Amerikada çağdaş Azərbaycan musiqisi haqqında dərc edilmiş ilk elmi monoqrafiya
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
AMK-nın elmi işlər üzrə prorektoru
Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: lala-abi@mail.ru
UOT 78.072.3
AMERİKADA ÇAĞDAŞ AZƏRBAYCAN MUSİQİSİ HAQQINDA DƏRC EDİLMİŞ İLK ELMİ MONOQRAFİYA
2016-cı ilin mart ayında Amerika Birləşmiş Ştatlarının nüfuzlu “İndiana University Press” nəşriyyatında Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” adlı sanballı elmi monoqrafiyası işıq üzü görmüşdür.
Xüsusi qeyd etmək lazımdır ki, Aida Hüseynovanın kitabı çağdaş Azərbaycan musiqisi haqqında ABŞ-da nəşr olunmuş ilk elmi əsərdir. 327 səhifədən ibarət bu dəyərli nəşrdə Azərbaycan musiqisində Şərqlə Qərbin üzvi sintezindən doğmuş yeni janr və üslub təmayülləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və digər görkəmli azərbaycanlı bəstəkarların yaradıcılığı əsasında ətraflı şəkildə araşdırılır, eyni zamanda bir sıra ifaçılarımızın, caz ustalarımızın fəaliyyəti ingilisdilli oxuculura ilk dəfə təqdim olunur. Sovet dövrü ideologiyasının, həyat tərzinin musiqi sənətində təzahür edən müsbət və mənfi tərəfləri, habelə müasir dövrdə Azərbaycan musiqisinin nailiyyətləri və problemləri də müəllifin diqqət mərkəzindədir. Əlamətdardır ki, burada Vətənimizin ağrılı yarası olan Qarabağ probleminin Azərbaycan musiqisinin durumuna göstərdiyi təsirdən də söz açılır.
Aida Hüseynovanın belə bir məsuliyyətli işə imza atması onun bu sahədə çoxillik və səmərəli fəaliyyəti ilə şərtlənib. O, tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, dörd kitab və yüzdən artıq məqalələrin müəllifidir. Aida xanımın elmi əsərləri Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Hollandiyada və Rusiyada işıq üzü görmüşdür. O, ABŞ və Avropanın bir çox universitetlərində, o cümlədən ABŞ-ın Harvard, Prinston, Kolambiya, Berkli və Stenford universitetlərində, eləcə də İngiltərənin Kembric universitetində mühazirələrlə çıxış etmişdir.
Hal-hazırda Aida Hüseynova ABŞ-ın İndiana Universitetində “İpək Yolu ölkələrinin musiqisi” və “Musiqidə Şərqlə Qərbin sintezi” kurslarını tədris edir. Aida xanım həmçinin dünya şöhrətli musiqiçilərlə, o cümlədən violonçel çalan Yo-Yo Manın rəhbərlik etdiyi İpək Yolu Ansamblı və Kronos Kvarteti ilə birgə elmi məsləhətçi və tərcüməçi kimi çalışır. Həmin ansamblların layihələrində o, böyük muğam ustası Alim Qasımov və Fərqanə Qasımova ilə əməkdaşlıq edir, onların Amerika səfərlərində, konsertlərində giriş sözü və mühazirələrlə çıxış edir. 2009-cu ilin iyun ayında isə Aida Huseynova Yo-Yo Ma, Alim Qasımov və İpək Yolu Ansamblının ABŞ-ın tanınmış Linkoln Mərkəzində keçirilən konsertinin canlı yayımında elmi məsləhətçi qismində iştirak etmişdir.
Fərəhli haldır ki, Aida Hüseynovanın yeni monoqrafiyası artıq ABŞ alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Çikaqo Norsvestern Universitetinin professoru, “Odlar yurdunun musiqisi: Azərbaycan muğamında ənənə və yenilik” kitabının müəllifi Inna Naroditskayanın təbirincə, “Aida Hüseynovanın kitabı nəinki Azərbaycan musiqisi və mədəniyyətini tədqiq edən musiqişünaslar və musiqi nəzəriyyəçiləri üçün maraqlıdır, ümumiyyətlə, musiqi sənətində milli ənənələrin təcəssümünü öyrənən, Qərblə Şərqin, şifahi ilə yazılı musiqi ənənələrinin, improvizə təbiətli musiqi formalarının bəstəkar yaradıcılığı ilə sintezi məsələləri ilə məşqul olan mütəxəssislər üçün dəyərli bir mənbədir”. Koustal Kerolaina Universitetinin professoru, “Azərbaycanda qadın şairləri və müğənniləri: XVIII əsrdən indiyədək qadın aşıqlarının fəaliyyəti” kitabının müəllifi Anna Oldfild qeyd edir ki, “Aida Hüseynova, şübhəsiz ki, belə bir kitabı yaza biləcək yeganə müəllif idi. O, Sovet Azərbaycanında böyümüş və təhsil almış musiqişünasdır. O, həm öz milli, həm də Qərb musiqisini mükəmməl bilən mütəxəssisdir və nəhayət, o, Sovet dövründən post-Sovet mərhələsinə keçidi öz həyatında yaşamış bir insandır. Hüseynova Alim Qasımov və onun ansamblı ilə əməkdaşlıq aparmış, həmin musiqiçilərin İpək Yolu Ansamblı ilə və Kronos Kvarteti ilə birgə layihələrin iştirakçısı olmuşdur. Onun Azərbaycan mədəniyyətinin bütün incəliklərinə bələd olması tədqiqatın dərinliyini və yüksək dəyərini şərtləndirir. Eyni zamanda müəllifin ingilisdilli musiqişünaslığın metodologiyasına bələd olması həmin kitabı Azərbaycan ilə dünya arasında mükəmməl körpü kimi səciyyələndirməyə əsas verir”.
Təqdim olunan kitabın məziyyətlərindən biri də onun audio və video nümunələrlə müşayiət olunmasıdır. Bu nümumələrlə tanış olmaq üçün oxucular kitabda göstərilən İnternet saytından istifadə etmək imkanına malikdirlər.
Sonda isə bu kitabı əldə etmək arzusunda olanlara bildiririk ki, Aida Hüseynovanın “Azərbaycan musiqisi: muğamdan operaya doğru” elmi monoqrafiyasını Amerika Birləşmiş Ştatlarının “Barnes and Noble” kimi aparıcı kitab mağazalarından (barnesandnoble.com), bir sıra İnternet saytlarından, o cümlədən İndiana University Press nəşriyyatının saytından (iupress.com) və bütün dünyada populyar olan “Amazon” İnternet mağazasından (amazon.com) sifariş etmək olar.