Şamaxının ənənəvi musiqi mühiti
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
Etnomusiqişünas
Email: asadzade-gulxanim@mail.ru
UOT: 78.031.4
ŞAMAXININ ƏNƏNƏVİ MUSİQİ MÜHİTİ
Xülasə: Təqdim olunan məqalədə Şamaxının musiqi mühiti barədə məlumat verilmişdir. Muğam və aşıq yaradıcılığının, zurna ifaçılığı, məhəlli folklorun Şamaxı musiqi mühitində tutduğu yeri xüsusi vurğulanır.
Açar sözlər: Şamaxı, musiqi mühiti, folklor, ənənə
Azərbaycanın hər regionu özünəməxsus musiqi ənənələrinə malikdir. Bu ənənələr sayəsində müxtəlif regionların ayrı-ayrılıqda musiqi mühitləri yaranır ki, onlar da janr və forma, ifaçılıq baxımından bir-birindən seçilir. Son zamanlar musiqi folklorunun bölgələr üzrə araşdırılması işi önəmli sayılır və tədqiqatlar başlanıb. Buna görə də, Şamaxı bölgəsinin musiqi mühitinin öyrənilməsi maraqlı faktları aşkara çıxarmaqla bu sahədə yenilikləri ortaya qoya bilər.
Qədim elm, mədəniyyət, incəsənət və din mərkəzlərindən biri olan Şamaxı zəngin musiqi irsinə malikdir. Şamaxının musiqi mühiti özünəməxsus regional özəllikləri ilə seçilir. Belə ki, Şirvanın mərkəzi hesab edilən Şamaxı bölgəsində xalq musiqisinin müxtəlif janrları qarşılıqlı şəkildə inkişaf etmişdir. Burada aşıq, muğam, instrumental musiqi, zikr, mərasim musiqisi ənənələri bu və ya başqa dərəcədə qorunub saxlanılır. Bölgədə hazırda yarımköçəri həyat tərzi sürən tərəkəmə kəndlərinin olması da yaxşı məlumdur. Müxtəlif ənənələrin bu qədər qaynayıb qarışması digər bölgələrdə müşahidə olunmur. Bu əlaqələr öz təsirini xalq musiqi janrlarına da göstərmişdir. Məhz buna görə də mərasim rəqsləri, zurna havaları, zikr, dini mərasimlərin musiqisi xüsusilə qeyd olunmalıdır. Adı çəkilən musiqi janrlarında xalqın mədəniyyətini, adət-ənənələrini, dünyagörüşünü aydın sezmək mümkündür.
Yuxarıda qeyd etdiyimiz kimi, Şamaxı regionunda şifahi ənənəli professional musiqinin iki qolu olan muğam və aşıq sənəti xüsusilə geniş inkişaf etmiş və əsrlər boyu bir-birilə qarşılıqlı əlaqədə olmuşdur. Azərbaycan aşıq mühitlərindən və muğam məktəblərindən biri də Şamaxı-Şirvan bölgəsidir. Tarixən bu bölgə zəngin ənənələrə və ustad ifaçılara malik olmuşdur.
Şifahi ənənəli professional musiqi janrı – muğamın Şamaxı regionunda inkişaf etməsində Mahmud ağanın təşkil etdiyi muğam məclislərinin xüsusi yeri olmuşdur. Xanəndəlik sənətinin tərəqqisində isə Mirzə Məhəmmədhəsəni vurğulamaq yerinə düşərdi. Bağır Şirvani, Sadiq ibn Məhəmməd Şirvani, Dostu Şirvani, Xankəndli Sahab, Məşədi Qulu, Kərbalayi Əkbər, Mehdi, Çapıq Nəcəfqulu, Cavad, Uzun Səlim, Məşədi Səlim, Məbud, Kazım İsa oğlu, Sarənc Zeynal, Topal Məmmədqulu, İskəndər, Kalvalı Əli, Şərədilli Hüseyn kimi xanəndə, tarzən, balabançılarla yanaşı, tanınmış qadın sənətkarlar – Vayıt qızı, El adamı Şərəbanı, Şirin xanım, Mirzə Gül-lər, Cəngi Sona və b. Şamaxıda musiqi sənətini zirvələrə qaldırmışlar. Müasir dövrdə Ağakərim Nafiz, Alim Qasımov, Mələkxanım Əyyubova, Elnarə Abdullayeva və başqaları Şirvan muğam məktəbinin davamçılarıdır.
Şamaxı özünəməxsus ifaçılıq ənənələrinə və üslublara malik olması ilə digər regionlardan fərqlənir. Muğam sənəti ilə yanaşı, aşıq yaradıcılığı da Şirvan mahalının, Şamaxının həyatında böyük önəm kəsb edir. Bölgə olaraq Şamaxı qiymətli folklor və dastan yaradıcılığına malikdir. Tanınmış saz-söz ustalarına misal olaraq Aşıq Dostu Şirvani, Aşıq Saleh, Aşıq Babaş, Aşıq İbrahim, Aşıq Daşdəmir, Aşıq Mürsəl, Aşıq Hümbət, Aşıq Abbas, Aşıq Şərbət, Aşıq Ağalar, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq Əliağa, Aşıq Şərbət, Aşıq Rza, Aşıq Ağamurad və başqalarını misal çəkmək olar. Xüsusi mühit hesab olunan Şirvan aşıq mühiti irimiqyaslı olmağı ilə yanaşı, özünəməxsus ifaçılıq ənənələri ilə fərqlənir. Belə ki, daha çox xanəndə tərzini, yəni muğamla bağlılığı burada görmək mümkündür. Ona görə də, Şirvan aşıq mühitinin musiqisi ənənəvi aşıq repertuarından bir qədər seçilir. Görkəmli alim, professor, filologiya elmləri doktoru M.Qasımlı “Ozan-aşıq sənəti” adlı kitabında Şirvan aşıq mühitində muğam çalarlarının XIX-XX əsrlərdə daha çox gücləndiyini qeyd etmişdir.
XIX əsrin yarısından başlayaraq müxtəlif mərasim və şənliklərdə muğam və aşıq yaradıcılığı qarşılıqlı sənət mübadiləsində olmuş, sazəndə, xanəndə, aşıq, zurna ifaçıları bir-birinin yaradıcılığına təsir göstərmişdir. Qeyd edək ki, xanəndəlik sənəti Şirvan aşıq sənətinə təsir etdiyi kimi, bu təsir əks istiqamətdə də olmuşdur. Xa-nəndələr də aşıq repertuarından, ifa tərzindən çox şeylər mənimsəmişlər. Bu təsiri səciyyələndirən professor Q.Namazovun “Aşığın sazı və sözü” [3, s. 76] kitabında verdiyi bilgilərə əsasən, yalnız iri şəhərlərdə deyil, hətta kəndlərdə belə toy mərasiminin daha təntənəli və şən keçməsi üçün xanəndələrə böyük ehtiyac duyulurdu. Kənd mühitində məclis keçirən aşıq isə təkcə bu tələbi, yəni muğam oxumağı ödəyə bilmirdi. Xanəndəliyə, zərb və nəfəs musiqi alətlərinə meyl getdikcə güclənir, bu da təkcə çalıb-çağıran aşığın nüfuzuna təsir edirdi. İstər-istəməz aşıq mühitlə barışmalı, ətrafında başqa çalğıçılar da toplamalı olurdu. Bu uzun tarixi gediş aşığı xanəndəyə, sazı tara yaxınlaşdırırdı. Hətta, sırf Şirvan bölgəsinə məxsus olan xanəndə və aşıq tərzinin əsasında yaranmış havalar mövcuddur. Bunlar “Pişrov” ha-vaları, “Şikəstə”lər və “Şəşəngi”lərdir. Adları çəkilən havalar balaban, nağara, qoşa-nağara müşayiəti olmadan ifa olunmur. Ümumiyyətlə, Şirvan aşıq ifaçılığını ansamblsız təsəvvür etmək qeyri-mümkündür.
Eləcə də Şirvan görkəmli zurna ifaçılarının vətəni olmuşdur. Başda Əli Dədə Kərimov olmaqla bu sənət indi də davam etməkdə və musiqi ənənələrini yaşatmaqdadır. Şamaxının zurna ifaçılığı sənətində rəqs havaları, cəngilər, zorxana havaları məlumdur. Məsələn, Şamaxıda “Çaharzən” rəqs dəstgahı mövcud olmuş və Şəki zurna çalanlarının müvafiq tipli silsilə havalarından fərqlənmişdir. Digər tərəfdən bəzi tədqiqatçılar Şirvan rəqs dəstgahının Qarabağdan qaynaqlandığını qeyd edirlər. Beləliklə, həmin silsilə Şəki ənənələrindən fərqləndiyi halda Qarabağ musiqi mədəniyyəti ilə birbaşa əlaqəlidir.
Ümumilikdə, respublikamızda zurna, balaban çalan sənətkarlar arasında Şamaxı regionunun öz dəst-xətti var. Onların yetişməsində də məhz Əli Kərimovun xidmətləri əvəzsizdir. Mansır Rüstəmov, Cənnətalı Hacıyev, Həsrət Hüseynov, İzzətalı Zül-füqarov, Qələmşah Quliyev, Ağasəf Seyidov kimi ifaçılar məhz Əli Kərimov mək-təbindən keçmiş, onun yaradıcılığından bəhrələnmişlər. Bu gün də həmin ənənələr Rasim Ələsgərov, Rəhman Rasimoğlu, Şirzad Fətəliyev kimi məşhur ifa-çıların yaradıcılıqlarında uğurla davam etdirilir.
Musiqi folkloru baxımından Şamaxını nümunələrlə zəngin bir xəzinəyə bənzətmək mümkündür. Əmək nəğmələri, xınayaxdı-toy, uşaq mahnıları, zikr musiqisi kimi rəngarəng folklor nümunələri intonasiya, lad, melodiya, ritmik quruluş ba-xımından bir-birindən fərqlənir. Təəssüflə qeyd etmək lazımdır ki, müasir dövrdə adları çəkilən folklor nümunələri yaddaşlardan silinmək üzrədir. Çağdaş dövrdə hə-yat tərzinin dəyişməsi, kütləvi informasiya vasitələrinin yerli əhalinin həyatına daxil olması ilə burada da digər bölgələrdə olduğu kimi adət-ənənələrin eyniləşməsi pro-sesi baş verməkdədir. Buna görə də müasir zamanda məhəlli folklor nümunələrinin toplanaraq notlaşdırılması və etno-musiqişünaslıq baxımından təsnifatlaşdırılması aktual məsələlərdən biridir.
Şamaxı xınayaxdı mərasim mahnılarının geniş yayılmış bölgələrindən biri olub. Bu baxımdan Şirvanın Ağsu, İsmayıllı, Zərdab, Kürdəmir kimi digər rayonları, eləcə də, Quba, Şabran, Saatlı rayonları ilə müqayisə oluna bilər. Nisbətən uzaqda yerləşən bölgələrin eynitipli mərasimləri ilə əlaqələr daha zəifdir. Məsələn, Şamaxının və Lənkəranın toy mərasim mahnıları arasında fərq qabarıq şəkildə özünü göstərir.
Repertuar, üslub və ifa forması baxımından zikr mərasimlərinin musiqisinə gəldikdə isə demək lazımdır ki, bu ənənə Şamaxı rayonunun sünni təriqətli əhalisi arasında yaşadılmaqdadır. Sovet dövründə güclü təzyiqlərə məruz qalmışdırsa, hazırda həmin mərasimlər açıq şəkildə icra olunmaqdadır. Burada dini, fəlsəfi, psixoloji amillər bir-birilə vəhdət halında birləşir. Mərasimin əsas məqsədi musiqi vasitəsi ilə ekstaz vəziyyətdə ilahiyə qovuşmaqdan ibarətdir. Maraqlıdır ki, başqa bölgələrin sünni əhalisi arasında, məsələn, Şəkidə mövlud mərasimləri böyük üstünlük təşkil edir. Sözügüdən mərasimlərin qayəsi tamam fərqli olduğundan onların musiqi tərtibatı da müqayisə edilməz dərəcədə fərqlidir. İnformatorların verdiyi bilgilərə görə hər iki mərasim Zaqatala, Qəbələ, Ağdaşda daha sakit keçirilirsə də heç bir təntənəli məzmun kəsb etmir. Mövlud ənənəsi Azərbaycandan kənarda – İraq, Türkiyə və Orta Asiya ərazisində də yayılmışdır.
Bütün deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Şamaxı mühiti region olaraq zəngin janr tərkibinə malikdir. İstər muğam, aşıq, zurna ifaçılığı, istərsə də məhəlli, folklor musiqisi özünəməxsusluğu, lokal xüsusiyyətləri ilə səciyyələnir.
ƏDƏBİYYAT:
- Qəniyev S.H. Şirvan folklor mühiti. B.: Ozan, 1997, 260 s.
- Xalıqzadə F.X. Şamaxı folklor musiqi ənənələrinin tədqiqinə dair. / “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” beynəlxalq konfrans materialı. B.: 2016, 400 s.
- Namazov Q.M. Aşığın sazı və sözü. B.: Yazıçı, 1980, 156 s.
- Qasımlı M.P. Ozan-aşıq sənəti. B.: Uğur, 2007, 308 s.
Этномузыковед
ТРАДИЦИОННАЯ МУЗЫКАЛЬНАЯ СРЕДА ШEМАХИ
Резюме: В данной статье дается информация о музыкальной среде Шемахинского района, где бытует ашыгское творчество, мугам, исполнительство на зурне, фольклорная музыка.
Ключевые слова: Шемахи, музыкальная среда, фольклор, традиции
Ethnomusicologist
TRADITIONAL MUSICAL ENVIRONMENT OF SHAMAKHI
Summary: This article gives information about musical environment of Shamakhi district of Azerbaijan. It is devoted to the mugham, ashiq music, instrumental performance (of the zurna players) and specific folk music environment the district.
Key words: Shamakhi, musical environment, folklore, tradition
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttah Xalıqzadə
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva