“Dastan” – musiqidə bədii- estetik anlayiş kimi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3 2017
Humay FƏRƏCOVA
AMK-nın doktorantı
“Milli musiqinin tədqiqi” elmi-laboratoriyasının kiçik elmi işçisi
Ünvan: Bakı, Yasamal rayonu Ələsgər Ələkbərov 7
E-mail: humay.ferecova@mail.ru
UOT:78.02
“DASTAN” – MUSİQİDƏ BƏDİİ- ESTETİK ANLAYIŞ KİMİ
Xülasə: Məqalədə Azərbaycan bəstəkarlarının yaradıcılığında dastanın bədii-estetik anlayış kimi təzahürü öz əksini tapıb. Burada rəmzi “dastan” adını daşıyan bir çox bəstəkar əsərlərindən söz açılaraq həmin əsərlərlə bağlı müəyyən izahlar verilir.
Açar sözlər: Azərbaycan bəstəkarları, dastan, rəmzi məna, mövzu, konsepsiya, bədii və estetik anlayış
Dünya incəsənətinin elə bir sahəsi yoxdur ki, musiqi onunla sıx əlaqədə olmasın. Dastanlarda nəsrlə nəzmin müəyyən əlaqəsi var və burada epizm-təhkiyəlik daha geniş məhfum olaraq önəmli məna yükü daşıyır. Forma, sturktur baxımdan da dastanlar daha mürəkkəb olduğundan bir epik janr kimi öndə durur. Rəqs sənəti və memarlıq, dram və opera teatrı, kino sahəsi musiqi ilə həmişə qırılmaz əlaqədə olub. Ədəbi janrlar hər zaman musiqinin ən mühüm komponentinə çevrilib. Musiqi ilə ədəbi janrlar bir-biri ilə əlaqəli olduğundan bu 2 sahənin sıx bağlılığını görmək mümkündür. Ədəbi sahənin xüsusilə epik növü musiqidə daha geniş şəkildə təzahürünü tapır.
Azərbaycan bəstəkarları dastan mövzuları əsasında səhnə əsərləri, eləcə də dastan janrına bir konsepsiya və konsept kimi baxaraq simfonik və kamera-instrumental əsərlər bəstələmişlər. Nümunə üçün Ü.Hacıbəylinin “Əsli və Kərəm”, “Koroğlu”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.Maqomayevin “Şah İsmayıl” operalarının, Polad Bülbüloğlunun “Dədə Qorqud” dastanı motivləri əsasında yazdığı “Eşq və ölüm” baletinin, A.Əlizadənin “Dastan” (f-no üçün), C.Quliyevin “Oğuznamə” baletinin, simfonik orkestr üçün “Dastan” adlı IV simfoniyasının, Y.Xəlilovun “Muğam dastanı”nının, F.Əlizadənin solo skripka üçün “Dastan” əsərinin, S.Fərəcovun “Koroğlu” simfonik freskasının, “Xətai” simfoniya-dastanının, “Kitabi-Dədə-Qorqud” dastanının motivləri əsasında “Dəli Domrul” adlı teatr pyesinin, “Banuçiçəyin həsrəti”, “Beyrək” vokal-simfonik balladalarının adlarını qeyd etmək olar.
Azərbaycan dastanları əsasında həmçinin kinofilmlər çəkilmiş və Azərbaycan bəstəkarları bu filmlərə müxtəlif musiqilər bəstələmişlər. Dastanlar əsasında çəkilmiş Azərbaycan filmlərini 3 istiqamətdə qruplaşdırmaq olar.
- Tammetrajlı bədii filmlər (“Koroğlu” filmi – musiqisi C.Cahangirovundur)
- Teleseriallar (çoxserialı “Koroğlu” filmi – musiqisi S.Fərəcovun və 2 seriyalı, “Dədə Qorqud” filmi – musiqisi E.Sabitoğlunundur)
- Qısametrajlı cigzi filmləri (“Basatın Təpəgözü öldürməsi”, “Səkrəyin dastanı” filmləri – musiqisi A.Məlikovundur)
Dastanlar əsasında çəkilmiş kinofilmlər üçün yazılmış musiqi tətbiqi funksiyanın çərçivəsindən çox-çox kənara çıxır. Bu mürəkkəb sənətlə sintezdə olan musiqi özü də yeni kinematoqrafik cizgilərlə zənginləşmiş, onun ifadə imkanlarını genişləndirmişdir. Həmin əsərlərin bədii obrazları, musiqi dili daha konkret, geniş demokratik şəkil alaraq xalqa müraciət edir. Nəticədə kino sənətinin prinsipləri əsasında Azərbaycan bəstəkarları formaca sanballı və sintez etibarı ilə təsirli simfonik konsepsiya yaratmışlar. Çünki dastanlar əsasında çəkilmiş kinofilmlər birbaşa dastanlardan qaynaqlanmış və Azərbaycan bəstəkarları dastan motivlərinə əsaslanaraq öz ecazkar musiqilərini bəstələmişlər.
Şifahi xalq ədəbiyyatımızın şah əsəri – dastan janrı zamanla həm də ədəbi istilah kimi işlədilmiş və əhvalat, hekayə, rəvayət, macəra, tərifnamə, tərcümeyi-hal, hətta tarix anlamları daşımışdır. Bəzən elə konkret mövzular vardır ki, onlar dastan janrı ilə bilavasitə əlaqəli deyil, lakin əsərlərə “dastan” adı verilir. Burada “dastan” bir konsept kimi nəzərdə tutulur. Yəni “dastan”ı “əfsanə”, “rəvayət” sözləri ilə də əvəz etmək mümkündür. Sadəcə “dastan” sözü daha qüvvətli, daha sanballı səsləndiyinə görə maraq doğurur. Məsələn, Fikrət Əmirovun “Nəsimi dastanı”, Arif Məlikovun “İki qəlbin dastanı”, Həsən Adıgözəlzadənin “Yaşıl Bursa” dastanı, “Xəzər Neftçiləri haqqında dastan” filmi (musiqisi Q.Qarayevə məxsusdur), Məmməd Quliyevin “Dədə Qorqud diyarı” (F.Qocanın sözlərinə) kantatası deyilənlərə nümunədir. Bu əsərləri qısaca nəzərdən keçirək.
“Nəsimi dastanı” – Fikrət Əmirovun 1973-cü yazdığı baletdir. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cu il tarixində nümayiş edilmiş, tamaşaçıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. Əsər görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edilir. Balet konkret musiqi nömrələrinə əsaslanan səhnələr üzərində qurulmuşdur. Burada “Cəlladların rəqsi”, “Nəsiminin monoloqu”, “Nəsimi və sevgilisinin birinci dueti”, “Qızların Nəsimi və sevgilisi ilə rəqsi”, “Hücum”, “Qızların kədəri”, “Nəsimi və sevgilisinin ikinci dueti”, “Nəsiminin üsyanı”, “Savaş”, “Əbədilik” kimi musiqi nömrələri və mövzular yer almışdır. “Nəsimi dastanı” şərti addır. Təsadüfi deyil ki, əsər rusca “Легенда о Насими” – yəni “Nəsimi haqqında əfsanə” adlanır.
“İki qəlbin dastanı” – Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin “Komde və Modan” adlı poeması əsasında Özbəkistan Mədəniyyət Nazirliyinin sifarişi ilə Əlişir Nəvai adına Teatr üçün bəstələdiyi baletdir. Libretto bəstəkarın özünə məxsusdur. Əsərdə Hind rəqqasəsi Komdenin və özbək musiqiçisi Modanın taleyindən bəhs edilir. Bildiyimiz kimi, dastan sözünün əsl mənası fars dilindən tərcümədə “uydurma” [1, s. 151] deməkdir. Burada dastan dedikdə ədibin (yəni Mirzə Əbdülqadir Bedilin) öz təxəyyülünün məhsulu olan iki qəlb haqqında hekayəsi nəzərdə tutulur. Əsər rus dilində hətta “Поэма двух сердец”, yəni “İki qəlbin poeması” adlanır. Burada da “dastan” adı baletə rəmzi mənada verilmişdir.
“Yaşıl Bursa dastanı” bəstəkar Həsən Adıgözəlzadənin Aytən Uğuralpın sözlərinə yazdığı odadır. Məlumdur ki, Bursa Türkiyənin bir mahalıdır və əsərdə sırf “Bursa” mahalına təriflər deyilir və tarixinə nəzər salınır. Burada da dastan sözü bir konsept olaraq istifadə edilmişdir.
Azərbaycan kino sənətində “Xəzər neftçiləri haqqında dastan” adlı film də vardır ki, 1953-cü ildə çəkilmiş və 1949-1953-cü illərdə Bakı neftçilərinin Xəzər dənizində neft yataqlarındakı əzmkar işi barədə poetik hekayədir. Bu sənədli film dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir. Filmdə Neft Daşlarının yaradılmasından, əmək qəhrəmanlarından, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək yanğının qarşısını almalarından danışılır. Filmin bəstəkarı Qara Qarayevdir. “Dastan” sözü isə filmin adına xüsusi bir əzəmət və möhtəşəmlik aşılayır. Yəni “Xəzər neftçiləri haqqında dastan” əvəzinə əfsanə, hekayə, əhvalat adı da vermək olardı. Təsadüfi deyil ki, rus dilində bu film “Повесть о нефтяниках Каспия» adlanır.
Yekunda isə Azərbaycan bəstəkarlarının yaradıcılığında dastan janrının mövzu, konsepsiya, bədii və estetik anlayış kimi təzahür etdiyi əsərlərin siyahısını cədvəl şəklində veririk:
1. | Səhnə
əsərlərində |
Simfonik və vokal-simfonik janrlarında | Kamera-instrumental
əsərlərdə |
Kino
musiqisində
|
Dastan adını rəmzi mənada daşıyan qarışıq janrlı əsərlər |
2. | 1. “Əsli və Kərəm”
(Ü.Hacıbəyli) 2. “Koroğlu” (Ü.Hacıbəyli) 3.“Aşıq Qərib” (Z.Hacıbəyov) 4.“Şah İsmayıl” operası (M.Maqomayev)
5.“Eşq və Ölüm” baleti (P.Bülbüloğlu)
6. “Dəli Domrul” teatr pyesi (S.Fərəcov)
|
1. “Xətai” simfoniya — dastanı (S.Fərəcov)
2. “Koroğlu” freskası (S.Fərəcov) 3. “Dastan” simfoniyası (C.Quliyev) 4.“Banuçiçəyin həsrəti” vokal ballada (S.Fərəcov) 5.“Beyrək” vokal-simfonik poema (S.Fərəcov) 6.“Oğuznamə” baleti (C.Quliyev)
|
1.X.Ç.A üçün “Muğam dastanı”
(Y.Xəlilov) 2.Solo skripka üçün “Dastan” əsəri (F.Əlizadə) 3.Fortepiano üçün “Dastan” əsəri (A.Əlizadə)
|
1.“Koroğlu” filmi, 1960,
bəstəkar C.Cahangirov 2.“Dədə Qorqud” filmi (1975. Bəstəkar E.Sabitoğlu) 3.“Kitabi-Dədə Qorqud”, “Səkrəyin dastanı” (cizgi filmi, 1990, Bəstəkar A.Məlikov) 4.“Basat və Təpəgöz”(cizgi filmi 2003. Bəstəkar A.Məlikov) 5.“Koroğlu” teleserialı (2005. Bəstəkar S.Fərəcov) |
1.“Yaşıl Bursa” dastanı xor əsəri H.Adıgözəlzadə
3. “Nəsimi dastanı” baleti (F.Əmirov) 4. “İki qəlbin dastanı” baleti (A.Məlikov) 5. “Xəzər neftçiləri haqqında dastan” sənədli filmi (Q.Qarayev) 6. BSO üçün “Dastan” əsəri (A.Dadaşov)
|
ƏDƏBİYYAT:
- Клевцова С.Д. Русско-персидский словарь. М.: Русский язык, 1984, 872с.
- Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IV c. B.: Elm, 1973, 453 s.
- Azərbaycan ədəbiyyat tarixi 6 cilddə, I c. B.: Elm, 2004, 628 s.
- Qasımova S., Bağırov N. Azərbaycan sovet musiqi ədəbiyyatı. B.: Maarif, 1984, 223 s.
- Qoca F.G. Seçilmiş əsərlər. IV c. B.: UniPrint, 2015, 378 s.
Докторант АНК,
Младший научный сотрудник лаборатории
«Исследования национальной музыки»
XУДОЖЕСТВЕННО-ЭСТЕТИЧЕСКАЯ КОНЦЕПЦИЯ ЖАНРА «ДАСТАН» В МУЗЫКЕ АЗЕРБАЙДЖАНСКИХКОМПОЗИТОРОВ
Резюме: Дастан как литературно-музыкальный жанр и как концепт получил многообразное воплощение в творчестве азербайджанских композиторов, чтоявляется объектом исследования данной статьи. Дана классификация произведений композиторов по музыкально-жанровым признакам.
Ключевые слова: Азербайджанские композиторы, дастан, концепция, концепт, тема
Doctoral of ANC
Candidate for a degreeof ANC,
Junior research assistant of
“Laboratory of national music research”
ARTISTIC-AESTHETIC CONCEPT OF GENRES “DANSTAN” IN MUSIC OF AZERBAIJANI COMPOSERS
Summary: Dastan as literature and musical genres and as concept received diverse reflection in art of Azerbaijani composers, are subject of research this article. Given classification of works of composers on musical and genre features.
Key words: Azerbaijani composers, dastan, concept, subject
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova;
əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov