Sevda İbrahimovanin fortepiano ilə simfonik orkestr üçün konsertləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA” №3 2017
Zöhrə ZALOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
AMK-nın dosenti
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT+786
SEVDA İBRAHİMOVANIN FORTEPİANO İLƏ SİMFONİK ORKESTR ÜÇÜN KONSERTLƏRİ
Xülasə: Məqalə S.İbrahimovanın 4 və 5 saylı fortepiano konsertlərinə həsr olunub. Bu baxımdan, qeyd olunan əsərlərin obraz, məzmun və kompozisiya xüsusiyyətləri nəzərdən keçirilir. Bəstəkarın yaradıcılığında bu janrın təfsir prinsipləri araşdırılır.
Açar sözlər: S.İbrahimova, romantik birhissəli konsert, simfonik muğam, 4 saylı və 5 saylı fortepiano konsertləri
Azərbaycan musiqi incəsənətinin parlaq nümayəndələrindən biri olan Sevda İbrahimova öz yaradıcılığı, pedaqoji və musiqi maariflənmə sahəsindəki fəaliyyəti ilə daim diqqət mərkəzindədir. Bəstəkarın musiqi dili xəlqiliyi, zamanla səsləşən aktuallığı ilə seçilərək ənənə və müasirliyin vəhtəti üzərində qurulub. S.İbrahimova obraz və janr rəngarəngliyi ilə seçilən bir sıra operaların, instrumental və vokal əsərlərin, konsertlərin, kantata, mahnı və romansların, uşaqlar üçün mahnıların, kino musiqisinin müəllifidir. Dahi Qara Qarayevin bəstəkarlıq məktəbini keçmiş S.İbrahimovanın əsərlərində milli üslub, Azərbaycan xalq musiqisi ənənələrinə istinad açıq şəkildə özünü büruzə verir. Bəstəkarın yaradıcılığında “Həqiqət üzüyü” operası, “Vətən şəhidlərinə” kantatası, tar ilə orkestr üçün “Qarabağnamə” konserti, fortepiano və kamera orkestri üçün konsertino, “Qurbansız qalan tarım” elegiyası, Mirzə İbrahimovun xatirəsinə həsr etdiyi “Etiraf” və digər əsərləri xüsusi yer tutur.
S.İbrahimova bəstəkarlıqla yanaşı, həm də pianoçu kimi tanınmışdır. Məhz bu səbəbdən o, fortepiano aləti üçün daha çox əsər yaratmışdır. Bunlardan fortepiano və simfonik orkestr üçün 5 konsert, fortepiano və orkestr üçün “Poema”, “Azərbaycan təranələri” pyeslər silsiləsi, ayrıca müxtəlif dövrlərdə yaranan piano üçün pyeslər silsiləsi, “Məhəbbət işığı” və “Qəlbimin nuru” piano üçün silsilələrini (2011), piano və violin üçün ansamblları, “Fantaziya”, “Uşaq lövhələri”, “Gənc pianoçuya” pyeslər silsiləsini (1994) və s. qeyd etmək lazımdır. Bir sıra əsərlərinin ilk ifaçısı da bəstəkar özü olub, bu aspekt onun vokal əsərlərində fortepiano partiyalarının ifasına da aiddir.
Bəstəkarın ilk ciddi işi sayılan, həmçinin diplom işi olan fortepiano ilə orkestr üçün “Poema”dır (1964). Bu kompozisiyanı bir çoxları, eləcə də Qara Qarayev haqlı olaraq birhissəli konsert kimi qiymətləndirmişdilər. Adətən bəstəkarın yaradıcılığını tədqiq edərkən digər fortepiano əsərlərinin qaynaqlarını “Poema”da axtarırlar. Bundan başqa bəstəkar fortepiano ilə orkestr üçün konsertinosunu (1983), №1 (1978), №3 (1993), №4 (2009) və №5 (2014) konsertlərini birhissləli formada yazmışdır.
Bildiyimiz kimi, Azərbaycanda instrumental konsertlərin ilk nümunələri 40-cı illərə aid edilir (F.Əmirov). Getdikcə milli zəmində öz inkişafını tapan bu janr müxtəlif növləri ilə seçilirdi. Bunlardan – virtuoz, yəni daha çox “konsertvari” ifaçılıq prinsipinə əsaslanan və ya “simfonikləşmiş” nümunələrdir. Azərbaycan bəstəkarlarının yaradıcılığında konsert janrı müxtəlif səpkidə olsa da onların əksəriyyətində klassik Avropa strukturu ilə muğam təfəkkürünə istinad üzvi şəkildə özünü büruzə verir.
Avropa musiqi tarixindən bəlli olduğu kimi, instrumental konsert uzunömürlü bir janr kimi özünün üç əsrlik inkişafı nəticəsində bir çox transformasiyaya uğrasa da, musiqi mədəniyyətində qəribə bir şəkildə öz simasını qoruyub saxlaya bilmişdir. XX əsrin ikinci yarısından başlayaraq simfonik musiqinin digər janrları ilə muqayisədə instrumental konsertin əhəmiyyəti hiss olunan dərəcədə artır (A.Şnitke, A.Eşpay, F.Əmirov, T.Bakıxanov), bəzi hallarda isə konsert janrı simfoniyanı sıxışdırır (B.Bartokun, R.Şedrinin, F.Qarayevin yaradıcılığından bəlli olduğu kimi). Elə bu səbəbdən konsert janrının təfsir prinsipləri, orkestr yazısı maraq dairəsini təşkil edən sahələrdən biridir.
XX əsrdə konser janrının inkişafında əsas tendensiya kimi alternativ yanaşma olaraq təfsirin fərdiləşməsi məsələsi ön plana çıxır. Konsert başqa janrlar kimi, XX və XXI əsrlərdə konsepsiyasını saxlasa da eksperimentlərə uğrayır. Konsert janrı mobil olsa da burada əsas xüsusiyyətlər (konsert məntiqi, virtuozluq, improvizəlik) dəyişməz qalır. Məhz elə bu əsas prinsiplər qorunub saxlanılaraq azad şəkildə öz təfsirini tapır.
Qeyd etmək lazımdır ki, konsert janrının inkişafı nəticəsində əsas Avropa alətləri (fortepiano, skripka, alt, violonçel, kontrabas, ağac və mis nəfəs alətləri) üçün konsertlər yazılmışdır. Belə ki, bir neçə alət və orkestr üçün yazılan konsertlərlə müqayisədə bir alət üçün konsertlər daha geniş yayılıb. Bununla yanaşı, milli bəstəkarlıq məktəblərinin nümayəndələri xalq çalğı alətləri ilə orkestr üçün konsertlər də yaradırdı. Belə ki, K.P.Barçunovanın balalayka, dombra, H.Xanməmmədovun tar üçün və digər bəstəkarların milli alətlər üçün konsertləri meydana gəlmişdir. Bütün bunlar konsert janrı çərçivəsində olan axtarışların nəticələridir.
Dünya musiqi ədəbiyyatından bəlli olduğu kimi, üçhissəli konsertlərlə bərabər iki, dörd, beşhissəli və eləcə də birhissəli konsertlər (konsertştyuk, konsertino) də meydana gəlmişdir. Sonralar Azərbaycan bəstəkarlarının yaradıcılığında da bu kimi tendensiyalar özünü büruzə vermişdir. Buna misal olaraq N.Məmmədovun (tar və simfonik orkestr üçün) dördhissəli konsertini (ilk dəfə bu əsər üçhissəli redaksiyada ifa olunmuşdur), İ.Hacıbəyovun konsertinosunu, S.İbrahimovanın birhissəli fortepiano konsertlərini və s. qeyd etmək olar. S.İbrahimova konsert janrında F.Əmirovun ənənələrini davam etdirir. Eyni zamanda burada simfonik muğamlardan irəli gələn prinsiplər (struktur və məqam-tonal baxımından) nəzərə çarpır. Belə ki, “Poema”dan başlayaraq bir sıra birhissəli kompozisiyaların daxilində, xüsusən də birhissəli konsertlərdə romantik poemadan irəli gələn sıxlaşmış silsiləvilik prinsipi və eləcə də muğam dəstgahına xas olan bölmələrin bir-birini əvəzləməsi prinsipi də nəzərə çarpır. Bu səbəbdən S.İbrahimovanın yaradıcılığında folklor-romantik başlanğıcı qeyd etmək olar. Vaxtilə bu məsələyə görkəmli pianoçu və alim T.Seyidov da bir sıra məqalələrində, araşdırmalarında nəzər yetirmişdir [6, s. 119 ]. Bəstəkarın son (4 saylı və 5 saylı) fortepiano konsertləri 2000-ci illərə aiddir və bu janrın yeni-yeni təfsir formalarını təqdim edir. Yuxarıda qeyd etdiyimiz kimi, №4 konsert birhissəlidir və bəstəkarın ömür-gün yoldaşı Arif Həsənova həsr olunub. Bu əsərin premyerası 2009-cu ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyilə bağlı Beynəlxalq Musiqi Festivalında baş tutub. Əməkdar artist Murad Adıgözəlzadə və Dövlət Simfonik Orkestrinin (dirijor Əyyub Quliyev) ifasında səslənən bu konsert böyük rezonansa səbəb olmuşdur. Müxtəlif təzadlı mövzulara əsaslanan əsər obraz etibarı ilə dərin psixoloji məqamları, fəlsəfi və lirik düşüncələri əks etdirir. Bölmələri birləşdirən vahid dramaturgiya simfonik və muğam təfəkküründən irəli gələn prinsipləri özündə büruzə verir. Əsər virtuoz tipli konsertlərə aiddir və bu səbəbdən fakturada texniki üsullar, xırda passajlar, əzəmətli akkord ardıcıllıqları, kənar registrlər geniş şəkildə tətbiq olunur. Fortepianonun bütün ifa imkanlarını dərindən bilən və alətin səs-rəng palitrasından geniş yararlanan S.İbrahimova əsərdə musiqi obrazlarının dəqiq təsvir olunmasına müvəffəq olub. Konsertin sonunda müğənninin ifasında səslənən “Allahu-əkbər” kəlamları sənətkarın fəlsəfi düşüncələrini əks etdirir.
5 saylı Konsert 2014-cü ildə yazılmışdır və gözəl pianoçu Murad Adıgözəlzadəyə həsr olunmuşdur. Elə bu əsərin ilk parlaq ifaçısı da M.Adıgözəlzadə özü olub. Əgər №4 Konsert Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Festivalda ilk dəfə təqdim olunmuşdusa, 5 saylı Konsertin premyerası M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında S.İbrahimovanın 75 illiyinə həsr olunmuş yubiley konsertində baş tutmuşdur. Əsər öz gözəl melodizmi, gənclik coşqunluğu, şən ab-havası, aşıb daşan sevinc hissləri ilə səciyyələnir.
5 saylı Konsertdə janrın təfsir metodu keyfiyyətcə yeni mərhələni təşkil edərək muğam silsiləsindən irəli gələn konstruktiv prinsiplərlə yanaşı, onun məqam-intonasiya, tematizm sahəsini də əhatə edir. Belə ki, burada muğam dəstgahında olduğu kimi, inkişaf yüksələn kulminasiyaya yönəlir və müxtəlif tonallıqları əhatə edirək sonradan əsas mayəyə qayıdır. Əsər rast məqamındadır, yalnız burada qohum olan şur məqamı da istifadə olunur. Kompozisiyanın digər xusisiyyəti – improvizəlikdən irəli gələn oxşar mövzuların çoxluğu, onların variantvari inkişafı, bu da simfonik muğam prinsiplərini xatırladır.
Əsər birhissəli olsa da, giriş və müxtəlif xarakterli (rəqs, oynaq tipli, mahnıvari, lirik səpkili və s.) 19 epizoddan ibarətdir. Kompozisiya əsas mövzu ilə başlayır və sonda onunla bitməsi repriz funksiyasını daşıyır.
S.İbrahimovanın əsərlərində ziddiyyət və müxtəliflik universal prinsip kimi bütün mərhələlərdə özünü büruzə verir:
– dramaturgiya baxımından (fortepiano konsertlərinin əksəriyyətində dinamik fəallıqla lirika qarşı-qarşıya qoyulur);
– tematik baxımından (mövzu və inkişaf üsullarının çoxluğu);
– üslub baxımından (peşəkar, folklor sahəsinə aid olan “leksikanın” uzlaşması).
S.İbrahimova 5 saylı Konsert (əsas mövzu)
S.İbrahimovanın konsertləri struktur baxımından silsilə prinsipləri ilə olan birhissəli romantik konsertlərə əsaslanır. Bundan başqa, bu əsərlərdə bir çox janrların (simfonik silsilənin, simfonik poemanın, muğam dəstgahının) uzlaşmasını görürük.
Təbiət etibarilə S.İbrahimovanın konsertləri virtuozdur, yalnız nadir hallarda solistin liderliyi dominatlıq təşkil edir. Bəzən konsertlərdə kəskin təzadlığa, qlobal qarşıdurmaya rast gəlinir. Yalnız hətta ziddiyyətlı obrazlar daxilən qohumluq əlaqələrini büruzə verir. İmprovizasiya azadlığı əslində, həm formanın təfsirində, eləcə də, janrın həlli yollarında öz əksini tapır. Bəstəkar konsert janrına fərdi bir şəkildə yanaşaraq onu tamamilə dramaturgiya məntiqinə, ideyaya tabe edir.
ƏDƏBİYYAT:
- Антонова Е. Жанровые признаки инструментального концерта и их претворение в предклассический период. Дисс. канд. Искусствоведения. Киев:1989, 227 с.
- Гецелев Е. Драматургия крупных инструментальных форм во второй половине XX века // Проблемы музыкальной драматургии XX века: Сб. науч. тр. / ГМПИ им. Гнесиных. М.: ГМПИ, 1983, Вып. 69. С. 5-48.
- ГригорьеваГ.Инструментальные концерты П.Чайковского// Музыка и Современность. М.: Музыка, 1976, Вып. 10. С. 17- 32.
- Друскин М. Фортепианные концерты Моцарта. М.: 1959, 44 с.
- Раабен Л.Советский инструментальный концерт 1968-1975 гг. Л.:Музыка, 1967, 307с.
- Сеидов Т. Азербайджанская фортепианная культура XX века: педагогика, исполнительство и композиторское творчество.Б.: Азернешр,2006, 272 с.
- Холопова В. Музыка как вид искусства. Учебное пособие. СПб. Лань: 2000, 320 с.
Доктор философии по искусствоведению, доцент АНК
КОНЦЕРТЫ ДЛЯ ФОРТЕПИАНО С ОРКЕСТРОМ
СЕВДЫ ИБРАГИМОВОЙ
Резюме: Статья посвящена №4 и №5 фортепианным концертам С.Ибрагимовой. В связи с этим рассматриваются образная сфера, содержание и композиционные свойства данных произведений. Анализируется интерпретация этого жанра в творчестве композитора.
Ключевые слова: Севда Ибрагимова, романтический одночастный концерт, симфонический мугам, №4 и №5 фортепианные концерты
Doctor Sciences of Art ,
Asosiate professor of ANC
CONCERTS FOR PIANOFORTE AND ORCHESTRA SEVDA IBRAHIMOVA
Summary: The article is devoted to the Piano concerts №4 and №5 by S.Ibrahimova. In this connection, the figurative sphere, content and compositional properties of these works are considered. The interpretation of this genre is analyzed in the composer’s work.
Key words: Sevda Ibrahimova, romantic one-part concert, symphonic mugham, Piano concerts №4 and №5
Rəyçilər:
fəlsəfə doktoru, dosent Vəfa Xanbəyova;
fəlsəfə doktoru, dosent G.Ə.Baxşıyeva