Aqşin Əlizadə yaradıcılığının formalaşması barədə bəzi mülahizələr
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2015
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi
Aqşin Əlizadə yaradıcılığının formalaşması barədə bəzi mülahizələr
Açar sözlər: Aqşin Əlizadə, bəstəkar, Q.Qarayev
Azərbaycan bəstəkarlıq məktəbi öz başlanğıcını XX əsrin əvvəllərindən götürür. Belə ki, əsası dahi Üzeyir Hacıbəyli yaradıcılığına istinadən qoyulmuş bu məktəb bir əsrdən artıq müddətdə inkişaf edərək köklü şəkildə dəyişilmişdir. Bu dəyişkənliyin səbəbi təbii ki, bəstəkarlıq nəsli nümayəndələrinin sayca artması və artaraq da öz baxış bucaqları hesabına məktəbin prinsiplərinə təsir etmələri olmuşdur. Zaman keçdikcə dəyişkənliyə uğrayan məqamların çoxsaylı olmasına baxmayaraq, ənənələrə də istinad mütləq şəkildə qorunub saxlanılmaqdadır.
Öz növbəsində Azərbaycan musiqişünaslığı da əsası qoyulan dövrdən başlayaraq, bəstəkar yaradıcılığının tədqiqi ilə xüsusilə məşğul olur. Milli bəstəkarlıq məktəbinin formalaşmasından başlayaraq müasir tendensiyaların tətbiqinə qədər olan dövrü müxtəlif istiqamətlərdən araşdırır.
Məlumdur ki, XX əsr Avropa bəstəkarlıq məktəbi müxtəlif cərəyan və texnikaların yaranması ilə musiqi tarixində iz qoymuşdur. Bu iz Azərbaycan musiqisində də öz müsbət təsirini göstərmiş, bütün milli bəstəkarlıq məktəbi nümayəndələrinin yaradıcılığında əks olunmuşdur. Təsadüfi deyildir ki, musiqişünaslığımızın araşdırdığı bugünkü aktual mövzu məhz, Qərb müasirlik ənənələrinin milli ənənələrə hoparaq bərq vurmasıdır.
XX əsrin II yarısından başlayaraq Azərbaycan bəstəkarlıq məktəbi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Üzeyir Hacıbəyli ənənələrinə istinadlanaraq yaradıcılığa qədəm qoymuş Azərbaycan mədəniyyət və incəsənətinin görkəmli və təkrarsız siması Qara Qarayev bu sahədə böyük bir yeniliyə imza atmış, ilk olaraq Azərbaycan milli musiqi ənənələrini Avropa ənənələri ilə sintez etmiş və müasir Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Bu məktəbin formalaşması çağdaş dövr bəstəkarlarının “meydana atılma”sına təkan olmuş və bir çoxlarının yaradıcılıq müqəddəratını həll etmişdir.
Azərbaycan və Qərb musiqi məktəblərinin formalaşmasının başlanğıc nöqtələrini şərti olaraq iri həcmli, mükəmməl quruluşlu opera janrının yaranması ilə müqayisədə hesablasaq, o zaman arada 3 əsrlik vaxt kəsiyinin mövcudluğunu görərik. Belə ki, Azərbaycanda və bütün Şərqdə opera janrının ilk nümunəsi olan, Ü.Hacıbəyli tərəfindən yazılmış “Leyli və Məcnun” 1908-ci ildə, Qərbdə isə 1600-cü ildə müəllifləri italyan bəstəkarları olan (Yakopo Peri və Culio Kaççini) iki müxtəlif “Evridika” operaları yaranmışdır. Qərb musiqi incəsənəti tədrici yolla, çoxsaylı cərəyanları formalaşdıraraq öz izini qoymuşdursa, Azərbaycan musiqisi artıq mövcud olan Qərb nümunələri üzərində yaranmışdır. Bu baxımdan digər bir müqayisəli nümunəyə də fikir yetirərək məntiqi dəqiqləşdirmək olar. Belə ki, müasir musiqi anlayışı Qərbdə Yeni Vyana Məktəbi nümayəndələrinin yaradıcılığı ilə əmələ gəlmişsə, Azərbaycanda müasir bəstəkarlıq məktəbinin banisinin Qara Qarayev olduğu məlumdur. Qara Qarayev Yeni Vyana Məktəbi nümayəndələrinin yaratmış olduqları dodekafon sistemini mənimsəmiş və Azərbaycan bəstəkarları arasında ilk dəfə bu texnikaya müraciətlə III simfoniya və Violin konsertində istinad etmişdir. Onun Violin konserti üçün nümunə və təkan olaraq A.Berqin eyniadlı əsəri çıxış etmişdir. A.Berq və Q.Qarayevin Violin konsertlərini müqayisə edilə bilən “cütlük” adlandırmaq olar. Çünki Q.Qarayev A.Berqin eynijanrlı əsərindən ilhamlanaraq Violin konsertini yazmışdır. Q.Qarayevin əsəri “Şostakoviçsayağı” marşla bitsə də, özündə Yeni Vyana Məktəbinin aydın “möhür”ünü daşıyır. Yeri gəlmişkən çağdaş dövr bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən olan Fərəc Qarayevin hər iki əsəri kamera orkestri üçün orkestrləşdirdiyini yada salmaq olar. Bakıda hər iki əsər 2011-ci ilin aprel ayında Q.Qarayev adına IV beynəlxalq müasir musiqi Festivalının bağlanış konsertində İsveçrədən olan violin ifaçısı Patrisiya Kapaçinskaya tərəfindən tamaşaçılara təqdim olunmuşdur.
A.Berqin Violin konserti 1935-ci, Q.Qarayevin konserti isə 1967-ci ildə yaranmışdır. Beləliklə, mütənasiblik qursaq, görərik ki, 3 əsr zaman fərqi ilə əsası qoyulmuş musiqi mədəniyyətləri arasındakı müddət Q.Qarayevin yazdığı yüksək yaradıcılıq nümunəsi hesabına təqribən 30 ilə qədər enmiş olur. Bu, irəliyə atılmış böyük addım kimi Azərbaycan musiqisinin dünya musiqisi səviyyəsinə qalxmasında önəmli əhəmiyyət kəsb edir.
Belə ki, XX əsrdə dünya musiqisi çoxşaxəli inkişaf, müxtəlif bəstəkarlıq texnikaları və musiqi cərəyanlarının formalaşdığı dövrü yaşayırdı. Məhz, elə bu dövrdə Azərbaycanda bəstəkarlıq məktəbinin əsası qoyulurdu. Əsasın qoyulmasından birbaşa kulminasiyaya keçid də məhz Q.Qarayev sayəsində başa gəlmiş oldu.
Bu illər Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələdir. Ümumiyyətlə, musiqidə aydın nəzərə çarpan daxili gərginlik, azadfikirlilik, niyyətlərə nail olmaqda bütün maneələri dəfetmə cəhdi, mübahisə və toqquşma xarakteri dövrün tələbi ilə tam üstələşirdi. Bu məcradan doğan üslub rəngarəngliyi, obraz, janr müxtəlifliyi, forma və milli ənənələrin yeniləşməsi hakim mövqedə irəli sürülmüşdü.
Bütün qeyd etdiklərimizi tələbələrinə aşılamağa nail olmuş Q.Qarayev yeni üslub, istiqamət axtarışlarında olan gənclərə məhz milli musiqimizin sehrində dünya musiqi mədəniyyətinin yüksək nümunələri, nadir inciləri ilə bir səviyyədə durmağa layiq əsərlər yaratmaq vəzifəsini sanki vəsiyyət etmişdir. Bəstəkarın bütün amalı, arzusu xalqının musiqisinin bəşər musiqisi axarına qovuşması, güclü əks-səda doğurmağa müvəffəq olması idi.
60-70-ci illər Azərbaycan musiqi tarixi və incəsənətinin intibahı, ədəbiyyat və incəsənətə yeni nəfəs, əhəmiyyətli dəyişikliklər, əsl yaradıcılıq azadlığı gətirən, milli şüuru dirçəldən dövr hesab etməliyik. Q.Qarayev, F.Əmirov, Niyazi, C.Hacıyev kimi sənətkarların yaradıcılıq dövrünün zirvəsinə təsadüf etdiyi üçün bu mərhələdə yaradıcılığa qədəm qoyan gənc bəstəkarları sözün əsl mənasında xoşbəxt adlandırmaq olar. Məhz, həmin dövrdə yaradıcı nəslə qoşularaq artıq özünün ilk uğurlu addımlarını atmış və onun gələcəyinə böyük ümidlər bəsləyən müəllimləri – Q.Qarayev və C.Hacıyevin gözləntilərini illər sonra doğruldacaq gənc bəstəkar Aqşın Əlizadə idi.
Aqşın Əlizadə 60-cı illərdə Azərbaycan musiqisinə qədəm qoymuş, Q.Qarayev və C.Hacıyev məktəbinin layiqli davamçısı və nümayəndəsidir. Həmin dövr musiqidə baş verən “hadisələrə” fəal şəkildə qatılan bəstəkar yazdığı əsərlərə ətrafda baş verən abu-havanı hopdurmağı bacarmışdır. Yaradıcılığında dövrün səciyyəvi təmayüllərini əxz etdirməklə neoklassisizm, neofolklorizm, sonor, aleatorika kimi texnika və istiqamətləri Azərbaycan musiqisinin mənbələri ilə birləşdirməyə nail olmuş və beləliklə, öz dəsti-xəttini yaratmışdır.
Q.Qarayevin Qərbi Avropa musiqisi və nümayəndələrinin yaradıcılığından bəhrələnərək formalaşdırdığı yol Azərbaycan musiqisində XX əsrin II yarısında mənbəyə çevrilərək “Qara Qarayevin davamçıları” adlı bəstəkarlıq nəslinin yaranmasına gətirib çıxardı. Azərbaycan mədəniyyətinin ən istedadlı şəxsiyyətlərindən biri, özünəməxsus siması olan Aqşın Əlizadə yeganə şəxsdir ki, həm Q.Qarayev, həm də C.Hacıyev ənənələrini öyrənərək məktəb keçmiş, bu nəslin nümayəndələri arasından seçilərək parlamış, sonradan “öz yaradıcı nəsli”ni yaratmış oldu.
A.Əlizadə Azərbaycan Dövlət Konservatoriyasına professor Cövdət Hacıyevin sinfinə daxil olmuşdur. Buna baxmayaraq görkəmli bəstəkar Q.Qarayevdən də mütəmadi olaraq məsləhətlər alır, yaradıcı debatlara girir, onunla tələbə-dost münasibəti saxlayırdı. A.Əlizadə zarafatla, “əyani olaraq C.Hacıyev, qiyabi olaraq Q.Qarayevdə oxuduğunu” deyirdi.
1937-ci ildə hazırda təsvirini yalnız ağ-qara kadrlardan izləyə bildiyimiz Bakı şəhərinin o dövrün adlandırılmasına əsasən, Füzuli, hazırkı Zərgər-Palan küçəsində, ziyalı ailəsində gələcəkdə Azərbaycan musiqili-ictimai həyatına gətirəcəyi yenilik və töhfələrlə özünü təsdiq edəcək, yaradıcılığı ilə böyük ad və nüfuz qazanacaq əsl bəstəkar, şəxsiyyət, ictimai xadim Aqşın Əlizadə dünyaya göz açmışdır. Əslində, çox maraqlı təsadüf, bəlkə də zərurətdir ki, tale Qarayev və Əlizadə simalarını demək olar ki, elə bu tarixdən qovuşdurmuşdur. Belə ki, həmin küçədən bir qədər aralıda məhz Qara Qarayev artıq yaşayıb-yaradırdı. Onların rastlaşması bir müddət müəllim-tələbə münasibətinin üzərində qurulsa da, sonradan məsləkdaş və dostluğa çevrilmiş və sonadək qorunub saxlanmışdır.
Maraqlı bir məsələyə diqqət yetirsək, görərik ki, A.Əlizadənin fiziki doğum tarixi Q.Qarayevin mənəvi doğum tarixi ilə üst-üstə düşür. Məhz 1937-ci ildə Q.Qarayevin ilk uğurlu əsəri A.S.Puşkinin ölümünün 100 illiyinə yazılmış fortepiano üçün musiqili şəkil “Çar kəndində heykəl” (««Царскосельская статуя») ilk dəfə müəllifin özü tərəfindən ifa edilmişdi.
Təsadüfi deyil ki, Aqşın Əlizadə Qara Qarayevi Azərbaycan bəstəkarlarının yeni nəsli üçün istər həyat, istərsə də sənətdə örnək hesab edir: “İlk olaraq bəstəkarlar içərisində Q.Qarayev və S.Prokofyevin adlarını eşitmişəm. 6 yaşım olarkən ilk musiqi dərsimə gəldim, royalın üzərində Prokofyevin portreti, müəllimimin ifa etdiyi ilk əsər isə Q.Qarayevin əsəri oldu. Beləcə, onlar mənim həyatıma daxil oldu. İlk dəfə isə onu “Dinamo” stadionunda volleybol yarışında gördüm. Sonralar isə tez-tez yolda rastlaşırdıq. Sən demə, qonşu idik, valideynlərimiz də dostluq edirdi”.
“Məndən soruşsalar ki, həyatındakı vacib insanlar kimlərdir, çəkinmədən atamın və yaradıcılıq həyatımda onun adını çəkərəm. Mənim üçün Q.Qarayev Ü.Hacıbəyli ilə yanaşı durur. Əgər Üzeyir bəy məbəd yaratmışdırsa, Q.Qarayev bu məbədin başında duran, onu idarə edən şəxs idi ki, Azərbaycan torpağında yetişmişdir”.
O zamanlar Q.Qarayev şəxsiyyətinin, yaradıcılığının təsiri altına düşməyən musiqiçi tapmaq çətin idi. Hətta böyük sənətkarın sinfində bilavasitə oxumayanlar belə onu özlərinin müəllimi sayırdılar. Artıq tələbəlik dövründən etibarən A.Əlizadə intuitiv olaraq Q.Qarayev musiqisinə meyl edirdi. O, Qarayevin sinfini bitirməsə də, onu özünün müəllimi sayırdı. Əgər insan hər hansı bir yaradıcı işlə məşğul olarkən kimin fikrinin necəliyini düşünürsə, demək həmin şəxs onun müəllimidir.
Q.Qarayev heç zaman birbaşa olaraq A.Əlizadə yaradıcılığına müsbət fikir bildirməsə də, dolayı yolla eşidilən haqlı tərif və qiymətləndirilmələr, əsərlərinin ifasının təşkili və dövrü mətbuatda yüksək fikir bildirməkdən üstün nəticə ola bilməzdi. Qarayevlə dostluq münasibətlərini hətta müqəddəslik dərəcəsində hesab edən Əlizadə saatlarla onunla gəzintilərdə olur, təkcə incəsənət deyil, həyati məsələlərdə də ondan ibrət götürürdü. A.Əlizadə Q.Qarayevlə son görüşünü kövrəkliklə xatırlayırdı. Son zamanlarda bir qədər nasaz olduğu üçün onun yanına Moskvaya getmiş və görüşdə Qarayev ona demişdir: “Heç vaxt heç nədən çəkinmə, ayağa qalxa bilsəm, sənə yenə də dayaq olacağam, qalxa bilməsəm, deməli, özün mübarizə aparmalı olacaqsan”. Bakıya qayıdandan sonra səslənən telefon zəngi Qarayevlə onun son danışığı oldu.
İstifadə edilmiş ədəbiyyat:
- Dadaşzadə Z. Aqşin Əlizadə. Broşür. B.: Şur, 1992.
- Əliyeva F.Ş. Aqşin Əlizadə. // “Musiqi dünyası” jurnalı, №1-2/2003, s.121-123. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=230
- Карагичева Л.В. Кара Караев.М.: Советский композитор, 1960.
- Tağızadə A. Aqşin Əlizadə. B.: 1986.
О некоторых особенностях становления
творчества Акшина Ализаде
РЕЗЮМЕ
В данной статье раскрывается черты стиля и творчества видного Азербайджанского композитора А.Ализаде в контексте 60-70`х годов ХХ века. Этот период считается началом становления его творчества.
Ключевые слова: Акшин Ализаде, композитор, Кара Караев.
About some features of formation of
creativity Akshin Alizade
SUMMARY
This article reveals the features of the style and creativity of prominent Azerbaijan composer A.Alizadeh in the context of 60-70 years of the XX century. This period is considered the beginning of the formation of his creativity.
Key words: Akshin Alizadeh, composer, Gara Garayev
Rəyçilər:
BMA-nın professoru Ülviyyə İmanova;
dosent Lalə Hüseynova.