Azərbaycan bəstəkarlarının arfa ilə ansambl əsərləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
Ü.Hacıbəyli adına BMA-nın dissertantı,
baş müəllimi
Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
Email: yegana55@rambler.ru
UOT 787.5
AZƏRBAYCAN BƏSTƏKARLARININ ARFA İLƏ ANSAMBL ƏSƏRLƏRİ
(AİDA ABDULLAYEVANIN KÖÇÜRMƏLƏRİ ƏSASINDA)
Xülasə: Yeganə Tapdıqova tərəfindən təqdim edilən “Azərbaycan bəstəkarlarının arfa ilə ansambl əsərləri (Aida Abdullayevanın köçürmələri əsasında)” adlı məqaləsində Aida Abdullayevanın yaradıcılığında ansambl musiqisi haqqında danışılır. Həmçinin, təqdim edilən məqalədə Aida Abdullayeva tərəfindən köçürülən Azərbaycan bəstəkarlarının arfa ilə əsərləri nəzərdən keçirilir.
Açar sözlər: ifaçılıq, pedaqoq, arfa, ansambl, əsərlər
Müasir musiqiçinin professional hazırlığı solo ifa bacarığına malik olmaqla yanaşı, həm də ansambl çalğısına yiyələnmək, savadlı, hərtərəfli inkişaf etmiş mütəxəssisin tərbiyəsinə yönəlməkdir. Ansamblda çalmaq musiqiçinin vacib professional keyfiyyətlərinin formalaşmasına şərait yaradır, müştərək ifa hissini, ştrixlərin vahid şəkildə oxunmasını, musiqi ifadəsini cümlələrə ayırmaq duyğusunu, artikulyasiyanı, ritm dəqiqliyini tərbiyə edir. Ansambl ifası musiqi quruluşunda bədii mənanın tamlığı kimi mənimsəməyi öyrədir. Təsadüfi deyil ki, məşhur arfa ifaçısı, Azərbaycanın əməkdar artisti Aida xanım Abdullayeva öz təcrübəsi əsasında Azərbaycan bəstəkarlarının əsərlərini arfa dueti üçün işləmiş və bilavasitə arfanın iştirakı ilə ansambl əsərlərinin redaktoru olmuşdur. A.Abdullayevanın pedaqoji və ifaçılıq fəaliyyəti Azərbaycan arfa sənətinin tarixində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının arfa sinifinin təşəkkülündə və inkişafında çox böyük rol oynamışdır. Azərbaycanın xalq artisti, professor Rauf Abdullayev qeyd edir: “O, bizim ölkəmizdə professional arfa sənətinin təməlini qoyaraq çoxlu peşəkar arfa ifaçıları yetişdirmişdir, onlardan bəziləri hal-hazırda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrində artıq mənim idarəm altında fəaliyyət göstərirlər” (1).
Aida xanım təkcə ifaçılıq fəaliyyətində deyil, tədris prosesi üçün zəruri olan metodik işlərin hazırlanmasında da bacarığını parlaq nümayiş etdirmişdir. O, həm musiqi nəzəriyyəsi, həm ifaçılıq tarixinə dair geniş biliyə malik idi və arfa repertuarının zənginləşdirilməsi istiqamətində də böyük yaradıcılıq işi aparmışdır. A.Abdullayeva repertuarda Azərbaycan bəstəkarlarının əsərlərinin daha geniş yer tutması üçün böyük həvəslə çalışırdı. O, Azərbaycan bəstəkarlarının əsərləri üzərində daim işləmiş, arfa üçün çoxsaylı köçürmə və transkripsiyalar, o cümlədən arfanın iştirakı ilə müxtəlif tərkibli çoxsaylı ansambl formalarını yaratmışdır. Bu əsərlər hal-hazırda tədris və konsert təcrübəsində mühüm yer tutur.
Moskva Konservatoriyasının professorları — SSRİ Xalq artisti V.Q.Dulova və Rusiyanın Xalq artisti K.Erdeli A.Abdullayevanın bir insan kimi şəxsiyyətinə dəfələrlə öz hörmətini bildirmişlər. V.Dulova öz rəyində yazır: “…A.Abdullayeva, ciddi, ağıllı pedaqoq kimi öz müəllimlik fəaliyyəti ərzində bir xeyli peşəkar kadrlar yetişdirmişdir… Azərbaycanın geniş dinləyici dairəsində arfa musiqisinin təbliği kimi şərəfli bir vəzifəni yerinə yetirərək solo konsertlərlə çıxış etmişdir… A.Q.Abdullayeva bütün fəaliyyəti boyu Azərbaycanda arfa sənətinin təşəkkülünə şərait yaratmışdır” (2).
Professor K.A.Erdeli də öz sinfində təhsil alan A.Abdullayevanın yaradıcılıq xidmətlərini yüksək qiymətləndirmişdir: “… Azərbaycanın ilk arfa ifaçısı A.Q.Abdullayeva öz bilik və bacarığını Azərbaycanda arfa sənətinin təbliğinə həsr edir. İstedadlı, ciddi və dərin düşüncəli musiqiçi kimi o, Azərbaycan Dövlət Konservatoriyasında ilk peşəkar arfa ifaçıları yetişdirmişdir… Mən hesab edirəm ki, A.Q.Abdullayeva yüksək ifaçılıq, bədii və pedaqoji fəaliyyətə malikdir…” (2).
Aida xanım arfaçıların hərtərəfli inkişafına çalışır, onları yalnız solist kimi deyil, həm də ansambl ifaçısı kimi yetişdirirdi. Odur ki, solo arfa üçün əsərlərlə yanaşı o, arfanın iştirak etdiyi müxtəlif ansambllar üçün də köçürmələr edirdi ki, bunlar da mövzu, üslub, janr xüsusiyyətlərinə görə bir-birindən son dərəcə fərqli olan nümunələr idi. Bu köçürmələr də ifaçılıq sənətinə mükəmməl yiyələnən, arfanın təbiətinə, bütün nüansları və incəliklərinə yaxşı bələd olan əsl professionalın qələmindən çıxmış nümunələrdir.
A.Abdullayevanın diqqətini hər zaman müxtəlif yaradıcılıq üslubuna malik Azərbaycan bəstəkarlarının əsərləri cəlb edirdi. Aida xanım köçürmələr üzərində işləyərkən arfa üçün rahat faktura və applikaturanı nəzərə alır, arfada edilən “etuffe”, “flajoletlər”, “deka yanında çalma” kimi koloristik üsulları geniş tətbiq edir, düzgün pedallaşdırmanı müəyyən edirdi.
Onun köçürmələri arfanın bədii və texniki imkanlarının nümayiş etdirilməsinə yönəldilərək əsərdə müəllif qayəsinin açılmasına tabe olunur. Müəlliflərin icazəsi ilə o, mətndə müəyyən dəyişikliklərə yol verir, ikili notlar, oktavalar, registrlərlə “sürüşmə” daxil edir, akkordların daha gözəl səslənməsi üçün onlara əlavələr edirdi. A.Abdullayeva tərəfindən yüksək professionallıq səviyyəsində yerinə yetirilmiş köçürmələr haqqında bəstəkarların da rəyi müsbət olmuşdur.
A.Abdullayeva Ü.Hacıbəylinin “Koroğlu” operasından, A.Zeynallının “Muğamsayağı”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “Xoreoqrafik süita” və “Don Kixot” simfonik qravürlərindən fraqmentləri, Z.Bağırovun (klarnet və arfa üçün “Romans”), X.Mirzəzadənin (dörd arfa üçün “Allegro”), A.Dadaşovun “Adajio”, Z.Bağırovun “Rapsodiya”sını arfanın iştirakı ilə müxtəlif ansambl tərkibi üçün işləyib.
A.Abdullayevanın işləmələrinin böyük qismi Z.Bağırovun əsərləridir. “Romans” adlı əsərdə arfa tam şəkildə müşayiət edən alət kimi təqdim olunaraq, klarnetin kantilen melodiyasını davam etdirir. Z.Bağırovun iki arfa və qanun üçün bəstələdiyi “Rapsodiya”sında arfa texnikasının mürəkkəb növləri öz əksini tapmışdır. Bəstəkar bu əsərdə “Çahargah”, “Segah” və “Bayatı-Şiraz” muğamlarının intonasiyalarından bəhrələnərək, milli başlanğıcı böyük ustalıqla ifadə etmişdir. A.Abdullayeva “Rapsodiya”nı iki arfa üçün işləməklə alətin professional imkanlarının geniş diapazonunu nümayiş etdirmiş və səs koloritinin dinamikasına xüsusi diqqət ayırmışdır.
X.Mirzəzadənin əlverişli faktura şərhi, orijinallığı və parlaqlığı ilə seçilən dörd arfa üçün “Allegro”su 1987-1988-ci illərdə A.Abdullayeva tərəfindən redaktə edilmişdir. X.Mirzəzadənin kvarteti – parlaq konsert pyesi olaraq, dörd arfanın növbə ilə solo ifası üzərində qurulub. Qeyd etmək lazımdır ki, 70-ci illərdə A.Abdullayeva arfa ifaçılarının ansamblını yaratmışdı. Bu ansamblın tərkibinə onun sinfinin tələbələri daxil idi. Arfa ifaçılarından ibarət ansambl həmin dövrün bir çox bayram konsertlərinin iştirakçısı olub. Ansamblın repertuarına A.Abdullayevanın işləmələri, o cümlədən X.Mirzəzadənin “Allegro”su da daxil idi.
A.Dadaşovun arfa və violonçel üçün “Adajio” pyesinin, A.Zeynallının “Muğamsayağı” əsərinin skripka və arfa üçün işləmələri böyük maraq kəsb edir. Həcminə görə kiçik olan bu əsərlərdə folklor intonasiyalı material fərdi şəkildə əks etdirilir. A.Zeynallının pyesi arfada çalmağa yeni başlayan ifaçılar üçün arfa çətinliklərini nəzərə alır. Bu əsərdə muğam improvizəliliyinin instrumental konsertlə üzvi sintezi özünü göstərir. A.Abdullayevanın Azərbaycan bəstəkarlarının opera, balet və simfonik əsərlərindən fraqmentlər əsasında arfa duet və kvartetləri, habelə, arfanın iştirakı ilə simli alətlərin triosu üçün yaratdığı transkripsiyalarında onun qeyri-adi istedadı üzə çıxır.
Arfa ifaçılarının ansambl repertuarının əsas hissəsini Q.Qarayevin musiqisi təşkil edir. Bəstəkarın “Don Kixot” simfonik qravürlərindən “Aldonsa”nın skripka və iki arfa, “İldırımlı yollarla” baletindən “Qızların rəqsi”nin skripka və iki arfa, “Qızların gitara ilə rəqsi”nin və “Saray qızlarının rəqsi”nin iki arfa üçün transkripsiyası, eləcə də “Yeddi gözəl” baletindən “Hind gözəli”, “Çin gözəli” iki arfa üçün uyğunlaşdırılmış yüksək bədii dəyərə malik ansambl nömrələridir.
“Don Kixot” simfonik qravürləri bəstəkarın eyniadlı filmə yazdığı musiqisi əsasında ərsəyə gəlib. Əsərin lirik cəhətləri poetik, coşqun “Aldonsa” obrazının səciyyəsinə həsr olunan qravürdə öz əksini tapmışdır. Skripkanın ekspressiv melodiyası A.Abdullayevanın iki arfa üçün işləməsində harmonik ardıcıllıqlarla dolğunlaşır. Q.Qarayevin “Yeddi gözəl” baletindən “Hind gözəlinin rəqsi” nadir zərifliyi və incəliyi ilə fərqlənir. İşləmədə arfa duetinin qeyri-adi tembr koloritinin istifadəsi həmin nömrənin musiqi surətinə xüsusi həlimlik və səmimilik bəxş edir. “Hind gözəli”nin rəqsi rəngarəng tonal ziddiyyətləri, alətlərin imitasiyalı səsləşməsini canlandırır.
Q.Qarayevin Cənubi Afrika yazıçısı P.Abrahamsın süjeti əsasında yazılmış ikinci – “İldırımlı yollarla” baletinin musiqisindən A.Abdullayevanın diqqətini iki rəqs cəlb edib. Q.Qarayev melodiyalarının parlaq nümunəsi olan xəfif, cazibəli “Qızların rəqsi” öz məqam xüsusiyyətləri, maraqlı ritmik şəkli ilə xalq melodiyalarına yaxındır. “Qızların gitara ilə rəqsi”, cazibədar Fanni başda olmaqla coşqun və ehtiraslı xəyallar aləminə aparır. Bu rəqsdə dəyişkən, zərif və incə xüsusiyyətlər musiqi materialının üslub itiliyi ilə növbələşir. A.Abdullayevanın transkripsiyasında iki arfa üçün duet bu nömrənin musiqi surətinə səciyyəvi tembr xarakteri və orkestr nəfisliyi bəxş edir.
A.Abdullayevanın köçürmələri və redaktəsi altında Azərbaycan bəstəkarlarının ansambl əsərləri faydalı dərs vəsaiti kimi milli arfa repertuarını zənginləşdirmişdir. İnanırıq ki, böyük bədii zövqlə və alətin spesifikasına dərin bələdliklə tərtib edilən bu vəsait bundan sonra da arfa ifaçısının professional hazırlığında vacib rol oynayacaq, arfa ifaçısına ansamblda ifa bacarığına yiyələnməyə kömək edəcəkdir.
Beləliklə, milli musiqi mədəniyyətimizin tarixində Aida Abdullayevanın xidmətlərini qiymətləndirdikdə deyə bilərik ki, o, Azərbaycan arfa məktəbinin yaradıcısı olaraq, bu sahədə müəyyən ifaçılıq və pedaqoji ənənələrin əsasını qoymuşdur. Taleyini arfa sənətinə bağlamış A.Abdullayeva bütün mənalı ömrünü Azərbaycan arfa məktəbinin yaradılmasına həsr etmiş, milli musiqi tarixinə əbədi olaraq öz adını yazmışdır.
ƏDƏBİYYAT:
- Aida Abdullayevanın şəxsi arxivi.
- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının arxivi.
- Tapdıqova Y. Azərbaycan bəstəkarlarının arfa ilə ansambl əsərləri (A.Abdullayevanın köçürmələri və redaktəsi əsasında). B.: Oka Ofset, 2012, 114 s.
Старший преподаватель и диссертант БМА
Произведения азербайджанских композиторов c участием арфы
(на основе переложений Аиды Абдуллаевой)
Резюме
В представленной статье говорится о творчестве Аиды Абдуллаевой в области ансамблевой музыки. Также в статье рассматриваются произведения азербайджанских композиторов с участием арфы, переложенные Аидой Абдуллаевой.
Ключевые слова: арфа, Аида Абдуллаева, переложения
Senior Lecturer and Candidate for a degree of BMA
Works of Azerbaijani composers with participation harp
(arrangement by Aida Abdullayeva)
Summary
The present article of Egana Taptigova refers to the work of Aida Abdullayeva in ensemble music. The article also considers the works of Azerbaijani composers, featuring harp, transcribed by Aida Abdullayeva.
Key words: harp, Aida Abdullayeva, arrangement
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor K.Nəsirova
əməkdar incəsənət xadimi, professor N.Abbaszadə