AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Maya QAFAROVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

BMA-nın professoru

 

Bəsti KAZIMOVA

Ü.Hacıbəyli adına  BMA-nın

«Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi»

laboratoriyasının elmi işçisi

 

Qədim musiqi alətlərinin bərpaçısı professor Məcnun Kərimin fəaliyyətinə dair

 

Açar sözlər: Məcnun Kərim, musiqi aləti, təkmilləşmə, bərpa

 

Milli musiqimizin ayrı-ayrı növ və janrlarının mənəvi  zənginliyində, inkişafında, dünyada tanınmasında musiqi alətlərimizin, həmçinin bu alətlərdə yüksək ifaçılıq məharəti göstərən sənətkarlarımızın rolu böyük olub. Qədim musiqi alətlərimiz necə, nə zaman yaranıb, hansı  inkişaf mərhələlərindən, təkmilləşmə prosesindən keçərək bu günə  çatıb? Bu suallar milli musiqi alətlərində tədrisə, ifaçılıq bacarığına yiyələnən hər kəsi, eləcə də müəllimlərin, alətşünaslıq üzrə tədqiqat  aparan alimlərin,  mütəxəssislərin  maraq dairəsindədir. Hələ keçən əsrin 60-cı illərindən başlayaraq bu sahəyə xüsusi maraq göstərən musiqişünas alimlərimizdən Səadət Abdullayeva, Vaqif Əbdülqasımov, Abbasqulu Nəcəfzadə və başqaları çap etdirdikləri silsilə məqalələr,  tədris  vəsaitləri ilə diqqəti bu istiqamətə yönəldə bilmişlər. Sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının xalq  artisti Məcnun Kərimin də  qədim musiqi alətləri üzrə apardığı araşdırmalar, onların bərpası və təkmilləşdirilməsi üzrə gördüyü işlər sistemliyi, fundamentallığı ilə seçiliər və  mühüm  əhəmiyyətə  malikdir.

Məcnun Kərim 1959-1963-cü illərdə Ağdam Orta İxtisas Musiqi Məktəbində tar ixtisası üzrə təhsil  aldığı və bundan sonra 1967-ci ilə qədər Zəngilan rayonunda 7 illik musiqi məktəbinə rəhbərlik etdiyi, pedaqoji fəaliyyət göstərdiyi illərdə qədim musiqi alətlərinin yaranışına daim maraq göstərirdi. 1967-1972-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinin tar sinfində təhsil aldığı illərdə bu maraq daha da inkişaf edərək əməli fəaliyyətə ruhlandırmışdı. Konservatoriyanı bitirdikdən sonra Bakıdakı 3 nömrəli musiqi məktəbində tar müəllimi kimi çalışdığı illərdə də qədim musiqi alətləri haqqında araşdırmalarını bir an belə dayandırmamışdı. Artıq o illərdə qədim musiqi alətlərimizin orijinal tədqiqatçısı kimi tanınan Məcnun Kərim belə bir qənaətə gəlmişdir ki, xalq yaradıcılığının, milli musiqi mədəniyyətimizin dərin qatlara əsaslanan inkişafında musiqi alətlərinin, bu alətləri yaradanların, ifaçılıq məharəti göstərənlərin böyük rolu, təsir imkanları olmuşdur. Buna görə də “Dövrümüzə gəlib çatmamış, unudulmuş musiqi alətlərinə  tədqiqatçı marağı göstərərək onların bərpası işinə başlamışdır. Bu marağın nəticəsi kimi 1991-ci ildə artıq 9 musiqi  aləti Məcnun Kərim tərəfindən həyata  qaytarılmışdır” (1, s. 38).

Problemin nəzəri və təcrübi məsələlərini mükəmməl bilən Məcnun Kərim  1991-ci ildə Bakı Musiqi Akademiyasına  dəvət olunub və ömrünün sonunadək burada yaradılan “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi  laboratoriyasına rəhbərlik edib. Onun 1995-ci ildə “Azərbaycanın qədim simli çalğı alətləri” mövzusunda namizədlik, 2009-cu ildə isə “Orta əsr Azərbaycan musiqi alətləri (tarixi, orqonoloji tədqiqat)” mövzusunda sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya Məcnun müəllimin müntəzəm, sistemli tədqiqatlarının uğurlu nəticəsi kimi  dəyərləndirilir.

Professor Məcnun Kərim tədqiq etdiyi sahənin elmi-nəzəri əsaslarını geniş, əhatəli şəkildə öyrənmək işini bir an belə dayandırmamış, gəldiyi qənaətlərlə musiqi, sənət həvəskarlarının, bu sahədə çalışan mütəxəssislərin rəğbətini qazanmışdır. Müəllif “Musiqi dünyası”  jurnalının 1999-cu il, I nömrəsində dərc edilmiş “Azərbaycanın qədim musiqi alətləri” mövzusunda elmi-nəzəri mahiyyətinə görə diqqəti cəlb edən məqalədə yazır: “Yaranma tarixi eramızdan çox-çox əvvəllərə təsadüf edilən simli, nəfəs və zərb musiqi alətlərinin çoxsaylı növləri Orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılmış və  xalqımızın mədəni məişətində uzun illər istifadə olunmuşdur. Ümumiyyətlə, X əsrdən başlayaraq Azərbaycan Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrdə istifadə olunan simli, nəfəsli və zərb musiqi  alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairləri Nizami Gəncəvinin (XII əsr), Məhəmməd Füzulinin (XVI əsr), Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIII əsr), Əbdülqadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış istedadlı Azərbaycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əli  tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir” (2, s. 37).

Professor Məcnun Kərim elmi-yaradıcılıq fəaliyyəti zamanı dönə-dönə qeyd edirdi ki, indi sənət aləmində özünə geniş yer tutan musiqi alətlərimiz zəngin xalq yaradıcılığının bədii-estetik baxışlarını əks etdirir. Buna görə də tarixi keçmişimizin musiqi mirasını elmi əsaslarla tədqiq edib onun unudulmuş, sıradan çıxmış nümunələrini yenidən həyata qaytarmaq alətşünaslıq elminin vacib problemlərindən biridir və xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Məhz bu yolla xalqımızın mədəni-tarixi əlaqələri, milli və bəşəri musiqi dünyası haqqında daha geniş  təsəvvür yarana bilər.

Professor Məcnun Kərim bu yöndə çalışmalarında ən tutarlı elmi-tarixi mənbələrə istinad etməyi vacib sayaraq yazırdı: “XIV əsrdə yaşayıb-yaratmış görkəmli musiqişünas Əbdülqadir Marağai qopuzu belə təsvir edir: Ozan qopuzu uda bənzəyir, onun üzünün dörddə üç hissəsinə dəri çəkilir və üç simdən ibarətdir. Kasası bütün sazların kasasından uzundur. Bir çox simli musiqi alətləri, o cümlədən ud, çoğur və saz qolça qopuzdan təkmilləşmişdir. Elmi laboratoriyanın əməkdaşları S.Abdul-layeva, Ş.Hacıyev, F.Xalıqzadə və başqalarının yaxından köməkliyi sayəsində tarixi qaynaqlara istinad edərək qolça qopuzun ilk variantı bərpa edilib. Hazırda alətin ifaçılıq imkanları öyrənilir, səsləndirilməsi ilə bağlı işlər aparılır. Bu il mart ayının 21-də bayram şənliklərində Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışını dinləyən Prezident Heydər Əliyev cənabları unudulmuş qədim musiqi alətlərinin, o cümlədən Qolça Qopuzun bərpasını yüksək qiymətləndirdi və onu bu il «Dədə Qorqud» dastanının 1300 illik yubileyi ilə bağlı Respublikamızda keçiriləcək zirvə toplantısında yüksək səviyyədə nümayiş etdirilməsini qeyd etdi” (2, s. 37).

Professor Məcnun Kərim alətşünaslıq sahəsində apardığı elmi-tədqiqat  işlərinin ictimai-sosial mahiyyətini dərin vətənpərvərlik hissi ilə nəzərə  çatdırır, çox da asan olmayan bu işə böyük maraq və səylə yanaşmağı bu sahədə uğur  qazanmağın təməli kimi dəyərləndirərək yazırdı: “Məndən tez-tez soruşurdular: “Unudulmuş musiqi alətlərini yenidən yaratmaqda məqsədin nədir?” Heç vaxt bu suala dürüst cavab verə bilməmişəm. Mənə elə gəlirdi ki, sual düzgün verilmir və ya düzgün ünvanlanmır. Özü üçün rəsm çəkən, şeir yazan adamdan gördüyü işin məqsədini necə soruşmaq olar? Desəm ki, bu işə başlayanda pul qazanmaq istəmişəm — gülünc çıxar. Azərbaycan musiqi mədəniyyətini zənginləşdirmək istədiyimi iddia etsəm, səmimilikdən uzaq olaram. Mən, sadəcə olaraq,  bu alətləri olduğu kimi görmək, onları səsləndirmək istəmişəm. Bir sözlə, işə başlayanda məqsəd yox, maraq var idi. Güman edirəm ki, əgər qarşıma hər hansı bir məqsəd qoysaydım bu işin öhdəsindən gələ bilməzdim. Hər bir musiqi alətinin yaradılması bir zirvənin fəthinə bənzəyir. Mənə elə gəlir ki, alpinist yalnız zirvəni fəth etdiyi an xoşbəxt olur. Mən də alətin son simini bağlayıb, onda ilk notları səsləndirəndə, sanki, qanad açıb uçmaq istəyirdim. Sonra içərimdə bir boşluq yaranırdı. Yalnız növbəti alətin yaradılmasına başlayanda bu boşluğu doldururdum” (3, s. 7).

Doğma Azərbaycanımızın qədim və zəngin tarixinin bəşəri mahiyyəti ilə dəyərləndirilən qədim milli musiqi alətlərmimizin bərpası və təkimlləşdirilməsi sahəsində sənətşünaslıq üzrə elmlər doktoru, pro-fessor, xalq artisti Məcnun Kərimin rolu böyükdür. Onun bu sahədəki geniş, çoxcəhətli fəaliyyətini elmi əsaslarda tədqiq etmək qarşıda duran mühüm vəzifələrdən biri kimi  dəyərləndirilməlidir.

ƏDƏBİYYAT: 

  1. Hüseynova Ş. Qədim musiqi alətlərinin tədqiqatçısı. B.: Apostroft, 2015.
  2. Kərimov M. Azərbaycanın qədim musiqi alətləri. // “Musiqi  dünyası” jurnalı, 1999, № 1
  3. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009.
  4. Qafarova M. Məcnun Kərim: görkəmli şəxsiyyətin // “Musiqi dünyası” jurnalı, 2015, № 1.
  5. Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Elm, 2002.
  6. Əbdülqasımov V. Azərbaycan tarı. B.: «İşıq», 1989.
  7. Nəcəfzadə A. Azərbaycan çalğı alətlərinin izahı lüğəti. B.:

 

Мая КАФАРОВА

Доктор философии по искусствоведению,

профессор БМА

Бести КЯЗЫМОВА

Научный сотрудник лаборатории в БМА

О ДЕЯТЕЛЬНОСТИ  МЕДЖНУН КЕРИМА – УЧЕНОГО РЕСТАВРАТОРА ДРЕВНИХ МУЗЫКАЛЬНЫХ ИНСТРУМЕНТОВ

Резюме

Статья повествует о деятельности доктора наук по искусствоведению, профессора Меджнуна Керима в работе по восстановлению древних народных музыкальных инструментов. Меджнун Керим был ученым,  у которого особые услуги  в данной области. В работе предоставлены научно-практические мысли и рекомендации опытного мастера инструментов и исполнителя.

Ключевые слова: Меджнун Керим, музыкальные инструменты, восстановление, улучшение

 

Maya KAFAROVA

Ph.D. in History of Arts,

professor of BMA

 

Besti KAZIMOVA

Laboratory of BMA, scientific worker

ACTIVITIES OF REDUCING ANCIENT MUSICAL

INSTRUMENT MAJNUN KARIMOV

Summary

The article was devoted to doctor art of sciences, professor, national artist Majnun Karim restoration of our ancient folk musical instruments. The scientist Majnun Karim in this field who has special services and enormous experience.In this field are presented theoretical-practical ideas and recommendations of an experience master of instruments and performer.

Key words: Majnun Karim, musical instruments, restoration, iprovement.

 

Rəyçilər:

fəlsəfə üzrə  elmlər doktoru, professor Gülnaz Abdullazadə,

pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov

Mövzuya uyğun