Əlibaba Məmmədov — 85
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
Azərbaycan Milli Konservatoriyasının müəllimi
Əlibaba Məmmədov – 85
Açar sözlər: zəhmət, istedad, xanəndə, təsnif, 85 yaş
Bəşəriyyətin qeyri-maddi mədəni irsi olan Azərbaycan muğam sənəti bu günə qədər öz inkişafında müstəsna rol oynamış, neçə-neçə görkəmli xanəndə yetişdirmişdir ki, onlardan da biri – xanəndə, mahir muğam, təsnif, mahnı ifaçısı və bəstəçisi, şeir-qəzəl xiridarı, incə zövqlü və oxuma üslubunun özünəməxsusluğu ilə seçilən, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədovdur.
Məmmədov Əlibaba Balaəhməd oğlu 1930-cu il fevralın 5-də Bakının Maştağa kəndində dünyaya göz açmışdır. Hələ uşaqlıq illərindən onun incəsənətə meyli yaşıdları, oxuduğu məktəbin müəllim və şagirdlərinin nəzərindən yayınmamışdır. Məktəbdə və ondan kənarda keçirilən tədbirlərdə iştirak edən gənc Əlibaba gələcəkdə hər bir şəxsdə məşhur musiqiçi olacağına inamını artırırdı.
Əmisi, el xanəndəsi Güləhməd Məmmədov da Əlibabanın musiqiyə həvəsini görmüş və onun bu aləmlə tanışlığına müəyyən qədər köməyi olmuşdur. Çünki əmisinin iştirak etdiyi toy məclislərində o, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və başqa mahir xanəndələri görürdü. Qrammofon vallarından isə bu və başqa xanəndələrin ifalarını eşidib, öyrənirdi. Bunların nəticəsində hətta tar çalmağı da özü öyrənmişdir.
Müharibə illərinə təsadüf edən, çətinliklərlə dolu uşaqlıq və yeniyetməlik dövründə ailənin böyük oğlu Əlibaba, ailəyə köməklik məqsədi ilə sənət məktəbi və neft texnikumunda oxumuş, neft mədənlərində növbətçi usta vəzifəsində çalışmışdır. 19 yaşına qədər neft sahəsində işləyən, amma heç vaxt fikri musiqidən ayrılmayan Əlibaba bir çox klassik muğamları, təsnif və mahnıları öyrənmiş, hafizəsinin itiliyi sayəsində eşitdiyi və kitablardan oxuyub-öyrəndiyi xeyli qəzəlləri düzgün diksiya və gözəl məlahətli səsi ilə ifa etməyi bacarmışdı. Bu bacarıq və istedadı onu 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə gətirir.
Müsabiqə yolu ilə gənc xanəndə Əlibaba Məmmədov filarmoniyaya solist olaraq işə qəbul olunmuş və korifey sənətkarlarla bir səhnədə çıxış etmək, püxtələşmiş sənətkar səviyyəsinə yüksəlmək şansı əldə etmişdir. Xan Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Şövkət Ələkbərova və başqa ustad xanəndələrin çıxışlarını diqqətlə izləyib, bütün boş vaxtını sənətin incəlikləri və sirlərini öyrənməyə, səsinin imkanlarını yeni-yeni zəngulə, səs çalarları ilə zənginləşdirməyə sərf etmişdi. Xan Şuşinskinin, professor Bülbülün tövsiyələrinin gənc xanəndə Əlibaba Məmmədovun sənətkar kimi püxtələşməsində, səhnə mədəniyyəti, geyim mədəniyyəti, oxuma mədəniyyəti və xanəndəlik sirlərinin mənimsənilməsi istiqamətində çox böyük rolu olmuşdur.
Daim öyrənmək həvəsi gənc xanəndə Ə.Məmmədovu 1953-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə gətirir. Məşhur xanəndə və pedaqoq Seyid Şuşinskinin sinfində muğam təhsili alan Əlibaba bu mötəbər musiqi ocağında muğamlardan əlavə musiqi nəzəriyyəsi və başqa fənləri öyrənməklə yanaşı, müxtəlif musiqilər bəstələyir, məktəbin ictimai həyatında fəal iştirak edirdi. Görkəmli pedaqoq və tarzən Əhməd Bakıxanov Seyid Şuşinskinin tövsiyəsi ilə 1956-cı ildə istedadı və muğam ifaçılığı ilə diqqət çəkən gənc xanəndəni, özünün rəhbəri olduğu xalq çalğı alətləri ansamblının müşayiəti ilə radioda “Bayatı-Şiraz” və “Rəhab” muğamlarını yazdırır. Bu ifalar xanəndəyə daha artıq populyarlıq gətirir.
Əlibaba Məmmədov 1954-cü ildən başlayaraq mahnı və təsniflərin muəllifi kimi tanınmağa başlayır. O, ilk bəstəsi olan “Hümayun” təsnifini Azərbaycana neçə-neçə görkəmli musiqiçilər vermiş Asəf Zeynallı adına musiqi məktəbində oxuyarkən yazmışdı. Ümumilikdə Ə.Məmmədov 100-dən artıq mahnı, təsnif, rəng, dəraməd bəstələmişdir. Qəlblərə yol tapan bu musiqilər, özünün və başqa müğənnilərin repertuarında geniş yer tutaraq, bu gün də sevilə-sevilə oxunulur.
A.Zeynallı adına musiqi məktəbini bitirən gənc və populyar xanəndə Əlibabanı müəllimi Seyid Şuşinski iki il öz yanında asisstent kimi saxlamışdı. Bu, o dövrə təsadüf edirdi ki, Ağanın (S.Şuşinski) tələbələri gələcəkdə SSRİ-nin və Azərbaycanın əməkdar və xalq artistləri olacaqdılar. Elə bu vaxtdan da, yəni 1958-ci ildən onun müəllimlik fəaliyyəti başlayır. 1963-cü ildə A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi, filarmoniyada solist, radio və televiziyada canlı konsertlərdə muğamları, öz bəstələdiyi mahnı və təsnifləri ifa edən Əlibaba Məmmədov 33 yaşında əməkdar artist fəxri adına layiq görülür.
Ə.Məmmədov 1964-cü ildə “Dəşti” dəstgahını (təsnifləri ilə) ifa etməklə novatorluq etmiş, Seyid Şuşinskinin layiqli davamçısı, hər çıxışında yeni mahnı, təsnif ifa edən klassik və müasir şairlərin şeir və qəzəllərini aydın, mənalarını hər kəsin başa düşə biləcək diksiya və gözəl səslə ifa etməklə 40 il populyarlığını saxlamış, bu gün də xalq arasında seçilən xanəndə olaraq qalır.
Tez-tez konsertlər verən, yeni-yeni mahnı və təsniflər ifa edən xanəndə üçün filarmoniyanın nəzdində maestro Niyazinin təqdimatı əsasında Ə.Məmmədovun rəhbərliyi ilə 1968-ci ildə “Hümayun” xalq çalğı alətləri ansamblının yaranması xanəndənin yaradıcılığında xüsusi mərhələ təşkil edir. Virtuoz musiqiçiləri bir yerdə toplayıb dəraməd, rəng, solo nömrələr, yeni mahnı, təsniflər, muğam dəstgahları ifa edən ansambl, qısa vaxt ərzində Azərbaycan və ondan kənarda xeyli məşhurlaşdı. Buna səbəb Ə.Məmmədovun özünə qarşı tələbkarlığı, təşkilatçılıq bacarığı, ətrafına istedadlı xanəndə və musiqiçiləri toplayaraq, hər birinin potensial imkanlarından maksimum istifadə edərək maraqlı proqramlarla çıxış etməsi olurdu. Ansamblda çıxış edən gənc musiqiçi və xanəndələr Ə.Məmmədovun qayğısı və tələbkarlığı sayəsində gələcəyin görkəmli sənətkarlarına çevrilirdilər. Vaxtı ilə Seyid Şuşinskinin, Əhməd Bakıxanovun ona göstərdiyi diqqət və qayğıları kimi, o da böyük həvəslə bilik və bacarığını əsirgəmədən gənclərə öyrədirdi. “Hümayun” ansamblı bu gün də fəaliyyətini gənc musiqiçi və xanəndələrin xalqa tanıdılması yönündə, Azərbaycan xalq musiqisini geniş xalq kütlələri arasında sevilib, təbliğ olunmasında vacib iş görür.
Ə.Məmmədov uzun illərdir ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, A.Zeynallı adına Bakı Musiqi Kollecində çalışmış, hal-hazırda Azərbaycan Milli Konservatoriyasında da müəllimlik fəaliyyətini davam etdirir. Nəticədə o, Azərbaycan muğam sənətinə neçə-neçə görkəmli xanəndə və müğənni vermişdir. Xanəndəliyin vacib şərti olan səsdən bacarıqla istifadəsini, sözün aydınlığı, qəzəl bəhrinin muğamın ölçüsünə uyğun seçilməsi, əsasən harada oxuyursan, kimin üçün oxuyursan, nə oxuyursan, nə qədər oxuyursan prinsipinə əməl olunması onun tələbələrini başqalarından fərqləndirən cəhətlərdən biridir.
Əlibaba Məmmədovun mahnıları da özü kimi səmimi, insanpərvər, yüksək əxlaq prinsipləri, anaya, vətənə, xalqa, yaradana məhəbbət aşılayır, gələcək qələbələrə inam yaradır.
Əlibaba müəllim improvizə və modulyasiyanı mükəmməl bildiyi üçün sənət meydanında böyük uğurlar qazanırdı. Onun müxtəlif variantlarda ifa etdiyi musiqi nümunələri mənim şəxsi arxivimdə, maqnitofon lent yazılarında öz əksini tapmışdır. Bir nümunə göstərim: Bakı kəndlərinin birində keçirilən toy məclisi bir məqama yetir ki, iştirakçıların əsasını şairlər, ziyalılar, musiqi xiridarları və yaşlı kənd sakinləri təşkil etdiyindən Əlibaba müəllimdən “Şur” dəstgahının ifasını xahiş edirlər. “Şur”un “Mayə”sindən başlayıb, aramla “Bayatı-türk” şöbəsinə qədər adi qaydada, özünəməxsus oxuma tərzində ifa edir. “Zəmin-xara”, “Mavərənnəhr”, “Şah Xətai” guşələrindən sonra “Şikəsteyi-fars” şöbəsinə qədəm qoyur. Məclisin diqqətini guşəxanlıqla öz əlində saxlayan xanəndə “Segah”, sonra “Sarənc” şöbələrinə keçid alır. Daha sonra “Aşiq guş” avazını oxuyaraq “Manəndi-müxalif” şöbəsinə keçir (“si bemol” tonallığında). Ardınca “Bayatı-Şiraz” (si bemol), “Çahargah” (si bemol), “Hisar” (sol) yenidən “Mayə-Şur” şöbəsinə qayıdır və bir saata yaxın davam edən dəstgah yeni qəzəl, təsnif və rənglərlə zənglinləşdirildiyi üçün dinləyicilərin gurultulu alqışlarına səbəb olur. Həmin ifaya məclisdə iştirak edən şair Ələkbər Şahid bədahətən gözəl bir qəzəl də ithaf edir.
Ə.Məmmədov hər bir ifasına çox ciddi yanaşaraq, xanəndənin bacarmalı olduğu guşəxanlıq, qəzəlxanlıq, səsdən məharətlə istifadə etmə üsullarını sanki gələcək ifaçılar üçün bir dərs vəsaiti, qiymətli xəzinə olan muğamlarımızın nəyə qadir olduğunu hər dəfə sübut edərək, gələcək tədqiqatçılar üçün zəngin materiallar qoymuşdur.
60 il səhnə, 50 il müəllimlik fəaliyyəti, 45 il “Hümayun” ansamblının rəhbəri, 100-dən artıq mahnının müəllifi, poeziya xiridarı, Azərbaycan xalqının sevimli xanəndəsi Ə.Məmmədov Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı, “Şöhrət” və “İstiqlal” ordenləri, prezident təqaüdü, AMK-nın “Fəxri professoru”, “Qızıl çinar” və başqa mükafatlarla dövlət tərəfindən təltif olunmuş, yeni mahnılar üzərində işləyən, ixtiyar yaşında gənclik həvəsi ilə gənc nəslə öz zəngin həyat və sənət təcrübəsini öyrətməkdədir.
85 illik yubiley münasibəti ilə sevimli və pedaqoq, Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədovu AMK-nın professor və müəllim heyəti adından səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər və möhkəm can sağlığı arzu edirik.
Алибаба Мамедов – 85
РЕЗЮМЕ
Статья посвящена народному артисту Азербайджанской республики, Мастеру мугама, автору многочисленных песен и теснифов, ценителю поэзии, почётному профессору, обладателю многочисленных государственных наград, старейшему корифею национальной музыкальной культуры, нашему современнику Алибаба Мамедову в честь его 85 летия.
Ключевые слова: трудолюбие, талант, исполнитель мугамов, 85 летие.
Alibaba Mammadov – 85
SUMMARY
People’s Artist of Azerbaijan Republic, venerable singer, author of about hundred music and tasnif, word’s connoisseur, honorable professor, he was awarded different awards by the state, coryphaeus master of national musical culture owing to his industriousness and talent, our contemporary Alibala Mammadov’s life and creativity is dealt at the article.
Key words: singer, pedagogue, talent, tasnif, 85 years
Rəyçilər:
professor Malik Quliyev;
professor Rafiq Musazadə.