AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2016

Aydın ƏLİYEV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

AMK-nın müəllimi

Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: saleh-aliev@rambler.ru

UOT  78.083

MİLLİ MUSİQİ İFAÇILIĞINDA JANR ƏLAQƏLƏRİ 

 endir

 

PDF

 

 

Xülasə: Məqalə şifahi ənənələr əsasında və xalq sənətkarlarının ifaçılıq yara­dıcılığında təşəkkül tapmış xalq rəqslərinin vokal və instrumental interpretasiya məsələlərinə həsr edilib. Xalq rəqsləri və mahnıların milli musiqinin inkişafında rolu xüsusi qeyd olunur.

Açar sözlər: xalq rəqsləri, interpretasiya, ifaçılıq xüsusiyyətləri, xalq mahnıları, instrumental musiqi

 

Azərbaycan milli musiqisində janrların qarşılıqlı əlaqələri diqqəti cəlb edən məsələlərdən biridir. Bunu bir neçə cəhətdən izah etmək olar. Bir tərəfdən, instrumental ifaçılıqda müxtəlif janrlı əsərlərin tətbiqindən irəli gələrək, onların fərqli ifa tərzi ilə bağlı xüsusiyyətlərini qeyd edə bilərik. Digər tərəfdən, musiqi ifaçılığında vokal musiqinin, xüsusilə mahnı və təsnif melodiyalarının müxtəlif çalğı alətlərində solo və ansambl səsləndirilməsi, eləcə də rəqs və rəng melodiyalarına söz qoşulub səs və müşayiətlə oxunması hallarına rast gəlinir.

M.İsmayılovun “Azərbaycan xalq musiqisinin janrları” tədqiqatında bu cəhət xüsusi olaraq vurğulanır. Onun yazdığına görə, “…Xalq musiqimizdə elə bir hal vardır ki, eyni musiqi forması həm vokal, həm instrumental, həm də vokal-instrumental janr kimi özünü göstərir”. Daha sonra musiqişünas-alim xalq musiqimizdə söz qoşulub mahnı kimi oxunan rəqs havalarını və yaxud rəqs havası kimi istifadə olunan mahnılarımızın mövcud olduğunu qeyd edir [1, s. 19]. Bu fikirlər öz canlı təsdiqini xalq musiqi təcrübəsində, həm də bəstəkar yaradıcılığında tapır.

İlk növbədə, instrumental ifaçılıq xüsusiyyətlərinə müraciət edək. Xalq çalğı alətləri ifaçılarının repertuarını ifa tərzinə görə iki yerə ayırmaq olar: solo və ansambl ifaçılığında istifadə olunan əsərlər. Xalq çalğı alətləri ifaçılıq təcrübəsində solo şəkildə əsasən, instrumental muğamlar ifa olunur. Sırf instrumental musiqi janrları hesab olunan rənglər və rəqslərin isə daha çox ansambl ifası tətbiq olunur. Belə ki, rəqs və rəngləri ifa edən nəfəs və ya simli xalq çalğı alətinin, o cümlədən xalq musiqi ifaçılığında geniş yayılmış qarmon və klarnet alətlərinin zərb alətləri ilə  —  nağara, qoşanağara və ya qavalla müşayiəti ənənəvi hala çevrilmişdir.

İnstrumental ifaçılıqda iki və ya üç alətdən ibarət kiçik ansambl tərkibləri geniş yayılıb. Bu istiqamətdə rəngarəng tərkibli ansambllar meydana gəlib: məsələn, 2 zurna və nağara, 2 balaban və nağara, tar – kamança — qaval, kamança və nağara, qarmon və nağara, klarnet, balaban, nağara və s. Bundan başqa, daha çox aləti özündə cəmləşdirən ansambllar da mövcuddur: tar, kamança, ud, qanun, balaban, qaval, nağara və s. Bəzi hallarda bu ansambla sintezator da əlavə olunur. Həmçinin, geniş tərkibli xalq çalğı alətləri ansamblları səmərəli fəaliyyət göstərir.

Təbii ki, bütün bu ansambllar xanəndələri müşayiət edir, onların repertuarında vokal və instrumental musiqi janrları özünəməxsus yer tutur və ifa tərzinə görə oxşar və fərqli cəhətlərə malikdir. Məsələn, rəqslərin ifasında ansambl alətlərinin tərtibatında aparıcı melodiya və ritmik müşayiət fonu özünü göstərir. Mahnıların ifası zamanı ansambl həm vokal melodiyanı müşayiət funksiyasını daşıyır, həm də özlüyündə faktura melodiya və ritmik müşayiəti təcəsssüm etdirir.

Vokal-instrumental muğam ifaçılığında da xalq çalğı alətləri ansambl şəklində çıxış edir. Bu zaman muğam şöbələri xanəndə, tar və kamança ansamblının improvizasiyalı ifasından ibarətdirsə, təsniflərin və rənglərin ifasında instrumental melodik xətt və ritmik müşayiət özünü göstərir.

Məlumdur ki, müxtəlif xalq çalğı alətləri üzrə tədris şifahi ənənələr əsasında aparılır, yəni ifaçılıq təcrübəsində mövcud janrlar üzrə musiqi materialı yaddaş vasitəsilə müəllimdən şagirdə, bir ifaçıdan digərinə ötürülür. Bu prosesdə hər bir ifaçının öz çalğı üslubuna uyğun olaraq, mahnı və ya rəqs melodiyası müəyyən cizgilər kəsb edir ki, bu da melodiyanın quruluşunda, lad-tonallıq, intonasiya, metro-ritmik xüsusiyyətlərdə özünü göstərir.

İnstrumental ifaçılıqda repertuarın əsasını rəqslər və rənglər təşkil etsə də, mahnı və təsnif melodiyalarına da müraciət olunduğunu qeyd etməliyik. Xalq musiqisində belə nümunələrdən bir neçəsinin adını çəkə bilərik ki, onlar həm rəqs, həm də mahnı ifaçılığında müxtəlif adlarla yaşayır. Məsələn, “Gülgəzi” rəqs melodiyası “Bağa girdim üzümə” xalq mahnısının melodiyası ilə eynidir. “Kəsmə” rəqs melodiyası “Ay qız sənə mailəm” xalq mahnısına uyğundur. “Xalabacı” rəqs melodiyası “Mənim toyuğum çil-çil idi” xalq mahnısının əsasını təşkil edir.

Səid Rüstəmovun “Azərbaycan xalq rəngləri” məcmuəsində [2] “Bayatı-Şiraz” rənglərindən biri kimi yayılan, əslində musiqisi və sözləri dahi dramaturq Cəfər Cabbarlıya aid edilən “Onu demə, zalım yar”, digəri “Laçın” xalq mahnısının melodiyasına əsaslanır. Adlarını göstərdiyimiz melodiyalar həm instrumental, həm də vokal ifaçılıqda mövcuddur. Onların həm mahnı, həm də rəqs kimi not yazıları qeyd etdiyimiz adlar altında müxtəlif məcmuələrdə öz əksini tapmışdır.

İnstrumental rəqs melodiyalarına sözlər qoşularaq eyniadlı xalq mahnısı kimi oxunması halları ifaçılıq təcrübəsində rast gəlinir. Məsələn, “İnnabı” rəqs havasının bayatılar əsasında Bülbülünifasında qeyd etməliyik. Bu da sonradan bir ənənəyə çevrilərək, müğənnilərin repertuarına daxil olmuşdur.

“İnnabı” rəqsi xalq arasında qədim dövrlərdən yaranaraq, çox populyar olmuş, Azərbaycan toylarında səsləndirilmişdir. Melodiyanın müxtəlif alətlərdə ifa olunan bir çox interpretasiya variantları mövcuddur. Bu melodiya həmçinin, muğam ifaçılığına diringi kimi də daxil olub. Rəqsin S.Rüstəmov tərəfindən nota yazılmış “kanta” variantını M.Əhmədov fortepiano üçün işləmişdir.

“İnnabı” rəqsinin timsalında instrumental melodiyanın vokal ifaçılığa tətbiqini izləyirik. Xanəndələr tərəfindən “İnnabı” melodiyasının hər bölməsi bir bayatı mətninə oxunur, melodiyanın bölmələrinə uyğun olaraq üç bayatıdan (1-ci rastda – 2-ci segahda – 3-cü rasta qayıtmaqla) istifadə olunur; melodiyanın ikinci dəfə təkrarlanması zamanı yeni bayatılar oxunur. Melodik frazaların çoxsaylı təkrarlanmaları mətnin misralarının təkrarlanmalarına əsaslanır. İnstrumental melodiyanın sözlərlə oxunması frazalaşmada dəyişikliklər əmələ gətirir. Bununla belə, melodik quruluş forması olduğu kimi saxlanılır.

Qədim dövrlərdən “Yüzbir” rəqs havasının da mahnı kimi oxunması məlumdur. Bu cəhət “Azərbaycan xalq rəqs musiqisi” (nota köçürəni və tərtib edənlər: A.Quliyeva, M.Quliyev) dərs vəsaitində göstərilmişdir [3, s. 83-84].

Beləliklə, musiqi ifaçılığında vokal və instrumental janrların qarşılıqlı əlaqəsi özünü büruzə verir ki, bu da şifahi ənənəli musiqi yaradıcılığı üçün səciyyəvi haldır və tarixən ifaçılıq təcrübəsində meydana gəlmişdir. Xalq arasında geniş yayılmış mahnı və rəqs melodiyalarının müxtəlif ifaçılıq variantları ayrı-ayrı illərə aid not yazılarında özünü göstərir. Bununla belə, həmin melodiyaların ifaçılıq təcrübəsində daha çox variantları mövcuddur. Lakin onlar təəssüf ki, notlaşdırılmadığından biz bu haqda yalnız şifahi şəkildə mülahizə yürüdə bilərik.

Bir sıra xalq instrumental melodiyalarının bəstəkar yaradıcılığında vokal musiqi formalarında işlənilməsini qeyd etməliyik. Bu zaman instrumental melodiyanın vokal tərtibatı irəli çəkilir ki, bu da mətnlə əlaqədardır.

Ü.Hacıbəylinin musiqili-səhnə əsərlərində xalq melodiyalarının işləmələrini qeyd etməliyik. Belə ki, bəstəkar “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında xalq rəqsləri əsasında maraqlı nümunələr yaratmışdır. Bunlar Ü.Hacıbəyli yaradıcılığının tədqiqatçısı E.Abasova tərəfindən qeyd edilib [4]. “Uzundərə” rəqs melodiyası Məşədi İbadın mahnısının, “Darçını” rəqsi Rüstəm bəylə Məşədi İbadın duetinin, “Qədim toy” melodiyası isə qonaqların “Deyirlər ki, toy olacaq” sözləri ilə başlanan xorunun əsasını təşkil edir. Məsələn, “O olmasın, bu olsun” musiqili komediyasından “Qonaqların xor”unda melodiyanın ümumi quruluşu dəyişməyərək, onun ayrı-ayrı frazaları iştirakçıların partiyaları arasında paylanır, daha sonra isə melodiya xorun ifasında davam etdirilir.

“Arşın mal alan” musiqili komediyasında bəstəkarın özünün “Tərəkəmə” xalq rəqsi əsasında yaratdığı rəqs əsərdə “Asyanın rəqsi” adı ilə təqdim olunub. Xalq arasında “Süleymani” rəqsi və ya “Onluq” kimi tanınır. Həmin musiqili komediya əsasında çəkilmiş eyniadlı filmdə isə Telli ilə Vəlinin rəqsində “Yaqutu” rəqs melodiyasından istifadə edilib. Onu da qeyd edək ki, “Arşın mal alan” filminin musiqi redaktoru Niyazi olub. Filmin son səhnəsində toyun tərtibatında xalq mahnı və rəqs melodiyalarından istifadə edilməsi Niyazinin təşəbbüsü ilə ərsəyə gəlmişdir. Bu baxımdan, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının musiqi məzmunu filmin musiqi tərtibatından fərqlənir.

Beləliklə, xalq musiqi ifaçılığında vokal və instrumental janr əlaqələri geniş yayılmışdır. Bu əlaqələrin bəstəkar yaradıcılığına təsiri də özünü aydın şəkildə göstərir.

 

ƏDƏBİYYAT: 

  1. İsmayılоv M.С. Azərbaycan xalq musiqisinin janrları. B.: Azərb. EA-nın nəşriyyatı, 1960, 116 s.; Yenidən işlənmiş və tamamlanmış nəşri. : İşıq, 1984, 100 s.
  2. Rüstəmov S.Ə. Azərbaycan xalq rəngləri. I dəftər. B.: İşıq, 1954. Yeni nəşr 1980, İşıq, 57 s.
  3. Azərbaycan xalq rəqs musiqisi. Dərs vəsaiti. Nota köçürəni və tərtib edənlər: A.M.Quliyeva, M.B.Quliyev. B.: 2011, 88 s.
  4. Абасова Э.А. Оперы и музыкальные комедии Узеира Гаджибекова. Б.: 1961, 192с.

 

Айдын Алиев

Доктор философии по искусствоведению

Преподователь АНК

ЖАНРОВЫЕ СВЯЗИ В НАЦИОНАЛЬНОМ МУЗЫКАЛЬНОМ ИСПОЛНИТЕЛЬСТВЕ

Резюме

Статья посвящена вопросам интерпретации песенной и инструментальной тан­цевальной музыки, возникших в исполнительской практике народных мастеров на основе устных традиций. Подчеркиваются исполнительские особенности народныхпесен и танцев, и их роль в развитии национальной музыки.

Ключевые слова: народные танцы, интерпретация, исполнительские особенности, народные песни, инструментальная музыка

 

Aydin Aliyev

PhD on Аrt science

Lecture of ANC

THE GENRE COMMUNICATIONS IN THE NATIONAL MUSICAL PERFORMANCE

Summary

The article is devoted to studying the interpretation of songs and instrumental’sdance music that emerged in the performance practice of folk artists, based on oral traditions. Performing the features songs and folk dances and their role in the development of national music .

Key words: folk dances, interpretation, performance characteristics, folk songs, instrumental music

 

Rəyçilər:

dosent M.Mansurov;

dosent E.Həşimov

Mövzuya uyğun