“Mahur-hindi” muğamının vokal-instrumental ifası barədə
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2016
AMK-nın baş müəllimi
Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 781,7
“MAHUR-HİNDİ” MUĞAMININ VOKAL-İNSTRUMENTAL İFASI BARƏDƏ
Xülasə: Təqdim olunan məqalə Azərbaycanda çox məşhur olan “Mahur-hindi” muğamının ifaçılıq xüsusiyyətləri haqqındadır. Məqalədə “Rast” muğam ailəsinə daxil olan “Mahur-hindi”in tarixi, inkişafı və müasir ifaçılıqdakı rolundan bəhs olunur.
Açar sözlər: “Rast”, “Mahur-hindi”, muğam, xanəndə, təsnif, dəstgah
Azərbaycan muğamları tarix boyu özünəməxsus inkişaf prosesində, ictimai-siyasi hadisələrin təsiri altında təkmilləşərək müasir formaya düşmüşdür. Eyni zamanda, muğamatda hər bir tarixi dövrün, zamanın möhürü, əks-sədası öz təcəs-sümünü tapır. Musiqi aləmində öz ahəngləri, rəngləri və ifaçılıq yolları ilə fərqlənən Azərbaycan muğamları xalqın həyat fəlsəfəsi, onun arzu və düşüncələri ilə sıx bağlı olmuşdur. Azərbaycan xalqının ruhunu ifadə edən, hər zaman sevilərək öz təravətini itirmədən ifa olunan muğamlardan biri də “Mahur-hindi” muğamıdır. Bu muğam “Rast” ailəsinə daxildir. Məlum olduğu kimi, “Rast” ailəsinə bir neçə muğam dəst-gahı daxildir ki, bunlara “Mahur-hindi”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah” “Qatar” və “Heyratı” zərbli muğamı aiddir.
Əgər Azərbaycanda geniş yayılmış “Segah” ailəsinin üzvləri (“Mirzə Hüseyin Segah”ı, “Xaric segah”, “Zabul-segah”, “Haşım Segah”ı və s.) əsasən onun variantlarıdırsa, “Rast” ailəsində “Mahur-hindi”nin, “Orta Mahur”un, “Bayatı-Qacarın” ümumi şöbələri olsa da, onların hər biri özünəməxsus ahəngə, koloritə, intonasiya dönümlərinə malik muğamlardır. Quruluş və musiqi məzmunu baxımından bir-birinə çox yaxın olan bu dəstgahlar “Rast”ın övladlarıdır. Qədim musiqişünaslar “Rast”ı “muğamların anası” adlandırmışlar. Təsadüfi deyil ki, “Mahur-hindi” muğamı istər melodik quruluşuna, istərsə də şöbələrinin xüsusiyyətlərinə görə “Rast”ın xarakterinə uyğun gəlir. “Rast”da olan bir çox şöbə və guşələr eynilə “Mahur-hindi”də mövcuddur. Yalnız bunların əsas fərqi odur ki, “Mahur-hindi” “Rast”a nisbətən xalis kvarta intervalında zildə ifa olunur. Şübhəsiz ki, “Mahur-hindi” “Rast” muğamına nisbətən bir qədər yığcamdır və onun şöbələri melodik cəhətdən “Rast”ınkına nisbətən bir qədər fərqlənsə də, onların məqam əsası tamamilə eynidir. Əgər “Rast” muğamı kiçik oktavadakı “sol” səsində oxunursa, “Mahur-hindi” muğamı isə yalnız birinci oktavada “do” mayəli rast məqamında oxunur. Deməli, onların hər ikisi avaz etibarı ilə bir-birinə oxşar olduğu halda tonallıq etibarı ilə müxtəlifdir.
Azərbaycan klassik musiqisində əsas muğamlardan biri olan “Mahur” fars sözü olub, mənası “uçurum”, “dərin yarğan” deməkdir. Döyüş xarakterli olan “Mahur”da nikbinlik, əzəmət, mübarizlik vardır. Bu muğamı ifa edən xanəndənin ən azı iki oktava yarım yüksək tessituralı güclü səsi olmalıdır. Coşqun zəngulələr, ən yüksək registrdə stakkato, mürəkkəb passajlarda tembr səlistliyi, həm də böyük vokal ustalığı və temperament də əsas tələblər siyahısındadır.
“Mahur-hindi” muğamı ilə yanaşı, musiqimizdə “Orta Mahur” muğamı da məşhurdur. Bu muğam tarın orta registrində çalınıb oxunduğuna görə ona “Orta Mahur” deyirlər. “Orta Mahur” “Mahur” dəstgahının başqa bir növüdür. İstər “Mahur-hindi”, istərsə də “Orta Mahur” oxşar, daha doğrusu, qohum muğamlardır. Hər ikisi rast məqamında qurulur. Amma “Orta Mahur” “Mahur-hindi”yə nisbətən xalis kvarta intervalında zildə oxunur. Yəni əgər “Mahur-hindi” “do” mayəli rast məqamında qurulursa, “Orta Mahur” ondan bir kvarta yuxarı, yəni “fa” mayəli rastda ifa olunur [7, s. 43].
1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə tərtib edilmiş proqramda “Mahur-hindi” dəstgahı 10 şöbə və guşədən ibarət olmuşdur: “Mahur-hindi”, “Üşşaq”, “Mübərriqə”, “Əşiran”, “Şikəsteyi-fars”, “Əraq”, “Rak-Hindi”, “Heyratı-Kabili”, “Mahur-hindi”.
“Mahur-hindi”dəstgahı getdikcə müəyyən dəyişikliyə məruz qalmış, həm instrumental, həm də vokal-instrumental versiyada səkkiz şöbə və guşədən ibarət olmuşdur.
Cabbar Qaryağdıoğlu “Azərbaycan xalq musiqisi” adlı əsərinin əlyazmasında göstərir ki, “Rast” və onun ailəsinə aid olan muğamlar ifa olunarkən eyni qəzəllərdən istifadə olunmasını məsləhət bilirdi. Yəni bu o deməkdir ki, kökləri müxtəlif olmasına baxmayaraq “Mahur-hindi” muğamı “Rast”ın qısaldılmış formasıdır.
Qadınlardan ilk dəfə 1955-ci ildə “Rast” dəstgahını lentə yazdıran xalq artisti Həqiqət Rzayeva “Rast”ı “Mahur-hindi”, yəni “do” kökündə ifa edirdi. Çünki qadın xanəndələri “Rast”ın öz kökündə (“sol”) “Mayeyi-Rast”ı oxuya bilmirlər. Qadın xanəndələrinin səsi kişi xanəndələrinə nisbətən zil olduğu üçün onlar “Rast” dəstgahının “Mayə” şöbəsini istənilən səviyyədə oxuya bilmirlər. Bir məsələni də qeyd etməyi zəruri hesab edirik. “Mahur-hindi”də “Mayeyi-Mahur”la “Hüseyni” arasında “Üşşaq” guşəsi var. Bu əsl “Üşşaq” deyil. Əsl “Üşşaq” “Rast” dəstgahındadır. “Mahur-hindi”dəki “Üşşaq”ın adı “Pəncgah”dır. “Mahur-hindi” muğamında bu guşə oxunanda “Pəncgah”a “ayaq” verilir. Keçmiş xanəndələr bu guşəyə “Üşşaq yeri” deyərdi.
Melodik quruluşu və şöbələrin xarakterinə görə “Rast” dəstgahının xarakterinə uyğun olan “Mahur-hindi” muğamında “Rast”da olan şöbə və guşələrin qısaldılmış forması eyni ilə saxlanılıb. Fərq ondadır ki, “Mahur-hindi” dəstgahı “Rast”dan fərqli olaraq yığcam və xalis kvarta intervalında yuxarı registrdə çalınıb-oxunur və şöbə-lərinin melodiyası bir qədər fərqlidir, ancaq məqam əsasları eynidir. Kiçik oktavanın “sol” səsində ifa olunan “Rast” dəstgahına nisbətən “Mahur-hindi” birinci okta-vadakı “do” mayəli rast məqamında ifa edilir.
Məlumdur ki, eyni muğam dəstgahını ayrı-ayrı xanəndələr təxminən 10-15 dəqiqədən 35-40 dəqiqəyə qədər ifa edə bilər. Bu xanəndənin muğama necə yanaşmasından asılıdır. Keçmiş xanəndələr bir muğam dəstgahını bir neçə saat oxuyardılar. F.Şuşinskinin tədqiqatlarında göstərilir ki, Cabbar Qaryağdıoğlu “Mahur”u dörd saat, Seyid Şuşinski isə “Çahargah”ı iki saat ifa edib [7, s. 26].
İfa zamanı “Könlümün viranəsində” və ya “Abu həyat” adlı təsnif, sonra “Bər-daşt” oxunur. “Mahur-hindi” muğamının “Bərdaşt”ı “Mayə”dən bir oktava zildə oxunan hissədir. “Bərdaşt”dan “Mayə”yə gəzişməkdən savayı başqa bir guşə vasi-təsilə qayıtmaq mümkündür. Həmin guşənin adı “Zəngi-şütür”dür. Bu guşə vasitəsilə “Bayatı-Qacar”ın “Bərdaşt”ından “Mayə”yə qayıtmaq mümkündür. “Mayə” “Mahur-hindi”nin mayası, əsası, köküdür. “Mayə”də həm xanəndə öz səsini formalaşdırmalı, həm də tamaşaçıya hansı muğamı oxuyacağını çatdırmalıdır.
“Rast” muğamından fərqli olaraq H.Hüseynov “Mahur-hindi”nin “Üşşaq” şöbəsinin ifasına yenilik gətirdi. “Rast”da bəhrli oxuma, “Mahur”da isə bəhrsiz oxu-ma növündən istifadə olunur. 4 cümlə və 4 misradan ibarət olan “Üşşaq” sanki 2 nəfər – aşiq ilə məşuq arasında bir mükalimə yaradır. Bəzən bu münaqişəyə çevrilir. Təsadüfi deyil ki, “Üşşaq” ərəbcədən tərcümədə “aşiqlər” deməkdir. “Üşşaq” guşəsi ritmik səciyyə daşıyır, eyni zamanda aram bir şəkildə çalınıb ifa olunan guşədir. Bu guşə də rəməl bəhrində ifa olunur. “Mayə”yə daxil olan sonuncu guşə “Hüseyni” guşəsidir ki, keçid xarakteri daşıyır. Məsələn, “Hüseyni” guşəsində “Orta Mahur”a keçmək mümkündür. “Orta Mahur”un “Hüseyni” pərdəsindən isə “Bayatı-Qacar”ın tonallığına – “si bemol” notuna düşmək olar. “Bayatı-Qacar”ın “Hüseyni”sindən isə “Dügah”a keçid mümkündür. Bundan sonra “Vilayəti” şöbəsi gəlir. “Vilayəti” “Şur” xarakterli şöbədir. Vilayəti rastda “re” tonallığında, “Mahur-hindi”də isə “sol”da ifa olunur. “Şikəsteyi-fars” “Rast”da “Xocəstə” adlanır. “Mahur-hindi”də isə “Şikəs-tə”dir. “Segah” muğamında olan şikəstələrin xarakterində ahu-nalə, kövrəklik öz ək-sini tapır. Şikəstələrin “ayaq”ları “Əşiran”la bitir. “Əşiran”la “ayaq” verib həm vəzn-lə, yəni avazla, qəzəllə, ya da sözsüz ifadə vasitəsilə “ayaq” vermək olar. “Mahur-hindi” muğamının kulminasiyası “Əraq”dır. “Əraq” “Mahur-hindi”də II oktavanın “do” səsində çalıb oxunur.
“Mahur-hindi” muğamının Məşədi İsi, Malıbəyli Cümşüd, Şəkili Ələsgər, Mirzə Güllər, Zabul Qasım (Abdullayev), Məcid Behbudov, Davud Səfiyarov, İslam Ab-dullayev, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Hüseynağa Hacıbababəyov, Xan Şu-şinski, Hacıbaba Hüseynov, Sara Qədimova, Töhfə Əliyeva, Yaqub Məmmədov, Nə-riman Əliyev, Əli Mehdiyev, İslam Rzayev, Canəli Əkbərov, Sabir Novruzov, Qən-dab Quliyeva, Ağaxan Abdullayev, Alim Qasımov, Qəzənfər Abbasov, Zahid Qu-liyev, Mələkxanım Əyyubova, Məhərrəm Həsənov, Ruzə İbişova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Səbuhi İbayev, Simarə İmanova kimi ifaçıları var.
“Mahur-hindi” muğamı dinləyicidə mərdlik, gümrahlıq hissi oyadır. Olduqca canlı, təntənəli ifa olunur. Bu təntənə muğamın “Bərdaşt”, “Mayə-Mahur”, “Vilayəti”, “Əraq” şöbələrində özünü daha parlaq göstərir. “Mayə-Mahur”, “Üşşaq”, “Hüseyni” şöbə və guşələrində ölçülərə xüsusi fikir verilir. Müşayiət zamanı, xüsusən də tarda güclü alt-üst mizrablardan, zəng (cingənə) tellərdən, habelə dinamik çalarlardan, əlvan səslənmə tərzlərindən istifadə edilir. “Üşşaq” və “Hüseyni”nin başlanğıc və orta hissələrində səs getdikcə güclənir və tədricən zəifləyir. Pauzalara müəyyən yer verilir. “Qərai” şöbəsini elə ifa etmək lazımdır ki, dinləyici muğamın ifasının sona yetdiyini hiss etsin. Muğamın vokal ifasını müşayiət edən tarzənlər bu cəhətləri nəzərə almalıdırlar.
ƏDƏBİYYAT:
- Babayev E.Ə. Şifahi ənənəvi Azərbaycan musiqisində intonasiya problemləri. B.: Elm, 1998, 145 s.
- Hacıbəyov Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Yazıçı, 1985, 151 s.
- Nəvvab M.M. Vüzuhül-Ərqam. B.: Elm, 1988, 84 s.
- Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
- Şuşinski F.M. Musiqişünasın düşüncələri. B.: Azərnəşr, 1995, 352 s.
- Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 292 s.
- Zöhrabov R.F. Şifahi ənənəli Azərbaycan professional musiqisi. B.: Azərbaycan Ensiklopediyası, 1996, 72 s.
Старший преподаватель ANK
O ВОКАЛЬНО-ИНСТРУМЕНТАЛЬНОМ ИСПОЛНЕНИИ МУГАМА «МАХУР-ХИНДИ»
Резюме: В представленной статье говорится о характеристике вокального исполнения известного в Азербайджане мугама «Махур-xинди». «Махур-xинди» относится к семейству «Раст» и в данной статье представлена его история, развитие и роль в современной исполнительской практике.
Ключевые слова:«Раст», «Махур-xинди», мугам, исполнитель мугама, тесниф, дестгях
Senior Lecturerof ANC
ABOUT VOCAL INSTRUMENTAL PERFORMANCE OF MUGAM «MAHUR-HINDI»
Summary: The given article deals with the performing characters of “Mahur-hindi” mugham, which is well-known in Azerbaijan. Article also consists the history, the developing process, and the role of “Mahur-hindi” mugham (which is enters to “Rast” mugham family), in Azerbaijanian modern history of performing art .
Key words: “Rast”, “Mahur-hindi”, mugham, singer of mugham, tasnif, dastgah
Rəyçilər:
professor Arif Babayev
professor Fəxrəddin Dadaşov