“Güllü qafiyə” aşıq və xanəndə ifaçılığında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
AMK-nın dissertantı
“Güllü qafiyə” aşıq və xanəndə ifaçılığında
Açar sözlər: aşıq, xanəndə, hava, gül qafiyə
Azərbaycan şifahi ənənəli professional musiqisinin iki möhtəşəm qolunu təşkil edən aşıq və muğam sənəti əsrlər boyu bir-birilə qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf etmişdir. Həm aşıq, həm də muğam sənəti türk xalqlarının mədəni həyatında xüsusi yer tutur. Böyük musiqi sərvətini özündə ehtiva edən hər iki sənət elmi tədqiqatlar üçün geniş bir mövzudur və Orta əsr Şərq alimlərinin yaradıcılığından başlayaraq bu günümüzə qədər öyrənilir, tədqiq olunur. Aşıq və muğam sənəti özündə xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini, fəlsəfi-psixoloji dünyagörüşünü əks etdirmiş, musiqi və poetik janrlarda insan həyatının müxtəlif tərəfləri, mənəvi dünyası öz əksini tapmışdır. Aşıq xalq tərəfindən sevilən, seçilən, sözü keçən müdrik, ağsaqqal kimi qəbul olunmuşdur. Əsl aşıq sənəti sadəcə əyləncə mahiyyəti daşımamış, insanın mənəvi dünyasını zənginləşdirən, həyatın vacib məsələlərini özündə əks etdirən əsl tərbiyəvi, fəlsəfi təsir qüvvəsinə malikdir. Muğam sənəti xalq musiqisinin ən kamil nümunəsini yaradaraq yüksək bədii zövqə və dərin mənaya malik musiqi əsərlərinin zəngin xəzinəsinə çevrilmişdir.
Həm aşıq, həm muğam sənəti XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin milli köklər üzərində formalaşmasında əsas rol oynamış, bəstəkarların daim bəhrələndiyi zəngin mənbə olmuşdur. Müxtəlif tarixi dövrlərdə, fərqli ictimai-siyasi şəraitdə formalaşan və inkişaf edən bu sənətlər XIX əsrin ortalarından etibarən xalq şənliklərində, mərasim və bayramlarda birgə nümayiş etdirilməyə başlamışdır. Bu şəraitdə aşıqlar, xanəndələr, sazəndələr, zurnaçılar, bir sözlə xalq musiqiçiləri bir araya gələrək qarşılıqlı sənət mübadiləsi edirdilər. Nəticədə bir sənət sahəsində mövcud olan müəyyən musiqi nümunələri digərinin repertuarına keçmiş, aşıq poeziyasından muğam ifaçılığında, aşıq havalarından xanəndə repertuarında istifadə edilmiş, ifaçılıq üslublarının bir-birinə təsir etməsi hər iki sənətin daha da zənginləşməsinə və inkişaf etməsinə gətirib çıxarmışdır.
Digər tərəfdən aşıq və muğam sənəti arasında tarix boyunca məntiqi, fəlsəfi-psixoloji, milli təfəkkürə əsaslanan ümumi cəhətlər də var. Bu baxımdan hər iki sənətin tarixini araşdıran elmi tədqiqatlarda aşıq və muğam sənətinin öz kökünü qam-şaman mədəniyyətindən götürməsi, hər iki sənətin daşıyıcılarının xalq tərəfindən sayılıb-seçilən şəxsiyyətlər olması, digər tərəfdən aşıq və muğam musiqisinin milli məqamlara əsaslanması, milli musiqi alətlərinin müşayiəti, janr, ritm, musiqi dilinin xüsusiyyətləri, ifaçılıq ənənələri arasında olan yaxınlıq və s. kimi ümumi cəhətlər mövcuddur. Həmin xüsusiyyətlər aşıq və muğam sənətinin müxtəlif ictimai-siyasi şəraitdə formalaşıb inkişaf etməsindən asılı olmayaraq eyni mədəni təfəkkürdən qaynaqlanmasından irəli gəlir. Bu məsələlərin araşdırılması və iki sənətin müqayisəli şəkildə təhlil olunaraq öyrənilməsi aşıq və muğam sənətinin tarix boyu və müasir dövrdə hansı qanunlar çərçivəsində, ictimai-sosial, bədii, mənəvi, fəlsəfi-psixoloji şəraitdə formalaşmasını izləməyə imkan verir. Bu baxımdan, aşıq və muğam sənətinin müqayisəli şəkildə tədqiq olunması müasir musiqişünaslıq üçün zəruri və aktualdır.
“Güllü qafiyə” aşıq repertuarında xüsusi yer tutan musiqi nümunələrindən biridir. “Güllü qafiyə” bir sıra aşıq havalarında olduğu kimi öz adını poetik mətnin quruluşundan götürür. Belə ki, aşıq poeziyasında gül qafiyə, cığa, yedək, sırğa və s. kimi anlayışlardan istifadə olunur. Bu sözlər müəyyən şeir formasına əlavə olunan kiçik əlavələrdir ki, onlar da öz təbiətinə görə müxtəlif olur. Bu barədə həm folklorşünas alimlərin əsərlərində, həm də aşıq musiqisinə həsr olunmuş elmi-tədqiqat əsərlərində ətraflı məlumat verilir. Hər iki sahədə bu sözlərin mənası, məqsədi, işlənmə forması və səbəbi açıqlanır. Əsas etibarilə bir çox alimlər aşıqların havacatla poetik forma arasında mütənasiblik yaratmaq üçün məhz cığalardan, gül qafiyə, yedək və s. istifadə etməsini qeyd edir. İ.Köçərli “Aşıq sənəti” kitabında bu sözlərdən hər birinin mənasını və mahiyyətini izah edir: “Gül qafiyə – bənd daxili, yəni misraarası işlənən şeir qurumudur. Gül qafiyə 3-5 hecalı və 4-6 misralı ola bilər. Bu misralar bir-birilə qafiyələnməli, əsas mətnin tutumu və ovqatı ilə uyğun olmalıdır” (2, s. 46).
Z.Nəbizadənin ifasında səslənən “Güllü qafiyə”nin poetik əsasını qoşma təşkil edir. Qoşmaya əlavə edilən gül qafiyə hətta musiqi məzmununun da dəyişməsi ilə şərtlənir. Belə ki, qoşmanın bəndləri lirik, təmkinli musiqi ilə ifa olunduğu halda, gül qafiyə hissəsində temp, melodiya dəyişir, canlanır, sürətlənir və əhvali-ruhiyyə şən, həyatsevər xarakter alır.
Musiqi materialının təhlili daha maraqlı xüsusiyyətləri üzə çıxarmağa imkan verir. Havanın musiqi məzmunu ilə poetik məzmunu bir-birini tamamlayır. Melodiya instrumental girişlə başlayır. Artıq burada ümumi əhvali-ruhiyyə özünü göstərir. Tar, kamança, qaval eyni vaxtda unison şəkildə eyni melodiyanı ifa edir. “Şur” muğamının intonasiyaları ilk xanələrdən özünü bütün parlaqlığı ilə göstərir. Xüsusilə mayənin üst aparıcı tonunun natural və bəmləşmiş şəkildə eşidilməsi musiqiyə amiranə xarakter verir.
12 xanəlik instrumental girişdən sonra xanəndənin ifası başlayır. Amiranə xarakter yenə də davam edir. İki misranı bəmdə, növbəti iki misranı isə zildə ifa edən xanəndə burada aşıq ifaçılıq üslubuna xas cəhətləri bir o qədər də tətbiq etmir. “Güllü qafiyə” bəhrli ritm qrupuna aid musiqi nümunəsidir. Aşıq havalarına xas olan bəhrsiz ritm və ya reçitativ-deklamasiya xarakterli melodiya burada izlənmir və bu xüsusiyyətlərin olmaması onu xalq mahnısına yaxınlaşdırır. Poetik mətn qoşma şeir formasıdır. Gül qafiyənin əlavə olunması musiqinin xarakterində də dəyişiklik yaradır. Belə ki, gül qafiyə hissəsinə çatan zaman ritm, temp, xarakter dəyişir, daha şən, rəqsvari musiqi ilə əvəz olunur. Lakin melodiyanin əsas məzmunu dəyişmir. Tematik material eyni qalır.
Əsas kupletlə gül qafiyə arasında keçən intermediya bu prosesi hazırlayır. Musiqinin xarakteri məhz burada dəyişir. Ümumilikdə 2 kuplet və iki gül qafiyədən ibarət poetik mətnin məzmunu öz sevigilisinə xitab, müraciətdən ibarətdir. Kupletlərin məzmunu ilə gül qafiyələrin məzmunu bir-birini tamamlayır.
T.Məmmədovun “Azərbaycan klassik aşıq havaları” kitabında təqdim olunmuş “Güllü qafiyə”nin xanəndə ifasında təqdim etdiyimiz nümunədən fərqlənməsi ilk baxışdan hiss olunur.
Burada da musiqi instrumental girişlə başlayır. Girişin musiqi məzmunu reçitativ-deklamasiya xarakterli aşıq havalarının ab-havasını yaradır. Dəfələrlə təkrar olunan kiçik motivlər, eyni pərdənin çox sayda səslənməsi, aid olduğu kökün eşitdirilməsi musiqiyə nisbətən monotonluq verir. 39 xanəlik girişdən sonra vokal ifa təqdim olunur. Poetik mətnin burada da müraciət xarakterli (dedim-dedi) olması melodiyaya öz təsirini göstərmişdir. Sevgilisi ilə arasında olan dialoqu nəql edən ifaçı musiqinin melodiklikdən çox monoton reçitativ, danışıq intonasiyasına yaxınlaşmasını təmin edir. Yəni Z.Nəbizadənin ifa etdiyi “Güllü qafiyə”də müşahidə etdiyimiz mahnıvarilik burada reçitativ-deklamasiya ilə əvəz olunmuşdur. Vokal melodiyanın kiçik diapazonu, həmçinin melodiyanı təşkil edən səslərin sekunda münasibətində yuxarıdan aşağı istiqamətlənməsi və bu hərəkətin demək olar ki, sona qədər eyni formada təkrarlanması havanın daha çox reçitativ-deklamasiya xarakteri daşımasına səbəb olur.
Bütün hava boyunca I oktavanın “sol” səsindən “fa” səsinə tədricən enən hərəkət 7 dəfə təkrar olunur. Orta hissədə melodik hərəkət I oktavanın “do”, sona yaxın “re”, sonda isə “mi” səsində dayanır. Eyni motivin dəfələrlə təkrarlanması instrumental girişdə də müşahidə olunur. Eyni motiv cüzi variant dəyişiklikləri ilə tam 37 xanə təkrarlanır.
Xanəndələr tərəfindən ifa olunan bu havada, musiqidə dəyişiklik olmaması və ifaçının aşıq vokal ifa üslubuna yaxınlaşması duyulur. Yaxınlıq həm də instrumental müşayiət zamanı balaban alətinin iştirakı ilə də duyulur.
Beləliklə, deyilənləri nəzərə alaraq cəsarətlə qeyd etmək olar ki, Azərbaycan xalq musiqisinin əsasını təşkil edən aşıq və muğam sənəti tarixi, sosial, fəlsəfi-psixoloji, eləcə də musiqi ifadə vasitələri, ifaçılıq üslubları baxımından bir-birilə sıx əlaqədə inkişaf edən sənət sahələridir. Təhlillər isə ilkin variantın məhz aşıq sənətində yarandığını deməyə əsas verir. Lakin qarşılıqlı təsir eyni havaların musiqi və bədii-emosional məzmununun inkişaf etməsi və zənginləşməsi ilə nəticələnmişdir. Digər tərəfdən iki sənətkar arasında baş verən ifaçılıq təcrübələrinin bölüşməsi qarşılıqlı təsirin həm də ifa üslubunda təzahür etməsi ilə şərtlənmişdir. Xanəndələr aşıq havalarını ifa edərkən aşıq ifasına xarakterik olan boğazlardan, aşıqlar isə havaların daxilində kiçik muğam parçalarından istifadə edərək musiqinin məzmununu, emosional bədii təsir qüvvəsini cilalandırmağa çalışırlar. Bu təsir instrumental müşayiətdə də özünəməxsus şəkildə üzə çıxır. Xanəndələr aşıq havalarını ifa edərkən müşayiət dəstəsinə balaban alətinin qatılması aşıq musiqisi təəssüratını artırdığı kimi, aşığın saz havalarının əvvəlində, ortasında sazda muğam parçası ifa etməsi xalq sənətkarının muğamdan bəhrələnməsinin təzahür forması kimi özünü göstərir.
ƏDƏBİYYAT:
- İsmayılov M.C. Azərbaycan xalq musiqi janrları. B.: İşıq, 1984, 100 s.
- Köçərli İ.T. Aşıq sənəti: musiqili poetik janrlar. B.: 2010, 218 s.
- Məmmədov T.A. Azərbaycan klassik aşıq havaları. B.: Əbilov, Zeynalov oğulları, 2009, 471 s.
- Əliyeva X.A. Şirvan aşıq havalarının məqam və melodiya xüsusiyyətləri. // Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş disserertasiyasının avtoreferatı. B: Mütərcim, 2014, 29 s.
Диссертант АНК
«ГЮЛЛУ ГАФИЕ» В ИСПОЛНЕНИИ АШУГА И ХАНЕНДЕ
Резюме
Статья посвящена некоторым вопросам исполнительского репертуара ашуга и ханенде. «Гюллу гафие» рассматривается в исполнении ашуга и ханенде. Автор анализирует оба варианта и подводит итоги о сходств и различие между исполнением ашуга и ханенде. В статье также рассматривается вопросы, касающиеся моменты соприкосновения творчества ашуга и ханенде.
Ключевые слова: ашуг, ханенде, напев, гюл гафие
post-graduate student of ANC
“GULLU QAFIYE” PERFORMED BY SINGERS AND ASHIG
Summary
This article is devoted to some issues performing repertoire ashig and singers. In this paper the music “Gullu qafiye” is considered by ashig and singers. The author analyzes both and takes stock of the similarities and differences between the performance of ashig and singers. The article also addresses issues related to the connect of creation Ashigs and singers.
Key words: ashig, singers, tune, rhythm, gul qafiye
Rəyçilər:
professor Ramiz Zöhrabov;
professor Fəttah Xalıqzadə.