Vasif Adıgözəlovun “Natəvan” operasında xor səhnələri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
BMA-nın dissertantı
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
UOT: 78.087.68
VASİF ADIGÖZƏLOVUN “NATƏVAN” OPERASINDA XOR SƏHNƏLƏRİ
Xülasə: Məqalə görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operasına həsr olunmuşdur. Məqalənin müəllifi əvvəlcə operanın süjeti barədə ümumi məlumat verir və operanın əsas qəhrəmanı, məşhur Azərbaycan şairəsi Xurşudbanu Natəvan haqqında tarixi faktlar gətirir. Daha sonra məqalədə xor səhnələrinə baxılır və hər xor partiyasının təhlili verilir.
Açar sözlər: opera, bəstəkar, Natəvan, xor, partiya
Azərbaycan tarixində, mədəniyyətində parlaq simalardan biri kimi tanınan Xur-şudbanu Natəvan V.Adıgözəlovun əsərində bir daha ölümsüzləşdirilmişdir. Onun musiqi sənətimizin qorunaraq gələcək nəsillərə ötürülməsində göstərdiyi xidmətlər, iqa-mətgahında təşkil etdiyi musiqi-şeir məclislərinin muğam sənətimizin, poeziyamızın inkişafına müsbət təsiri öz vətənini böyük məhəbbətlə sevən bəstəkar V.Adıgözəlovun diqqətini cəlb etməsi təbii idi. Lakin bəstəkar bu əsərə qədər böyük bir yaradıcılıq yolu keçmişdi. Bəstəkarın yaradıcılığının yeni mərhələsini təşkil edən oratoriyalar operaya gedən yolun getdikcə inkişaf edən pillələri idi. Bu yolun məntiqi sonluğu isə “Natəvan” operasında baş verir.
Natəvanın obrazı əsərdə bir sıra tərəflərdən, əsas etibarilə vətənpərvər, xalqını sevən şəxsiyyət kimi açılır. Əsərin librettosu Nazim İbrahimov tərəfindən yazılmış, isti-fadə edilən şeir mətnlərinin müəllifi isə Ruzgar Əfəndiyevadır. Əsərdə Qarabağın hakimi Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın həyat və yaradıcılıq yolu, XIX əsrin II yarısında Qarabağda baş verən hadisələri maraqlı və əyani faktlarla əks etdirilmişdir. Əsərin əsas qayəsi isə xalqın bu gözəl övladının simasında vətənin başına gələn müsi-bətləri, ölkəmizin ən füsunkar guşəsi olan Qarabağın düşmən tapdağında qalmasını onun dili ilə vurğulanmasıdır. Bu problem bəstəkarın yaradıcılığında müxtəlif əsərlərdə dəfə-lərlə qabardılmışdır. “Natəvan” operası isə bu işin bir növ kulminasiyasını təşkil edir. Operanın son səhnəsində səslənən xorun sanki tamamlanmaması problemin hələ də öz həllini tapmamasını musiqi vasitəsilə ifadə edir, xalqın diqqətini bir daha ürək ağrıdan reallığa yönəldir. Natəvan isə operada dərdli Qarabağın obrazını özündə ehtiva edir, onun bu torpaqda qalmış ruhu xalqını doğma yurda dönməyə, onu mənfur düşmənin mühasirəsindən azad etməyə çağırır. R.Zöhrabovun “Natəvan” operası haqqında yazdığı “Azərbaycan opera sənətinin yeni uğuru” məqaləsində əsərin librettosu ilə musiqinin əlaqəsini səciyyələndirərək qeyd edir: “Natəvan operasının librettosundan irəli gələn musiqi nömrələrində – xor və orkestr epizodlarında, ariya və ariozo, vokal ansam-bllarında, rəqslərdə, hətta reçitativlərdə belə zəngin və rövnəqli, rəngarəng boyalı melo-diyalar özünü büruzə verir. Bəstəkar hər şeydən əvvəl melodiyalarında tükənməz xalq musiqisi intonasiyalarından (mahnı, rəqs və aşıq havalarından), habelə şifahi ənənəyə əsaslanan professional musiqi inciləri olan muğam dəstgahlarının ayrı-ayrı şöbə və guşələrindən, zərbi-muğamlardan (bəzən sitat şəklində, bəzən isə onların ünsürlərindən) istifadə edərək, əsas etibarilə lirik səciyyəli musiqi təranələrini operaya daxil etmişdir” (1, s.46). Xalq musiqisindən bütün əsərlərində ustalıqla bəhrələnən bəstəkarı bu operada hadisələrin sırf Qarabağ mühiti ilə bağlı olması daha da ilhamlandırmışdır. Burada Natəvan obrazı ilə xalq musiqisinin, muğamların əlaqələndirilməsi həm də simvolik xarakter daşıyır. Bu xüsusiyyətlər əsərdə maraqlı musiqi nümunələri sırasına daxil olan xorlarda da parlaq təcəssüm olunur.
Proloq Hümayun muğamının əsas intonasiyaları ilə açılır. Operada ilk xor proloqda təqdim olunmuşdur. Xor “Şuşam, təbiətin gözəllik tacı” sözləri ilə başlanır. Xorda Şu-şanın gözəl təbiəti tərənnüm olunur. Olduqca lirik melodiyaya malik ilk xorda vətə-nin gözəlliklərinə aşiq insanın qəlb çırpıntıları ifadə olunmuşdur.
Xor 4 səsli təqdim edilir. Ənənəvi olaraq S (soprano) və T (tenor) səsləri unison verilir, A (alt) və B (bas) səslərində tersiya münasibətləri divizi verilir. İnterval münasibəti kvarta, tersiya və sekunda arasında dəyişir. Xor 6/8 ölçüsündədir, lakin xalq musiqi nümunələrinə xas olaraq iki vurğuya bölündüyündən dirijor 2/4 sxemi ilə göstərməlidir. Melodiyanın ritmik quruluşu ifa üçün müəyyən çətinlik yarada bilər. İlk vurğuya pauza düşür və melodiya I hecanın sinkopa ilə başlamasına səbəb olur.
A və B səsləri oktava məsafəsində unison ifa edir. I kuplet bitdikdən sonra xorun II bölməsi başlanır. Olduqca fərqli bir musiqi materialı və oxuma tərzi ilə təqdim olunur. Belə ki, burada 4 səsli xor “a” hecası ilə muğam parçalarını ifa edir. S və T unison olaraq melodik xətti aparır. A və B səsləri isə uzun ölçülü notları ifa edir, onlar burada funksional əhəmiyyət kəsb edir. Muğamın mayə pərdəsinin zili, eləcə də müəyyən motivlərin dayaq səsləri A və B tərəfindən ifa olunur. Xorun bu bölməsində maraqlı məqam punktirli parçanın 4 səsə də həvalə olunmasıdır. İfa zamanı bu motivlər müəyyən çətinlik törədə bilər. Melodik xətt orkestr tərəfindən də aparılır. Eyni zamanda zəngin harmonik tərkibi dolğunlaşdırır.
Xorun muğam bölməsi bitdikdən sonra solo xanəndə və tar aləti ifaya qoşulur. Xor 4 səsli təqdim olunur və harmonik tərkibi vurğulayır. Tarın kiçik girişindən sonra xa-nəndə muğam parçasını davam etdirir. Burada Vaqifin “Badi səba, söylə mənim yarıma” qoşması istifadə olunmuşdur. Qoşmanın birinci bəndi ifa olunduqdan sonra yenidən xorun çıxışı başlanır. Bu dəfə xor xalq mahnıları ruhunda bir mövzu ifa edir. Xorun mətnini isə qoşmanın növbəti bəndləri təşkil edir. Səslərin hər biri özünəməxsus partiyaya malikdir. Əsas melodiya S səsinə həvalə edilsə də, ritmik quruluş bütün səslərdə gözlənilir. Digər səslər harmonik tərkibi təşkil edir.
III bəndin ifasında solist xorla birgə çıxış edir. Burada xorla solist arasında deyişmə başlanır. Deyişmə “Sürmə çəksin gözlərinə, qaşına” ifadəsi üzərində qu-rulmuşdur. Növbəti misra solistlə birgə verilir. Solistin partiyası ritmik quruluş baxı-mından üst-üstə düşür, melodik baxımdan isə harmonik tərkibi təşkil edən səsləri təkrar edir. Bu tərkib orkestr partiyasında da saxlanılır. Solistin ifası muğam parçaları olduğu üçün həm xor, həm də orkestr müşayiət xarakterli sakit və dayanıqlı musiqi nümayiş etdirir. Xorun növbəti bölməsi əvvəlkindən fərqlənir. Burada lirik melodiya həm solistin, həm də xorun ifasında “a” hecası ilə təqdim olunur. S və B səsləri oktava unisonunda verilir. Bu səslərin partiyası əsas melodiya ilə üst-üstə düşür, sadəcə burada melodik xətt daha sadədir və melizmlər olmadan inkişaf edir. T və A səsləri isə səsaltıları saxlayır, paralel sekstalarla hərəkət edir. Orkestrdə də B-S səslərinin partiyası keçir.
Yenidən solo partiya muğam ifasına başlayır, mətn iştirak etmir. Xor və orkestr isə eyni motivi təkrar edərək ostinat müşayiət yaradır. Xor “Cıdır düzü sinəsindən” sözləri ilə başlanır. Əsas melodiya orkestr tərəfindən də səslənir. Eyni melodik parça növbəti misra ilə yenidən təkrarlanır. Bundan sonra başlanan növbəti misralarda xorun quruluşu və xarakteri dəyişir. S-B səsləri melodiyanı unison, A-T səsləri isə “A” hecası ilə səslatıları ifa edir. Bu girişdən dərhal sonra pərdənin ilk vokal nömrəsi “Aman yanır, dağlar, daşlar” xoru başlanır.
Xor 4 səsli verilir: S-T unison, A əsas melodiyanın tersiya aşağı, B əsas melodiyanı kvinta aşağı ifa edir. Xorun birgə səslənməsi ilə əksidilmiş üçsəslilərin tərkibi yaranır və musiqiyə faciəvi, həyəcanlı xarakter verir. Musiqi nömrəsinin III repriza hissəsi başlanır. Reprizada melodiya diapazonunun ən yuxarı səsinə yüksəlir. “Od vurub yağılar” ifadəsilə başlanan cümlədə A-T səsləri unison şəkildə S melodiyasını tersiya aşağı ifa edir. B səsləri isə kiçik oktavanın “h” səsini burdon saxlayır. II şəkil kiçik orkestr girişi ilə başlanan xorla açılır. Bu şəklin əsas hissəsi demək olar ki, xorla əhatə olunmuşdur.
“Gözəl Şuşa” xoru operanın mərkəzi nömrələrindən hesab olunur. Həcmin genişliyi çoxsaylı reprizaların hesabına daha da böyüyür. 4 səsli xorda S-A səsləri tersiya münasibətində qurulur. B-T səsləri oktava unisonu ilə verilmişdir. İlk xanədən S-A və B-T səsləri arasında deyişmə başlanır. Deyişmədə imitasiyalı kanon tətbiq edilmişdir. Nəhayət əsərin baş qəhrəmanını xarakterizə edən ilk musiqi nömrəsi verilir. Xorun ardınca Natəvanın reçitativ ariozosu səslənir. Ariozonun ardınca xor yenidən Natəvanın şərəfinə şüarlar səsləndirir. Daha sonra bəstəkar xalq rəqsi “Qıtqılıda” rəqsindən istifadə edir. Rəqsin ardınca isə Natəvan və xalq şairi Qasım bəy Zakirin, eləcə də aşıqların səhnəsi verilir. Milli musiqi xəzinəsindən bacarıqla dəyərlənən V.Adıgözəlov bu səhnədə ustalığını bir daha nümayiş etdirmişdir.
Ümumiyyətlə Azərbaycanın mədəniyyəti, tarixi və ədəbiyyatını öz musiqisi ilə tərənnüm edən tarixi əsərlərin müəllifi kimi ön yerlərdən birini tutan bəstəkarın bu operası tarixi və mədəni baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Bu operada Azərbaycan ədəbiyyatının görkəmli simaları təbliğ olunmaqla yanaşı xalq musiqimizin janrları, ustad sənətkarlar böyük bir zövqlə tərənnüm olunur. Dediklərimizin parlaq təzahürü ilk pərdədə öz əksini tapmışdır. Ədəbiyyatla, şeiriyyatla Azərbaycan musiqisinin qırılmaz əlaqələri, təması və qovuşması məhz bu səhnədə bir daha öz təsdiqini tapmış olur. Aşıq sənəti təqdim olunarkən onun ən maraqlı və önəmli janrlarından olan deyişmədən istifadə edilir. Orkestrdə aşıq sazının kökünə uyğun harmonik birləşmələr bu səhnəyə xüsusi rəng qatır və xalq musiqisini qabarıq şəkildə diqqətə çatdırır. Zakirlə Natəvanın duetinin sonunda isə bəstəkar yenidən muğam sənətinə müraciət edir, xanəndə Segah muğamından bir parça ifa edir. Bu pərdədə XIX əsrin II yarısından XX əsrin əvvəllərinə qədərki dövrdə Azərbaycanda fəaliyyət göstərən şeir-musiqi məclislərinin təsviri yaradılır və bu təsadüfi deyil. Çünki Qarabağda məşhur məclislərdən biri olan “Məclisi-üns” şeir-musiqi məclisinin yaradıcısı və rəhbəri məhz operanın baş qəhrəmanı kimi təqdim olunan xalq şairi Xurşudbanu Natəvan olmuşdur.
I pərdənin II şəklində bəstəkar muğam sənətinin ən parlaq nümunələrindən biri olan “Qarabağ şikəstəsi”ni canlandırır. Bu musiqi nümunəsi V.Adıgözəlovun yara-dıcılığında olduqca mühüm yer tutur. Bəstəkarın məşhur oratoriyalarından biri məhz belə adlanır. Digər tərəfdən bizə doğma olan segah məqamının tətbiqi diqqəti cəlb edir. Üçüncü səbəb isə xan qızı Natəvana həsr olunmuş operada məhz “Qarabağ şikəstəsi”nin xanəndəlik sənətinin, muğam sənətinin beşiyi olan Qarabağda səsləndirilməsi rəmzi xarakter daşıyır.
Operanın müxtəlif səhnələrində bəstəkar “Mənsuriyyə” zərbli muğamından, “Qıtqılıda” xalq rəqsindən, eləcə də özünün “Qərənfil” romansının musiqi materialından istifadə etmişdir. Operanın kulminasiya nöqtəsi — Natəvanın həyat faciəsini əks etdirən son şəkildə xora yer ayrılmamışdır. Xorun çıxışı bir də epiloqla verilir. Natəvanın uzaqdan eşidilən səsilə həmahəng çıxış edən xor bütün epiloqu əhatə edir. Xorun mahiyyəti olduqca böyükdür, belə ki, burada həm Natəvanın vətən həsrəti, narahatlığı, xalqın vətənpərvər, mübariz duyğuları ifadə olunur, eləcə də Natəvanın partiyasında keçən “Nigaranam Qarabağdan” kəlmələri müasir dövrümüzlə səsləşən bir çağırışa çevrilir.
ƏDƏBİYYAT:
- Zöhrabov R.F. Azərbaycan opera sənətinin yeni uğuru: Vasif Adıgözəlovun “Natəvan” operası. // “Musiqi dünyası” jurnalı, 1-2/2004, s.97
- Tağıyev C.H. Xan qızı. B.: Şur, 2011, 120 s.
Диссертант BMA
ХОРЫ ИЗ ОПЕРЫ “НАТАВАН” ВАСИФА АДЫГЕЗАЛОВА
Резюме: Статья посвящена опере “Натаван” известного азербайд-жанского композитора Васифа Адыгезалова. Автор статьи дает общую информацию о сюжете оперы и раскрывает исторические факты о героине оперы — известной Азербайджанской поэтессы Хуршудбану Натаван. Подробно рассматриваются хоровые сцены и дается анализ каждого хорового номера оперы.
Ключевые слова: опера, композитор, Натаван, хор, партия
Candidate for a degree of BMA
VASIF ADIGOZALOV’S CHORUS SCENES FROM THE OPERA
«NATAVAN»
Summary: The article is devoted to the opera “Natavan” famous Azerbaijani composer Vasif Adigozalov. The author at the beginning of gives information about the plot of the opera and historical facts about the main character of the opera, the famous Azerbaijani poet Khurshudbanu Natəvan. Further, the article discusses the choral.
Key words: opera composer, Natəvan, the chorus, the party
Rəyçilər:
professor Ağaverdi Paşayev
professor Məmmədağa Umudov