AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2017

Türkən MUSAYEVA

                                                                                 AMK-nın magistrantı

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: shoray@mail.ru

 UOT 78.031.4                                

SAXUR ETNİK QRUPUNUN FOLKLOR NÜMUNƏLƏRİ AZƏRBAYCAN MİLLİ MƏDƏNİYYƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

 endir

PDF 

 

 

 

Xülasə: Təqdim olunan məqalədə Azərbaycan xalqının etnogenezini təşkil edən qafqazdilli etnik qruplardan biri olan saxurların əsrlər boyu inkişaf edib müasir dövrümüzə qədər öz unikallığını qoruyan milli mədəni dəyərlərindən, xüsusən də musiqi folklor nümunələrinin zənginliyindən söz açılır. Burada müəllif əsas diqqəti saxur folklorunun özünəməxsus spesifik xüsusiyyətlərinin araşdırılmasına yönəltmişdir.

Açar sözlər: musiqi, forma, mahnı, yiqbi

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasını həyata keçirmək üçün düşünülmüş siyasi addım ataraq 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Azərbaycan Respublikası polietnik dövlətdir və müstəqil Azərbaycan Respublikasında multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayır. Xalq, dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir sıra azsaylı xalqlardan – udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunub. Bu millətlərdən başqa respublikamızda sonradan tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Bu etnik qruplar arasında özünəməxsus mədəniyyəti, adət-ənənəsi ilə seçilən və Azərbaycanın Şimalında və Dağıstanın Rutul rayonunda yaşayan və qədim mənbələrdə “çaxoykov” və özlərini “yikbi”  adlandırılan saxur etnos qrupudur. Bu məqalədə əsas diqqətimizi Saxur xalqının folklor ənənələrinə yönəltməkdən əvvəl ilk Saxur etnik qrupun tarixinə nəzər yetirək.

Saxurların xalq kimi formalaşması məsələsi təəssüf ki, Azərbaycan tarixşünasları və etnoqrafları tərəfindən tam əhatəli şəkildə araşdırılmamışdır. Qafqazdilli xalqların çox vaxt “ləzgi”, bəzi hallarda isə “Dağıstan xalqları” kimi qeydə alınması sayəsində inqilabaqədərki siyahıya almalarda və statistik məlumatlarda saxurların sayı barədə məlumat demək olar ki, yox dərəcəsinə enib. Əlimizdə olan məlumat Rusiya, Dağıstan tədqiqatçılarının araşdırmaçılarının nəticəsidir, bu da həmin fikirlərin obyektivliyini bəzən şübhə altına qoyur. Saxur xalqının ləzgilərlə eyniləşdirməklə yanaşı daha bir fərziyyə də mövcuddur, amma bu da öz təsdiqini tarixi ədəbiyyatda hələ ki, tapmamışdır. Həmin fikrə görə saxurlar Albaniya ərazisində yaşayan yerli türk tayfaları olmuş, yaxud avarlar və süvarlar kimi qərbi hun imperiyasının parçalanması nəticəsində meydana çıxmışlar. Lakin saxurların tarixi ilə bağlı digər daha geniş yayılmış bir fakt da mövcuddur. VII-XII əsrlərdə tarixən mövcud olmuş dövlətlərlə yanaşı Albaniya da ərəblər tərəfindən istila edilmiş və nəticədə bu ərazidə yaşayan  digər etnik qruplar kimi saxular da İslam dinini qəbul etmişlər. Təqribən XV əsrdə saxur icmaları birləşərək Dağıstan ərazisində məskunlaşmış, daha sonralar isə Azərbaycan ərazisinə köç edib Zaqatala, Qax ərazilərində yaşayaraq bu günümüzə qədər də öz mədəniyyətlərini qoruyub saxlamağa nail olmuşlar.

Saxur dili Qafqaz dilləri ailəsinin Dağıstan dili qrupuna aid olunur. Dilçilər saxur dilinin Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və Suvagil dialektlərindən ibarət olmasını müəyyən etmişlər. Mütəxəsislərin fikrincə, sadalanan dialektlərin özü də bir neçə şivəyə bölünür. Tarixi mənbələrdə bu dil ləzgi dillərinə yaxın dil kimi qəbul olunur. Saxur dilinə yaxın olan demək olar ki, yalnız rutul, buduq, krız etnik qruplardı. Lakin Saxur etnos qrupunun dili assimlasiya uğrayaraq türk-ləzgi dillərinə məxsus olduğuna görə onların musiqi folklorunun öyrənilməsi əsas məqsəd kimi qoyulmuşdu.

Məlumdur ki, Azərbaycanın Qax-Zaqatala rayonlarında yaşayıb-yaradan və dövrümüzə qədər gəlib çatan Saxur folklorunun bütün janrlarında örnəklər geniş vüsət almışdır. Hər bir regionda söylənilən folklor nümunələri özünəməxsusluğu, spesifikliyi ilə seçilir. Buna görə də onların araşdırılması tədqiqatçı tərəfindən xüsusi savad və diqqət tələb edir.

Hər bir etnik qrupda olduğu kimi saxurlarında özünəməxsus adət-ənənələri var. Saxurların məişət təsərrüfatında aparıcı yeri qoyunçuluq tutur. Lakin iribuynuzlu mal-qara qoyunçuluğa nisbətən geniş yayılmışdır. Saxur ailələrində mal-qaraya görə təbəqələşmə mövcud idi. İribuynuzlu mal-qaranın saxlanılması saxurların dağ ərazisində zəngin yaylaqlara malik olmaları ilə izah edilir. Milliyətcə saxur olan və 1952-ci il təvəllüdlü Məryam Rəcəb Şaban qızı  tərəfindən deyilənlərə əsaslanıb qeyd edə bilərik ki, bu etnik  qrupun  əmək  yaradıcılıqlarında  məhz sağıcılıq üstünlük təşkil edir. Keşmişdə əsasən ceyran, hal-hazırda isə keçi, inək və s. mal-qaranı sağmaqla məşğuldurlar. Bununla yanaşı, söyləyicinin bizim üçün ifa etdiyi kiçik musiqi parçasının indiki dövrdə ceyrandan savayı digər mal-qaraya da şamil edilir. Lakin mahnı sözündə artıq ceyran sözü deyil sağılası olan heyvanın adı çəkilir.

Söyləyici: Məryam Rəcəb Şaban qızı (milliyətcə saxur)

Nota köçürən: Musayeva  Türkən

untitled-1

Saxur etnik qrupun azərbaycanlılarla yanaşı digər etnoslardan fərqli musiqi nümunələrindən biri də “Pəri qız”dır. Burada “Pəri” qız adıdır. Söyləyici Zaqatala rayonun Güllük kənd sakini İlqar Musayev Musa oğlu (15.05.1965 – 29.11.2017) mahnının rəvayət əsasında yaranmasını qeyd etmişdir. Onun söylədiyi rəvayətdə əsas obraz nişanlısı əsgərliyə getmiş, qadın və kişi əməyində işləyən Pəri adlı qızdır. Pəri adlı qız nişanlısının gəlişini gözləyən zamanı əkinçilikdə, toxuculuqda uğurlu işlər görür, əldə etdiyi məhsulları kasıblara paylayır. Məhz buna görə də bu mahnının əkinçilik, toxuculuq və yığıcılıqla məşğul olan zamanı ifa olunur.

Musiqi parçasını Zaqatala şəhərində anadan olan, saxur milliyətli, Zaqatalada fəaliyyət görsədən “Lilay” qrupun solisti Səriyyə Zəkəriyeva ifa etmiçşdir.

Söyləyici: Səriyyə Zəkəriyeva (milliyətcə saxur)

Nota köçürən: Musayeva Türkən

untitled-2

Yuxarıda adlarını çəkilmiş mərasimlərlə yanaşı saxurlar nişan mərasiminin də xüsusi keçirilməsinə diqqət yetirərdilər. Onlarda nişan mərasimindən sonra qızın cehizi üçün yun yuyulması və əyrilməsi ilə bağlı iməcilik təşkil olunardı. “Mafrac (maşraf)” (cehiz) üçün tələb olunan yorğan və döşəklər də məhz iməciliklərdə düzəldilərdi. Bunu da xüsusilə qeyd etməliyik ki, nişan mərasimi saxurların bütün dil qrupunda keçirilmir. Məsələn, Suvagil kəndində yaşayan saxurlarda nişan mərasimi keçirir və qaşsız sadə üzük verilərdi. İnama görə qaş və halqa bəzəklər gələcək ailənin söz-söhbətinə səbəb ola bilər. Lakin bəzi kəndlərdə yaşayan saxurlar ümumiyyətlə nişan mərasimin keçirilməsinə pis baxır. Buna misal olaraq Qax rayonunun Ləkit kəndində yaşayan saxurları misal göstərə bilərik. Onlarda əgər gənclər bir-birini bəyənirsə həri mərasimdən sonra 3 gün, 3 gecə toy edərdilər. Bu etnik qrupun nişan mərasiminin bir özəlliyi də budur ki, oğlan qız evinə 3 dəfə elçi gedərdi. Bununla da oğlanın daha ciddi niyyətdə olduğunu zənn edərdilər. Əgər qəflətən nişandan sonra itki olarsa bu zaman həmin qız və ya oğlanda 3 il ərzində xeyir iş olmazdı. Bu da kosmoqonik təsəvvürlərlə bağlılığı göstərir. Onların fikrincə ruh 3 qapıdan keçər və hər bir qapı 1 ilə bərabər olar. Məhz buna görə də 3 il gözləməli və ya öz qohumlardan kiminlə ya evlənməli, ya da ərə getməlidir. İnama görə həmin qızın və ya oğlanın yada qismət olmaması ölən insanın ruhunu sakit edəcəkdi. İndi hal-hazırda bu adətlər nisbətən unudulub, lakin Zaqatalanın bəzi kəndlərində (Çobankol, Tala) həyata keçirilir.

Toy zamanı saxurlarda gəlin bəy evinin həyətinə çatanda gəlin evinin adamları xələt tələb edərdilər. Xələt sinidə 3-4 kiloqrama yaxın çiy ətdən, düyü unundan çalınmış bir kündə halvadan, bir şüşə içkidən və bıçaqdan ibarət olardı. Gəlin evindən gələn dəstə başçısı bıçağı ətə sancandan sonra sinini geri qaytarardı. Bu isə həmin gündən etibarən “Qanımız qanınıza qarışdı” (Xəncər çıxdı qan çıxdı) ifadəsinə gəlirdi.

Zaqatala bölgəsində xınayaxdı, nişan və toylarda nəqarətlə oxunan xalq mahnıları “Ceyranım”, “Ay lilay”, “Salamaliklər”, “Ala gözlüm”, “Leyla”, “Ay aman, aman”  özünəməxsusluğu ilə seçilir.

Söyləyici: Lilay qrupun solisti  Esmira Şabanova  ( milliyətcə saxur)

Nota köçürən: Musayeva Türkən

untitled-3

Toy mərasim musiqilərində nakam sevgini əks etdirən musiqi nümunələri də öz əksini tapmışdır. Belə mahnıları əsasən oğlanlar ifa edir. Əsasən sevdiyi qızın başqasına ərə getməsi ilə əlaqədar mahnılar daha üstünlük təşkil edir.

Belə mahnılardan  biri  də  “Ay ala gözlüm”  mahnısıdır. Söyləyici Zaqatala  rayonunn  Güllük kənd sakini Şabanova Fəzilə xanım (təvəllüd: 1946-cı il) mahnının rəvayət əsasında yarandığını qeyd etmişdir. Onun söylədiyi rəvayətdə bu musiqi sevdiyi oğlana qovuşmayan, məcburi başqasına ərə verilən, lakin sonu bədbəxtliklərlə bitən ala gözlü bir qızın həyatr hekayəsindən danışılır. Kənd mühitində o qızın adı hallanmasın deyə ona Ala gözlü təxəllüsü verilmişdir. Bu mahnı özündə həm məcburi və sevgisiz evlilliyin bədbəxt sonluğundan, buna görə gözəlliyini itirən ala gözlü qızdan bəhs olunur.

Söyləyici: Lilay qrupun solisti Esmira Şabanova (milliyətcə saxur)

                                                            Nota köçürən: Musayeva Türkən

untitled-4

II bənd

Dade adayle eçer, ay ala gözlüm, ala gözlüm,

Dade adayle eçer ay ala gözlüm, ala gözlüm.

Çılka sabayel içər, can qara gözlüm yar,

Çılka sabayle içər, can qara gözlüm.

Xüsusi qeyd etməliyik ki, Saxur xalqında dostluq ən vacib amildir. Onların fikirincə, dostun əgər pisdirsə demək, sənin ruhun pisdir. Onlar dostlarını “qan dostu” kimi adlandırardılar. Qarşı tərəfdən xəyanət olsaydı həmin insanla ömürlük ünsiyyət kəsilər və onlarla heç vaxt qohum olomazdılar.

Göründüyü kimi, əsrlərin süzgəcindən keçib mövcud şəkildə bizə çatan qədim tоy adət ənənələrimizdə bir tərəfdən insan ömrünün ən unudulmaz, nəşəli çağı оlan tоyun təmtəraqlı keçməsi, digər tərəfdən isə gənc ailənin xоşbəxt, firavan yaşaması üçün bütün incəliklər nəzərə alınmışdır.

Saxur toylarında ritmik rəqslər ifa olunur. Onların fikrincə asta templi rəqslər bədbəxtliyə gətirib çıxarır. Hətta tarixi faktlarda da öz əksini tapır. Məhz buna görə də Qafqaz müharibəsi zamanı İmam Şamil (1817-1864 Rusiya İmperiyası ilə) dağlıların həzin mahnıları oxumağını qadağan etmişdi.

Adət-ənənələrdən danışarkən, onu qeyd etmək lazımdır ki, respublikamız tarixən müxtəlif dil ailələrinə məxsus olan müxtəlif xalqların məskəni olmuş, bu xalqlar dar gündə də, şad gündə də bir-birinə arxa durmuş, bir-birinə qız verib, oğlan evləndirmiş, bu gün isə hamılıqla vahid azərbaycançılıq ideologiyası ətrafında əvvəlkilərdən daha sıx birləşmişlər.

 

ƏDƏBİYYAT:

Azərbaycan dilində

  1. Abbasov İ. Folklorşünaslıq axtarışları (iki cilddə). I cild. B.: Nurlan, 2009, 511 s.
  2. Abdullayev B. Qədim Azərbaycan tоyunun bəzi xüsusiyyətləri. / “Qоbustan” jurnalı. №3, 1979, s. 39-44.
  3. Axundоv Ə. (tоplayanı və tərtib edəni), Azərbaycan fоlklоru antоlоgiyası, B.: Azərbaycan SSR Elmlər Akademiyası, II kitab, 1968, 259 s.
  4. Azərbaycan fоlklоru (tоplama, nəşr və tədqiq prоblemləri), 19-22 оktyabr 1993-cü ildə Şəkidə keçirilmiş Respublika fоlklоr müşavirəsinin materialları. I kitab. B.: Sabah, 1994, 120 s.
  5. Hacıyeva M. Fоlklоr və müasir pоetik prоses. B.: Yazıçı, 1991, 144 s.
  6. Yaqubqızı M. Azsaylı xalqların folkloru B.: 2014, 208 s.

 

Rus dilində

  1. Джафарзаде И.М. Древнейший период истории Азербайджана. Баку, 1956, 161 с.
  2. Моллазаде С.М. Топонимия северных районов Азербайджана. Б.: Маариф, 1979, 206 с.
  3. Сулейманова С.А. Этнополитическая история северо-западной Албании в свете архетипов в местных источниках. //Известия (серия истории, философии и права), 2004, № 4. с. 52-82.

 

Тюркан МУСАЕВА

Магистр АНК

 

ЦАХУРСКИЕ  ЭТНИЧЕСКИЕ ТРАДИЦИИ КАК  CОСТАВНАЯ ЧАСТЬ АЗЕРБАЙДЖАНСКОЙ НАЦИОНАЛЬНОЙ КУЛЬТУРЫ

 

Резюме: В представленной статье рассказывается об этнической группе цахур, проживающих в Азербайджане, об их национально-культурных ценностях, которые, развиваясь на протяжении веков, сохранили свою уникальность до настоящего времени. Автор уделяет особое внимание исследованию специфических особенностей цахурского фольклора.

Ключевые слова: музыка, форма, песня, йигби

 

 

Turkan MUSAYEVA

Master of ANC

 

TSAKHUR ETHNIC FOLKLORE AS PART OF A NATIONAL SAMPLE OF AZERBAIJANI CULTURE

 

Summary: In the provided article it is said about the long centuries history and examples of rich folklore of Azerbaijani ethnic groups – sakhur. Here the author concentrates the attention on the research of specific folklore music characteristic.

Key words: music, shape, song, yiqbi

 

  

 

 

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev;

dosent Faiq Nağıyev

 

Mövzuya uyğun