AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA”  № 2, 2015

 

 

Vüqar Əliyev

AMK-nın müəllimi

 

“Rəhab” muğamının ifaçılıq xüsusiyyətləri

 

Açar sözlər: “Şur”, “Rəhab”, muğam, xanəndə, dəstgah, simfonik mu­ğam

 

İfaçılıq ənənələrinin öyrənilmsi göstərir ki, qədim zamanlardan musi­qinin insana, canlı təbiətə emosional-psixoloji amil kimi təsiri faktına ya­ra­dıcı insanlar çox böyük qiymət vermiş və ondan geniş istifadə edərək ic­timai həyatın ayrılmaz hissəsinə çevirmişlər. Nəticədə musiqi ictimai rə­yin formalaşmasında böyük rol oynamış, insanın sosial-mədəni həya­tı­na rəngarənglik qatmışdır. Ona görə də xalqımız qədim zaman­lardan el aşı­ğını, xanəndə və sazəndələrin sənətini qızğın məhəbbətlə sevmiş, is­te­da­dı Allahdan gələn vergi saymış, onlara həmişə hörmət və ehtiram gös­tər­mişdir. Təsadüfi deyil ki, dastan və nağıllarımızda “Aşıq haqq aşığıdır, ona toxunmaq olmaz” fikri yer alır. İlahi, mistik səsin sahibi xanəndələr isə muğamları nəsildən-nəslə çatdıran, onlara yeni-yeni guşələr və xallar əla­və edib zənginləşdirən insanlar kimi həmişə bütün məclislərin başında otur­muşlar, öz səslərilə insanların ən çətin və ən xoş günlərində onları düş­dükləri psixi emosional vəziyyətdən çıxartmşlar.

Danılmaz faktdır ki, muğamların psixoemosional təsiri “dəstgah” jan­rın­da daha güclü və təsirli olur. Çünki, dəstgahda silsilə şəklində ar­dı­cıl­lıq­la qurulmuş şöbə və guşələr, rəng və təsniflər müəyyən süjeti, milli mu­siqi təfəkkürü daşıyıcısı olan intonasiyaları, bədii obrazları vahid kom­pozisiya çərçivəsində birləşdirdiyi üçün ifaçı tərəfindən müəyyənləş­di­rilmiş və ya kodlaşdırılmış emosional təsirin ifadəçisi kimi çıxış edir. Dəst­gahda səslənən şöbə və guşələrin, rəng və diringilərin, təsniflərin hər bi­ri ayrı-ayrılıqda müxtəlif melodik mövzulara, emosional təsirə əsas­lan­sa da onlar bir lad bünövrəsinə tabe olduqları üçün vahid hissi emosional tə­sir daşıyıcısına çevrilir. Bu funksiyanı daşıyan muğamları­mızdan biri də bu gün haqqında söhbət açacağımız “Şur” ailəsinə daxil olan “Rəhab” mu­ğamıdır. Bu muğam haqqında məqalə yazmağa məni sövq edən sə­bəb­lərdən biri də budur ki, hələ kiçik yaşlarımdan bu muğamı ustad xa­nən­dələrdən eşidib, qəlbimə, ruhuma yaxın bilmişəm. Ən yaxşı ifaçısı Şə­kili Ələsgərdən tutmuş bu günə kimi onu ifa edən digər xanəndələrin ifa­sını dinləyərkən elə hesab edirsən ki, “Rəhab” insan qəlbinin gizli his­s­lərinin tərcümanı, hisslərin daxili mübarizəsində qəlbin qələbə çal­ma­sı­nın açarıdır. Ustadım, böyük sənətkar Arif Baba­yevdən bu muğamın ifa olun­masının sirlərini, incəliklərini öyrəndikdən sonra mən də onu ifa edib, lentə yazdırdım. Bu məqalədə isə “Rəhab” muğamının yaranması, ay­rı-ayrı şöbələrinin ifa xüsusiyyətləri insanda yaratdığı təəssürat haqqın­da söhbət açmaq istəyirəm.

İlk növbədə onu qeyd edək ki, “Rəhab” muğamı həm musiqi risa­lə­lə­rin­də, həm də klassik poeziyada “Rəhavi” adlandırılmışdır. Uzun tə­şək­kül tarixi keçmiş bu muğam 12 əsas muğamdan biri olmuşdur. XIX əsrə qə­dər “Rəhavi” adlanan muğam sonra öz çoxtərkibliliyini itirərək kiçik mu­ğam dəstgahına çevrilmiş, XX əsrdən “Rəhab” adlandırılmağa baş­la­mış­dır. Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nə­zəri əsərində də “Rəhavi” adına rast gəlirik.

“Rəhavi” sözünün etimologiyasına gəldikdə isə rəvayətə görə “Rəha” Tür­kiyədə yerləşən Urfa şəhərinin ləqəbidir. Bir çox dini tarixlərin, mə­sə­lən, “Tarixi-Ənbiya”nın (Peyğəmbərlər tarixi) və Təbərinin “Tarixi-Kə­­biri”nin (böyük tarixin) yazdıqlarına görə Urfa bir şəhərin adıdır və İb­rahim Xəlil peyğəmbər bir müddət həmin şəhərdə yaşamış və peyğəm­bərlik etmişdir. Alim və tarixçilər yazırlar ki, ora­nın torpağı o dərəcədə münbit, suyu şəffaf və havası təmiz olmuşdur ki, yer üzündə olan bütün meyvə növləri o torpaqda bitər, hər cür xəstə hə­min şəhərə gəldisə müt­ləq düçar olduğu xəstəlikdən şəfa tapıb xilas olar­dı. Məhz buna görə də həmin Urfa şəhərinə “Rəha”, yəni xilasedici lə­qəbini vermişlər. “Rəha” ifa­dəsinin muğama aid olmaq mənasına gəl­dik­də isə onu demək lazımdır ki, bu muğamın da melodiyası olduqca in­cə, həzin və lirikdir. Bəzi mən­bələrin, o cümlədən musiqişünas alimlərin öz əsərlərində yazdıq­larına görə “Rəhavi” muğamı da Urfa şəhərinə həsr olun­muşdur. Başqa mü­la­hi­zə­yə görə bu muğamı icad edən şəxs həmin “Rə­ha” şəhadətində olduğu üçün və o bu muğamı yaratdığına görə həmin mu­ğam onun adı ilə Rəhavi adlandırmışdır” [1, s. 61-62].

“Rəhavi” muğamı olduqca zərif, incə və lirik məzmuna malikdir və bu in­cə lirizm həmin muğamın təkcə yalnız instrumental ifaçılıq üslubunda de­yil, xanəndəlik üslubunda da özünü açıq və aşkar büruzə verməkdədir. Be­lə ki, digər lirik məzmunlu muğamlara nisbətən “Rəhavi” muğamı ol­duq­ca ahəstə, aram bir tərzdə oxunur ki, digər muğamlara baxdıqda onun oxu, ifa üslubu sanki ritmik bir muğamın ifasını xatırladır.

“Rəhab” sözünün hərfi mənasına gəldikdə isə o yol, məslək deməkdir. Baş­qa mənada bu hava, mahnı, sanballı, ağır hava deməkdir. Bu, muğa­mın lirik, emosional təsirində də özünü göstərir. Rəhab dinləyicidə sevgi, mə­həbbət hissləri oyadır. Aşiqi mərdanə və mübariz olmağa çağırır. Onun ifa xarakterini ifadə etsək, qeyd etməliyik ki, güclü və aydın miz­rab­larla təntənəli, tərənnümlə ifa olunan muğamda dalğalı səslənməyə xü­susi diqqət yetirilir.

“Rəhab” muğamının ifaçılarından söhbət açarkən ilk növbədə göz önü­­nə Şəkili Ələsgər gəlir. Xanəndənin ifasında səslənən “Rəhab” XIX əsr­­də çox məşhur idi. F.Şuşinski kitabında yazır ki, musiqi tariximizdə XIX əsrin II yarısında yaşamış məşhur Qarabağ xanəndəsi Dəli İs­ma­yıl­dan sonra Şəkili Ələsgər “Rəhab” oxumaqda birinci sayılırdı. Bunu onun dəfn mərasimində iştirak edən böyük muğam ustadı Cabbar Qaryağdı­oğ­lu­nun göz yaşları içində “Ələsgər, biz indi səni yox, “Rəhab”ı dəfn edi­rik” – söyləməsi faktı da təsdiq edir [3, s. 84].

“Rəhab” XX əsrin əvvəllərində keçirilən “Şərq gecələri” və “Şərq kon­­sertləri”nin də proqramlarında ifa olunub. Buna sübut 1915-ci il mar­tın 13-də “Nicat cəmiyyəti” tərəfindən Bakıda keçirilən ikinci “Şərq ge­cə­si”ndə məşhur tarzən Məşədi Zeynal Haqverdiyevin məhz “Rəhab” ifa et­diyi faktıdır. Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəli­yevin qo­runub saxlanan qrammofon vallarında bu muğamın lent yazısına rast gə­lirik.

“Rəhab” muğamının nota alınmasına gəldikdə isə instrumental şəkildə o, ilk dəfə XX əsrin II yarısında N.Məmmədov tərəfindən görkəmli tar­zən Ə.Bakıxanovun ifasından yazılmışdır. “Rəhab” muğamının digər not­laş­drma variantı tarzən Ə.Məmmədli tərəfindən tarzən, pedaqoq Kamil Əh­mədovun ifaçılıq ənənəsinə uyğundur. Aşağıdakı cədvəldə hər iki not ya­zısında və Azərbaycan Milli Konservatoriyasının “Muğam” (xanəndə) proq­ramında göstərilən şöbələri təqdim edirik.

N.Məmmədov

Ə. Məmmədli AMK proqramında
1.      Rəhab (müqəddimə) Bərdaşt (Əmiri) Bərdaşt (Əmiri)
2.      Bərdaşt   Mayə-Rəhab
3.      Əmiri Şikesteyi- fars Mübəriqqə (Şikəsteyi–fars)
4.      Nəvadan bir hissə Əraq Əraq
5.      Rəhab Məsihi Qərayi
6.      Rəhab rəngi Rəhaba ayaq Məsihi
7.      Şikesteyi-fars   Rəhaba ayaq
8.      Mübərriqə    
9.      Rəng    
10.   İraq    
11.   Pəncgah    
12.   Qərai    
13.   Məsihi    
14.  Təsnif    

Adətən kiçik həcmli muğamlar ifa olunarkən muğam dəstgahlardan fərq­li olaraq onlarda “Bərdaşt” çalınmır, onun yerinə təsnif, yaxud da də­ra­məd çalınır. Lakin cədvəldən də göründüyü kimi, “Rəhab” muğamının bü­tün tərkiblərində “Bərdaşt” var. Bəzən “Bərdaşt” “Əmiri” şöbəsi ilə baş­lanır. Bu, “Rəhab”ın “Mayə”si adlanır. Bəzi variantlarda “Bərdaşt”ı “Əmi­ri” təşkil edir, sonra isə “Mayə” şöbəsi kimi “Rəhab” çalıb oxunur. “Bər­daşt-Əmiri” şöbəsində “Rəhab” muğamı üçün xarakterik olan me­lo­dik intonasiya özəyi və melodik hərəkət formalarının əsası qoyulur. Bü­tün bunlar muğamın əsas ifa xüsusiyyətlərinə çevrilir və onun sonrakı in­ki­şafında da özünü göstərir.

“Muğamın “Mayə” şöbəsi olan “Rəhab” şöbəsində melodik hərəkətdə get­dikcə variantlı inkişafda daha geniş yer verilir ki, bu da melodikanı zən­ginləşdirir. Həmin şöbələr muğamın melodik inkişafının özülünü və bi­rinci əsas mərhələsini təşkil edir ki, bu da muğamın tematizminin for­ma­laşması ilə bağlıdır. Bu muğamın tərkibində digər muğamlara keçid ənə­nəvi haldır. Belə ki,  Şikesteyi-fars” və “Əraq” şöbələrindən istifadə olun­ması ladlar arasında ahəngdar və rəvan keçidlərə yol açır. Bununla ya­naşı, melodiyanın sərbəst gəzişməsində yüksələn, enən hərəkət xətti önə çıxır ki, bu da “Rəhab” muğamının melodik xüsusiyyəti ilə yaxınlıq təş­kil edir” [2, s. 124].

“Bərdaşt”, “Məsihi” şöbəsində tara məxsus nadir ştrixlərdən – dolğun üst, alt­dan üstə güclü tərsə mizrab vurmalardan, barmaqla simlərin ehti­za­za gə­tirilməsində, simi tutub buraxmaqla simlərin tərzlərindən yu­xa­rı­dan aşa­ğı gedişlərdən, xırda, zərif ştrixlərdən, açıq simlərin dalğalı səs­lən­­mə­sin­dən daha çox istifadə olunur.

Bütün variantlarda yer alan və mühüm tərkib hissələrindən biri olan “Şi­kəsteyi-fars” şöbə kimi bir çox muğamlarda işlənir. Lakin daxil ol­du­ğu muğamlardan asılı olmayaraq, bu şöbə hər bir muğamda özünəməxsus me­lodiyasını lad-məqam xüsusiyyətlərini və musiqi məzmunu saxlayır. An­caq ayrı-ayrı pərdələrdə tamamlanmaqla bir-birindən fərqlənir. “Rə­hab” muğamında bu şöbə “Mayə”dən kvarta yuxarıda qurulur, şəffaf və ahəs­tə səslənməyə malikdir. “Şikəsteyi-fars” şöbəsi “Mübərriqə” şöbə­siy­lə tamamlanır ki, bu da “Rəhab” muğamının tərkibində öz əksini tapır. “Şi­kəsteyi-fars”ın mövzusu segah ladının pillələri üzərində gəzişmələr­dən yaranır. Mövzunun başlanğıc fazası – dalğalı melodik hərəkət xətti və istinad pilləsinin təkrarlanması “Rəhab” şöbəsinin mövzusu ilə üst-üs­tə düşür. Şur və segah ladları üzərində yaradılan “Şikəsteyi-fars”  xarak­te­rinə görə bir-birindən fərqlənir. Şur ladının pillələri üzərində gəzişmə “Rə­hab” muğamının mövzusuna məğrurluq aşılayırsa, segah ladının pil­lə­ləri üzərində gəzişmədən yaranan melodiya həzinlik gətirir.

Muğamın inkişafının ən yüksək zirvəsi “Əraq” şöbəsidir ki, bu da mu­ğam silsiləsinin yeni bir mərhələsini təşkil edir. Adətən, “Əraq” şöbəsinin mu­siqi materialı digər muğamların bilavasitə “Rast” muğamının tərki­bin­də mərd, qəhrəmani xarakterinə görə seçilir. “Rast”da “Əraq”ın səslən­mə­si yüksək zirvədə əsas lad tonallığın bərqərar olmasını şərtləndirir. “Rə­hab”da isə “Əraq”ın səsləndirilməsi o qədər də təntənəli deyil. Bu şö­bə muğamın inkişafında daha yüksək mərhələyə çatmaqla silsiləyə yeni lad boyaları daxil edir, şur və segah ladlarında melodikanın işlənil­mə­sin­dən sonra musiqiyə daha işıqlı xarakter gətirir. “Əraq” şöbəsində metro rit­mik rəngarənglik melodik inkişafı dinamikləşdirir [2, s. 125].

“Rəhab” muğamında “Əraq”dan sonra “Qərai” vasitəsilə zildən təd­ri­cən enmə prosesi baş verir. Onu da qeyd edək ki, “Rast”, “Mahur-hindi” və başqa muğamlarda da “Əraq” və “Qərai” şöbələri eyni funksiyanı ye­ri­nə yetirir. “Məsihi” şöbəsi özündən əvvəlki şöbələrdəki inkişafı yekun­laş­dırır və “Mayə”pərdəsinə qayıdışı həyata keçirir. Buna görə də melo­di­yanın enən xarakteri aydın nəzərə çarpır. “Məsihi” şöbəsinin başlan­ğıc­da tersiya diapazonu çərçivəsində dairəvi hərəkəti melodik gedişlərə əsas­lanan mövzusu sonradan bir qədər genişlənməyə məruz qalır. “Mə­si­hi” şöbəsinin sonunda enən aramlı hərəkət “Rəhaba ayaq” şöbəsinə gə­ti­rib çıxarır. Muğama xas olan melodik dönmələrə əsaslanan bu hissə ma­yə­yə doğru enən və “Mayə” pilləsinin dəfələrlə təkrarlanmasından ibarət hə­rəkət xəttinə malikdir. “Şikəsteyi-fars”, “Əraq”, “Qərai” şöbələrinin çal­ğısında işıqlı, parlaq səslənmələr özünü göstərir. Onlardan sonra “Mə­si­hi” və “Rahəba ayaq” (kadensiya) şöbələri ardıcıllaşır. Bu şöbələr va­si­tə­silə artıq “Rəhab”ın əsas məqam tonallığına – “Şur”a qayıdış baş verir. “Mə­sihi” şöbəsi “Rəhab”dan başqa “Nəva” dəstgahında da mövcuddur. O, “Hüseyni” ilə “Şahnaz” arasında yerləşən bir guşədir. Məsih – İsa pey­ğəmbərə verilən addır. Bu söz xilaskar, yer üzünün qurtarıcısı an­la­mın­da işlənir. İsanın dininə etiqad edən insanları xristian, Məsihi ad­lan­dı­rır­dılar. Həmin şöbə olduqca lirik, ahəstə, həzin bir tərzdə çalınır. Bu, mu­ğamın sona yetdiyini bildirir. Dinləyicinin ruhunu ələ alır, elə bil nəql olunan bir hadisə, nağıl sona yetir. Bununla da, muğamın, onun əv­vəl­ki şöbələrinin emosional təsiri üzrə xoş təəssürat yaradır.

“Rəhab” muğamı bəstəkarlarımızın diqqətindən də yayınmamış, onlar də­fələrlə bu muğama və onun ayrı-ayrı şöbələrinə müraciət etmişlər. Hə­min əsərlər arasında diqqət çəkən iki böyük əsəri bu məqalədə xatırlayaq. Bun­­lar C.Cahangirovun “Füzuli kantatası”, T.Bakıxanovun “Nəva sim­fo­nik” muğamıdır. C.Cahangirovun “Füzuli kantatası”nda. əsərin kom­po­zi­si­ya quruluşunda, musiqi materiallarında  “Rəhab” muğamından istifadə edə­rək bəstəkar sufi şair Füzulinin qəzəllərinin fəlsəfi lirik məzmunu, ila­hi sufiyanə eşqin mahiyyətini açıb göstərməyə, aşiq və məşuqun izti­rab­la­rını dolğun şəkildə ifadə etməyə çalışmışdır. T.Bakıxanov isə Azər­bay­can bəstəkarları arasında ən çox simfonik muğam yazan bəstəkardır de­sək, heç də yanılmarıq. Onun “Nəva”, “Şahnaz”, “Hümayun” kimi sim­fo­nik muğamları məşhurdur. “Rəhab” simfonik muğamının üzərində işlə­yər­kən müəllif muğamın bütün quruluş və lad düzülüşü xüsusiyyətlərini sax­layaraq rapsodik tərzdə kompozisiya yaratmışdır. Nəticədə bəstəkar mü­asir simfonik orkestrin imkanlarından və müxtəlif növlü polifonik və harmonik üsullardan istifadə edərək yeni çoxşaxəli ifa üsulu yaratmağa na­il olmuşdur. “Rəhab” muğamının şöbələri: “Şikəsteyi-fars”, “Qərayi” nə qədər incə, lirik əhvali-ruhiyyədə səslənirsə, orkestrdə “İraq”, “Pənc­gah” şöbələri dramatik xarakterdə səslənir. “Məsihi” şöbəsi isə təntənəli, şən final kimi istifadə olunub.

Gördüyümüz kimi, bu gün də “Rəhab” muğamı Azərbaycanın musiqi xə­zinəsində öz yerini qoruyub saxlayır, yaşından asılı olmayaraq hər nəs­lin görkəmli  xanəndələri bu muğamı ifa edir.

 

İstifadə edilmiş ədəbiyyat: 

  1. Tofiq Bakıxanovun simfonik muğam dünyası. : Mütərcim, 2014, 108 s.
  2. Rzayeva B. “Rəhab” muğamının melodik xüsusiyyətləri // “Musiqi dün­ya­sı” jurnalı, 2011, №2/47.
  3. Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.

 

Вугар Алиев

Об особенностях  исполнения мугама ««Рахаб»

РЕЗЮМЕ

В представленной статье говорится о характеристике пения, знаменитого в Азербайджане мугама ««Рахаб». «Рахаб» относится к семейству мугама ««Шур» и в данной статье прослеживается история, развитие и его роль в  исполнительском искусстве.

Ключевые слова: ««Шур», ««Рахаб» мугам, исполнитель мугама,  дестгях, симфонический мугам

  

Vugar Aliyev

About performance characteristics of mugham “Rahab”

SUMMARY

The given article deals with the performing characters of “Rahab” mugham, which is well-known in Azerbaijan. Article also consists from the history, the developing process and the role of “Rahab” mugham (which is enters to “Shur” mugham family) in our modern performing history.

Key words: “Shur”, “Rahab”, mugham (eastern melody), singer, singer of mugham, dastgah, symphonic mugham

 

Rəyçilər:

professor Ağaverdi Paşayev;

professor  Fəxrəddin Dadaşov.

Mövzuya uyğun