Təranə Əliyevanın “Qanun məktəbi” dərsliyi barədə qeydlər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
Sənətşünaslıq namizədi,
AMK- nın professor
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 78(470)(075.8)
TƏRANƏ ƏLİYEVANIN “QANUN MƏKTƏBİ” DƏRSLİYİ BARƏDƏ QEYDLƏR
Xülasə: Məqalə əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın “Qanun məktəbi” dərsliyindən bəhs edilir. Burada dərsliyin quruluşu, metodik prinsipləri və digər xüsusiyyətləri araşdırılaraq oxucuların nəzərinə çatdırılır.
Açar sözlər: Təranə Əliyeva, qanun, ifaçılıq, metodika
Azərbaycan xalq çalğı alətləri içərisində qanunun öz xüsusi yeri var. Verilən bilgilərə görə qanun alətinin təşəkülü 3-4 minillik dövrləri əhatə edir. Sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə qanun alətinin tarixi haqqında belə yazır: “Qanun aləti xordofonlu, yəni simli alətlər qrupuna aid edilir. Şərqdə bir sıra çalğı alətləri region xalqlarının ruhuna uyğun yaradılıb və inkişaf etdirilib. Qanun da belə alətlərdəndir. VII əsrdə İslam dininin yaranması və böyük coğrafi ərazini əhatə etməsi ilə bağlı ərəb mədəniyyəti Avropaya yayılırdı. Azərbaycanın Avropa ilə Şərq arasında körpü rolunu nəzərə alsaq, sənətkarlarımızın qanundan ən azı VII əsrdən istifadə etdikləri ehtimal olunur.
XVII-XVIII əsrlərdə qanun Azərbaycanda tənəzzülə uğrayıb və unudulub. Azərbaycan musiqisinin inkşafında və təbliğində əvəzsiz xidmətləri olan Məşədi Cəmil Əmirov 1913-cu ildə Türkiyədə təhsilini bitirib Azərbaycana qayıdanda özü ilə öyrəndiyi ud və qanun alətlərini də gətirir. Qanun aləti o vaxtdan Azərbaycanda yenidən yayılmağa başlayıb” (2, s. 51-52).
Qanun alətinin Azərbaycanda yenidən istifadə edilməsi XX əsrin 50-ci illərinə təsaduf edir. Bu barədə tanınmış qanun ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru T.Əliyeva belə yazır: “1959-cu ilə qədər Azərbaycan xalq çalğı ansambl və orkestrinin tərkibində qanun alətinə rast gəlmək mümkün deyildi. Moskvada Azərbaycan mədəniyyətinin ongünlüyü keçirilərkən görkəmli bəstəkar Azərbaycan televiziyası və radiosu nəzdində xalq çalğı alətləri orkestrinin dirijoru və bədii rəhbəri S.Rüstəmovun xüsusi təkidi ilə qanun ifaçısı Asya Tağıyeva orkestrə dəvət olundu” (4, s. 103). Əgər desək ki, “S.Rüstəmovun etdiyi bu dəvət Azərbaycanda qanun alətinin geniş yayılıb inkişaf etməsinə səbəb oldu” heç də mübaliğəyə yol vermərik. Çünki bir müddətdən sonra, yəni 1966-cı ildən Azərbaycanın müsiqi təhsil ocaqlarında qanun ixtisası tədris edilməyə başladı. Yeri gəlmişkən qeyd edək ki, mərhum sənətkar Asya Tağıyevanın qanun ifaçılığı və tədrisinin formalaşmasında böyük rolu olmuşdur.
Hal-hazırda qanun aləti Azərbaycanın müxtəlif tərkibli ansambl və orkestrlərində geniş istifadə edilir. Bunlarla bərabər qanun aləti təhsilin bütün pillələrində – uşaq musiqi məktəbi, kollec, konservatoriya və s. bu kimi musiqi ocaqlarında tədris edilir. 1966-cı ildən bu günümüzə kimi Azərbaycanda bir çox diqqətəlayiq qanun ifaçı-pedaqoqları yetişmişdir. Onlar öz yaradıcılıqlarını daima təkmilləşdirərək Azərbaycan musiqi mədəniyyətinə layiqli töhfələr verirlər.
Belə sənətkarlardan biri də Azərbaycan Respublikasının əməkdar artisti, Milli Konservatoriyanın dosenti Təranə Əliyevadır. O, bu ixtisasın dərin bilicisi olmaqla bərabər ifaçılıq sənəti ilə pedoqoji fəaliyyəti uğurla əlaqələndirən istedadlı sənətçilərimizdəndir. Heç də təsadüfi deyildir ki, Təranə Mehdi qızı Əliyeva Azərbaycanda qanun alətinin təşəkkülü, inkişaf tarixi, təcrübi məsələlərinə həsr edilmiş dissertasiya işi yazaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır (elmi rəhbəri: sənətşünaslıq elmlər doktoru professor Səadət xanım Abdullayeva).
Qürurla demək olar ki, qanun aləti artıq Azərbaycan musiqi ifaçılığının inkişafında mühüm bir qüvvəyə çevrilmişdir. Lakin bir cəhəti də vurğulayaq ki, uzun müddət ərzində qanun alətinin tədris edilməsinə baxmayaraq, onun üçün xüsusi olaraq “Qanun məktəbi” adlı dərslik yox idi. Məhz bu zərurəti nəzərə alan T.Əliyeva “Qanun məktəbi” (3) kitabını yazaraq bu boşluğu doldurdu.
Dərslik müəllifi S.Rüstəmovun “Tar məktəbi” (10), C.Həsənovanın “Kamança məktəbi” (11), R.Mirişlinin “Kamança məktəbi” (12), S.Abduləlimovun “Balaban məktəbi” (13), S.Kərimi, A.Quliyev, M.Əliyevin “Saz məktəbi” (14), N.Əliyevin “Balaban məktəbi” (15), M.Rubinin arfa alətinə məxsus dərs vəsaitlərindəki metodik prinsiplərdən bəhrələnməklə yanaşı, “Qanun məktəbi”ndə həm də alətin tarixi haqqında elmi səciyyəli məlumat verir. Məsələn, orada oxuyuruq: “Kim qanunun ecazkar səsini eşidməyib? Bu səsin sehrinə düşməyib? Yüz illərdir ki, Azərbaycan musiqi sənətində qanun özünəməxsus yer tutur. Ən qədim zamanlara aid qayaüstü rəsmlər və orta yüzilliklərin miniatür təsvirlərindən öyrənirik ki, qanunu həm oğlanlar, həm də qızlar çalmışlar.
Başqa simli musiqi alətlərindən fərqli olaraq, qanun pərdəsiz çalınır. Simlər necə köklənirsə, o cür də səsləndirilir. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli (1498-1552) qanun barədə yazmışdı:
Bir gün gecə məclisimiz vardı ki, ondan
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.
Xoş nəğmələr ilə edərək aləmi məmnun
Bir huri mələk üzlü çalırdı iri qanun” (3, s. 5).
Zənnimizcə, pedoqoji baxımdan qanun alətini ilk öyrənənə tarixi məlumat və eləcə də alət haqqında poeziya nümunəsindən istifadə, şagirddə ilkin impulslar yaradaraq, onun bu sənətə qarşı marağını daha da artırır.
Bundan sonra ilk mərhələnin tədrisi prosesində I bölmədə şagirdə qanunun hissələri – gövdə, kəllə, xərəklər, pərdə, aşıxlar, nizamlayıcılar, mizrablar və s. hissələr barədə (şəkillərlə birlikdə) bilgilərlə yanaşı, hər birisinin quruluşu, keyfiyyəti haqqında izahlar verilir. Qanunun tutulma qaydasında isə onun elementləri (oturma qaydası, onurğa sütunu, baş, əllərin simlər üzərində düzgün vəziyyəti), mizrabların tutulma qaydası, habelə alətin diapazonu, simlərin kökü, dərslikdə mövcud olan işarə və istilahların mənası açıqlanır. Burada həmçinin skripka, bas açarları, qanunda notların (cədvəl formasında) yazılışı, metr, ritmi, ölçü, xanə, şərti ölçülər, templər, dinamik işarələr, pauzalar kimi məfhumların müfəssəl izahı verilir.
Onu da qeyd edək ki, I bölümdə göstərilən sağ və sol əl barmaqlarının applikaturası haqqında izahat verilərkən həm də şəkillər vasitəsi ilə barmaq ardıcıllıqlarının nümayiş etdirilməsi şagirddə ilkin mənimsəmə prosesini xeyli asanlaşdırır.
I bölmənin içərisində (3, s. 29) şagirdlərə ümumi, zəruri bilgilərdən sonra Təranə Əliyeva mizrablarla ilkin məşğələləri təqdim edir. Məqsəd, qanun öyrənənin sağ və sol əllərinə dair vərdişini yetişdirməkdir. Dərsliyin müəllifi bu musiqi nümunələrini çalmağı şagirdə həm də incə metodiki üsulla belə izah edir: “Sol əl passiv olduğu üçün bütün məşğələləri əvvəl sağ, sonra sol əldə məşq etmək daha məqsədəuyğundur. Tədricən hər iki əlin barmaqları aktiv ifa tərzinə uyğunlaşacaq əllərin növbələşməsini göstərən işarələr bunlardır: sağ əl — L, sol əl – J, uzanan notlar “Tremolo (///) üsulu ilə edilməlidir: Tək “tremolo”suz ifa olunan notların üzərində “stakkato” (-) işarəsi verilir” (3, s. 29). Müəllif şagirddə ilkin ifaçılıq vərdişini dinamik formada çevikləşdirmək, istiqamətləndirmək məqsədi ilə alətdə birinci oktavadan başlanan axıcı formada səsdüzümlərini ən əvvəl səkkizlik notlarla növbələşdirir (1) :
Nümunə 1
Dərsliyin mizrab məşğələləri bölümündə qanun üzrə Türk mütəxəssisi Ümit Mutlunun “Kanun metodu” (9) kitabından da istifadə edilir. Lakin müəllifin qeyd etdiyi kimi o, həmin məşğələlərdən bəzən dəyişilmiş şəkildə istifadə edərək həmin məşğələlərə yaradıcı yanaşmağı məqsədəuyğun sayır. Onu da qeyd edək ki, “Qanun məktəbi” nin bədii materiallar bolümünə qədər (3, s. 107) olan musiqi nümunələrində templər qeydiyyatı aparılmır. Bu o deməkdir ki, ixtisas məllimi temp seçimini özü müəyyən edir. Məhz bu metod müəllimə şərait yaradır ki, templərdən məqsədəuyğun şəkildə istifadə etməklə, şagirdə mizrab məşğələlərini daha dərindən mənimsədib, onun sağ və sol əllərinin sərbəst formada işlədilməsinə nail ola bilsin. Ona görə də “Qanun məktəbi”ndə göstərilən metodikaya uyğun olaraq aşağıdakı müxtəlif istiqamətli və ritmik səciyyəli melodik düzümlərdən istifadə edilir (2, 2a, 2b, 2c, 2d, 2e):
Nümunə 2
Nümunə 2a
Nümunə 2b
Nümunə 2c
Nümunə 2d
Nümunə 2d
Sonra qanunda tremola ştrixinin hazırlığı üçün müəllif alt və üst mizrablarla səkkizlik, onaltılıq, otuzikilik notları eyni yüksəklikli səslərdə növbələşdirir. Bunların ardınca bütov, yarım notlarla qammavari hərəkətlər vasitəsilə tremola etmək öyrədilir (3, 3a, 3b, 3c, 3d ):
Nümunə 3
Nümunə 3c
Çalışmalar bəhsində (3, s. 43) verilən musiqi materialları rəngarəng olmaqla, qanuna dair müəyyən ifaçılıq vərdişlərini inkişaf etdirmək məqsədini daşıyır. Ümit Mutlunun çalışmaları ilə bərabər müəllif, özünün də bəstələdiyi çalışmalarda qanun alətinin diapazonundan tam istifadə edir. Həmin musiqi nümunələrində interval qanun alətinin sıçrayışlarından – oktava, sekunda, tersiya, seksta, septima və s. intervallardan istifadə edilərkən onlar müxtəlif ritmik ölçülərdə ardıcıllaşdırılır. Burada ən ümdə cəhətlərdən biri də uşaq musiqi təfəkkürünün qavrama patensialı ustalıqla nəzərə alınır. Buna misal olaraq dərslik müəllifinin aşağıdakı bəstəlidiyi çalışmalara diqqət yetirmək kifayət edər (4, 4a, 4b, 4c, 4d):
Nümunə 4
Nümunə 4c
Nümunə 4d
“Melizmlər” bəhsində müəllif onun növlərinin yazılışı və çalğısı barədə ətraflı məlumat verir. Bu zaman o, qanun alətinin elə tessiturasından istifadə edir ki, not yazısında əlavə xətlərə ehtiyac duyulmasın. Bizcə bu da metodiki cəhətdən çox düzgündür. Çünki şagird artıq göstərilən tessiturada bura kimi notların oxunuşunu mənimsədiyinə görə o, ancaq melizmlərin düzgün çalğısına diqqət yetirəcəkdir. Bunların nəticəsində şagird “melizmlər” bəhsini məqsədyönlü şəkildə qavrayacaqdır. İndi həmin nümunələrə diqqət yetirək (5):
Nümunə 5
Alətin spesifik tədris-metodiki planına uyğun verilmiş musiqi nümunələrində sağ və sol əlin müvafiq inkişafı üçün müəllif interval münasibətlərindən pedoqoji həssaslıqla istifadə edir. Burada tədris planına uyğun olaraq şagirdə qanunda istifadə edilən ştrix növlərindən biri olan arpecio haqqında lakonik izah verilir. Verilən bu izahlar dinamik xarakterli musiqi düzümləri ilə təcəssüm etdirilir (6, 6a, 6b):
Qeyd edək ki, dərslikdə müəllif sonra gələn “iki əl üçün məşğələlər” bölümündə texniki imkanların bir qədər artırılması üçün maraqlı musiqi nümunələrindən istifadə edir. Sadədən mürəkkəbə doğru prinsipi əsas götürülərək M.Rubinin “Arfa məktəbi” dərsliyindən istifadə edilməsi məsləhət bilinir (7, 7a, 7b):
Nümunə 7
Çalışmalara aid olan məşğələlərdə T.Əliyeva məqsədini açıqlayaraq belə yazır: “Tədricən ikiəlli məşğələləri çətinləşdirmək lazımdır. Tersiyalarla verilmiş bu məşğələləri yerinə yetirmək üçün sağ əldə 1-ci, 3-cü barmaqlarla, sol əldə 1-ci və 3-cü barmaqlarla ifa etməli. Gələcəkdə irihəcmli və çətin əsərlərin ifasında, müəyyən texniki passajların ifasında bu məsləhətdən faydalanmaq çox münasibdir” (3, s. 62). Burada verilən çalışmalarda üçsəsli, beşsəsli, altısəsli akkordlardan istifadə edilmişdir (8, 8a):
Dərslikdə növbəti bölüm “Qammalar və qammalara əlavələr” hissəsidir. Burada müxtəlif ardıcıllıqlardan ibarət intervallar, melodik hərəkətlər, rəngarəng düzümlü səslər palitrası, akkordlu ahənglər, punktir ritmlər təşəkkül tapır. Bölümdə dərs proqramına müvafiq olaraq major və minor qammaları, qanun alətinin spesifikası çərçivəsində mürəkkəb səciyyəli melodik düzümlər və akkord dönmələri təcəssüm etdirilir. Buradakı musiqi materialarının öhdəsindən gələn şagird, növbəti hissəyə — bədii tədris bölümündəki musiqi pyeslərinin keyfiyyətli ifası üçün artıq müəyyən vərdişlərə alışdırılmışdır.
Dərslik müəllifi T.Əliyeva təcrübəli müəllim və istedadlı ifaçı olduğuna görə qanun alətinin sirlərini qammalar vasitəsi ilə ayrıca da nəzərə çarpacaq dərəcədə maraqlı melodik düzümlərlə, variantlı şəkildə növbələşdirmişdir (9, 9a, 9b, 9c):
Nümunə 9
“Qanun məktəbi”nin “Bədii tədris materialı” hissəsində ən əvvəl instrumental ifaçılıqda mühüm əhəmiyyət kəsb edən etüd janrına müraciət edilir. Bu bölümdə S.Rüstəmov və Ə.Məmmədlinin tar üçün yazdıqları etüdlərdən istifadə zamanı onlar alətin registrlərində elə paylaşdırılır ki, sanki etüdlər qanun üçün yazılıb. Həm də bu etüdlərin seçilməsi müəlifin istedadlı metodist olduğundan xəbər verir. Çünki bu musiqi nümunələrində qanun alətinin spesifikasına uyğun bir çox çalarlar cəmləndirilmişdir (akkordlu hərəkətlər, tersiyalı düzülüşlər, arpeciovari melodik düzümlər və s.).
İndi dediklərimizi musiqi nümunələrində davam etdirək (10, 10a, 10b, 10c, 10d):
Nümunə 10
Nümunə 10b
Yuxarıda göstərilən etüd nümunələrində diqqət çəkən məqamlardan biri də onların rəngarəng janr xüsusiyyətli olmasıdır. Yəni etüdlərin hər biri ayrı-ayrılıqda texniki səciyyə daşısa da janr baxımından bir-birindən fərqlənir. Məsələn bu etüdlərdə aşıq musiqisinə xas ritmik ostinatlıq (nümunə 10), “rəqs-qaytağı”lıq (nümuno 10a), muğamvarilik (nümunə 10b) və s. bu kimi elementləri mövcudluğu bu qəbildəndir. Belə metodiki düzülüşlər bizcə dərslik müəllifinin burada önəmli tapıntısıdır. Çünki şagirdlər həmin etüdləri öyrənə-öyrənə onların bu janr haqqında təəssüratları daha geniş olur və şagirdlər bu etüdlər vasitəsilə texniki imkanları ilə bərabər bədii ifa vərdişlərinə də yiyələnirlər. Dediklərimizi 10b nümunəsinin timsalında daha aydın müşahidə etmək olar. Burada həm lirik kontilenalıq, həm də qanun ifaçılıq texnikasına məxsus priyomlar – dalğavari pasajlı hərəkətlər, tersiyalı melodik düzümlər, qlissandolar, trellər və s. bu kimi məziyyətlər hökm sürür.
Ümumilikdə III hissə əsasən, müxtəlif xarakterli musiqi nümunələrini özündə cəmləşdirir. Bu musiqi nümunələri həm də maarifləndirici xüsusiyyətləri özündə ehtiva edir. Dərslikdə təşəkkül tapmış musiqi əsərləri şagirdin psixologiyasına təsir edərək ona məğrurluq, qəhrəmanlıq, zəriflik kimi məziyyətləri aşılayır.
Ü.Hacıbəyli, S.Rüstəmov, Q.Qarayev, F.Əmirov, S.Ələsgərov, A.Rzayeva, Adil Gəray, xalq mahnı – rəqsləri, habelə A.Vivaldi, İ.S.Bax, Y.Haydn kimi xarici ölkə bəstəkarlarının əsərlərini bu dərsliyə daxil etməklə müəllif şagirdlərdə musiqi təfəkkürünün düzgün istiqamətlənməsinə və onların milli ruhda tərbiyələnməsinə çalışaraq zənnimizcə, T.Əliyeva göstərdiyimiz məqsədlərə müvəfiqiyyətlə nail olmuşdur.
Onu da qeyd edək ki, ifaçı–pedaqoq T.Əliyevanın tərtib etdiyi “Qanun məktəbi” kitabı musiqi tədris ocaqlarında istifadə olunmaqla bərabər, həm də alətşünaslıq üzrə dəyərli elmi-tədqiqat mənbəyidir. Son olaraq deyək ki, müəllifin apardığı uzunmüddətli təcrübi və səmərəli elmi axrarışlarının nəticəsidir ki, belə müasir ifaçılıq tələblərinə cavab verə bilən dərslik ərsəyə gətirmişdir.
Əminik ki, T.Əliyevanın “Qanun məktəbi” dərsliyi gənc musiqiçi kadrların daha professional səviyyədə istiqamətlənidirərək, onların gələcək inkişafında önəmli rol oynayacaqdır.
ƏDƏBİYYAT:
- Kərimi S.Ə., Quliyev A.N., Əliyev M.F. Saz məktəbi. B.: Qarabağ, 2007, 232 s.
- Nəcəfzadə A.İ. Xalq çalğı alətlərinin tədrisi metodikası. B.: MBM, 2007, 64 s.
- Əliyeva T.M. Qanun məktəbi. B.: Ziya NPM, 2004, 198 s.
- Əliyeva T.M. Azərbaycan qanunu yatıq simli çalğı alətləri sırasında. Dissertasiya, B.: 2011, 152 s. (T.Əliyevanın şəxsi arxivindən).
- Əliyev A.M. Xalq çalğı alətlərinin metodikası. B.: Mütərcim, 2012, 13 s.
- Məmmədli Ə.M. Tar üçün etüdlər. Təbriz: Behnamçap evi, 2005, 60 s.
- Novruzov A.M. Səid Rüstəmovun “Tar məktəbi”nə yeni bir baxış // “Konservatoriya” jurnalı, N:1, 2009, s. 59-62.
- Novruzov A.M. Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu (dərs vəsaiti). B.: MBM, 2014, 200 s.
- Ümit Mutlu “Kanun metodu” dərsliyi, İstanbul,1985, 172 s.
- Rüstəmov S. Tar məktəbi dərsliyi B.: Azərnəşr,1935, 119 s.
- Həsənova C. İ. Kamança məktəbi B.: Azərnəşr, 1940, 128 s.
- Mirişli R. Kamança məktəbi B.: Azərnəşr, 1970, 118 s.
- Abduləlimov S. Balaban məktəbi Azərbaycan MEA, H.Cavidin ev muzeyi, əlyazma, əsas fond, 1937, DK, qovluq nömrə: 5034” 2. s.12
- Kərimi S.Ə, Quliyev A.N, Əliyev M.F.Saz məktəbi B.: İ.Əfəndiyev adına bədii-ədəbi xeyriyyə fondu, 2006
- Əliyev N. Balaban məktəbi B.: Şirvannəşr, 2002, 168 s.
Доктор философии по искусствоведению,
профессор АНК
НЕКОТОРЫЕ ЗАМЕТКИ ПО УЧЕБНИКУ «ШКОЛА КАНОНА» ТАРАНЫ АЛИЕВОЙ
Резюме
В статье раскрываются основные положения учебника «Школа Канона» заслуженного артиста, доктора философии по искусствоведение Тараны Алиевой. Исследуютя структура учебника, методические принципы и другие возможности исполнительского мастерства.
Ключевые слова: Тарана Алиева, канон, исполнительство, методика
Doctor of Philosophy,
Professor of the ANC
REMARKS BY THE BOOK «SCHOOL OF THE CANON» TARANA ALIYEVA
Summary
An article about the book «School of the Canon» honored artist, Tarana Aliyeva, Ph.D. in art history. They explore textbook structure, methodological principles and other features brought to the attention of readers.
Key words: Tarana Aliyeva, canon, performance, methods
Rəyçilər:
əməkdar müəllim, dosent Ramiz Əzizov;
AMK-nın dosenti Adıgözəl Əliyev