Sənət və təhsil ocağı haqqında nəfis nəşr
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2022 № 4 (57)
SƏNƏT VƏ TƏHSİL OCAĞI HAQQINDA NƏFİS NƏŞR
Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi musiqi, rəssamlıq, xoreoqrafiya sahələrini özündə birləşdirən, şagirdlərin hərtərəfli inkişafına şərait yaradan qabaqcıl təhsil ocaqlarından biridir. Uzun illərdir ki, fəaliyyət göstərən bu musiqi müəssisəsi daim yeniləşən, yaradıcı şəxslərin toplandığı müəllim kollektivi və onların gərgin əməyi sayəsində yetişdirilən istedadlı şagirdlərin üzə çıxarıldığı sənət məkanıdır. Məktəbin yarım əsrdən artıq tarixi inkişaf yolunda əlamətdar hadisə və tədbirlər xoş və çətin anlarla yanaşı nailiyyətlərin də baş verməsi göz önündədir. Respublikanın orta ixtisas və ali təhsil ocaqlarına daxil olaraq tələbə adını qazanan yüzlərlə şagird məktəbdən məzun olublar. Əvvəllər 18 nömrəli musiqi məktəbi kimi fəaliyyətə başlamış təhsil ocağının əsası 1962-ci ildə qoyulsa da, 1999-cu ildən 6 saylı İncəsənət Məktəbinə çevrilmişdir. 2002-ci ildən SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, dünya şöhrətli bəstəkar F.Əmirovun adı verilən məktəb sonradan (2005) onbirillik təhsil sisteminə keçirilmişdir. Maraqlıdır ki, təsis olunduğu gündən burada yalnız fortepiano və violin alətləri tədris edilmiş, növbəti illərdə isə tar, kamança, qanun, nağara, xanəndəlik, vokal, gitara, zərb alətləri, balaban, violonçel, trombon, akkordeon, fleyta, klarnet, truba, qoboy ixtisasları üzrə siniflər də açılmışdır.
Məlumdur ki, 15 mart 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Əmirovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu münasibətlə respublikamızda və onun hüdudlarından çox-çox kənarlarda F.Əmirovun adı ilə bağlı bir sıra mötəbər tədbirlər keçirilir. Onun adını daşıyan məktəbin isə cari ildə 60 yaşı tamam olur. Buna görə də Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin direktoru professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi, bəstəkar Adilə Yusifovanın və yaradıcı kollektivin birgə əməyi nəticəsində kitab nəfis tərtibatda nəşr olunaraq musiqi ictimaiyyətinin diqqətinə çatdırılıb. Zəngin fotolar və məktəbin tarixinə dair digər əhəmiyyətli sənədlərin toplandığı 181 səhifədən ibarət olan “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi” adlı kitabda Bakı şəhərinin aparıcı təhsil müəssisələrindən biri sayılan bu incəsənət məkanının təşəkkül və inkişaf yolları müfəssəl şəkildə işıqlandırılıb.
Kitab üç fəsli özündə ehtiva edir. İlk fəsildə məktəbin yaranma tarixi və inkişaf mərhələlərinə nəzər yetirilib. Burada təhsil ocağının fəaliyyətini göstərən konsertlərin afişaları, proqramlar, bəzi dəvətnamələr, müxtəlif fotosənədlər, qəzet kəsikləri, cədvəllər, şagirdlərin nailiyyətlərinin təsdiqi olan diplomlar, fəxri fərmanlar və yeniyetmə rəssamların işləri təqdim olunub. Həmçinin, Adilə xanımın ideya müəllifi olduğu art-obyektlər göstərilib. O, “Günəşə — zirvəyə can atırıq” adlı art-obyektdə (hazırlayanlar: heykəltəraş B.Ağayev, rəssamlar E.Ağamirzə, A.Niftiyeva) məktəbdə təhsil alan bütün şagirdlərin və onların müəllimlərinin şəkillərini göstərməklə uşaqların işıqlı, xoşbəxt gələcəyini simvolizə etmiş və “biz birlikdə güclü, böyük F.Əmirov ailəsiyik” ideyasını irəli sürmüşdür. Növbəti art-obyekt “Musiqi-multikultural kontekstdə” ideyasının ifadəsi ilə bağlıdır ki, onu II fəsildə görmək mümkündür. Həmin art-obyektdə not sətrinə birləşdirilmiş dörd müxtəlif qrup musiqi aləti: tar, dəf, fortepiano və saksofon ayrı-ayrı materiallardan istifadə olunmaqla sanki bir-birilə musiqi vasitəsilə qovuşdurulmuşdur. Kompozisiyanın texniki və ideya baxımından tamamlanması onun postamentində göstərilən partituralardan parçalarda əksini tapıb. Beləliklə də A.Yusifova və heykəltəraş B.Ağayevin təşəbbüsü ilə hazırlanmış bu art-obyektdə icraçı müəlliflər F.Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamına yaradıcı baxış nümayiş etdirməyə təşəbbüs göstərmişlər. Digər art-obyekt isə piramida üzərində nar və onun içində yanan çırağın əksindən ibarətdir. Bu art-obyekt iki qədim mədəniyyətin vəhdəti kimi təqdim olunub. Piramidanın səthi üzərində həm F.Əmirovun yaradıcılığına dair eksponatlar, həm də məktəbdə rəssamlıq və heykəltəraşlıq ixtisası üzrə təhsil alan şagirdlərin əl işləri, foto-şəkilləri sərgilənib.
Bütün bunlarla yanaşı kitabda arxiv materiallarına istinad olunduğunu da qeyd etmək vacibdir. 1962-ci ildən bu günə qədər məktəbə rəhbərlik etmiş direktorların əmr və sərəncamları, həmçinin S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivinin sənədləri, eləcə də orada fəaliyyət göstərən müəllimlərin şəxsi arxiv materialları xronoloji prinsip əsasında yerləşdirilib. Fəslin sonunda istinad edilən arxiv sənədlərinin siyahısı təqdim olunub ki, bu da kitabın tarixi əhəmiyyətini qabarıq göstərir. Bunlarla yanaşı yubiley nəşrində müxtəlif illərdə ayrı-ayrı ixtisaslar üzrə qəbul edilən, gündüz və axşam şöbələrində təhsil alan şagirdlərin statistik göstəricisini də görmək olar. Həmin məlumatlar illər ərzində incəsənət məktəbinin müəllim və şagird kontingentinin hansı artım əsasında genişləndiyi barədə oxucuda aydın təsəvvür formalaşdırmağa kömək edir.
Kitabın birinci fəslində təhsil ocağının son illərdə qazandığı nailiyyətlərə geniş yer verilib və A.Yusifovanın məktəbin fəaliyyət istiqamətində yeni mərhələni müəyyənləşdirdiyi nəzərə çatdırılıb. Onun təşəbbüsü ilə məktəbdə mütəmadi olaraq musiqiçilər, bəstəkarlar, rəssamlarla görüşlər, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə yaradıcılıq mübadilələri, ustad dərslərinin təşkili, müxtəlif konsertlərin və tədbirlərin keçirilməsi oxucuların nəzərinə yetirilib. Məktəb rəhbərliyinin təşəbbüsü ilə böyük bəstəkarın anadan olmasının 94-cü ili ilə əlaqədar olaraq “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı ilk elmi-ifaçılıq konfransının təşkil edilməsi və onun sonrakı illərdə də uğurla davam etdirilməsi vurğulanıb. İncəsənət ocağında görülən digər maraqlı işlərdən biri isə ilk dəfə olaraq həm məktəbdə, həm də respublikada F.Əmirovun muzey guşəsinin yaradılmasıdır. Burada bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən 130 eksponat sərgilənir ki, məktəbdə təhsil alan şagirdlər həmin kolleksiya ilə əyani tanış olmaq imkanı əldə edirlər. Bu isə bəstəkarın həyat və yaradıcılıq yoluna dair təhsil alanların dünyagörüşünün inkişafında böyük əhəmiyyət kəsb edir.
Kitabın II fəslində məktəbin tədrislə bağlı perspektiv planları barədə məlumat əldə etmək mümkündür. Burada 2016-cı ildən cari ilə qədər məktəbdə keçirilmiş tədbirlərin icmalı əksini tapıb. Müəllimlər R.Adıgözəlova, A.Manafova, V.İbrahimova, Ü.Əlibalayeva, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, fəlsəfə elmləri doktoru, əməkdar mədəniyyət işçisi A.Bayramova, Rusiyanın əməkdar artisti və əməkdar incəsənət xadimi, “Romansiada” rus romansının gənc ifaçıların müsabiqəsinin yaradıcısı və bədii rəhbəri, musiqişünas Qalina Preobrajenskaya tərəfindən qələmə alınmış məqalələr və foto materiallar həmin fəsildə toplanıb.
Bu fəsildə müxtəlif məzmunlu maraqlı məqalələrlə tanış olmaq mümkündür. Onlardan biri II Qarabağ müharibəsində vətən oğullarının igidliyini tərənnüm edən “Biz sənə güvənirik, Azərbaycan əsgəri” adlı tədbirlə bağlı olan və özündə inamı təcəssüm etdirəm səmimi yazıdır. Qanunuyğunluqdan irəli gələrək kitabın sonunda əksini tapan, həmin mövzunun davamı və yekunu olaraq, qazanılan qələbəni vəsf edən məqalə “Torpaq qan ilə birləşəndə vətən olur!” adlandırılmışdır. A.Yusifovanın etiraf etdiyinə görə 2022-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında onun “Azərbaycan bayrağı” (sözləri R.Mirzəyeva) kantatasının ifası barədə məlumatın kitabda yer alması onun yaradıcılıq və ictimai fəaliyyətində həmin süjet xəttinin davamı kimi qəbul oluna bilər.
Xatirələr və fotovernisaj adlanan III fəsildə isə tanınmış musiqiçilərin məktəb haqqında xoş xatirələri əks olunub. Burada SSRİ xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəylinin, Azərbaycan Respublikasının xalq artisti, professor Ə.Məmmədovun, xalq artisti A.Abdullayevin, M.Bağırzadənin, Azərbaycan Respublikasının əməkdar artisti, rəqqas K.Dadaşovun, Bakı Musiqi Teatrının baş xormeysteri, əməkdar artist V.Məstanovun, bəstəkar, xalq artisti, Ü.Hacıbəylinin ev muzeyinin direktoru S.Fərəcovun, xalq artisti, dosent Ş.Səmədovun fikirləri oxucuların diqqətinə çatdırılıb. Sonuncu fəsildə etnomusiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor F.Xalıqzadənin, xalq artisti, professor, prezident təqaüdçüsü M.Müslümovun, xalq artisti, dirijor, professor Y.Adıgözəlovun, əməkdar artist V.İsgəndərovun, BMA-nın “Ümumi fortepiano” kafedrasının dosenti, Türkiyə Cümhuriyyəti Afyon Kocatepe Universitetinin müəllimi N.Rzazadənin, məktəbin məzunu S.Novruzbəylinin və R.Abasquliyevin də həmin təhsil müəssisəsi haqqında xatirələri işıq üzü görüb.
Qeyd edilməlidir ki, yubileylər ilində nəşr edilmiş kitabın musiqi ictimaiyyətinə təqdimi 18 noyabr 2022-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında keçirilib. Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinə, “Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi”nin isə 60 illiyinə həsr olunmuş bu kitabın təqdimat mərasimi uğurlu təşkili ilə də yadda qalıb. Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi A.Manafova maraqlı ön sözlə çıxış edərək təqdim olunan foto slaydlar fonunda çalışdığı təhsil məkanının tarixinə qısa nəzər salıb. O, məktəbin fəaliyyətinə dair maraqlı məlumatları tədbir iştırakçılarının diqqətinə çatdırıb. Dəvət edilən qonaqlar arasında Baş İdarənin rəis müavini N.Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini S.Süleymanova, bəstəkarın qızı S.Əmirova, AMK-nın rektoru xalq artisti S.Kərimi, musiqi məktəblərinin direktorları, Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri və musiqisevərlər iştirak edirdilər. Aytən xanımın dəvəti ilə söz məktəbin direktoru Adilə xanıma verilib. O, göstərdiyi dəstəyə görə Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İ.Əliyevə və uzun illərdir ki, kitabın ərsəyə gəlməsində zəhmət çəkmiş müəllim kollektivinə təşəkkürünü bildirib. Çıxış üçün səhnəyə AMK-nın nəzdində Musiqi Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov və AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova dəvət olunublar. Onlar bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıblar. Çıxışçılar Adilə xanım başda olmaqla bütün kollektivi nəşr edilən kitab münasibətilə təbrik edərək, gözəl arzularını dilə gətiriblər. Daha sonra şagirdlərin ifasında F.Əmirovun əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim olunub. Həmçinin bu musiqi ocağının yetirmələrinin iştirak etdiyi “Odlar yurdu” rəqs ansamblının ifasında “Koroğlu” operasından və F.Əmirovun “Gözün aydın“ (xoreoqraflar Z.İbrahimova, T.Mustafayev) operettasından rəqslər qonaqların nəzərinə çatdırılıb. Şagirdlərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, sonda isə xatirə fotosu çəkdirilib.
Qeyd edilməlidir ki, yeni işıq üzü görən kitab yarım əsrdən çox yaranış və inkişaf dövrü keçirmiş elm və sənət ocağı haqqında əhatəli məlumat əldə etmək istəyənlər üçün dəyərli mənbədir. Əlbəttə, belə bir nəşri ərsəyə gətirmək məktəb rəhbərliyindən böyük zəhmətsevərlik tələb edir. Kitabın uğurlu təqdimatı müəllim kollektivinin gərgin əməyindən və sıx yaradıcılıq vəhdətindən xəbər verir. Həmişə yaradıcılıq axtarışında olan bu kollektivi yubileylər və ilk uğurlu nəşrin işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, gənc nəslin tərbiyəsi kimi məsuliyyətli və şərəfli işdə yeni-yeni nailiyyət sevincləri arzulayıram.
Aşağıda isə kitabın məzmunu ilə tanış olmuş bəzi oxucuların düşüncələrini oxucuların diqqətinə çatdırıram. N.Kazımovun fikirlərindən: “Kitab məktəbin tarixi inkişafını əks etdirmək baxımından çox dəqiq xronoloji ardıcıllıqla qurulub. Adilə xanım ondan əvvəl fəaliyyət göstərmiş bütün direktorların fəaliyyətini işıqlandırıb. Bütün bunlar alqışa layiqdir”.
L.Hüseynovanın söylədiklərindən: “Musiqi məktəbləri haqqında, onların keçdikləri tarixi yolu özündə əks etdirən kitabların sayı çox deyil. Maarifçilik baxımından məktəblər bir-birindən fərqləndiyinə görə, yaranma tarixi və inkişaf mərhələləri nöqteyi-nəzərindən də seçilirlər. Buna görə də belə kitabların işıq üzü görməsi musiqi tariximizə və elmimizə gözəl töhfə ola bilər”.
Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru A.Əmrahova isə yubiley nəşri barədə düşüncələrini belə ifadə etmişdir: “Kitabın təqdimatı münasibətilə Adilə xanımı və bütün müəllimləri təbrik edirəm. Siz və rəhbərlik etdiyiniz yaradıcı kollektivin səyi nəticəsində tərtib olunan və musiqi ictimaiyyətinin diqqətini cəlb edən bu kitab məktəbin inkişafı ilə bağlı tarixi hadisələri özündə cəmləşdirir. Digər tərəfdən isə kitabın mündəricatında qeyd edilənlərlə yanaşı, onun yubileylər ilində işıq üzü görməsi də mühüm tarixi hadisədir”.
Vaxtı ilə böyük bəstəkar F.Əmirov gələcəyin musiqiçiləri haqqında arzularını və fikirlərini “Musiqi səhifələri” kitabında belə ifadə etmişdir. “Uşaqlar və gənclər bizim gələcəyimizdir, ümidimizdir. Sabahın böyük bəstəkarı və musiqişünası onların arasından çıxacaqdır. Mən bütün gənclərimizi musiqini dərindən bilən, çalğı alətlərindən birində çalmağı bacaran, yaxşı ifaçını başqasından ayıran, musiqi janrlarını bir-birindən fərqləndirən, ümumiyyətlə musiqi əsərlərinə həssaslıqla yanaşan şəxslər kimi görmək istəyirəm…”.
Çox sevindiricidir ki, bu gün onun adını daşıyan sənət məkanında yaradıcı kollektiv həqiqətən də bu amala xidmət edir. Ümid edirik ki, Azərbaycan musiqisi bu məktəbdə təhsil alan gələcək musiqiçilərin etibarlı əllərində olacaqdır.
musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru