Qanun aləti S.Abdullayevanin tədqiqatlarinda
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
AMK-nın müəllimi
Qanun aləti S.Abdullayevanin tədqiqatlarinda
Açar sözlər: qədim Azərbaycan musiqi alətləri, qanun, musiqi alətşünaslığı, tədqiqat
Sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva respublikamızda xalq çalğı alətlərinin tədqiqi sahəsində ən görkəmli alim-mütəxəssisdir. Ötən əsrin 60-cı illərindən başlayaraq, Azərbaycan xalq çalğı alətlərinin elmi tədqiqi ilə məşğul olan musiqişünas S.Abdullayeva, bu sahədə zəngin elmi irs yaratmış, alətşünaslığın inkişafında böyük rol oynamışdır. Görkəmli alim və pedaqoqun tədqiqatları Azərbaycan musiqişünaslığını xalq çalğı alətlərinin elmi şəkildə öyrənilməsi, tədrisi və təbliği aspektlərində zənginləşdirmiş, bu sahədə yeni mərhələ yaratmışdır. Xalq çalğı alətlərinə dair bir çox tarixi, yazılı, ədəbi, folklor mənbələrin aşkar edilməsində, alətlərin tarixi təşəkkül, inkişaf, quruluş, akustka, morfologiya, ifaçılıq baxımından araşdırılmasında, onların təsnifatlaşdırılmasında, etimoloji izahında, müqayisəli öyrənilməsində S.Abdullayeva demək olar, ilk addımları atmış, alətlərin bu aspektlərinə dair maraqlı məqalələr, monoqrafiyalar yazmışdır. O, respublikamızda xalq çalğı alətlərinə dair mənbələri, araşdırmaları sistemləşdirərək, bir araya gətirmiş, bununla da musiqi alətşünaslığı kimi mürəkkəb bir sahədə yeni tədqiqatlara elmi-metodoloji zəmin yaratmışdır.
Azərbaycanın qədim musiqi alətləri ilə bağlı bir çox aktual məsələlər də S.Abdullayevanın elmi yaradıcılığında öz həllini tapmışdır. Onlardan biri də qədim musiqi aləti olan qanun haqqında araşdırmalardır. Qanun aləti Orta və XIX-XX əsrlərdə Yaxın və Orta Şərq xalqlarının musiqi ifaçılığında geniş tətbiq olunmuşdur. Lakin respublikamızda qanun alətinin musiqişünaslıq tədqiqatlarına cəlb olunması, alət haqqında ilk məqsədyönlü tədqiqatların aparılması 1960-cı illərdən başlayaraq məhz S.Abdullayevaya məxsusdur. Bu fəaliyyətin daha bir uğurlu nəticəsi qanun aləti haqqında yeni tədqiqatların meydana gəlməsidir. Bu xüsusda tanınmış qanun ifaçısı və təcrübəli pedaqoq, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Əliyevanın maraqlı və dəyərli dissertasiyasını nəzərdə tuturuq [5]. Qeyd edək ki, T.Əliyeva dissertasiyanı professor S.Abdullayevanın elmi rəhbərliyi ilə yazmış və uğurla müdafiə etmişdir. Bununla belə, şübhə yoxdur ki, digər alətlər kimi, qanun alətinin də məqsədyönlü araşdırılması davam etməlidir.
S.Abdullayevanın qanun alətinə dair ilk məqalələri ötən əsrin 60-70-ci illərinə aiddir. “Çalğı alətlərimizin sorağı ilə” [2], “Həyata qaytarılmış musiqi alətləri (ud, qanun)” [3], “Zərb və simli xalq çalğı alətlərimiz” [4] və başqa məqalələri nümunə göstərə bilərik. Bu məqalələrdə qanunun tarixindən, musiqişünaslıq və ədəbi mənbələrindən, onun ifaçılıq sənətində, orkestr və ansambllarda öz layiqli yerini tutmasından, alətin ifaçılığında yeni kadrların meydana gəlməsindən bəhs olunur.
S.Abdullayevanın bu dövrdəki ardıcıl araşdırmaları xalq çalğı alətlərinə dair dissertasiyanın meydana gəlməsi ilə nəticələndi. Onun 1967-ci ildə rus dilində yazdığı «Азербайджанские народные музыкальные инструменты» (“Azərbaycan xalq çalğı alətləri”) adlı tədqiqatı milli alətlərə həsr olunan ilk musiqişünaslıq dissertasiyasıdır [6]. 1972-cü ildə ildə həmin dissertasiya əsasında “Народные музыкальные инструменты Азербайджана” (“Azərbaycanın xalq çalğı alətləri”) monoqrafiyası nəşr olunmuşdur [7]. Kiçik həcmli olsa da, bu, xalq çalğı alətlərimiz haqqında ilk musiqişünaslıq nəşridir. 1984-cü ildə ildə isə yenə də rus dilində «Современные народные музыкальные инструменты Азербайджана» (“Müasir Azərbaycan xalq çalğı alətləri”) monoqrafiyası işıq üzü görmüşdür [8]. İstər dissertasiyada, istərsə də bu monoqrafiyalarda qanun alətinə də yer verilmişdir.
Sənətşünaslıq doktoru, professor Səadət Abdullayevanın xalq çalğı alətləri haqqında elmi araşdırmaları, yeni tapıntıları və fikirləri onun “Azərbaycan xalq çalğı alətləri” fundamental monoqrafiyasında öz davamını tapmışdır. O cümlədən, S.Abdullayeva qanun aləti haqqında araşdırmalarını da bu monoqrafiyada davam etdirmişdir. S.Abdullayevanın qanun haqqında fikirlərinə həmin monoqrafiyası əsasında nəzər salmağı məqsədəuyğun hesab edirik.
Monoqrafiyanın I fəsli “Azərbaycan xalq çalğı alətlərinin tarixşünaslığı” adlanır. Bu fəslin bölümlərindən biri də “Çalğı alətlərinin təsnifatı”dır. Maraqlıdır ki, S.Abdullayeva Azərbaycan xalq çalğı alətlərinin təsnifatını apararkən, qanun alətini “simli alətlər” qrupunun I yarımqrupuna, yəni “mizrabla çalınan simli alətlərə” aid etmişdir [1, s. 122-124]. Məlumdur ki, hazırda bəzi tədqiqatçılar qanun alətini milli alətlər sırasında “yatıq simli alət”, “yatıq alət” kimi səciyyəndirirlər. Qanun alətinin “yatıq alət” adlandırılması isə əsasən, Türkiyə musiqişünaslığından və alətşünaslığından irəli gəlir. Lakin S.Abdullayeva belə təsnifata alternativ fikir mövqeyindən yanaşaraq, qonşu respublikanın mənbələrindən əxs edilmiş bu ifadəyə qəti şəkildə etiraz etmir, əksinə, belə təsnifata alətə olan alternativ münasibət kimi yanaşır. Bizim fikrimizcə, “yatıq alət” ifadəsi qanun alətinin quruluşunu və çalğı qaydasını düzgün səciyyələndirsə də, bu alət barədə ətraflı təsəvvür yarada bilmir. Digər tərəfdən, XX əsrdə Türkiyə musiqişünaslığı tərəfindən qanuna verilən bu tanıtma heç də hansı isə mənbəyə əsaslanmır və sadəcə, alətin müəyyən quruluşuna, görünüşünə istinad edir. Buna görə də, hələ ki S.Abdullayevanın təsnifatı daha məqbul sayıla bilər: “Musiqi alətlərinin ölçüsü, quruluşu, səs tembri və başqa xüsusiyyətlərinə görə bir-birindən fərqlənməsinə baxmayaraq, onları sistemləşdirməyə imkan verən ümumi əlamətlər mövcuddur” [1, s. 122].
II fəsil “Azərbaycanın ənənəvi xalq çalğı alətləri” adlanır. Bu fəsildə ənənəvi alətlərə morfoloji və erqoloji aspektlərdən baxılmışdır. Müəllif “Simli alətlər” bölümündə qanun alətinin morfoloji və erqoloji quruluşu haqqında da dəqiq və maraqlı bilgi vermişdir: “Qanunun gövdəsi trapesiyaya oxşar yastı qutu şəklində olub, taxta parçalarından quraşdırılır. Onun üst səthi əsasən, çinar, alt və yan tərəfləri isə qoz və ağcaqayın ağaclarından hazırlanır” [1, s. 156]. Daha sonra isə hər bir alətin səslənməsi və akustikası üçün çox vacib bir məsələ ̶ qanunun ölçüləri və quruluşu üzərində dayanılır: “Alətin uzunluğu 800-900 mm, eni 370-400 mm, hündürlüyü isə 60 mm təşkil edir. Qanunun dekası (üzü) çoxhissəli ağacdandır və səslənməni yaxşılaşdırmaq məqsədilə onda rezonator dəlikləri açılır. Üzün aşağı hissəsinə isə mal ürəyinin pərdəsi və ya balıq dərisi çəkilir. Dəri pərdənin üzərində üç və ya dörd ayaqcıqla ona söykənən xərək yerləşir” [1, s. 156].
Qanunun səslənməsində ən vacib vasitə olan simlər alətin quruluşunda necə yerləşmişlər? Bu barədə S.Abdullayeva belə yazır: “Xərək və dekanın üzərindən 24 üçər bağırsaq sim (son zamanlar onlar kapron saplarla əvəz olunub) keçir. Simlərin ümumi sayı 72-dir. Gövdənin aşağı tərəfində yoğun (1,0 mm), yuxarı tərəfində isə ən nazik (0,6 mm) simlər yerləşir. Simlərin bir ucları gövdənin düzbucaq əmələ gətirən tərəfinə düyün şəklində bərkidilir, o biri ucları isə gövdənin çəp tərəfində yerləşən aşıxlara (payalara) bağlanır. Aşıxlar xüsusi bürünc açarla burulur. Onlara yaxın, hər bir simin altında bürüncdən hazırlanmış bir və ya iki qatlanan ling (manda) yerləşir. Bunları yuxarı qaldırmaqla və ya endirməklə simlərdən alınan səslərin ucalığını bir ton yüksəltmək və ya azaltmaq mümkün olur.
Simlər hər iki əlin şəhadət barmağına keçirilən üsküklə (barmaqlıq) saxlanılan buynuz və ya metal lövhəciklərlə dartılaraq səsləndirilir” [1, s. 156]. Daha sonra müəllif alət haqqında bu bilgiləri qrafik təsvirlər vasitəsilə əyanişləşdirmişdir. Beləliklə, Azərbaycan musiqişünaslığında ilk dəfə professor S.Abdullayeva qanun alətinin morfoloji quruluşu və erqonomik özəlliyi haqqında məlumat vermiş, alətin quruluşunu dəqiq ölçülərlə təsvir etmişdir.
Monoqrafiyanın III fəsli alətşünaslıqda çox mühüm məsələlərdən birinə həsr olunmuşdir: “Çalğı alətlərinin texniki və bədii ifadə imkanları”. Bu fəslin əvvəlində qədim milli alətlərdən tar və sazın texniki və bədii ifadə imkanlarını əhatəli bir şəkildə şərh edən müəllif, daha sonra digər qədim simli alətin – qanunun üzərində müfəssəl dayanır. Əvvəlki monoqrafiyalarında bu alət barədə verdiyi bilgiləri daha da genişləndirir. Müəllif ilk dəfə olaraq, qanun alətinin tutulması, diapazonu, transpozisiyası, səsdüzümü, registrləri, barmaqların qaydası, texniki və bədii ifa imkanları haqqında məlumat verir. “Çalğı zamanı qanunun üz hissəsi ifaçıya tərəf olmaqla dizlərin üzərinə qoyulur. Onun tembri çox incə və yumşaqdır. Qanun üçün notlar kaman və bas açarında yazılır və yazılışından bir ton yuxarı səslənir:
Qanun alətinin diapazonu böyük oktavanın “sol” səsindən üçüncü oktavanın “si” səsinə qədərdir:
Alətin diapazonunun əhatə etdiyi diatonik səsdüzümü üç registrdən ibarətdir:
Çalğı zamanı alətdə barmaqların vəziyyəti, qamma, qlissando, passaj, arpecio, akkord, interval imkanları və kökü haqqında oxuyuruq: “Not yazısında sağ əlin şəhadət barmağı 1, sol əlin müvafiq barmağı 2, sağ alin baş və orta barmaqları müvafiq olaraq 3 və 4, sol əlin baş və orta barmaqları – 5 və 6 rəqəmləri ilə göstərilir. Arpecio, akkordlar və zəif səslənmədə hər iki əlin bütün barmaqları iştirak edir.
Simlərin səs ucalığını linglər vasitəsilə yarımton artırmaq və ya azaltmaq mümkün olduğuna görə, qanunda bütün bemollu və diyezli qammalardan istifadə edilir.
Çalınma texnikası arpecio, qlissando, passaj və başqa üsullardan istifadə etməyə imkan verir:
Sekunda, tersiya, kvarta və kvinta intervallarını asanlıqla ifa etmək olur:
Qoşanotlar, seksta, septima və oktava intervalları tremolo ilə alınır. Oktavadan böyük intervalları, üç və dördsəsli akkordları götürmək mümkündür:
Orkestrdə, ansambllarda və solo çalanda alət in D köklənir” [1, s. 227-228].
Monoqrafiyanın IV fəslini S.Abdullayeva çalğı alətlərinin xalq və peşəkar musiqi ifaçılığındakı yerinə və roluna həsr etmişdir. Bu fəsil əsasən, xalq çalğı alətlərinin ifaçılıq praktikası ilə əlaqəsi, alətlərin ifaçılıq ilə bağlılığı məsələləri haqqındadır. Bu fəsildə xalq çalğı alətləri orkestrləri və ansambllarında milli alətlərdən istifadə olunması məsələlərinə geniş yer verilmişdir. Belə məsələlər isə alətşünaslığın ayrıca istiqamətini təşkil edirlər. Alətşünaslıqda alət və ifaçılıq sənəti arasında əlaqələrin araşdırılması aktual məsələ olduğu üçün S.Abdullayevanın da monoqrafiyasının müvafiq fəsli böyük maraq doğurur [1, s. 289]. “Azərbaycan xalq çalğı alətləri eynitipli növləri sırasında” adlanan V fəslində isə milli alətlərimizin dünyanın ayrı-ayrı ölkələrində və xalqlarında eynitipli nümunələri araşdırılmışdır. Azərbaycanın qanun alətinin eynitipli nümunələrinin ərəb ənənəvi musiqisində mövcudluğu, bu alətin Yunanıstanda “kanonaki” adı ilə tanınması ilk dəfə verilən maraqlı bilgilərdir. “Ölçüsündən asılı olaraq qanunun əsasən, üç növü var. Kiçik qanun – türk, orta Bağdad və iri – Misir qanunu adlanır. Adının oxşarlığına görə, onun antik kanondan, yəni bir siminə hələ qədimlərdə əlavə simlər bağlanan monoxorddan yarandığı güman edilir” [1, s. 364].
Beləliklə, məqaləmizin mövzusu ilə əlaqədər belə nəticə çıxarırıq ki, qədim Azərbaycan çalğı alətlərindən biri olan qanun haqqında respublikamızda musiqişünaslar tərəfindən araşdırmalar aparılmışdır. Bu alət haqqında ilk elmi və məqsədyönlü araşdırmalar professor S.Abdullayevaya məxsusdur. S.Abdullayeva ilk dəfə olaraq, qanun alətinin tarixi mənşəyi, quruluşu, hissələri, simləri, diapazonu, transpozisiyası, ifa qaydası, kökü, xalq və ənənəvi peşəkar ifaçılıq sənətində yeri, texniki və bədii ifa imkanları, orkestr və ansambllarda istifadəsi, eynitipli növləri haqqında dəyərli məlumat vermişdir. S.Abdullayevanın bu araşdırmaları qanun alətinin gələcək tədqiqatlarına, tədrisdə geniş tətbiq olunmasına müsbət təsit göstərmiş, Azərbaycanda alətşünaslıq elminin inkişafına ciddi zəmin yaratmışdır.
İstifadə edilmiş ədəbiyyat:
- Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, 454 s.
- Abdullayeva S.A. Çalğı alətlərimizin sorağı ilə. // “Qobustan” jurnalı, 1971, №1, s. 69-70.
- Abdullayeva S.A. Həyata qaytarılmış musiqi alətləri (ud, qanun) // “Elm və həyat” jurnalı 1966, №7, s. 31-32
4.. Abdullayeva S.A. Zərb və simli xalq çalğı alətlərimiz. // “Elm və həyat” jurnalı, 1969, №9, s. 26-28.
- Əliyeva T.M. Azərbaycan qanunu yatıq simli çalğı alətləri sırasında: sənətş.ü.f.d…dis. avtoreferatı. B.: Ü.Hacıbəyli adına BMA-nın kitabxanası 2011, 24 s.
- Абдуллаева С.А. Азербайджанские народные музыкальные инструменты: Автореф.дис…канд.иск. Б.: Ü.Hacıbəyli adına BMA-nın kitabxanası 1967, 21 с.
- Абдуллаева С.А. Народные музыкальные инструменты Азербайджана. Б.: Азернешр, 1972, 36 с.
- Абдуллаева С.А. Современные азербайджанские музыкальные инструменты. Б.: Ишыг, 1984, 76 с.
Музыкальный инструмент ганун в исследованиях С.Абдуллаевой
Резюме
В статье рассматривается вопрос о музыковедческом исследовании древнего азербайджанского музыкального инструмента «ганун». Данный вопрос имеет актуальность в аспектах исторического, эволюционного, морфологического, исполнительского и сравнительного изучения древнего музыкального инструмента. Отмечается что, первые исследования об этом инструменте принадлежит доктору искусствоведения, профессору Саадат Абдуллаевой. В статьях и монографиях С.Абдуллаевой исследуется исторические корни, морфология и эргология, диапазон, конструктивные и акустические особенности, технические и художественно-исполнительские возможности инструмента «ганун», а также его применение и функционирование в народной и профессиональной музыке, однотипные варианты в разных музыкальных культурах. В этих исследованиях впервые выявляются средневековые источники о древнем музыкальном инструменте «ганун».
Ключевые слова: древние музыкальные инструменты Азербайджана, ганун, музыкальная органология, исследование
Music instrument qanun in Caadat Abdullayeva’s investigations
Summary
The article by Natavan Hasanova devoted to ancient Azerbaijani music instrument “qanun”. This topic have scientific relevance in the study of ancient musical instruments. The musicological investigations about of ancient instruments is considered in this article. This ancient musical instruments of the first studies have been carried out by professor, doctor of art Saadat Abdullayeva. He has studied history, ethnographical, morphological, constructive, acoustic, artistic-performance and practical aspects of qanun in his articles and monographs.
Key words: ancient Azerbaijani music instrument, qanun, musicology, research
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, professor Səadət Abdullayeva;
sənətşünaslıq üzrə elmlər doktoru, dosent Abbasqulu Nəcəfzadə.