə ucalığı ya­rım ton fərqlənir, eyni zamanda, şöbə və guşələrin mün­dəricəsində ümu­mi ənənəvi şöbələrlə yanaşı, fərqlər də özünü göstərir.

“Çahargah” muğamına aid rənglər və təsniflər də çap olunmuşdur. Sə­id Rüstəmovun iki dəftərdən ibarət “Azərbaycan xalq rəngləri” (Bakı, 1954-1956), Əhməd Bakıxanovun “Azərbaycan xalq rəngləri” (Bakı, 1964), “Azərbaycan ritmik muğamları” (Bakı, 1968) məcmuələrində “Ça­­hargah” muğamının bütün şöbələrinə aid rənglərə, həmçinin, “Mən­su­riyyə” zərbli muğamının rənglərinə rast gəlirik.

Ə.Bakıxanovun nota yazdığı “Çahargah” rəngləri tarzənin öz ifaçılıq ənə­nəsinə uyğun olub, onun rəhbərlik etdiyi xalq çalğı alətləri ansam­blı­nın ifasında səsləndirilmişdir. Həmin ansamblın lent yazılarında da bu rəng­lərin bir çoxunun yer aldığını müşahidə edirik. S.Rüstəmovun notlaş­dır­dığı rənglər, məcmuənin girişində qeyd olunduğu kimi, Ü.Hacıbəy­li­nin “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi əsərində ve­rilmiş “Çahargah” məqamının nəzəri əsaslarının izahı üçün əyani va­si­tə kimi tərtib olunaraq, tədris-metodiki əhəmiyyət kəsb edir.

Ramiz Zöhrabovun “Azərbaycan təsnifləri” (Moskva, 1983) məc­mu­ə­si­­nə daxil olan “Çahargah”, “Bəstə-Nigar”, “Müxalif” təsnifləri müxtəlif ifa­­çılardan nota yazılmışdır. Həmçinin, R.Zöhrabovun “Zərbi-muğamlar” (Ba­kı, 2004) məcmuəsində “Mənsuriyyə” zərbli muğamının partitura şək­­­­­lində not yazısı öz əksini tapmışdır.

Göründüyü kimi, “Çahargah” muğamının rəng və təsniflərinin bir ne­çə variantda not yazıları mövcuddur. Bunlar müxtəlif bəstə­karlar və musiqişünaslar tərəfindən fərqli ifalardan nota alınıb.

Xüsusilə qeyd etmək lazımdır ki, muğamların not yazılarının böyük əhə­­miyyəti vardır. Belə ki, onlar muğam sənətinin populyarlaşdırılmasına xidmət etməklə yanaşı, həmçinin, dərs vəsaiti kimi də istifadə olunur. Ey­ni zamanda, muğamın not yazıları elmi tədqiqat obyektinə çevrilir.

Beləliklə, “Çahargah” muğamının səsyazıları və not yazıları irsinin öy­­rənilməsi bu muğamın müxtəlif ifaçılıq variantlarını üzə çıxarmaqla ya­­naşı, onların hər biri üzərində təhlillər aparılması və onların müqayisə olun­ması muğamların inkişaf yollarının araşdırılmasına və görkəmli mu­ğam ifaçılarının sənətkarlıq ənənələrinin tədqiqinə istiqamət verir.

İstifadə edilmiş ədəbiyyat: 

  1. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
  2. Muğam ensiklopediyası. Azərbaycan xanəndələri. Diskoqrafiya. 5 CD albom: I. Qarabağ xanəndələri; II. Muğam dəstgahları; III. Gənc xanəndələr; IV. Ustad xanəndələr-I (kişi xanəndələr); V. Ustad xanəndələr — II (qadın xanəndələr). // Redaksiya heyətinin sədri, baş redaktor M.Əliyeva. B.: Heydər Əliyev Fondu, 2008, 216 s.

 

Айнура Абушева

Исполнительские варианты мугама «Чахаргях» в звукозаписях и нотных изданиях

Резюме

В статье дается обзор граммофонных записей мугама «Чахаргях» в исполнении ханенде в период начала ХХ века по сегодняшний день. Автором характеризуются проекты, направленные на развитие мугамного искусства и сохранения звукового наследия, нотных записей мугама.

Ключевые слова: Азербайджан, мугам, нотные записи, исполнительские варианты, музыкальный язык.

 

 

Aynura Abusheva.

Performing options of mugham “Chahargah” in sound recordings and sheet music

Summary

In the article is given the review of gramophone records of mugham “Chahargah” performed by singers from the beginning of the twentieth century to the present day. The author characterises the projects directed on development of mugam art and preservation of the sound heritage, musical notations of mugham.

Key words: Azerbaijan, mugham, musical notations, the performing variants, musical language.

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyev;

sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənova.

Mövzuya uyğun