AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2015

 

 

Cabir ABDULLAYEV

AMK-nın müəllimi

 

Opera səhnəsində qadin xanəndələrin rolu

 

Açar sözlər: muğam, opera, xanəndə, səhnə, obraz, Ü.Hacıbəyli, M.Ma­qomoyev, Ş.Axundova

 İncəsənət tariximizə nəzər saldıqda maraqlı bir faktla qarşılaşmış olu­ruq. XIX əsrin 70-ci illərində əsası qoyulmuş professional teatr səhnə­miz­də XX əsrin 30-cu illərinə qədər qadın aktyorlar yox idi. Səhnəmizdə qadın rollarını da kişi aktyorlar oynamaq məcburiyyətində qalırdılar. 1908-ci ildə Ü.Hacıbəylinin yazdığı Şərqin ilk operası olan “Leyli və Məcnun” Bakıda səhnəyə qoyuldu. Bu tamaşada Leyli obrazını səhnədə yaradacaq aktyoru tapmaq və onu bu işə razı salmaq asan olmadı. Uzun xahiş və minnətdən sonra çayçı şagirdi Ə.Fərəcov bu işə razı olsa da, “Ley­li və Məcnun” operasının ilk tamaşasından sonra oynamaqdan im­ti­na etdi. 1908-ci ilin aprelin 22-də ikinci dəfə oynanılan tamaşada Leyli ro­lunu bəstəkarın xalası oğlu Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski) oy­nadı. Lirik tenor səsə malik olan Ağdamski gözəl müğənni olmaqla ya­na­şı, başqalaşma məharəti ilə seçilirdi. Yəni müxtəlif xarak­terli qadın rol­la­rını oynamaq, bu obrazları yaratmaq istedadı Ə.Ağdams­kidə çox qa­ba­rıq idi. Yüksək aktyorluq qabiliyyəti və Azərbay­can muğam­larının yanıqlı dili və ahəngi ilə Leylinin, “Əsli və Kərəm” operasında Əslinin odlu mə­həb­bətini, hicran əzablarını, nakam eşq faciəsini məharətlə yaradan Ə.Ağ­damski, həm də möhkəm iradəli diribaş kəndli qızı olan Xurşid­ba­nu­nu, “Rüstəm və Söhrab”da yaşlı və təmkinli qadın obrazı olan Təh­mi­nə­ni, “Aşıq Qərib” operasında Şahsənəm obra­zı­nı böyük məharətlə ya­ra­dır­dı. O, 12 il qadın qiyafəsində çıxış edərək, qa­dın rollarının unikal ifa­çı­sı kimi muğam operası tarixində yaşamaqdadır.

1916-cı ildən daha bir kişi ifaçı lirik tenor səsə malik olan Hüseyanağa Hacıbababəyov da muğam operalarında qadın rollarını ifa etməyə baş­la­yır. Leyli, Əsli, Xurşidbanu, Aşıq Qəribin anası rolunda çıxış edən H.Ha­cı­bababəyov sonralar Məcnun, Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa etmişdir.

Xanəndə Əbdülbaqi Zülalovun (Bülbülcanın) nəvəsi Sona Hacıyeva səh­nəmizin ilk qadın Leylisi olur. 1927-ci ildən Sona xanımdan sonra operada Leylini oynayan ilk azərbaycanlı qadın xanəndə Sürəyya Qacar olur. Metso-soprano səsə malik olan S.Qacar Leylidən başqa Əsli və Şah­sə­nəm obrazlarını da yaradır.

Daha sonra opera səhnəsində Həqiqət Rzayeva görünməyə başladı. Zən­gin sənət yolu keçmiş sənətkar Leyli, Şahsənəm, Ərəbzəngi obraz­la­rı­nı özünəməxsusluqla yaratmaqla yanaşı, “Koroğlu” operasında xanən­də qızı da oynamışdı. Güclü və məlahətli səsə, yüksək ifaçılıq istedadına ma­­lik olan H.Rzayeva da başqalaşma qabiliyyəti qabarıq tərzdə özünü gös­tərirdi. Belə ki, lirik səpkili Leyli və Əsli rollarıyla yanaşı Ərəbzəngi kimi qəhrəman qadın surətini də məharətlə oynamışdı. O, səhnəmizdə ən uzunömürlü Leyli olub, 40 illik səhnə fəaliyyətində min dəfədən çox Leyli surətini yaradıb, 500 dəfədən çox Ərəbzəngi oynayıb.

Burada maraqlı bir faktı da diqqətə çatdırmaq istərdik. 1927-ci ilə qə­dər Ərəbzəngi obrazı operanın yalnız bir pərdəsində yer alırdı (obrazın əsas ifaçıları Əli Zülalov və Məmmədtağı Bağırov olmuşdur), lakin 20 yaşlı H.Rzayevanın ustalıqla yaratdığı Ərəbzəngi rolunu görən M.Maqo­mayev sonralar operanı yenidən redaktə edərək Ərəbzənginin mövqeyini artırdı ona 4 pərdədə yer verdi. İlk dəfə muğam operasına daxil edilən dö­yüşçü qadın obrazını yaradan kişilərlə təkbətək vuruşan mübariz Ərəb­zəngi obrazı məhz muğamlarla xarakterizə olunurdu. H.Rzayeva “Mahur-hindi” muğamını, “Qarabağ şikəstəsi”ni, “Kəsmə şikəstə”ni sərbəst və köv­rək səsin ustalığı ilə ifa edirdi.

Soprano səsə malik olan Gülxar Həsənova Leyli, Əsli, Leylinin anası, xanəndə qız, Ərəbzəngi rollarını məharətlə ifa etmişdi. Rübabə Mura­dova güclü, təsirli və müxtəlif çalarlı səs diapazonuna və orijinal ifaçılıq üslubuna malik xanəndə idi. O, Leyli, Əsli, Şahsənəm, Ərəb-zən­gi, xa­nəndə qız partiyalarını səsinin özünəməxsus yanğısı ilə səmimiyyəti və həssaslığıyla ifa edirdi. O, ürəyinin bütün ağrısıyla, yanğısıyla oxuyur, aktyor kimi obraz yaratmağı bacarırdı. Onun “Lelyli və Məcnun” opera­sının I və II pərdələrində oxuduğu “Segah” sonrakı pərdədə “Şur” və “Bayatı-Şiraz” sanki tamaşaçını ovsunlayırdı.

R.Muradova həm də Ş.Axundovanın “Gəlin qayası” operasında Sə­nəm rolunu böyük müvəffəqiyyətlə oynamışdır. Muğam operalarında R.Muradovanın tərəf-müqabili kimi baş rollarda Ə.Sadıqov, H.Hacıbaba­bəyov, Ə.Əliyev çıxış etmişlər.

Sara Qədimova Leyli, Əsli obrazlarını müvəffəqiyyətlə ifa etmişdir. Li­rik kolarotur-soprano səsə malik olan və muğam operalarında özünə­məxsus oxu tərzi ilə seçilirdi.

1961-ci ildə S.Şuşinskinin sinfini bitirən Zeynəb Xanlarova operaya so­list kimi dəvət olunmuşdu. O, muğam operalarında baş rolları Leyli, Əsli obrazlarını həm dramatik ifaçılıq, həm də musiqi səciyyəsi baxı­mın­dan son dərəcə dolğun və təsirli yaratmışdır. Xüsusilə Z.Xanla­ro­vanın təf­sirində Leyli obrazı daha fərqlidir. Zeynəb xanım Leylinin faciə­sini səhnə obrazı səviyyəsinə yüksəldərək potensial aktyorluq məharətini tə­cəs­süm etdirir.

Leylinin obrazını dəlicəsinə sevən məsum, bədbəxt bir qız, feodal pat­ri­arxal dünyagörüşünün qurbanı olan, eşq girdabından fəğan edən səda­qət­li namuslu aşiq kimi yaradan Z.Xanlarova öz aktyorluq istedadını ka­mil vokal partiyası ilə uzlaşdırır. Böyük rus bəstəkarı P.İ.Çaykovskinin söy­lədiyi kimi, “tamaşaçı operaya yalnız eşitmək üçün deyi, həm də bax­maq üçün gəlir” müdrik kəlamları məhz Z.Xanlarovanın ifaçılıq xüsusiyyətinə yaxındır.

Ümumiyyətlə, Ü.Hacıbəyli operalarında muğamlardan istifadə edər­kən, onların hər birinin ənənəvi obrazlı emosional təsirini əsas götürərək, hadisələrin gedişinə uyğun tərzdə uzlaşdırır. Məsələn, “Mahur-hindi” və “Segah” muğamları ilə “Leyli və Məcnun”un işıqlı, saf məhəbbətini, “Şur” muğamının üstünlük təşkil etdiyi ikinci pərdədə “Səmayi-şəms” şöbəsi ilə Leylinin və həyəcanla qızını günah hərəkətlərdən qorumağa çalışan anasının dialoqu verilir. Əvvəllər Leyli obrazını yaradan Gülxar Həsənova Z.Xanlarovanın Leylisi ilə tərəf-müqabil olarkən Leylinin ana­sı rolunu böyük məharətlə ifa edirdi. Z.Xanlarovanın ifaçılığında nə­zərə çarpan əsas cəhət isə öz Leylisini təcəssüm etdirmək, fərdi yaradı­cılıq key­fiyyətinə arxalanıb bənzərsiz bir səhnə surəti canlandırmaq cəhdi idi. İlk dəfə Z.Xanlarova Məcnun obrazının ifaçısı Əbülfət Əliyevlə səhnəyə çıxmışdı, lakin sonralar Bakir Haşımov və daha çox Arif Babayevlə tə­rəf-müqabil olmuşdur. Z.Xanlarovanın sözlərinə əsasən, onun opera mü­ğən­nisi kimi uğrunda məhz bu üç xanəndənin də xid­mətləri var. Z.Xan­la­ro­va öz müsahibələrində Ə.Əliyevin Məcnun obrazı­nı daha lirik, B.Ha­şı­mo­vun Məcnununda divanəlik çalarlarının daha qabarıq olmasını, A.Ba­ba­yevin Məcnunu isə eşqində çılğın, həyata küs­gün motivləri cilalan­maq­da qeyd edir.

1966-cı ildən operanın muğam truppasına solist kimi fəaliyyətə baş­la­yan Nəzakət Məmmədova geniş diapazonlu və lirik-dramatik səsə malik olan bir xanəndə idi. Leyli rolu ilə səhnəyə gələn N.Məmmədova bu ob­razı çox cazibədar və təsirli oynayır, öz qəhrəmanını tamaşaçıya sevdirə bi­lirdi. Yanıqlı və təmiz səsə malik olan N.Məmmədovanın Ley­lisi əv­vəl­ki Leylilərdən bir neçə müsbət cəhəti ilə fərqlənirdi. Onun zahiri gör­kəmi obraza bütünlüklə uyğun gəlirdi, hərəkələrində donuqluq yox idi, Ley­liyə xas olan xüsusiyyətləri bəzən nikbin, bəzən kədərli əhvali-ru­hiy­yəni səhnədə inandırıcı şəkildə əks etdirə bilirdi. Əvvəllər Leyli obrazını tamaşaçılara sevdirən H.Rzayeva, N.Məmmədovanın ifaçılığına yüksək qiymət verir və qeyd edirdi ki, səhnə davranışındakı, səsinin tonundakı ye­ni boyalar və ştrixlər nəticəsində tamaşaçılar onu sevgi və məhəbbətlə qarşılayırlar. Sonralar N.Məmmədova muğam operalarında digər yad­da­qa­lan rollar da oynadı. O, Əsli, Ərəbzəngi, xanəndə qız, Gülbahar ob­raz­la­rını öz kövrək, həzin səsi, təbii, emosional canlı aktyor oyunu və ori­ji­nal ifaçılıq manerası ilə yaradırdı.

Digər maraqlı ifa Qəndab Quliyeva və Səkinə İsmayılovaya aiddir. Gözəl səs, oynadığı rollara müvafiq xarici görünüşə malik olan S.İsmayı­lova həm də obrazların yaradılmasında öz başqalaşma istedadından bəh­rə­lənərək Leyli, Əsli, Şahsənəm, Gülbahar rollarını özünəməxsus tərzdə ifa etmişdi. Lirik soprano səsinin diapazununu, özünəməxsus tembri, həmçinin xarici görünüşü Q.Quliyevaya səhnədə uğur qazanmasına, ya­rat­­dığı obrazların daxili aləmini açmaqda kömək edən vasitələrdən ol­muş­dur.

Xanəndələr Rəsmiyyə Sadıqova, Raziyyə Şirinova, Sahibə Əhmədova və başqaları da uzun illər muğam operalarında çıxış etməklə öz ifaçılıq xüsusiyyətlərinin parladığı və səhnədəki aktyorluq məharətləri ilə yad­daş­da qalmışdılar. Xüsusilə Sahibə Əhmədova Leylinin anası və Ərəb­zəngi obrazlarını özünəməxsus ustalıqla yaratmışdır. Döyüşçü qadın ob­razının onun səs tembrinə və qabarıq bədən quruluşuna yaxın olması, məhz əməkdar artist S.Əhmədovanın bu rolda tamaşaçıların rəğbətini qa­zan­masına kömək etmişdir.

XX əsrin sonu, XXI əsrin əvvəllərində isə muğam operalarında əsas rolların ifaçısı kimi Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Gülüstan Əliyeva çıxış etmişlər. Onlar öz rollarını uğurla ifa etməklə yanaşı, hər biri özünəməxsus tərzdə obrazı səhnədə canlan­dırmaqla, rollarına yeni cizgilər, nüanslar, fərdilik əlavə etməklə ifaçılıq qabiliyyətlərini göstərməyə çalışırlar.

Xüsusən Aygün Bayramovanın Leylisi haqqında danışmaq istərdik. Ley­li və anasının səhnəsində Leylinin anasına bəslədiyi sonsuz məhəb­bəti, hörmət və itaəti eyni zamanda, qəlbində gizlədiyi ülvi eşqindən ayrılmaq qorxusu kimi hissləri ifadələyən bu səhnə Aygün Bayramova tərəfindən çox təsirli təqdim olunmuşdu. Çarəsiz qızın simasına çökən ürkək, lütf diləyən baxışlarını, bütövlüklə pərişan halını yüksək profes­sio­nallıqla göstərərək, tamaşada cərəyan edən hadisələrin səhnədə deyil, sanki real həyatda baş verdiyini inandırıcı şəkildə tamaşaçıya göstərir. Onun səsinin təmizliyi və tükənməzliyi xüsusilə “Qatar” muğamının çox zil pərdəsini ifa edərkən duyulur. İbn-Salama ərə verilmiş Leyli, qarşılıq­sız məhəbbətə olan nifrətini elə məhz “Qatar”la fəryad etmişdi. Nakam sevgiyə isə olan münasibəti, duyğuları bütün zənginliyilə Leylinin ölüm pər­dəsində ifa etdiyi “Segah”a çökmüşdür. Səsindəki sızıltı, yanğı, izti­rablı məhəbbəti, vüsal həsrətini bütövlüklə təcəssüm etdirir.

Son illərdə opera səhnəsində yeni gənc ifaçılar – Vüsalə Musayeva, La­­­lə Məmmədova, Arzu Əliyeva çıxış etməyə başladılar. Onu qeyd et­mə­­liyik ki, 1976-cı ildən etibarən artıq muğam operalar yazılmasa da, Azərbaycan bəstəkarlarının həmin dövrədək yazdığı əsərlər sevilərək xa­nəndələr tərəfindən oynanılır və tamaşaçıların rəğbətini və məhəbbətini qazana bilir. Yəni klassik səpkili operaların mövcudluğu, heç də muğam operalarına olan marağı azaltmır, əksinə Şərq təfəkkürünün kamil sözü­nü, eləcə də fəlsəfi mahiyyətini özündə daşıyan və şifahi ənənəyə əsas­la­nan professional musiqi janrı kimi operalarda yaşayır.

Tamaşalarda çıxış edən hər hansı bir nəslin nümayəndəsi olan qadın xanəndələr təkcə xanəndə kimi deyil, eyni zamanda aktyor kimi fərdi ifaçılıq xüsusuiyyətləri və yaradıcılıq keyfiyyətləri prizmasından öz ro­luna yanaşmaqla operadakı obrazları əsl mənada sevdirməklə tamaşa­çı­ların qəlbini fəth etməyə nail olmuşlar.

 

ƏDƏBİYYAT:

  1. Çəmənli M.Ş. “Leyli və Məcnun” 100 il səhnədə, B.: El, 2008, 432 s.
  2. Hacıbəyov Ü.Ə. “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər. Əsərləri. II cild. B.: 1965.
  3. Əliyeva F.Ş. XX əsrin əvvəllərində Azərbaycanda musiqi tənqidi. // “Musiqi dünyası” jurnalı, 2005 № 3-4/25 s. 86.
  4. Əhmədov Ə.Ə. Muğam operalarımızın qürubu. B.: 2013.

 

Джабир АБДУЛЛАЕВ

Педагог АНК

РОЛЬ ЖЕНЩИН-ХАНЕНДЕ НА ОПЕРНОЙ СЦЕНЕ

 Резюме

В статье представлено творчество женщин-ханенде (исполни­тельниц мугама), давших жизнь разным образам на национальной оперной сцене (с начала ХХ века и по сей день). В статье включены интересные мнения о сценической деятельности женщин-ханенде, исполнившие главные роли в операх-мугам на оперной сцене.

Ключевые слова: мугам, опера, ханенде (исполнитель мугамов), сцена, образ, У.Гаджибейли, М.Магомаев, Ш.Ахундова.

 

Jabir ABDULLAYEV

Lecture of ANC

ROLE OF FEMALE-KHANENDE ON AN OPERA SCENE

Summary

The submitted article is about the women singers who animates the different characters on the our national opera stage from tne beginnings of XX centuries to the present. The intersting thoughts related to the stage activity of all women singers playing the main role at the mugham operas on the opera stage at the article.

Key words: mugham, opera, singer, stage, character, U.Hajibayli, M.Magamoyev, Sh.Akhundova

Rəyçilər:

professor Arif Babayev;

professor Akif Quliyev.

Mövzuya uyğun