AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2015

 

 

Səadət Verdİyeva

Azərbaycan Milli Konservatoriyasının müəllimi

 

İslam Rzayevin Azərbaycan xanəndəlik sənətinin inkişafındakı rolu

 

Açar sözlər: Xanəndəlik sənəti, tədris fəaliyyəti, ifaçılıq fəaliyyəti

 

Azərbaycan xanəndəlik sənəti uzun və şərəfli tarixi yol keçmişdir. Məhz bu sənətin layiqli numayəndələri – ustad xanəndələr sayəsində çox­əsr­lik və zəngin ənənəsi olan Azərbaycan muğamları, təsnif və mahnıları şi­fahi şəkildə nəsildən-nəsilə ötürülmüş, bizə gəlib çatmışdır. Hər yeni gə­lən xanəndələr nəsli muğam ustadlarının zəngin irsini qoru­yub sax­la­maq­la yanaşı, ondan bəhrələnmiş və bu xəzinəyə öz yeni töh­fələrini bəxş et­mişlər. Belə sənətkarlardan biri də Azərbaycan xanəndəlik məktəbinin la­yiqli davamçısı Respublikanin xalq artisti İslam Rzayevdir.

Yarım əsrdən artıq bir vaxt ərzində muğam ifaçılıq ənənələrini yuksək sə­viyyədə davam etdirən və bütün dünyada tanıdan İslam Rzayev çox zən­gin və maraqlı sənət yolu kecmişdir. İlk növbədə qeyd etməliyik ki, onun sənətə gəlişində, bir xanəndə kimi gələcək taleyinin müəyyənləş­di­ril­məsində ustad xanəndə Seyid Şuşinskinin böyuk rolu olmuşdur. Bu­nun­la bağlı İ.Rzayevin maraqlı xatirələri var. Ustad xanəndə ilə ilk gö­rü­şü və ifaçılıq qabiliyyəti ilə əlaqədar onun verdiyi razılıq İslamın gələcək il­lərinin ən sevincli və yadda qalan anlarıdır. Seyid Şuşinskinin o vaxtlar hər yay mövsümündə Füzulidə (ustad əslən Füzulinin Horadiz kəndindən idi) dincəlməsi, eyni zamanda, onun gənc istedadların üzə çıxarılması və se­çilməsi işi ilə üst-üstə düşürdü. O zaman axtarılan gənclər sırasına İslam Rzayev də düşmüşdü. Bu hadisəni xanəndə belə xatırlayırdı: “Bir gün bibim məni Füzuliyə apardı. İndiki kimi yadım­dadır, ustad dəhlizdə otu­rub qəlyan çəkirdi. Qabağında çay. Yaxınla­şanda o durdu ayağa. On­lar çox mehriban hal-əhval tutdular. Xeyli söhbətdən sonra ağsaqqal üzü­nü mənə tutub dedi: “oğlum çayını iç”. Sonra başa düşdüm ki, o məni oxudacaqmış, ona görə də boğazımın yaşlanmağını istəyirmiş. Bibim ona de­mişdi ki, deyirlər İslamın yaxşı səsi var. Bunu bir yoxla. Ağa mənə (S.Şuşinskini el arasında belə çağırırdılar) “Bala nəyi bilirsən, onu oxu” – dedi. Xəyalıma ilk gələn “Tel nazik” mahnısı oldu. Bu mahnını o vaxtlar rəh­mətlik Əbülfəz Əliyev oxuyurdu. Həmin mahnının bir bəndini mə­nim­səmişdim, həmişə gizlincə oxuyurdum. Mən bu “Tel naziyi” oxu­yan­da Ağa etiraz etdi. Dedi bura çox aşağıdı, biraz zildən oxu və özü də dərhal çox zildən bir zəngulə vurdu. Mən də o dəqiqə onun səsini tutdum. Ordan başlayıb bir bənd “Tel nazik” oxudum, saxladı və “bəsdir” dedi. Bir haldakı, mənim tutduğum notu dərhal mənim ağzımdan aldın, tutdun ha, kifayətdir. Bu uşağın yaxşı səsi var, qəbul elətdirirəm mənim sinfi­mə”.

Böyuk ustadın verdiyi razılıq xanəndənin uzun həyat yolunda yuksək zir­vələrə doğru açilan ilk “yaşil işıq” idi. Məhz Seyid Şuşinskinin məs­lə­hə­ti ilə o, yeddinci sinfi bitirən kimi sənədlərini A.Zeynallı adına Orta İxtisas Misiqi Məktəbinə verir. İmtahan komissiyasının üzvləri: Seyid Şuşinski, Əhməd Bakıxanov, Mirzə Mənsur kimi böyuk sənətçilər gənc İs­l­amın artıq “uğur bələdçisi” olan “Tel naziyi”ni dinləyib ona “əla” qiy­mə­tini verirlər. Beləcə imtahanları uğurla verib musiqi məktəbinə da­xil olan İslam Rzayev xanəndə Seyid Şuşinskinin sinifində təhsil almağa başlayır.

İslam Rzayevin yaradıcılıq simasının formalaşmasında Seyid Şuşinski ilə yanaşı Bülbül, Xan Şuşinski kimi sənət korifeyləri də əsas örnək ol­muş­dur. O, bunların hər birinin ifaçılıq üslubunu, sənətkarlıq meyarını mə­nimsəmiş və böyuk iradə, şəxsi ləyaqəti hesabına sənətində heç bir təq­lidə yol vermədən özünəməxsus sənət yolunu seçə bilmişdir.

1957-ci ildə İslam Rzayev A.Zeynalli adına Musiqi Məktəbini (indiki AMK-nın nəzdində Musiqi Kolleci) bitirib, artıq püxtələşmiş bir xanəndə kimi Dövlət Filarmoniyasına solist qəbul olunur. Beş il filarmoniyada ça­lış­dığı muddətdə konsertlər, saysız-hesabsız çıxışlar onun sənət təcrubə­si­ni artırır. Artıq qısa bir zamanda geniş şöhrət tapan xanəndəni dinlə­yi­ci­lər efirdə, televiziyada hədsiz maraqla gözləyirdilər. Onun yaradıcılıq yo­lu durmadan inkişaf edir, gənc istedadlı müğəninin şöhrəti artır, pərəstiş­kar­larının sayı çoxalır. O, həm də Əhməd Bakıxanovun ansamblı ilə ta­ma­­şaçıların görüşünə gedirdi. İslam Rzayevin yetkin ifaçı kimi püxtələş­mə­sində Əhməd Bakıxanovun ansamblı ilə əməkdaşlığının böyük rolu ol­muşdu.

1968-ci ildə Azərbaycan konsert birliyi (Azkonsert) yenicə təşkil olu­nur və uzun illər böyük sənətkarlardan öyrəndiklərinə və ötən illər ər­zin­də topladığı sənət təcrübəsinə arxalanaraq böyuk inamla İsam Rzayev həmin birliyin nəzdində ansambl təşkil edir. Ansambla topladığı istedadlı gənclər – B.Əşrəfov, M.Kazımov, Z.Abdullayeva, Z.Məmməd­sala­hova, F.Cəfərov, H.Rəhimov, X.Məmmədova və başqaları ilə uzun illər qazan­dı­ğı bilik və bacarığını bölüşür, özünün etiraf etdiyinə görə bu gənclərin bir ifaçı kimi yetişməsində, formalaşmasında xüsusi zəhmət çəkir. Ümu­miy­yətlə, o, gənc müğənnilərin sənətdə püxtələşməsi, inkişaf üçün öz qay­­ğısını, biliyini hec vaxt əsirgəməmiş və istedadlı gəncləri üzə cıxar­maq, tanıtmaq üçün əlindən gələni etmişdi. Artıq bu gün İslam Rzayevin çoxlu sayda sə­nətinin varisləri, davamçıları vardır. O, ustad xanəndə­lər­dən qazandığını və hər müğənniyə nəsib olmayan səhnə mədəniyyətini, din­ləyicilərlə ünsiyyət yaratmaq bacarığını öz yetirmələrinə ötürməklə şə­rəfli müəllimlik borcunu yerinə yetirmişdir. İslam Rzayevin bu xüsusda ölkəmizdə apardığı pedaqoji fəaliyyəti diqqətəlayiqdir.

İ.Rzayev Azərbaycan musiqisini, muğam ifaçılığını dünyanın 74 ölkə­sin­də layiqincə təmsil edib. Qastrol müğənni üçün təkcə əcnəbi ölkələrə sə­yahət, müxtəlif xalqların adət-ənənəsi ilə tanışlıq deyil. Bu, əsl mü­ğən­ni üçün çətin və məsuliyyətli sınaqdır. Çünki qastrolda sənətkar təkcə özü­nü yox, bütün xalqını, ölkəsini təmsil edir. Hər şey ifaçının səhnə dav­ranışından, mədəniyyətindən, onun texnikasından aslıdır.

İ.Rzayev Fransa, İngiltərə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, İraq, İran, Əlcəzair, Turkiyə və s. ölkələrdə konsertlər vermişdir. Təsa­dü­fü deyil ki, müğənnilər arasında dünyanı ən çox gə­zən Zeynəb Xanlarova və İslam Rzayev olmuşlar.

1988-ci ildə İslam Rzayev o dövrdə Azərbaycan Dövlət Televiziya­sında bir sıra maraqlı musiqi filmləri çəkən rejissor Arif Qazıyevlə bir­lik­də Resbublikamızda ilk dəfə olaraq “Muğam teatrı”nın təşkilinə başlayır. Bunun üçün istedadlı xanəndələrin, mahir ifaçıların toplanması, qədim ta­rixə malik muğamlarımıza uyğun səhnə forması, lirik dramaturji xətt, poeziyamızın incisi olan qəzəllərimizin səslənməsi və bütün bunların har­mo­nik şəkildə, teatrlaşdırılmış üslubda tamaşaçılara təqdim olunması isti­qa­mətində gərgin işə start verilir. İlk məşqlər “Şur” mu­ğamının hazır­lan­ma­sı ilə başlanir. Dəstgahın ifasına tanınmış xanəndə­lərdən Zeynəb Xan­la­rova, Alim Qasımov, Arif Babayev, Qədir Rus­təmov, İslam Rzayevin özü və başqaları cəlb olunurlar.

İ.Rzayev gözəl avazı və bənzərsiz ifası ilə Azərbaycan ifaçılıq sə­nə­tin­də təkcə xanəndə kimi deyil, həm də əvəzsiz, təkrar olunmaz mahnı ifa­çılarından biri kimi dinləyicilərinin qəlbinə yol tapmışdır. S.Rüstəmov, T.Qu­liyev, C.Cahagirov, S.Ələsgərov, H.Xanməmmədov, R.Mirişli, A.Bə­­birov, Ş.Axundova və başqa bəstəkarların mahnıları onun reper­tu­a­rın­da həmişə özünə yer tapmışdır. Məlumdur ki, mahnının müvəffə­qiy­yə­ti, uzunömürlülüyü çox vaxt müğənninin ifa tərzindən, ustalığından, inter­pretasiyasından asılı olur. Ona görə də adətən istedadlı, sənətin də­yə­ri­ni qiymətləndirə bilən sənətçi öz səsinə, imkanına cavab verən mahnılar se­çir. İslam Rzayev mahnının melodiyasını, mətnini özü üçün aydınlaş­dı­rıb dərk etdikdən, yaradıcılıq süzgəcindən keçirtdikdən sonra­ din­ləyiciyə təq­dim edir. Ona görə də müğənninin oxuduğu mahnılar məhz bu xüsu­siy­yətlərinə görə fərqlənir.

İslam Rzayev yaradıcılığında, ümumiyyətlə, bir ustün kefiyyət, danıl­maz həqiqət var ki, bu da onun təzə mahnılara ilkin həyat vermək cəh­di­dir. Təsadüfi deyil ki, o, bir çox bəstəkar mahnılarının ilk və əvəzolun-maz ifa­çısı kimi yadda qalmışdır.

 Bütün bu və digər cəhətlərinə görədir ki, xalqın sevimlisi olmaq şərəfi ona yaradıcılığının erkən dövrlərindən qismət olmuşdur. Bu gün artıq İ.Rza­yevin sənəti xalqın mənəvi sənətinə çevrilmişdir.

 

Саадет Вердиева

Роль И.Рзаева в развитии искусства ханенде

РЕЗЮМЕ

Статья посвящена народному артисту Азербайджана, певцу-ханенде И.Рзаеву. В формировании творчества И.Рзаева большую роль сыграли такие выдающиеся личности как С.Шушинский и Т.Бакиханов.И.Рзаеву пренадлежит большая педогогическая роль в воспитании нового поколения певцов-ханенде.

Ключевые слова: Исполнительское искусство (ханенде), педа­гоги­ческая деятельность, исполнительская деятельность

 

Saadat Verdiyeva 

The role of İslam Rzayev in the development of creative singers of Azerbaijan 

SUMMARY 

Article is devoted to the people’s artist of Azerbaijan, the singer-hanende I.Rzayev. The big role of creativity of  I.Rzayev was played by such outstanding persons as S. Shushinsky and  T. Bakikhanov. I.Rzayev possessed a big pedagogical role in education of new generation of singers-hanende.          

Key words: Performing arts (khanende), teaching activities, performing activities

 

Rəyçilər:

professor Akif Quliyev;

dosent Əfsanə Babayeva.

Mövzuya uyğun