Siyavuş Kəriminin bəstəkarlıq fəaliyyətinə bir nəzər
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
AMK-nın müəllimivə dissertantı
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: aynura_mamedova335@mail.ru
UOT:78.02
SİYAVUŞ KƏRİMİNİN BƏSTƏKARLIQ FƏALİYYƏTİNƏ BİR NƏZƏR
Xülasə: Məqalədə S.Kəriminin bir bəstəkar kimi fəaliyyətinin üç istiqamətdə inkişafından bəhs olunur. Burada onun mahnı janrında bəstələri, teatr və kino musiqisi sahəsində əldə etdiyi nailliyyətlər işıqlandırılır.
Açar sözlər: Teatr və kino musiqisi, Dövlət mahnı teatrı, “Cəngi” folklor-caz qrupu, “Aşıqlar” vokal-instrumental ansamblı
Azərbaycan Respublikasının xalq artisti, görkəmli musiqi xadimi, “Şöhrət” ordenli bəstəkar, professor Siyavuş Kərimi professional musiqiçi fəaliyyətinə XX əsrin 70-ci illərində qədəm qoymuşdur. Sənət və yaradıcılıq yolunun təkamül və inkişaf prosesləri daim yüksələn xətt üzrə sürüb. Onun yaradıcılıq bioqrafiyasını zənginləşdirən çoxsaylı nailiyyətlər daşıdığı bir çox mənəvi, intellektual və sənətkarlıq keyfiyyətlərindən, o cümlədən istedadından, professionallığından, məsuliyyət hissindən, tərəqqiyə meyl etməsindən irəli gəlmişdir. S.Kəriminin yeganə sənət kredosu isə sənətə və xalqa yalnız professional səviyyədə, yüksək sənətkarlıq meyarları ilə xidmət etməkdən ibarətdir.
Nailiyyətlərlə zəngin olan professional ifaçılıq fəaliyyəti ilə yanaşı, 1990-cı illərdən başlayan bəstəkarlıq yaradıcılığı onun sənət bioqrafiyasında yeni və parlaq mərhələyə çevrilmişdir.S.Kəriminin professional bəstəkar kimi fəaliyyətə başlaması təkcə fərdi yaradıcılıq bioqrafiyasının məntiqi davamı deyildi. Onun bəstəkarlıq yaradıcılığı böyük istedadının və zəngin yaradıcılıq təcrübəsinin məhsulu kimi təşəkkül tapmışdı. Digər tərəfdən, Azərbaycan dövlət müstəqilliyinin ilk illərində bəstəkarlığa qədəm qoyması, onun professional musiqiçi şəxsiyyətinin sovet dövrünə xas olan stereotiplərdən, standartların asılılığından, ideoloji buxovlardan və yaradıcılığa qadağalardan qurtulması demək idi. Başqa sözlə, o, illərlə daxilində daşıdığı və topladığı yaradıcılıq enerjisini, bəstəkarlıq qabiliyyətini artıq bu dövrdən etibarən reallaşdırmağa, sənətə və cəmiyyətə həm də bir professional bəstəkar kimi xidmət göstərməyə başladı. Özünün musiqiçi istedadını, sənətə baxışlarını, professional prinsiplərini, həyat düşüncələrini, fəlsəfi ideyalarını, yüksək sənət kriteriyalarını bəstəkarlıq vasitəsilə və ustalıqla təqdim etməsi, cəmiyyətə onun sənətkarlıq portretinin tamamilə yeni cizgilərini tanıtdı, yeni yaradıcılıq imkanlarını aşkarladı.
S.Kəriminin bəstəkarlıq fəaliyyətinə başlamasının həm də obyektiv səbəb-nəticə əlaqələri vardır. Buna səbəb, ilk növbədə, Azərbaycan bəstəkarlıq məktəbinin tarixi inkişaf xəttindən, nailiyyətlərindən, sənətin istedadlı bəstəkar nəslinə daimi tələbatından irəli gəlir.
XX əsrdə Azərbaycan musiqi incəsənəti və mədəniyyətinin inkişafı bir çox xüsusiyyətlərə, amillərə malik idi. Belə ki, bu inkişaf kompleks şəkildə baş verən qanunauyğun proses kimi davam edirdi. Bəstəkarlıq, ifaçılıq, musiqişünaslıq və musiqi təhsili bir-birilə qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf edirdilər. Bir sözlə, zəngin musiqi-bədii proseslər, musiqi incəsənətinin tərəqqisi konsert həyatından, ifaçılıq sənətindən, musiqi təhsilinin səviyyəsindən, cəmiyyətin musiqi-estetik tələbatlarından ayrılmaz idi.
S.Kəriminin musiqiyə marağı erkən yaşlarından, ailədən başlayıb. Valideynləri onu özləri ilə konsertlərə vəuşaqlar üçün musiqili tədbirlərə aparır, bununla gələcəyin böyük musiqiçisinin bədii duyumunu və zövqünü formalaşdırırdılar. Valideynləri onun musiqiyə həvəsini nəzərə alıb, Bülbül adına orta ixtisas musiqi məktəbinə gətirirlər. S.Kərimi 1969-1972-ci illərdə bu nüfuzlu və məşhur təhsil ocağında tar-ifaçılıq ixtixası üzrə orta ixtisas musiqi təhsili alır. “Bülbül məktəbi”nin mükəmməl tədris sistemi, təcrübəli müəllimləri, biliklər verən, ifaçılıq və yaradıcılıq qabiliyyəti formalaşdıran dərsləri S.Kəriminin musiqiyə dərindən bağlanmasında, gələcək həyatını birdəfəlik musiqi ilə bağlamasında mühüm rol oynayır.
S.Kərimi 1972-1977-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının) “İfaçılıq” şöbəsində tar ixtisası üzrə ali təhsil almışdır. 1970-ci illər Azərbaycanda musiqi həyatının inkişaf etmiş yeni bir dövrü idi. Bu dövrün gənclərinə xas olan nikbinlik və həyatsevərlik, incəsənəti və xarici musiqi təmayüllərini öyrənmək həvəsi, estrada və caz musiqisini dinləmək, biliklərə, yaradıcılığa və musiqili ünsiyyətə hədsiz maraq göstərmək, kitabxanalarda axtarışlar aparmaq, SSRİ-nin yaradıcı gəncləri ilə əməkdaşlıq etmək və s. bu kimi pozitiv cəhətlər S.Kəriminin xarakteri, həyat və sənət baxışları, həyat mövqeyi üçün də səciyyəvi idi. Başlıcası isə dövrün bədii konteksti yaradıcı şəxsiyyətin formalaşmasında mühüm təsiredici faktora çevrilmişdi vəşübhəsiz, S.Kəriminin professional musiqiçi şəxsiyyəti aldığı mükəmməl musiqi təhsili ilə yanaşı, bu kimi amillərin təsiri ilə də formalaşırdı.
Yeri gəlmişkən, 1960-cı illərin ədəbiyyatını və incəsənətini tədqiq edən mütəxəssislər, adətən bu dövrün yeniliklərini və nailyyətlərini “60-cılar” adı ilə ifadə edirlər. Bu ifadə isə, ilk növbədə, yenilik və nailiyyətlərin müəllifi olan 60-cı illərin yaradıcı nəslinə şamil olunur. Biz, 1970-ci illərin musiqi, rəssamlıq, kino, teatr, nəsr, poeziya, estrada sahəsindəki proseslərini təhlil etdikdə bu qənatə gələ bilirik ki, bir çox bədii və elmi əsaslara, dövrün bədii nailiyyətlərinə istinad etməklə musiqi tariximizə “70-cilər” ifadəsini də tətbiq edə bilərik. Bu baxımdan, S.Kəriminin professional musiqiçi şəxsiyyətinin formalaşmasında bütövlükdə XX əsr musiqi incəsənətinin, bəstəkarlıq məktəbinin təsiri ilə bərabər, ayrıca olaraq 1970-ci illərin musiqi incəsənətinin və mədəniyyətinin, aldığı mükəmməl təhsilin, həyatsevər gənclər mühitinin, estrada və caz “bumu”nun, nəhayət, “70-cilərin” təsirini də nəzərə almaq vacibdir.
Konservatoriyada təhsil illərində tələbə S.Kərimi öz yaşıdları arasında erudisiyası, iti məntiqi, hazırcavablığı, istedadı, imrpovizə qabiliyyəti, estrada musiqisini məharətlə çalması, caz üslublu aranjimanları, fəal ünsiyyəti ilə seçilirdi. Xüsusilə, ali məktəb gənclərinin həyatının ayrılmaz hissəsi olan və ictimaiyyət arasında rəğbət qazanan “Kapustnik” adlı teatrlaşdırılmış musiqili-yumoristik tamaşalarda sərgilədiyi aktyorluq, musiqi-ifaçılıq və improvizə istedadı o illərdə onu müəllimləri, yaşıdları arasında, sənət mühitində populyar etmişdi. Bu kimi şəxsi keyfiyyətləri onun istedadından, musiqi zövqündən və gələcəkdə ciddi, peşəkar musiqiçi olacağından xəbər verirdi. S.Kəriminin erkən yaşlarından incəsənətə bağlayan bir mühit də Azərfilm kinostudiyası idi. Anası burada işlədiyi üçün Siyavuşu da özü ilə aparırdı. Filmlərdə, teatr tamaşalarında, ekranda gördüyü aktyorlarla, rejissorlarla, bəstəkarlarla canlı ünsiyyət, özünə qarşı onlardan gördüyü diqqət S.Kərimini tədricən bu sintetik incəsənətə bağlayırdı. Hətta bəzi kütləvi çəkilişlərdə, kütləvi epizodların səsləndirilməsində də iştirak edirdi.
Konservatoriyanı bitirdikdən sonra, S.Kərimi professional fəaliyyətə başlayır. Onun taleyində, peşəkar musiqiçi kimi zəngin təcrübə qazanmasında və estrada sənətinin sirlərini öyrənməsində respublikamızın adlı-sanlı musiqi kollektivləri böyük rol oynayır. Tale elə gətirir ki, S.Kərimi 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri kimi çalışır. Dövlət Mahnı Teatrında işləmək o illərdə hər musiqiçiyə nəsib olmayan xoşbəxtlik idi. Mahnı Teatrı hər bir üzvü üçün əsl sənət məktəbi və təcrübə laboratoriyası rolunu oynayırdı. Azərbaycanın qüdrətli sənətkarı, mahnı ustadı, dünyaya öz bənzərsiz ifası, səsi və repertuarı ilə səs salan, yüksək fəxri adlar daşıyan R.Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrında çalışması gənc S.Kəriminin həyat və yaradıcılığında mühüm bir mərhələ idi. Onun estrada musiqisi sahəsində təcrübə əldə etməsi, estrada musiqisinə xas olan ifa üslubunu öyrənməsi və estradaya ciddi maraq göstərməsi məhz Dövlət Mahnı Teatrından başlamışdır. Bu sənət ocağında S.Kərimini R.Behbudov başda olmaqla, dövrün tanınmış musiqiçiləri əhatə edirdilər. Onun Rafiq Babayevlə ilk tanışlığı da məhz burada olmuşdu.
Tale elə gətirir ki, xalq artisti, estrada-ifaçılıq sənətinin inkişafında böyük xidmətləri olan Polad Bülbüloğlu özünün peşəkar musiqi kollektivini formalaşdıranda S.Kərimini də dəvət edir. “Aşıqlar” qrupu tez bir zamanda keçmiş SSRİ məkanında böyük şöhrət qazanır. Bu qrup paytaxtda, bölgələrdə, efirdə tez-tez çıxış etməklə bərabər, SSRİ-nin müxtəlif şəhərlərində, nüfuzlu salonlarında da mütəmadi konsertlər verir. Qrupda klavişli alətləri ifa edən S.Kərimi, bəzi mahnılarda tarı və udu da səsləndirirdi. Qeyd edək ki, P.Bülbüloğlunun mahnılarının qrup üçün aranjmanı da çox hallarda S.Kərimiyə etimad edilirdi. Mahnı Teatrından sonra “Aşıqlar” qrupunda işləməsi S.Kəriminin ifaçılıq bioqrafiyasında mühüm bir mərhələ idi. Bundan sonra Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrində çalışması zirvəyə gedən yolda parlaq və mühüm səhifəyə çevrildi. Nəhayət, estrada və caz ifaçılığı tarixində mühüm rolu olan, bəstəkar və cazmen, milyonların sevimlisi xalqartisti Rafiq Babayev ilə yaxın sənət dostluğu, həm də qazandığı şöhrət və təcrübə S.Kəriminin yaradıcılığını daha bir yeni mərhələyə daxil etdi: “Cəngi” folklor-caz ansamblı.
Beləliklə, bir tərəfdən Bülbül adına orta ixtisas musiqi məktəbində və konservatoriyada aldığı mükəmməl musiqi təhsili, təcrübəli müəllimlərin dərsləri, bir tərəfdən teatr və kinonun təsiri, bir tərəfdən dövrün qaynar musiqi-sənət mühiti, bir tərəfdən estradaya və caza daxili bağlılığı, bir tərəfdən improvizə və aranjman bacarığı, bir tərəfdən daim klassik musiqi ilə ünsiyyət, bir tərəfdən milli intonasiya kompleksləri iləmüasir caz üslubları arasında əlaqə və sintez sahəsidəki eksperimentləri və layihələri, bir tərəfdən də yüksək musiqi istedadı və ciddi peşəkarlıq baxışları onun gələcək bəstəkarlıq və ifaçılıq fəaliyyətini hazırlayan və inkişaf etdirən, başlıcası isə, bəstəkarlıq yaradıcılığını formalaşdıran əsas amillər idi.
S.Kəriminin professional bəstəkarlıq fəaliyyəti üç istiqamətdə inkişaf etmişdir: 1. Mahnı janrında bəstələr və aranjiman; 2. Teatr musiqisi; 3. Kino musiqisi.
Bəstəkarın yaradıcılığını araşdırdıqda məlum olur ki, o, əsasən mahnı janrı üzərində işləməyə üstünlük verir. Bunun isə bir neçə səbəbi vardır. Birincisi, mahnı cəmiyyətin bütün təbəqələri tərəfindən sevilən və dinlənilən janrdır. Onun forma baxımından kiçik quruluşu, təkrar olunan nəqarəti, sadə melodiyası bir janr kimi çox dinlənilməsinin və asan yadda qalmasının əsas amilləridir. Bu baxımdan, mahnı dinləyici auditoriyası tərəfindən daha tez qavranılır və yadda qalır. Mahnı janrının auditoriyası digər musiqi janrları ilə müqayisədə sosial baxımdan daha genişmiqyaslıdır.
İkinci səbəb Azərbaycanda bəstəkarlıq məktəbində mahnı janrı sahəsində əldə olunan zəngin təcrübə və nailiyyətlər ilə bağlıdır. Bəstəkarlar ən müxtəlif mövzularda gözəl mahnı nümunələri yaratmışlar. Vətənpərvərlik, məhəbbət, ayrılıq, vüsal, zəhmət mövzularında yazılan mahnılar dillər əzbəridir. Əsgər mahnıları, zəhmət adamları haqqında mahnılar, ana haqqında mahnılar, ayrı-ayrı peşələri (həkim, yol polisi, müəllim, neftçi, sərhədçi, sürücü, idman və s.) vəsf edən mahnılar və yumorlu mahnılar da sevə-sevə dinlənilir. Belə ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ənənəvi musiqi yaradıcılığında da aparıcı yeri mahnı janrı tutur. Həqiqətən də geniş kütlələrin bədii-estetik tərbiyəsinin inkişafında, musiqi zövqünün tərbiyəsində və yeniləşməsində, yüksək mənəvi hissələrin oyanmasında mahnıların təsiri əvəzsizdir. Bu baxımdan, mahnı janrının tərbiyəvi rolu ayrıca mövzu kimi diqqətəlayiqdir.
Beləliklə, S.Kəriminin professional bəstəkarlıq yaradıcılığında mahnı janrına üstünlük verməsinin həm janrın tarixiliyi, sosiallığı ilə, həm demokratikliyi və sürətli yayım imkanı ilə, həm bəstəkarın mahnı vasitəsilə cəmiyyətlə daha tez və asan dialoq qura bilməsi ilə, həm mahnının bədii-emosinal təsir gücü ilə, həm də bu janrın güclü tərbiyəvi vasitə olması ilə bağldır.
Bütün bu obyektiv səbəblərlə yanaşı, bəzi subyektiv səbəblər də vardır. Məsələn, S.Kərimi tələbəlik dövründən başlaraq, mahnı janrı ilə ünsiyyətə başlamış, nümunələrin işlənməsi və aranjmanı ilə məşğul olmuşdur. Digər tərəfdən, Dövlət Mahnı Teatrında, “Aşıqlar” vokal-instrumental ansamblında və “Cəngi” folklor-caz qrupunda işləməsi, mahnı janrında müxtəlif mövzu və üslubda nümunələri ifa etməsi, təcrübəli və sevilən mahnı ifaçıları ilə işbirliyi qurması, xalq və bəstəkar mahnılarını aranjiman etməsi onun yaradıcılığında mahnı janrının üstünlük etməsini şərtləndirmiş və onu peşəkar mahnı bəstəkarı kimi formalaşdırmışdır.
S.Kəriminin bəstəkarlıq fəaliyyətində daha bir istiqamət teatr incəsənəti ilə sıx bağlıdır. O, son illər teatr musiqisi sahəsində bir çox uğurlara imza atmışdır. Gənclik illərindən teatrı sevən, özü də səhnədə teatral epizodlarda çıxış edən bəstəkarın teatr musiqisi yazması tam təbii görünə bilər. Lakin bir məsələni qeyd edək ki, teatr tamaşalarına musiqi bəstələmək üçün yalnız melodiya yazmaq və onu orkestrləşdirmək bacarığı yetərli deyil. Bu sahədə böyük təcrübəsi olan bəstəkarınfikrincə, teatrla uğurlu əməkdaşlığa nail ola bilmək üçün bəstəkar, ilk növbədə, teatrı sevməli, dram əsərlərinin oxucusu olması, əsərin süjetini, obrazları, hadisələrin gedişini və dramaturgiyanı yaxşı öyrənməli, səhnəni, aktyoru, obrazları və rejissor məqsədini mükəmməl duymalıdır. Teatr musiqisi bəstəkardan kompleks işbirliyi və bacarıq tələb edən xüsusi bir yaradıcılıq sahəsidir – desək, heç də yanılmarıq. Bu baxımdan, dram rejissorlarının öz tamaşalarına musiqi yazılması üçün bəstəkar S.Kərimini seçmələri tamamilə məntiqəuyğundur. S.Kəriminin Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə əməkdaşlığı, tamaşalara dəvət alması bəstəkar üçün də, dramaturq və rejissor üçün də həmişə uğurla nəticələnmişdir. S.Kərimi səhnədə baş verən hadisələri, obrazların taleyini və psixoloji portretlərini, müəllifin bədii məramını və əsərin bütövlükdə ideyasını musiqi dili ilə ifadə etməyi, təsvir etməyi ustalıqla bacarır. Ona görə də, onun hər bir teatr əsərində yazdığı musiqi epizodik deyil, əsərin musiqi ilə ifadə olunan ideyası kimi qavranıla bilər.
S.Kəriminin teatr musiqisində müxtəlif müəlliflərin əsərləri, rəngarəng janr və üslublarda yazılan dramlar yer almışdır: 1. Vilyam Şekspir. “Hamlet” (quruluşçu rejissor Azər Paşa Nemətov); 2. Mirzə Fətəli Axundzadə. “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (quruluşçu rejissor V.İbrahimoğlu, rejissor T.Mustafayev); 3. Cəfər Cabbarlı. “Almaz” (tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Azər Paşa Nemətov); 4. Hüseyn Cavid. “Afət” (quruluşçu rejissor Mehriban Ələkbərzadə); 5. Artur Miller. “Körpüdən mənzərə” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov); 6. Elçin. “Poçt şöbəsində xəyal” (quruluşçu rejissor Mehriban Ələkbərzadə);7. Əli Əmirli. “Şah Qacar” (quruluşçu rejissor Azər Paşa Nemətov); 8. Əli Əmirli. “Mesenat” (quruluşçu rejissor Bəhram Osmanov); 9. Hüseynbala Mirələmov. “Xəcalət” (quruluşçu rejissor Bəhram Osmanov);10. Tuncer Cücenoğlu “Uçqun” (quruluşçu rejissor Bəhram Osmanov). Bəstəkarı S.Kərimi olan bu dram əsərləri Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində hər teatr mövsümündə uğurla tamaşaya qoyulur.
Siyahıdan gördüyümüz kimi, S.Kəriminin musiqisini bəstələdiyi teatr əsərləri arasındaxarici klassika ilə yanaşı, müasir xarici dramlar da yer almışdır. Bunlar ingilis dramaturqu V.Şekspirin, alman yazıçısı A.Millerin və çağdaş Türkiyə yazıçısı T.Cücenoğlunun əsərləridir. Eləcə də Azərbaycanın klassik və müasir dramaturqlarının əsərlərinə musiqi bəstələnmişdir ki, bu müəlliflərə də klassiklərdən – M.F.Axundzadə, C.Cabbarlı, H.Cavid, müasirlərdən – Elçin, Ə.Əmirli və H.Mirələmov aiddir. Klassik əsərlərin mövzusu, məzmunu, dramaturji üslubu, teatrallığı, dialoqları, obrazları bəstəkardan bu xüsusiyyətləri aça və təqdim edə bilən musiqi, müasir əsərlər isə fərqli musiqi tələb edirlər. Digər tərəfdən, diqqət etsək, son illər Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulan əsərlərin quruluşçu rejissorları S.Kərimlə işləmişlər. Bu fakt isə onu göstərir ki, S.Kəriminin yazdığı musiqi bu əsərlərin bədii məzmununu, dramaturji xəttini, müəllifin və rejissorun ideyasını və məqsədini çox yaxşı ifadə edə bilir.Əsərlərin də, teatrın da, tamaşaçıların da tələblərinə S.Kərimin musiqisi tam cavab verir. Tamaşalar haqqında yazılan resenziyalarda və məqalələrdə də bunun şahidi oluruq. Məsələn, görkəmli teatrşünas-tənqidçi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İlhamRəhimli “Kəsişən paralellər” kitabında premyerası 2002-ci il martın 30-da baş tutan və quruluşçu rejissoru A.P.Nemət olan “Hamlet” tamaşasını “milli teatr sənətimizdə, bütövlükdə milli mədəniyyətimizdə “hadisə” adlandırmışdır. O, tamaşanın rejissor, rəssam işləri ilə bərabər, musiqisini də müsbət qiymətləndirərək, yazır: “Azər Paşa Nemətin çox istedadlı rəssamlıq bacarağı var və üstəlik onun Qara Qarayev kimi dahidən musiqi təhsili alması qəlbinin təranə duyğularının zərifliklə formalaşmasında misilsiz rol oynayıb. Həssas rəng duyumuna, lətafətli musiqi düşüncəsinə görə “Hamlet”in həm bədii tərtibatının, həm də musiqi tərtibatının estetik biçimi də Azər Paşaya məxsusdur. Ürək coşduran, duyğulara emosional rahatlıq gətirən isə budur ki, rəssamlardan həm Elçin, həm də Nazim və bəstəkar Siyavuş Kərimi rejissorun istək duyğularına poetik, dramatik, faciə çalarlı bədii və musiqi tərtibat işləri qura biliblər”(5). Tamaşanın musiqisi alim-tənqidçi tərəfindən belə səciyyələndirilir: “Akademik teatrın yaradıcılığında hələ indiyədək heç bir zaman musiqidən bu dərəcədə genişliklə istifadə olunmayıb. Ancaq bu musiqi heç bir səhnədə tamaşaçını yormur, hətta bəzən musiqi sanki nəfəsini dərəndə az qalırıq hadisələrin dramatik bürümündən çıxaq. “Hamlet”də musiqi təkcə səslənməklə kifayətlənmir. İlk növbədə, musiqi yalqız qalan Hamletin dərdlərinin həmsöhbəti olur. Oğlunu çox sevən və eyni zamanda, zavallılığından əli qana batmış Gertrudanın içində qovrulan duyğularının aktrisanın cazibəli çöhrəsindəki təcəssümünü görmək üçün məhz tamaşaçıya yardım olur. Qeyd edək ki, “Hamlet” tamaşasına yazdığı musiqiyə görə, S.Kərimi 2003-cü ildə “Qızıl dərviş” milli mükafatına layiq görülmüşdür.
Beləliklə, S.Kəriminin bəstəkarlıq fəaliyyətində əsas yer tutan teatr musiqisi haqqında fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, yuxarıda adı sadalanan teatr əsərlərinin geniş tamaşaçı rəğbəti, müsbət tənqidçi rəyi, uğurlu səhnə taleyi qazanmasında, əlbəttə, S.Kəriminin bəstələdiyi musiqinin də əsaslı rolu vardır.
S.Kəriminin bir bəstəkar kimi yaradıcılığında kino sənəti də mühüm yer tutur. Kino, məlum olduğu kimi, sinkretik sənətdir və hər bir film bir neçə sənət növünün, peşənin vəhdətindən, işbirliyindən yaranır: aktyorlur, rejissorluq, kinodramaturgiya, kinooperator, musiqi, rəssamlıq, geyim üzrə rəssamlıq, işıq tərtibatı və s. Musiqi filmin əsas bədii ifadə, emosional təsir vasitəsidir. Kino tarixində bir çox filmlər məhz musiqisinə görə sevilmiş, özünə tamaşaçı rəğbəti qazanmışdır.
S.Kəriminin kino sənətinə bəstəkar kimi marağının əsasında bioqrafiyasının “kinostudiya səhifələri” dayanır. Onun kino sahəsində bəstəkar kimi işləməsi indiyə qədər uğurlu olmuşdur. Bəstəkarın yazdığı kino musiqisi müxtəlif janrlı və məzmunlu filmləri əhatə etmişdir: sənədli filmlər, bədii filmlər; faciəvi, lirik, psixoloji filmlər; tarixi, vətənpərvərlik, məhəbbət, yumoristik mövzulu filmlər və s. Bəstəkarın musiqi yazdığı filmlərin sayı otuza yaxındır. Onlardan bəzilərini nümunə göstərək: “Qaravəlli” (1989), “Şahid qız” (1990), “Qaravəlli-2” (1992),“Çalışan adam” (1996), “Son döyüş” (1996), “Hər şey yaxşılığa doğru” (1997),“Ailə” (1998),“Ömür və tale” (1998), “Sarı gəlin” (1998), “Kədərimiz… Vüqarımız…” (1998), “Heydər Əliyev” (1999-2013, 9 seriyalı), “Həsən Əbluc” (1999), “Yuxu” (2001), “Ovsunçu” (2002), “Kəsişməyən yollar” (2002), “Son arzu” (2003), “Girov” (2005), “Məşədi İbad-94” (2005), “Əlvida, cənub şəhəri” (2006), “Biz qayıdacağıq” (2007), “Mənə inanın” (2007), “Acılar bitməz” (2009),“Dünən qəfildən gəldi” (2009), “İstanbul reysi” (2010), “Kabusun gözüylə” (2010), “İlahi məxluq” (2011), “Dərvişin qeydləri” (2013), “Ömür payı. Səməndər Rzayev” (2015), “Bakı, mən səni sevirəm” (2015). Bu siyahının xronoloji ardıcıllığı göstərir ki, S.Kərimin kino musiqisi sahəsində bəstəkarlıq fəaliyyəti 1989-cu ildən başlamışdır. Bu sahədə qazandığı etimad və nüfuza görədir ki, bəstəkar səsvermə yolu ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinə üzv seçilmişdir (6).
S.Kəriminin ifaçılıq və bəstəkarlıq yaradıcılığının vəhdətindən meydana gələn musiqi layihələri də xüsusi araşdırma predmeti kimi elmi maraq doğurur. Bu layihələr musiqi mədəniyyətimizin dünya miqyasında tanınmasında, xalqmızın musiqi incilərinin başqa xalqlarının musiqisi ilə sintez olunmasında, musiqi ifaçılığında yeni və maraqlı ideyaların aktuallaşmasında böyük rol oynamışlar. İlk növbədə, onun rəhbərliyi ilə 1997-ci ildə gerçəkləşən Azərbaycan-Norveç və 2002-ci ildə həyata keçən Azərbaycan-Cənubi Amerika musiqi layihələrini qeyd etməliyik. Birinci layihə Azərbaycanda və Norveçdə, eləcə də Avropanın bir çox ölkələrində maraqla qarşılandı. Azərbaycan xalq mahnılarını Norveçin məşhur “Skruk” xoru üçün aranjiman edən S.Kərimi bu kollektivin özünəməxsus ifa üslubunu və ənənələrini dərindən öyrənmiş, layihənin uğurla gerçəkləşməsinə nail olmuşdur. Azərbaycan xalq mahnılarının Norveç dilində və spesifik tərzdə ifası qeyri-adi səslənmə və sintez yaradırdı. Mahnıların xor hissəsi ilə yanaşı, solo hissəsini xalq artistləri B.Dadaşova, İ.Muradov ifa edirdi. Böyük zəhmət, axtarışlar, əməkdaşlıq, professionallıq hesabına ərsəyə gələn və reallaşan bu layihədən sonra xalq mahnılarımıza bu ölkədə maraq daha da artdı, iki ölkə arasında yeni layihələrə və əməkdaşlığa “sənət körpüsü” yaradıldı.
ƏDƏBİYYAT:
- Azərbaycan xalq mahnıları. 2 cilddə, I c.,Tərtib edən S.Kərimi; red.: E.Dadaşova. B.: Öndər, 2005, 168 s.
- Azərbaycan xalq mahnıları. 2 cilddə, II c.,Tərtib edən S.Kərimi; red.: E.Dadaşova. B.: Öndər, 2005, 128 s.
- Hacıbəyov Ü.H. Azərbaycan musiqi həyatına bir nəzər. Seçilmiş əsərləri. II c. B.: Azərb.SSR EA nəşriyyatı, 1965, s. 215-225.
- Kərimi S.Ə; Quliyev A.N; Əliyev M.F. Saz məktəbi: Musiqi və incəsənət məktəblərinin saz ixtisası üçün dərslik. B.: Qarabağ, 2009, 229 s.
- Rəhimli İ. Kəsişən paralellər. B.: Çaşıoğlu, 2004, s.141.
- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İnternet saytı. URL:http://arki.az/az/pages/14
Преподаватель и диссертант АНК
О НЕКОТОРЫХ АСПЕКТАХ KОМПОЗИТОРСКОЙ
ДЕЯТЕЛЬНОСТИ СИЯВУША КЕРИМИ
Резюме: В настоящей статье расматривается композиторское творчество С.Керими, которое развивается в трёх направлениях. В статье раскрываются песенная деятельность и творческие достижения композитора в области музыкального оформления театральных постановок и кинолент.
Ключевые слова: Музыка театро и кино, Государственный театр песни,джазово-фольклорный группа «Джанги», вокально-инструментальный ансамбль«Ашуги»
ANC s candidate for a degreeand teacher
Lecturer of ANC
THE VIEW OF SIYAVUSH KARIMI’S COMPOSER ACTIVITY
Summary: The article deals S.Karimi`s development of activites as composer creativity which is developed in three directions. It highlights songs activities and creative achievements of the composer in the field of musical arrangement of theatre and cinema.
Key words: Music theatre and cinema, State Song Theater, jazz-folklore group “Djangi”, vocal-instruental ensemble “Ashuglar”
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Akif Quliyev;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Fəttah Xaliqzadə